525.Az

Sağlam rəqabət, yoxsa yaxın çevrə?


 

KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFINA NƏ MANE OLUR?

Sağlam rəqabət, yoxsa yaxın çevrə?<b style="color:red"></b>

Kiçik və orta sahibkarlığın inkişafı dövlətin maddi stabilliyinin təminatıdır. Amma hələ ki, bazar iqtisadiyyatı dövründə bu sahənin inkişafı Azərbaycanda olduqca ləng gedir. Ölkə vətəndaşları öz bizneslərini formalaşdırmaq üçün bir çox problemlərlə üzləşirlər. Maddi vəsaitin, praktiki biliklərin, təcrübənin kifayət qədər olmaması ilk növbədə kiçik və orta sahibkarlıq fəaliyyətində ən başlıca problemlərə yol açır. Hazırda ölkəmizdə sahibkarlıq subyekti biznes fəaliyyətində işçi çatışmazlığını aradan qaldırmaq üçün ilk olaraq tanıdığı-bildiyi yaxın çevrəsinə müraciət edir. Ona görə də əksər Azərbaycan vətəndaşları yaxın çevrəsinə bərabər öz biznes fəaliyyətini formalaşdıraraq bazarı bir növ öldürürlər. Bununla da rəqabətin olmadığı bir mühitdə inkişaf haqqında yalnız nağıl və xülyalar yaranmağa başlayır. Çünki ölkədə sahibkarlıq fəaliyyətinə yenilərin qoşulmasının qarşısını kəsən “Yaxın çevrə” prinsipi biznes mühitində qaynamayan təcrübəsiz, praktiki bilikləri olmayan potensial sahibkarları uğursuzluğa yuvarlanmağa məhkum edir. Əsas səbəblər isə iqtisadiyyat mühitində boşluqların yaranması, rəhbər işçi arasında tənzimləyici sistemin tam işlək olmaması, yəni, biznes sferasının stabilliyinin hökm sürməməsindən irəli gəlir. “Yaxın çevrə” isə yalnız hökmsüz mühitin əsas prinsipidir.

Kiçik və orta sahibkarlığın inkişafı orta təbəqənin formalaşmasında da mühüm rol oynayır. Birmənalı olaraq prioritet sektorlardan biri kimi dövlət sahibkarlığın inkişafının dəstəklənməsi kontekstində tədbirlər həyata keçirir. Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə il ərzində dövlət büdcəsindən orta hesabla 140 milyon manat vəsait ayırıb. Bu vəsaitlərin sahibkarlara verilmə şərtlərinə gəldikdə isə yaranan bir sıra problemlərin önündə maliyyə qurumlarının təminatsızlığı durur.

Ümumiyyətlə qeyd etdikdə son dövrlər istehsal sahibkarlığı, innovasiya sahibkarlığı dünya iqtisadiyyatının davamlı inkişafında önəmli yer tutan mühüm sahələrə çevrilib. Ölkəmizdə isə daha çox diqqət ayrılan iqtisadi sahələrə gəldikdə biz bunu kənd təsərrüfatı, turizm, İnformasiya Komunikasiya Texnologiyaları və xalq təssərüfatı üzrə sahibkarlığın inkişafında görə bilərik. Məqsəd qeyri-neft sektorunda sahibkarlığın inkişafında canlanma yaratmaqla neftdən asılılığı azaltmaqdır.

Sahibkarlıq fəaliyyətində əsas problemlərə gəldikdə onların dövlətlə qarşılıqlı münasibətlərinin, eyni zamanda bir-birinə olan münasibətlərinin zəif olması, istehsal istiqamətlərinin, bazar münasibətlərinin yaxşı öyrənilməməsi, yəni istehsal olunmuş məhsulun, xidmətin bazara çıxarılması, onun üçün alıcı tapılması, yerləşdirilməsi kimi məsələlərin sistemli şəkildə həyata keçirilməməsi kimi amilləri qeyd etmək olar. Məsələnin həlli yollarından biri kimi Biznes-inkubatorlardan yararlanmaqla sektorda istənilən istiqamət üzrə biliklərə, təcrübəyə yiyələnərək inkişafa təkan vermək olar. Lakin hələ də ölkəmiz üçün yeni modelin tətbiqi qeyri-müəyyən səbəblərdən ləngiyir. Digər tərəfdən mövcud vəziyyəti araşdırmaq və bu sahədə dünya təcrübəsi, eləcə də mövcud təkliflər paketini nəzərdən keçirməklə məsələnin həllinə nail olmaq mümkündü.

