525.Az

Rüfət Quliyev bəzi ali məktəblərin “bostan”ına daş atdı...


 

Rüfət Quliyev bəzi ali məktəblərin “bostan”ına  daş atdı...<b style="color:red"></b>

“Bu gün ölkənin əmək bazarında bir sıra vacib sahələr üzrə əsl  peşəkar, ali təhsilli mütəxəssis, kadr qıtlığı hökm sürür. Demək olar ki, mühəndis, proqramçı, aqronom, digər ixtisaslar üzrə mütəxəssislər yox dərəcəsinədir”.

525.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Rüfət Quliyev Milli Məclisin (MM) qarşıdan  gələn 2013-cü il yaz sessiyası ilə bağlı parlamentin İqtisadi siyasət komitəsinin ilk iclasında dilə gətirib.

“Ali məktəblərə daxil olanların və qurtaranların belə demək mümkünsə, siyahısına baxanda adamı dəhşət bürüyür. Axı, nə qədər gömrük, hüquq, beynəlxalq münasibətlər, fəlsəfə, tarix ixtisasını qurtaran, bitirən olar?! Kimə baxırsan, ancaq ya hüququ, ya gömrüyü, ya da fəlsəfini oxuyur və ya qurtarır.

Bunların hamısı məgər, prokuror, müstəntiq və ya digər yüksək vəzifə sahibləri olacaqlar? Belə olmaz, axı? Ona görə hesab edirəm ki, hörmətli həmkarlarım Vahid və Əli müəllim tərəfindən hazırlanan “Təhsil kreditləri haqqında” qanun layihəsinə də bu prizmadan, əmək bazarı prizmasından, Marksın hələ də dəbdə olan “tələb-təklif” prinsipindən baxmaq, yanaşmaq lazımdır.

Mən sözügedən qanun layihəsinin əleyhinə deyiləm, onun qəbulunu istəyirəm. Ancaq onu da vacib sayıram ki, bu qanunu qəbul edərkən, əmək bazarını, “tələb-təklif”i, o cümlədən, bankları nəzərə almaq lazımdır”.

Millət vəkili eyni zamanda, çıxışında konkret ad çəkməsə belə, bəzi özəl və dövlət ali təhsil məktəblərinin ünvanına da tənqidi fikirlərini səsləndirib:

“Bu gün heç də bütün ali məktəblər arzuolunan səviyyədə işləmir, kadr, mütəxəssis hazırlamırlar. Bu, çox ciddi, narahatlıq doğuran bir faktdır və artıq həmin ali məktəblər də öz fəaliyyətlərinə bir daha yenidən nəzər yetirməli, öz nöqsanlarını, qüsurlarını düzəltməyə çalışmalıdırlar”.

Kamil Həmzəoğlu

 





31.01.2013    çap et  çap et