525.Az

Şəmkirdəki dəhşətli yanğınla bağlı rəsmi məlumat


 

Fəhlələrin yataqxanasında ölənlərin adları açıqlanıb

Şəmkirdəki dəhşətli yanğınla bağlı<b style="color:red"> rəsmi məlumat</b>

Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş verən dəhşətli yanğınla bağlı birgə məlumat yayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumatda bildirilir ki, yanvarın 31-də saat 01 radələrində Şəmkir çayı üzərində su anbarının tikintisini həyata keçirən Türkiyənin “Çingiz” inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı alınıb, yanğının genişlənməsinə və binanın digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində binanın 300 kvadrat metr ərazisi yanıb, həmçinin tikintidə çalışan fəhlələr - Türkiyə Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aladdin Özden ölüblər. Bundan başqa 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. Hazırda xəstələrə zəruri ilkin tibbi yardım göstərilir.

Şəmkir rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitlərə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

 





31.01.2013    çap et  çap et