Yeni yaranan, kiçik sahibkarlıq fəaliyyəti göstərən şirkətlər üçün vəsait əldə etmək, kreditlərdən yararlanmağın dünyanın istənilən yerində problemli məsələ olduğunu bildirən  İqtisadi Resursların Araşdırılması Mərkəzi İctimai Birliyinin  sədri Ruslan Atakişiyev bunu kommersiya bankları və böyük maliyyə mərkəzlərinin kiçik sahibkarlıq fəaliyyətinə investisiya ayırmaqda maraqlı olmamaları ilə izah edir: “İnvestisiya şirkətləri daha çox böyük sahibkarlığın inkişafına maliyyə vəsaiti ayırırlar. Çünki kiçik və orta sahibkarlıq fəaliyyətində iflas təhlükəsi həmin maliyyə mərkəzlərini diqqətli olmağa vadar edir. Ümumiyyətlə, kiçik sahibkarlığa investisiya məslələri bu gün olduqca problemli məsələ olaraq vəsaitlərin əldə olunması proseduraları baxımından hələ də sahibkarlara çətinliklər yaradır. Maliyyə mənbələri Azərbaycanın regionları üzrə düzgün şəkildə paylanmayıb. Bu isə kiçik və orta sahibkarlığın maliyyə problemləriylə üzləşməsinə səbəb olur.

Kiçik və orta sahibkarlığın inkişafına daha böyük investisiya mənbələrin tapılması, xarici maliyyə qurumlarının əməkdaşlığa cəlb olunmaları üçün ölkədə əvvəla beynəlxalq standartlara uyğun fəaliyyət olmalıdı. Çünki xarici tərəfdaşlarla əlaqələrin zəif olması da kiçik və orta sahibkarlığın inkşafında ciddi problemlər yaradır.

R.Atakişiyev bildirib ki, dünya təcrübəsində tətbiq olunan vergi güzəştləri yeni yaranmış şirkətləri – startapları 2 ilə qədər vergi ödəməkdən azad edir. O hesab edir ki, kiçik və orta sahibkarlığın inkişafını yalnız dövlət tənzimləyə bilər: “Kommersiya qurumları istər ölkəmizdə, istərsə də xaricdə kiçik sahibkarlığa, startaplara olduqca həssaslıqla yanaşır. Onların maliyyə ayıra bilməməsinin əsas səbəbi maddi təminatın olmamasıdır. Birbaşa dövlət təminatının bu vəziyyətdə ən yaxşı çıxış yolu ola bilər. Bu zaman banklar kredit, maliyyə vəsaiti ayırmaqda heç bir narahatlıq keçirməzlər, çünki dövlət zəmanətindən söhbət gedir”.

Hazırda isə kiçik və orta sahibkarlığın inkişafında başlıca maliyyə mənbəyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən vəsaitlərdir. Bu fond 2012-ci ildə sahibkarlığa 218 milyon manat güzəştli kredit ayıraraq 2400 sahibkara təqdim edib. Kreditlərdən faydalananların 1800 nəfərə yaxını kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamları olsa da, Fondun ayırdığı investisiyaların əsas həcmi böyük sahibkarlığın inkişafına yatırılır. Kiçik sahibkarlıq subyektləri 10-100 min manat arası maliyyə vəsaitindən yararlana bilirlərsə, böyük sahibkarlıqda isə ayrılan vəsaitdən bir dəfəyə 2-3 milyon manat investisiya payı əldə olunur”.

R.Atakişiyev deyir ki, ölkədə digər maliyyə mənbələri mikromaliyyələşmə qurumları tərəfindən ayrılan vəsaitlər təşkil edir: “Mikrokredit, Qafqazkredit kimi təşkilatlar Xarici investisiyanın köməyi ilə formalaşıblar. Azərbaycanda mikromaliyyələşdirmə təşkilatlarının təqdim etdiyi kreditlərin illik faiz dərəcələri 36 faizə gəlib çıxır. ABŞ və əksər Avropa ölkələrində isə minimum bu göstərici 0.25 faiz dəyərində müəyyənləşir. Bu baxımdan xaricdə aşağı faizlə verilən kreditləşmə sahibkarlara fəaliyyətlərini genişləndirmək üçün olduqca münasibdir.

