525.Az

Dünya sabitlik və terror dilemması qarşısında


 

Dünya sabitlik və terror dilemması qarşısında<b style="color:red"></b>

Terrorizm getdikcə dünya üçün daha dəhşətli olur. Qloballaşma prosesində terrorizmin nəticələrinə dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır.

Baxmayaraq ki, bu gün heç bir ölkə terrordan sığortalanmayıb ancaq təəssüflə qeyd etməliyik ki, terrora, separatizmə birbaşa və yaxud dolayısı ilə dəstək verən dövlətlər var.

Hazırda dünyanın xeyli hissəsi sabitlik və terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə yüzlərlə, minlərlə dinc insanın qətlinə bais olaraq bu cinayət prosesində yaxından iştirak edirlər.

Təbii ki, bizi daha çox Türkiyədə baş verən qanlı hadisələr narahat edir. Türk xalqına qarşı törədilən terror aktları hər birimizi kədərləndirir. Terrora dəstək verən qüvvələri bir daha lənətləmək zorunda qalırıq. Dünyada terrorun, separatizmin böyük güclərin layihəsi olması artıq heç kimdə şübhə doğurmur. Türkiyəni zəiflətmək, Şərqdə gərginliyi daha da artırmaq, ən əsası dini amilləri önə çəkərək müsəlmanların kütləvi qətllərinə rəvac vermək və digər çox çirkin planların şahidi oluruq.

Bu gün nəinki terrorizmə fərqli münasibət var, hətta bir çox hallarda belə terror təşkilatlarına rəsmi dövlət dəstəyi açıq-aydın ortadadır. Dağlıq Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin Şərqdə mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ-la Rusiyanın mövqeyləri üs-üstə düşür. Hətta bu vaxta qədər ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə dövlət yardımları ayırırdı. Həmin vəsaitlər  humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan rejim başçılarına çatdırılırdı.

Ən qəribəsi odur ki, bəzi terror təşkilatlarının, xüsusilə, Dağlıq Qarabağdakı separatçı rejimin Rusiyada, Avropa məkanında, hətta ABŞ-da nümayəndəlikləri var. Bu isə onu göstərir ki, qanunsuz, regionda sabitliyi pozan terrorçu rejim de-fakto tanınır. Bunun özü birbaşa separatizmin dəstəklənməsi və münaqişənin uzadılması deməkdir.

Aydın görünür ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini həll etmək fikrində deyil. İmitasiya xarakterli bu sülh yaratma prosesi, regiona davam turist səfərləri münaqişənin ömrünü uzatmağa hesablanıb. Düşünmək olar ki, həmsədr ölkələrin planı odur ki, bu münaqişənin həllinə deyil, onu öz nəzarətlərində saxlamaqda daha çox maraqlı olduqlarını ortaya qoymaqdır.

ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması bunu bir daha sübut edir. Siyasi riyakarlıq isə beynəlxalq təşkilatların, həmin aparıcı dövlətlərin nüfuzuna zərbə vurmaqda davam edir. Siyasi proseslərə nəzər salanda həmsədrlərin Ermənistana lobbiçilik etməsi fikri bir daha təsdiqini tapır.

Məhz bunun nəticəsidir ki, dünyada konfliktlərin həllində nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar getdikcə daha da artmaqdadır. Narahatlıq doğuran bu proseslərin gələcəyidir. Bəzən siyasətdə belə maraqlar heç bir əxlaqi prinsiplərə uyğun gəlmir. Bu gün NATO-ya üzv ölkələr BMT-nin qətnamə və qərarlarını əsas götürdüklərini bildirirlər. Bəs, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin taleyi nəyə görə əsas götürülmür?

Belə çıxır Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq arenaya çıxarılması, xarici təşkilatların bu prosesə cəlb olunması doğru deyildi? Fakt odur ki, bu təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllinə deyil, onu öz nəzarətlərində saxlamağa nail olublar. Hətta mütəmadi olaraq barmaq silkələyirlər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Axı, bu nə deməkdir?

Hərbi yolla torpaqları azad etmək olmaz, aparılan sülh danışıqlarının heç bir nəticəsi yoxdur. Deməli, bir azda səbirli olmaq lazımdır. Dünyada və Cənubi Qafqazda separatçılığa dəstək verən böyük, riyakar gücün çöküşü sürətlənməkdədir. Həmin çöküş erməni terrorizminin və digər terrorçu qruplarında sonunu yaxınlaşdıracaq. Taleyin hökmüdür, ciddi layihələrin məntiqi nəticəsidir onu demək çətindir. Ən əsası bu proses davam edir.

Sadəcə olaraq biz daha da güclü olmalıyıq. Təbliğatımızı daha innovativ üsullarla qurmalıyıq. Yalnız müəyyən dövr üçün deyil, hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran və ermənişünaslıqla məşğul olan beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir. Aparılan çox məntiqli tədqiqatlar vasitəsilə  informasiya müharibəsində  Qarabağ həqiqətlərinin dünyada daha yaxşı qəbul olunmasına yardımçı olmalıyıq.

 





24.02.2016    çap et  çap et