525.Az

Ukraynada azərbaycanlının qətli ilə bağlı məhkəmə təxirə salınıb


 

Ukraynada azərbaycanlının qətli ilə bağlı məhkəmə təxirə salınıb<b style="color:red"></b>

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətli ilə bağlı bu günə təyin olan məhkəmə iclası yenidən təxirə salınıb.

UAK-dan APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslərdən birinin xəstə olması ilə bağlı məhkəmə iclası fevralın 14-də keçiriləcək.
 
Məlumata görə, bu gün İqbal Mahmudovun yaxınları məhkəmə qarşısında daha bir aksiya keçiriblər. Onlar məhkəmənin uzanmasına etiraz ediblər, məhkəmənin ədalətli, şəffaf keçirilməsini və iclaslarda televiziya kameraların iştirakını təmin edilməsini tələb ediblər. Tərəfdarların sözlərinə görə, İ.Mahmudovun qətlin sifarişçiləri hələ də azadlıqdadır, istintaq təcridxanasında isə qətli yerinə yetirən şəxslər saxlanılır: “İqbal Mahmudov tanınan insan idi, o bir çox xeyriyyə işləri görüb və Azərbaycanın siyasətini dəstəkləyirdi, ölkəni burada tanıtdırırdı. Onu qətlə yetirənlər onun bu siyasətini dəstəkləməyənlər idi. Onun qətli ilə bizim şöbənin işi demək olar ki dayanıb” – deyə aksiya iştirakçıları bildiriblər.
 
Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun qətlə yetirilməsində 4 nəfər - Əhmədov Zahid Şıxılı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 və 263-cü maddələri üzrə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

 





31.01.2013    çap et  çap et