Bu gün Azərbaycanda isə faizlərin yüksək olması ilə bərabər kiçik və orta sahibkarlıq yetərincə maliyyə mənbəyi ilə təmin olunmayıb. Maliyyə bazarında az təminatlılığın nəticəsidir ki, faiz dərəcələri də həddindən artıq yüksəkdir. Çünki belə banklar daha çox özlərinin tanıdıqları sahibkarlara investisiya ayırmaqda maraqlı olurlar. Bu vəziyyətdə biz təklif edirik ki, kiçik və orta sahibkarlara şərikli maliyyə yardım vəsaiti təqdim olunsun. Yaxşı olar ki, innovativ sahibkarlığın inkişafında “Venture” kapitalından istifadə edilsin. Son dövrlər Beynəlxalq Bank və “Nikoyl” Bank yeni pəncərə açaraq faizsiz kreditlərin verilməsinə başlayıb. Sahibkarlar bu kreditlərdən istifadə edərək gəlir əldə etdikdən sonra borc vəsaitini geri qaytara bilərlər”.

Xarici ölkələrdə isə bir çox mikromaliyyələşmə alətlərindən istifadə olunur. Qərb ölkələrində kiçik sahibkarlığa dəstək fonunda dövlət başlanğıc maliyyə vəsaiti ayırır ki, buna da startuplara dəstək deyirlər. Qonşu Türkiyədə bu proqram çərçivəsində ilkin olaraq dövlət büdcəsindən 70 min lirəyə qədər (35min manat) vəsait ayrılır, bu da yeni sahibkarlıq fəaliyyətinə başlayanlara yardım məqsədli başlanğıc borclardır”.

QHT sədri əlavə edib ki, ölkəmizdə alternativ variant kimi Müvəkkil banklar adlanan bəzi kommersiya qurumları iş adamlarına Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsait əsasında illik dərəcəsi 27 faizdən çox olmayaraq kreditlər təklif edir. Hazırda ölkədə Milli Fondla sahibkar arasında vasitəçi rolunu oynayan 43 müvəkkil bank fəaliyyət göstərir.

Bir çox məqamların kiçik və orta sahibkarlıqla məşğul olan və olmaq istəyən iş adamlarının fəaliyyətinə mənfi təsir etdiyini bildirən iqtisadçı-ekspert Orxan Abbasov hesab edir ki, bu amillər faiz dərəcələrinin yüksək olması, kredit müddətinin az olması və sahibkarlara güzəşt periodunun verilməməsindən ibarətdir: “Azərbaycanda kiçik və orta sahibkarlığın ən böyük problemlərindən biri də biznesin yaradılmasına və inkişafına investisiyaların yönəldilməməsidir. Hazırda bir çox kommersiya bankları müxtəlif şərtli biznes kreditləri təklif etsələr də, bunları effektiv saymaq olmaz. Kredit götürən kommersiya strukturu aldığı yüksək faiz dərəcəli krediti götürdüyü andan dərhal ödəməyə başlayır. Normal biznes şəraitində və ələlxüsus, yeni yaranan bizneslər üçün  bunlar absurd şərtlərdir. Bu kreditlərdən istifadə etmiş yeni yaranan şirkətlər uğursuzluğa məhkum olurlar. Bu tip kreditləşməni həyata keçirən yetəri qədər alternativ qurumların olmaması biznes sahiblərinə az seçim imkanı verir. Avropa ölkələrində, hətta qonşu Rusiya və Türkiyədə “Biznes mələklər” (Business Angels), İnvestisiya Fondları, “Venture” fondları iş adamları üçün alternativ şərtli kreditlər ayırır ki, bu da biznesin inkişafına güclü təkan verir”.

