525.Az

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...”


 

“ADAMLAR TƏXMİNƏN 1988-ci İLDƏN RƏSMİ YERLƏRDƏ ALLAHIN ADINI ÇƏKMƏYƏ, “MAŞALLAH” DEMƏYƏ CÜRƏT ELƏDİLƏR”

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...”<b style="color:red"></b>

Müsahibimiz fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir. 

– Azərbaycanda insanların yenidən dinə qayıtmasını, xüsusilə də son 15 il ərzində gənclərin dinə marağının artmasını nə ilə əlaqələndirirsiniz?

– Mən hesab edirəm ki, Azərbaycanda dinə qayıtmaq prosesi indiki zamanda, təxminən on beş il əvvələ baxanda xeyli zəifləyib. Zəifləmə artıq, 90-cı illərin axırında başlamışdı və bunda Azərbaycan ruhaniləri, eləcə də ruhani olmasa da, İslamdan danışanların mənəviyyatındakı ciddi nöqsanlar öz işini görmüşdü. Baxın, xeyli adam var ki, onların İslama sevgisi, İslama sevgilərinin yanında İslam biliyi, mədəniyyəti və nəhayət refleksiya edən, yəni özünü düşünüb özünü düzəldən mənəviyyatı olmadığı üçün onlar İslamın imicinə çox böyük ziyanlar vururlar. Azərbaycanda din mühitində, yazıqlar olsun ki, yetərincə mənəviyyatlı iman adamlarının sayı çox azdır. Onların bir xeylisi hesab edir ki, əgər mən İslamı, Allahı belə ürəkdən sevirəmsə, mənim mənəviliyimə necə şübhə ilə baxmaq olar?! Onlar heç bilmirlər ki, insanın Allaha sevgisinin əsasında, həm də Allah, İslam qarşısında məsuliyyəti dayanır. Belələrinin sevgisi, sədaqəti ritual sədaqətdir. Qurban kəsmək törəni kimi, kəsdin, ehsan verdin, bitdi-getdi. Halbuki onlar bütün danışıqları ilə, hərəkətləri ilə, həlimlikləri, xoş davranışları ilə, dörd yanlarına müsbət enerji, nur axıtmalıdırlar. Allaha səmimi qəlbdən sevgi qəzəbli, dözümsüz, cırtqoz olmağa kart-blanş vermir. Bir də bir fikri səsləndirim: Sən elə olmalısan ki, sənə görə İslama heyranlıq yaransın. Cəlaləddin Rumi axı belə idi və nə qədər rumlu, erməni ona görə Ruminin ətrafına yığışmışdı.

Belə din ərənlərini biz Buddizmdə, İudaizmdə çox görə bilərik. İslam tarixində də çoxdur. Ruhani olmayan, filosof olan dindarlar arasında da çoxdur. Halbuki indiki dindarların davranışında ciddi nöqsanlar özünü göstərir. Vaxtı ilə “mən namaz qılıram”, “hacı” sözü insanların gözündə güclü arqument idi ki, həmin adama əmanət vermək olar. Düşünürdülər ki, əgər, məsələn, onun təmir briqadası varsa, işi yaxşı görəcək . Ancaq indiki zamanda xeyli azərbaycanlı var ki, onlardan “mən namaz qılıram” sözünü eşidəndə adamın əti ürpəşir. Kimdir bunun günahkarı? Sözsüz, bir xeyli namaz əhlinin, bir xeyli hacının İslam və Allah sevgisindəki nöqsanlar, imanın onların bütün mənəviyyatını bürüməməsidir. Onların içində İslam və Allah sevgisi “ixtisaslaşmış”, başqa nəsnələrə dəxli olmayan “şöbə” kimi funksiya göstərir.

Tutuşdurun. Azərbaycanda Sovet dönəmində rəsmi mədəniyyətdə açıq dindarlıq göstərməyə bir həsrət, bir aclıq vardı. Mən yadıma salıram, 80-ci illərin sonlarında televiziyada “Cümə axşamı” verilişini aparırdım və mənim, sözsüz ki, İslam biliyim peşəkar ruhani biliyi deyildi. Məndə daha çox İslam biliyinin fəlsəfəsi vardı. İndi o verilişlər mənə texniki və mövzu baxımından qəribə gəlir. O verilişdə elementar nəsnələrdən söhbət gedirdi, ancaq yenə də qəribə bir maraq yaradırdı camaatda. Həmin marağa görə də hara gedirdim, sayğı və diqqət görürdüm. Bu, dinə olan aclığın göstəricisi idi. Birdən-birə İslamla bağlı Azərbaycan televiziyasında normal, İslami biliklərin cəmləşdiyi söhbətlər gedirdi və insanlar bundan çox məmnun olurdular. Beləcə, azərbaycanlılar sanki həmişə alçaldılan millətinə hörmət görmüşdülər. İndi belə şeylər yoxdur, ona görə ki, yeni çağda dini vəzifədə olan ruhanilər camaata mənəviyyatca örnək olmurlar ki, İslama sevgini artırsınlar. Ancaq əvəzində nə baş verir? Özlərinin namazını camaatın gözünə soxurlar. Hətta onların arasında elələri də var ki, saxtalıq edirlər, həccə gedirlər ki, “Hacı” adını qazansınlar. Bu saxtalığı isə camaatın gözündən uzun müddət gizlətmək olmaz.

