525.Az

Bakıda Lokarno Kinofestivalı üçün “Açıq qapılar”


 

Bakıda Lokarno Kinofestivalı üçün “Açıq qapılar”<b style="color:red"></b>

“Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Azərbaycan Prodüserlər Gildiyasının və “Nərimanfilm” kino şirkətinin birgə təşkilatçılığı ilə Lokarno Beynəlxalq Kinofestivalının “Açıq qapılar” bölməsinin təqdimatı keçirilib.

Təqdimatı keçirən Lokarno Beynəlxalq Kinofestivalının nümayəndəsi Joel Şapron müvafiq bölmənin əhəmiyyətindən danışıb və bildirib ki,  Lokarno Beynəlxalq Kinofestivalının proqramı çərçivəsində on ildir ki, fəaliyyət göstərən “Açıq qapılar” bölməsi Xarici İşlər Nazirliyinin federal departamentində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Bölmə diqqəti kinematoqrafiyası yeni inkişaf edən ölkələrin kino layihələrinə cəlb etməyə, onlara birgə istehsal üçün ortaq şirkətlər tapmaq imkanı yaratmağa çalışır. Müvafiq proqram hər il müxtəlif regionları nəzərdən keçirir və iki rejimdə işləyir.

Bir tərəfdən “Açıq qapılar”ın emalatxanası seçilmiş regiondan, əsas etibarilə Avropadan peşəkarları və onların ehtimal olunan ortaqlarını həyata keçirilməsi çətin olan layihələrə dəstək vermək üçün bir yerə yığır. Hər il layihələrin qəbulu elan edildikdən sonra Festival seçilmiş regiondan yeni layihələr seçir və sonra “Açıq qapılar”da keçirilən ustad dərslərində onları təqdim edir. Sonda qalib gələn layihə gələcək inkişaf və istehsal üçün dəstək alır. Digər tərəfdən, “Açıq qapılar” bölməsi çərçivəsində həmin regionun mədəni və kinematoqrafiya mühitini təmsil edən filmlərin müsabiqədənkənar nümayişi keçirilir ki, bu da geniş tamaşaçı kütləsi üçün xüsusilə vacibdir.

Bu il avqustun 7-dən 17-dək Lokarnoda keçiriləcək 66-cı Beynəlxalq Kinofestivalın “Açıq qapılar” bölməsi avqustun 10-dan 13-dək fəaliyyət göstərəcək. Müvafiq bölməyə martın 5-dək layihələri təqdim etmək olar.

GÜNEL

 





31.01.2013    çap et  çap et