O.Abbasov hesab edir ki, Azərbaycanda “Startup” layihələrə kreditlərin ayrılmaması vəziyyəti daha da çətinləşdirir: “Yeni ideya ilə biznesə başlamaq istəyən kommersiya subyektləri ya kiçik cib kapitalı ilə başlayıb çox hallarda uğursuzluğa düçar olurlar, ya da ümumiyyətlə, mövcud potensialı da bir kənara atıb sahibkarlıq fəaliyyətinə başlamadan ona son qoyurlar. Hazırda Azərbaycanda da “Biznes mələkləri”nin və “Venture” fondlarının yaradılaraq sürətlə artmasına ehtiyac var. Rusiyada hətta “Biznes mələkləri”n ittifaqı da rəsmi fəaliyyət göstərir. Buradakı iştirakçılar təqdim olunan ideyalara 50-300 min dollar həcmində investisiyalar təklif edirlər”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesab edir ki, Azərbaycanda sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində xeyli işlər görülüb: “Ölkədə 200 mindən artıq kiçik sahibkarlıq subyekti, 14 mindən artıq kiçik müəssisə fəaliyyət göstərir. Bununla belə, hələlik Azərbaycanda istehsal olunan məhsulda kiçik biznesin xüsusi çəkisi, eləcə də qabaqcıl texnika və texnologiyanın istehsala tətbiqi və sair belə mühüm göstəricilər üzrə kiçik və orta sahibkarlığın payı sosial-iqtisadi tərəqqiyə güclü təkan vermək səviyyəsinə çatmayıb. Aparılan sosioloji tədqiqatların nəticələri göstərir ki, məmur müdaxilələri, sağlam rəqabət mühitinin yetərli səviyyədə olmaması, kredit resurslarının bütün sahibkarlar üçün eyni dərəcədə əlçatan olmaması, vergi yükünün ağırlığı, hüquqi-normativ baza sahəsindəki çatışmazlıqlar sahibkarlığın inkişafına mane olan ən ciddi amillərdəndir “.

Hazırda fəaliyyət göstərən normativ hüquqi bazanın bütövlükdə yetərli olmadığı ilə razılışan millət vəkili bildirib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üzrə orta qanunvericilik bazası formalaşıb və onun təkmilləşdirilməsi istiqamətində sistemli olmasa da, müəyyən işlər gedir: “Azərbaycanda bu sahədə əsas problem hüquqi normativ aktın olmaması yox, mövcud qanunların tam gücü ilə səmərəli işləməməsidir. Bu problemləri həll etməkdən ötrü ölkədə iqtisadi və hüquqi islahatlar dərinləşdirilməli, hökumət strukturlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı artırılmalı, koordinasiyası gücləndirilməlidir. Bundan başqa, hüququn aliliyinin təmin edilməsinə yönəldilən səylər artırılmalı, müstəqil məhkəmə sisteminin formalaşması istiqamətində işlər intensivləşdirilməlidir”.

Ə.Məsimli bildirib ki, sahibkarlığın inkişafı və dəstəklənməsinə dair yeni qanunların qəbul edilməsi, köhnə qanunların təkmilləşdirilməsi, qanunlardakı boşluqların, eləcə də hüquqi normativ aktlar arasında ziddiyyətlərin aradan qaldırılması istiqamətində sistemli iş aparılmalıdır: “Normativ hüquqi aktlardan sui-istifadə hallarına diqqət artırılmalı, qanunlar qəbul edilməzdən əvvəl ictimai müzakirədən keçirilməsi praktikası genişləndirilməlidir. Biz azad sahibkarlığın inkişafı üçün “Rəqabət Məcəlləsi” də qəbul etməliyik. Yəni, azad sahibkarlığın qarşısında duran məneələrin aradan qaldırılması, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlar üçün kreditlərin şərtlərinin yumşaldılması, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi istiqamətlərində təsirli tədbirlər görülməlidir”.

Münbit şəraitin və sağlam rəqabətin olmadığı mühitdə isə sürətli inkişafı gözləmək qaranlıq otaqda qara pişik axtarmaq kimidir. Ölkədə sahibkarlıq fəaliyyətinə yönəlmiş preoritet istiqamətləri müəyyənləşdirmək o qədər də çətin deyil. Çünki inkişaf mexanizmi tam işlək vəziyyətdə olmadığından bu sahədə boşluqlar özünü göstərir. Nəticəni isə problemləri aradan qaldıraraq sahibkarla dəstək olmaq, bu sahəni institut kimi ilkin pillələrdən formalaşdırmaq, sektorda canlanma, sağlam rəqabət yaratmaqla əldə etmək olar. Rəqabətsiz mühitdə isə nə keyfiyyətli istehlak məhsullarından, nə də müasir standartlara cavab verən qabaqcıl texnoloji yeniliklərə yetişməkdən söhbət gedə bilər.

Ceyhun ABASOV

 





31.01.2013    çap et  çap et