525.Az

Mənzil İstismar Sahələrinin verdiyi sənədlər qanunidirmi?


 

TAHİR RZAYEV: «ONLAR BU SƏNƏDLƏRİ VERMƏYƏ MƏCBURDURLAR»

Mənzil İstismar Sahələrinin verdiyi sənədlər qanunidirmi?<b style="color:red"></b>

Hər il yanvar ayında Mənzil İstismar Sahələrində bir canlanma müşahidə olunur. Bütün il boyu Mənzil İstismar Sahələrinə- «JEK»lərə addımını atmayanlar belə hər ilin əvvəlində burada arayış almaq növbəsinə dayanır. Amma növbələrdə dayanan vətəndaşların hamısı heç də yerli sakinlər olmur, eləcə də öz yurd-yuvalarından məcburi köçkün düşən insanlar da olur. Onların bir çoxu ilə söhbət zamanı məlum olur ki, dövlətin məcburi köçkünlər üçün kommunal xidmətlərdə-işıqda, qazda, suda müəyyən etdiyi limitlərdən yaralanmaq üçün MİS-lərdən arayış alıb, Qaçqın və Məcburi Köçkünlərələ İş üzrə Dövlət Komitəsinin yerli şöbələrində təsdiqlətdikdən sonra müvafiq kommunal xidmət müəssisələrinə verirlər. Burada maraqlı məqam ondan ibarətdir ki, 2009-cu ildə yeni qəbul edilən Mənzil Məcəlləsində faktiki fəaliyyət göstərən MİS-lər barədə bir söz və ya maddə belə yoxdur. Belə onlan halda bu qurumun fəaliyyətini, eləcə də verdikləri sənədləri qanuni hesab etmək olarmı?           

Hüquq üzrə ekspert Arzu Alıyeva məsələyə münasiət bildirərkən qeyd edib ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələrinə heç bir status verilməyib, amma konkret onları ləğv edən bir qərar da yoxdur: «Ona görə də Mənzil İstismar Sahələri öz fəaliyyətlərini davam etdirirlər, lakin qeyri-qanuni. Amma burada bir məsələ var ki, onlar ləğv olunsa dövlət orqanların tərəfindən tələb edilən arayışları əhali haradan alacaq? Hesab edirəm ki, nə qədərki binaların özünüidarə təşkilatları yaradılmayıb, Mənzil İstismar Sahələri belə fəaliyyət göstərəcəklər. Çox təəssüf  ki, qeyri-qanuni bir qurumun verdiyi sənədlər hələ də hüquqi qüvvədə qalır».

A.Alıyevanın sözələrinə görə, bu prosesi bələdiyyələr həyata keçirə bilər, lakin onlar özləri təşəbbüs göstərməlidir: «Ən azından bələdiyyələr bildirməlidirlər ki, onların ərazilərində olan Mənzil İstismar Sahələrinin fəaliyyəti qeyri-qanunidir və arayışları biz verməliyik və s. Belə olan halda bələdiyyylərə xeyli vəsait gələr və özlərini dolandıra bilərlər. Amma indi bunu nə bələdiyyylər edir, nə də insanlarda bir təşəbbüs var. Qeyd edim ki, İqtisadi İnkişaf Nazirliyinin Mənzil məsələləri departamenti var və onlar yeni Mənzil Məcəlləsini paytaxtda və rayonlarda təbliğ edirlər, ancaq konkret bir iş görən yoxdur».

