525.Az

Biz axı, bu deyilik!


 

Biz axı, bu deyilik!<b style="color:red"></b>

Bəzi seriallara diqqət edirsinizmi? Ssenarisi hansı mövzu üzərində qurulub? İdeyası nədir? Mövzusu nədir? İstisnaların olduğunu qeyd edib sadalayıram: xəyanət, kin, qisas, münaqişə, dava-dalaş, intriqa, cinayət, intiqam və sairə...

Teleekranlara çıxarılan serialların əksəriyyəti qeyri-qanuni uşaq, qeyri-qanuni qadın-kişi münasibətləri, saxtakarlıq, hiyləgərlik, antiinsani həyat tərzi, vulqar, bayağı ifadələr, həddən artıq təmtəraqlı süfrələr və buna bənzər mənzərələrlə doludur. Qısaca desək, sevgi, hörmət, ailənin müqəddəsliyi və digər mühüm dəyərləri yerlə-yeksan edir...

“Biz buyuqmu?!”, “Bizim dəyərlərimiz belə deyil axı?!” deməmək olmur...

Hazırda Türkiyədə çəkilib yayımlanan, Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsinə malik olan teleserialların, təəssüf ki, mövzuları bunlardır. Əlbəttə, gözəl ideyaları işıqlandıran, xalqın dərdlərinə yanan, ona gözəl dəyərləri aşılayan seriallar da yox deyil. Amma görəsən, neçəsi belədir? Nə qədər baxılır? Və ya bu cür filmlər ekranlarda uzun müddət qala bilirmi? Bilmirik.

Yaxşı, bəs bütün bunların günahkarı televiziya işçiləridir? Və ya ssenaristlərdir? Bütün qəbahət onlardadır? Sanmıram. Əgər reytinq statistikası düz deyirsə, deməli, xalq həmin serialları izləyir. Yəni biz... Belədirsə, o halda çirkin və biabırçı səhnələrlə dolu serialların ayaq açıb yeriməsinə ən böyük dəstəyi verən bizik. Anlaya bilmədiyim bir məsələ də seriala baxıb, “Bu, nə əxlaqsızlıqdır!”, deyə ah-vah edənlərlə bağlıdır.

Açığı, həmin adamların hərəkətində zərrə qədər də səmimiyyət görmürəm.

Ancaq bir sual da dəqiq cavab istəyir – bütün bunlarda ssenaristlərın və ekranlaşdıranların heç təqsiri yoxdur?! Məgər onlar ən azından mənəvi məsuliyyət də daşımırlar? “Modern ssenaristlər”in normal məntiqə zidd məntiqinə görə, “Nə olacaq ki! Onsuz da küçə-bayır bu kökdədir”, “Bunu göstərməyin nə ziyanı var ki?” yanaşması çox təhlükəlidir.

Maraqlıdır, həmin “Modern ssenaristlər” öz sənət əsərlərinə baxırlarmı, görəsən? Müşahidələrə görə, baxmırlar. Amma yaxşı olar ki, baxsınlar və düşünsünlər: Ölkədə baş verən boşanmaların, intiharların, xəyanətlərin, qətllərin, tükürpərdici ailə cinayətlərinin neçə faizi izlədiyimiz verilişlərin payına düşür! Lütfən, gəlin hamımız papağımıza qabağımıza qoyub yaxşı-yaxşı düşünək!

Təəccüblənməmək olmur, süjet xəttini nəfsani həvəslər, xəyanətlər, qeyri-qanuni münasibətlər fonunda quranların özlərinin ailəsi yoxdur? Bəsit ekran əsərinə efir verənlərin də nə düşündüyünü bilmək pis olmazdı. Yox, söhbət senzuradan getmir.

Əslinə qalsa, İnsanın senzurası onun vicdanıdır. İnsan nəyi viran, nəyi abad etdiyinin mütləq fərqinə varmalıdır. Bilirəm, bütün dəyərləri pulla ölçənlər üçün bu sətirlər mənasız görünəcək. Ancaq ictimai təxribatın qarşısını almaq hər kəsin borcudur.

Əlbəttə, televiziyalar da qazancını təmin etməlidir. Məsələnin ticari tərəfi də var. Ancaq ticarətin də öz məntiqi var. Yaxşı, müəyyən kriterilər  qoymaq olmazmı? Daha səviyyəli işlər görmək, necə? Bu mövzuda media qurumları alicənablıq göstərə, birlikdə hərəkət edə bilməzmi? Pak, təmiz və daha səviyyəli verilişlərlə ictimai təxribatı minimum səviyyəyə endirmək olmazmı? Hərçənd kapitalizmin hökm sürdüyü bir dünyada yaşayırıq. Amma kapital gərək bizi əxlaqi eroziyaya məruz qoymasın, bizi məhv etməsin. Heç olmasa media qurumları bir araya gələrək ortaq həll yolları axtarmalıdırlar.

Serilları dostluğu təşviq edən, sədaqəti alqışlayan, zorakılığı rədd edən, işgəncəni pisləyən, qadının şərəfini qoruyan, evliliyi möhkəmləndirən, ailədə sevgini aşılayan mövzularda çəkmək olmazmı? Niyə bunu yoxlamırıq? İnanın ki, insanlar o cür ekran əsərlərinə daha çox maraq göstərəcək. Çünki onlar səhərdən – axşamadək cinayət xəbərləri oxumaqdan, o səpkili süjetləri izləməkdən, seriallara baxmaqdan təngə gəlib.

Serialları qiymətləndirməli, bu mühüm və ciddi məsələdə prinsipial mövqe nümayiş etdirməli olan, məsuliyyət daşıyan qurumlar, səlahiyyət sahibləri var. Onların arasında hadisələrə sadəcə seyrçi qalmayan, ən azı, sıravi tamaşaçı qədər həssas olanları çoxdur. Amma təkcə həssas olmaq kifayət deyil, axı...

[email protected]

 





31.01.2013    çap et  çap et