525.Az

Xocalı soyqırımı təsviri sənətdə - Fotolar


 

Xocalı soyqırımı təsviri sənətdə - <b style="color:red">Fotolar</b>

Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarında incidilib, didərgin salınıb, deportasiyalarla üzləşib.

Azərbaycanın tarixi torpaqları bu təcavüzlər nəticəsində kiçildilərək xalqımıza divan tutulub, yüz minlərlə dinc soydaşımız amansız üsullarla qətlə yetirilib.

1905-1906, 1918, 1948, 1988-1993-cü illərdə Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı amansızlıqla, məqsədli şəkildə ərazi iddiaları, etnik təmizləmə siyasəti aparılıb. XX əsrin əvvəllərində - 1918-ci ilin 31 martında xalqımıza qarşı soyqırım həyata keçirilib, Azərbaycanın müxtəlif bölgələrində insanlar vəhşicəsinə qətlə yetirilib. Bu tarixi düşmənçilik və xalqımıza qarşı nifrət hissləri XX əsrin sonlarında Xocalı soyqırımı (26 fevral 1992-ci il) nəticəsində özünün son həddini tam çılpaqlığı ilə göstərib, beynəlxalq cinayət aktı kimi  tarixə düşüb.

Bu talançılıq və qəsbkarlıq mövqeyi, cəllad erməni şovinistlərinin insanlıqdan uzaq əməlləri hələ əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın yazıçı ziyalıları Məmməd Səid Ordubadinin (1872-1950), "Qanlı illər" və Mir Möhsün Nəvvabın (1833-1918) "1905-1906-cı illərdə erməni - müsəlman  davası" adlı əsərlərində əsl gerçək mahiyyəti ilə qələmə alınıb.

Əsrin əvvəllərində  erməni vandalları havadarlarının köməkliyi ilə Azərbaycanın əzəli torpaqlarında qırğınlar törədir, insanları qətlə yetirir, öz doğma torpaqlarından didərgin düşməyə vadar edirdilər. O zamanlar bunu  Azərbaycan professional rəssamlıq sənətinin banilərindən olan Bəhruz Kəngərli (1892-1922) öz yaradıcılığında geniş və təsirli şəkildə təcəssüm etdirə bilib. Qeyd etmək olar ki, B.Kəngərli yaradıcılığında qaçqınlar mövzusu xüsusi yer tutur. 

Rəssam yüksək vətəndaşlıq duyğusu və ağrısı ilə doğma el-obalarından didərgin düşmüş uşaqların və qadınların yaddaqalan və sarsıdıcı şəkildə silsilə portretlərini yaradıb.  1920-21-ci illərdə "Gənc qızın portreti", "Xanım adlı qaçqının portreti", "İki qaçqın qız", "Qaçqın qadın", "Ayaqyalın qadın", "İki qadın fiquru", "Oturmuş qaçqın oğlan", "Qaçqın İmran" və başqa portret əsərlərlə rəssam bir daha erməni xislətinin və erməni vəhşiliklərinin ürək dağlayan səhnələrini təsvir edə bilib. Rəssam portretlərini yaratmış şəxslərə qida, geyim verib, hətta onlara müəyyən miqdarda maddi köməklik göstərib. Təəssüflər olsun ki, bu əsərlərə sovetlər dövründə mütəxəssislər tərəfindən düzgün qiymət verilməyib. Əgər əsrin əvvəllərində baş vermiş hadisələrdən düzgün nəticə çıxarılsa idi bəlkə də, əsrin sonlarında Xocalı faciəsi, dəhşətli Xocalı soyqırımı olmazdı.

Xocalı faciəsində vəhşicəsinə və amansızlıqla qətlə yetirilmiş uşaq, qadın, qocaların, həmçinin məhv edilmiş tarixi Xocalı şəhərinin, tarixi və maddi mədəniyyət abidələrinin təsirli səhnələri Azərbaycan təsviri sənətində və Azərbaycan rəssamlarının yaradıcılığında xüsusi bir səhifə təşkil edib.