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev isə qeyd edib ki, arayışların verilməsi və digər məsələlər hələki MİS-lərə şamil olunub və onlar da bu sənədləri verməyə məcburdurlar. Onun sözlərinə görə, əgər qanunla bu vəzifələr onların əlindən alınsaydı və işlər bələdiyyələrə və ya hansısa quruma verilsəydi, onlar bunu həyata keçirərdilər: «Mənzil İstismar Sahələrinin arayış və digər sənədləri vermək işi bələdiyyələrə verilə bilər. Artıq bununla bağlı işlər görülür. Beləki, Milli Məclisdə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun laihəsi hazırlanır. Burada öz əksini tapacaq ki, gələcəkdə kommunal xidmət sahələrinin müəyyən səlahiyyətləri bələdiyyələrə ötürülsün. Bu qanun layihəsi artıq birinci oxunuşdan keçib. Ancaq layihənin ikinci oxunuşa çıxarılması üçün Milli Məclisin yaz sessiyasının planına salınmayıb. Layihə böyükdür və gözlənilir ki, ekspertlər öz rəylərini bildirsinlər və ondan sonra ikinci oxunuşa çıxarılsın».
İqtisadçı ekspert Rövşən Ağayev də vurğulaüıb ki, 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində sovetlərdən qalma Mənzil İstismar Sahələrinin saxlanması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu sənəddə onların hüquqi statusu əks olunmayıb: «Yəni sırf  qanunvericilikdən çıxış etsək, onların nə özü qanunidir, nə də hüquqi statusları var. Belə olan halda MİS-lərin verdiyi arayışların da hüquqi statusu yoxdur. Amma məsələ burasındadır ki, indiki halda qeyri-müəyyən situasiya yaranıb. İcra haimiyyəti orqanları arqument gətirirlər ki, hələlik islahatlara start verilməyib, köhnəsi ləğv olunmayıb, təzəsi də yaradılmayıb. Demək olar ki, Mənzil İstismar Sahələrini hüquqi təsisat kimi 4 ildir cəmiyyətə sırıya bilirlər».

R.Ağayev bildirib ki, kommunal xidmətlərlə bağlı arayış verilməsi smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra arxa plana keçməyə başlayıb. Onun fikrincə, smart-kart tipli sayğaclardan sonra arayışa ehtiyac olmur: «Əvvəllər bunu ona görə edirdilər ki, vətəndaşın borcu qalıb, yoxsa yox. Yeni smart-kart sisteminə keçiddən sonra arayışlara faktiki ehtiyac təbii yolla aradan qalxacaq. Çünki bu halda vətəndaşın borcunun yaranması mümkün deyil. Mənzillə bağlı arayışların verilməsi  məsələsinə gəlincə, Mənzil İstismar Sahələri mənzillər bağlı pul yığır,  belə deyək, mənzil haqqı alır. Prinsipcə, normal şəkildə vətəndaşlar bələdiyyə ərazisində uçota alına bilər, necə ki, bu gün Mənzil İstismar Sahələri bunu həyata keçirir. Normal halda bu bazanı bələdiyyələrə vermək olar. Çünki Mənzil İstismar Sahələri bu gün daha çox çoxmərtəbəli mənzillərdə yaşayan insanları tanıyırlar, amma bələdiyyə bütövlükdə ərazidə yaşayan insanlarla əlaqə qurur. Çoxmərtəbəli mənzillərdə yaşayanlardan əmlak vergisi alınır, həyət evində yaşayanlardan isə həm əmlak, həm də torpaq vergisi alınır. Məntiqlə bələdiyyələrin insanları tanıması və uçota alıb, baza yaratması imkanları daha genişdir».

Ekspert hesab edir ki, bütövlükdə indiki infomasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi şəratidə bu tip arayışlar aradan qalxmalıdır: «Tutaq ki, hansa şəxsin adı uçot sisitemində oturandan sonra mərkəzi serverə əldə olunan girişlə həmin arayışlar elektron şəkildə təqdim edilməlidir. Bir misal olaraq, qonşu Gürcüstanda artıq vətəndaşların öz üzərilərində sürücülük vəsiqəsi gəzdirməsinə ehtiyac qalmayıb. Çünki idarə olunan avtomobilin nömrəsi mərkəzi serverə daxil edilən kimi maşını idarə edənin vəsiqəsinin olub-olmaması məlum olur. Yəni belə bir texnologiyalar olduğu şəraitdə arayışların istənilməsi doğru deyil. Bu arayışların istənilməsinin səbəbləri vətəndaşlara əziyyət verməkdən başqa bir şey deyil».

Bəxtiyar MƏMMƏDLİ                       

 





31.01.2013    çap et  çap et