525.Az

4 aylıq Aysunun həyatına iynə son qoydu (VİDEO)


 

4 aylıq Aysunun həyatına iynə son qoydu<b style="color:red"> (VİDEO)</b>

1 iynə körpənin həyatını həll etdi. Onu həyata bağlamaq, valideynlərinə yenidən bəxş etmək əvəzinə şirin candan məhrum etdi. Beləcə Əliyevlər ailəsi 4 aylıq övladlarının şirinliyini dadmamış, övlad acısı hissini yaşamalı oldu. Ailə gözüyaşlı qaldı. 4 aylıq Aysunun valideynləri ağxalatlıları körpənin ölümündə günahlandırır. Həkimlərin də bu məsələdə öz mövqeyi var.

Nənəsinin sözlərinə görə, 4 aylıq Aysunu həyatını itirdiyi xəstəxanaya deyib-gülə, sağ-salamat aparıblar və 6 saylı uşaq xəstəxanasında körpəni dərhal reanimasiya şöbəsinə qəbul ediblər. Anasının dediyinə görə, tibb bacıları tərəfindən uşağa vurulan iynə onun ölümünə səbəb olub.

Valideynlərə deyilib ki, uşağın ölümünə ürəyində yaranan problem səbəb olub. Amma Aysunun anası bununla razılaşmır. Onun sözlərinə görə, nə doğuşdan sonra, nə də bu bir neçə ayda Aysunun ürəyi ilə bağlı problemi olmayıb. Uşağın son 4-5 gündə bir az soyuqladığı bildirilir. Ana qızına iynədən əvvəl sınaq qoyulmadığını və azyaşlının da məhz bundan şok keçirərək öldüyünü iddia edir.

Xəstəxananın baş həkimi Rumiyyə Sultanova bildirdi ki, Aysu onların xəstəxanasına ağır vəziyyətdə gətirilib və ona ağır-kəskin ürək-damar çatışmazlığı diaqnozu qoyularaq buna uyğun müalicə metodları təyin edilib. Baş həkim uşağa iynədən əvvəl sınağın qoyulmamasını isə xəstəyə antibiotik vurulmaması ilə əsaslandırdı.

Qeyd edək ki, 4 aylıq Aysunun ölümünün dəqiq səbəblərini aydınlaşdırmaq üçün meyit tibbi ekspertizaya da verilib və ekspertizanın rəyindən sonra uşağın hansı səbəbdən öldüyü məlum olacaq.

 





31.01.2013    çap et  çap et