Qeyd etmək olar ki, tarixi Xocalı faciəsinin fəryadı, acı səhnələri və dəhşətli mənzərəsi bir çox rəssam, qrafik və heykəltəraşların yaradıcılığında tam əyaniliyi və yaddaqalanlığı ilə özünün bədii əksini tapıb.

Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının Xocalı faciəsinin, Xocalı soyqırımının qurbanlarına həsr olunmuş bir çox əsərləri saxlanılır.
 
Bunlara misal olaraq Xalq rəssamı Mais Ağabəyovun (1941) "Xocalı faciəsi", əməkdar rəssamlar Bəyim Hacızadənin (1927) "Xocalı", "Ömrünün axırıncı dəqiqəsi", Fərman Qulamovun (1945) "Azadlığa doğru", "Xeyir və Şər",  Rafael Muradovun (1943) "Qaçqınlar", Həmzə Abdullayevin (1946) "Yandırılmış Vətən. Qaçqınlar",  "Xocalı. Güllələnmiş insanlar", Rza Avşarovun (1949) "Xocalı faciəsi", Sirus Mirzəzadənin "Xocalı", istedadlı rəssamlar Nazim Məmmədovun (1934-2004) "Vətənpərvər qız", "Xocalının son günü", Məmməd Orucovun "Xocalı qaçqınları", Eldar Babazadənin "Axırıncı döyüşçü", "Ana fəryadı", Arif Hüseynovun "Xocalı", heykəltəraşlardan Xalq rəssamı Xanlar Əhmədovun (1946) "Ana körpəsi ilə", "Qoca", "Torpaqlarımız uğrunda", istedadlı heykəltəraşlar Sahib Quliyevin (1954) "Soyqırım", Zakir Əhmədovun (1955) "Çingiz Mustafayev", Nəriman Məmmədovun (1956) "Qarabağ süitası", Məmməd Rəşidovun (1981) "Haray" və başqa əsərlərin adlarını qeyd etmək olar.

Müəllifi heykəltəraşlar Aslan, Teymur və Mahmud Rüstəmovlar olan Xocalı abidəsi paytaxt Bakı şəhərində yerləşən və Xocalı soyqırımına həsr edilmiş ən yaddaqalan abidələrdən biridir. Həmçinin bir çox ölkələrdə Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılıb.

Yuxarıda adları sadalanan rəssamların Xocalı soyqırımına həsr edilmiş əsərlərinin hər birinin yüksək bədii əhəmiyyətlilik dərəcəsi ilə yanaşı, həm də bu əsərlər dərin humanizm, güclü vətəndaşlıq duyğuları, acı sarsıdıcı kədər, hüzn, iztirab və dramatik əhvali-ruhiyyə ilə doludur. Bu əsərlərə tamaşa edərkən əsrin utancverici Xocalı soyqırımının qurbanlarının faciəsini hiss etməmək və onların acılarını duymamaq mümkünsüzdür.

Hər il bu tarix nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox sülhsevər, sivil şəhərlərində qeyd olunur. Xocalı faciəsi insanlıq tarixində ən dəhşətli faciələrdən və qətliam hadisələrindən biri kimi artıq bir çox dünya ölkələri tərəfindən tanınmışdır. Bakı şəhərində Xocalı soyqırımına həsr edilimiş abidə ölkəmizin hər bir vətəndaşının üz tutduğu, Xocalı soyqırımı qurbanlarının ruhlarına ehtiram göstərdikləri and yeridir. Hər il bu abidəni Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla bütün dövlət və hökumət nümayəndələri,  həmçinin ictimaiyyət nümayəndələri və paytaxt sakinləri böyük izdihamla yad edir, şəhid olmuş xalqımızın nümayəndələrinə öz sayqı və ehtiramlarını bildirirlər.

Əsəd QULİYEV
Sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

 





25.02.2016    çap et  çap et