Ancaq yenə deyirəm, həccə gedənlərin çoxunda əsl Allah, əsl İslam sevgisi var. Di gəl, belə səmimiyyət yüksək insanlığın sığortası deyil. İslamın imicinə ləkə gətirən adamlar belə bir məntiqi mənasızlaşdırırlar ki, əgər kimsə molladırsa, həccə gedibsə, ola bilməz ki, əxlaqi cəhətdən mənfi olsun. O qədər insan var ki, əxlaq müəllimidir, ancaq həccə getməyə yaramır. Bu mənada Azərbaycan xalqı, artıq, görür ki, kiminsə dindar olması, kimdəsə Allah sevgisinin olması yaramaz sifətlərlə qonşuluqda buluna bilər. Hətta adamda elə İslam sevgisi ola bilər ki, onun yolunda öz həyatını riskə qoyar. Məsələn, “Meşə qardaşları” ki var, axı, onların arasında doğrudan da Allahı səmimi sevənlər ola bilərdi. Amma terrorla məşğul olurdular. Mənə elə gəlir ki, belə halları incələyib baş çıxarmaq İslam düşüncəsi üçün çox gərəklidir. İslamı sevən azərbaycanlılar bilməlidirlər ki, mən Allahı sevirəmsə, Allah yolunda özümü fəda edirəmsə, bu o demək deyil ki, bütün planlar üzrə gözəl insanam. Bu o demək deyil ki, sən mənə valeh olmalısan. Ola bilər ki, danışığın tərbiyəsiz olsun, paxıllığın olsun, səviyyən olmasın. Yəni sənin Allaha sevgin, Allah yolundakı fədakarlığın hələ o demək deyil ki, sənə baxan insanlar İslamda olmaq istəsinlər. Bizim möminlər bunu yaxşı anlamalıdırlar. Bilməlidirlər ki, Allahı sevən insanların Allah qarşısında çox böyük məsuliyyəti var. Elə bir azərbaycanlı ruhani yoxdur ki, o Azərbaycan ədəbiyyatının heyranlıq doğuran personajı olsun. Halbuki Tolstoyun, Dostoyevskinin əsərlərində, dinlə bağlı tənqidi münasibətlərinin olmasına baxmayaraq elə qəhrəmanları var. Azərbaycan tarixində də sözsüz ki, XX əsrin əvvəllərində yüksək mənəvi mərtəbəyə qalxmış ruhanilər olub. Hərçənd Mirzə Cəlilin, Sabirin əsərlərinin təsiri altında bizdə belə bir qəlib formalaşıb ki, molla yekəqarın, lopabığ, həmişə bığlarında plov yağı işıldayan qarınquludur. Ancaq ola bilməz ki, əskilərdə bütün ruhanilər belə olsunlar. Hacı Məhəmməd Çələbi Əlici böyük din alimi kimi tanınırdı. Qubada Mustafa xan rusların tərəfində Şeyx Əli xan ilə vuruşanda Hacı Məhəmməd Çələbi vəfat edir. Onun cənazəsi şəhər qəbristanlığına gətiriləndə vuruşanlar silahı yerə qoyub hüzur mərasiminə qoşulurlar və qısa barışla alimin xatirəsini yad edirlər. Ancaq belə faktlara baxmayaraq mənəvi, ləyaqətli ruhanilər loqosferdə – söz dünyasında maarifçilərə uduzdular. Onların da arasından istedadlı adamlar Mirzə Cəlil kimi çıxış etsəydilər, onda balans yaranardı və biz irəliçi ruhaniləri o birilərindən ayırd edərdik. Qoy, islamçılar və ruhanilər bilsinlər ki, davranışda İslama xəyanət etmək olmaz. İnsan bütün mənəviyyatıyla Allahdan enerji almalıdır, yoxsa bircə ibadət edib, o biri cəhətləri axsatmaq olmaz. Bizdə ruhanilər bunu unudurlar.

Azərbaycanda Sovet dövründə dinə amansız münasibət gözümün qabağındadır. Adamlar təxminən 1988- ci ildən rəsmi yerlərdə Allahın adını çəkməyə cürət elədilər. Birdən-birə belə zikr düsturları ilə danışıqlarını bəzəmək onları mutlu etdi. O çağlar bu, çox böyük bir olay idi. Çünki partiya iclasında “Allah rəhmət eləsin”, “inşallah” işlədilə bilməzdi. Bəs sonra nə oldu. Qorxulu möminlər bir kəsim azərbaycanlını İslamdan hürkütdü.

Təkrar edirəm. Azərbaycanda dinə sevgisi olanların məsuliyyətə ehtiyacı var. Çox təəssüf ki, bu məsuliyyəti indiki mollaların əksəriyyəti bilmir.

(Ardı var)

Günel MUSA

 





31.01.2013    çap et  çap et