525.Az

Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzindədir - Fotoreportaj


 

TOKİODA YÜZDƏN ÇOX YAPONİYALI BİZNESMEN İŞTİRAK ETDİYİ İQTİSADİ SAMMİT KEÇİRİLİB

Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzindədir - <b style="color:red">Fotoreportaj</b>

Fevralın 27-də Yaponiyanın paxtaxtı Tokioda “KAONAGA Club”un sammiti təşkil olunub.

Tədbirdə 100-dən çox yaponiyalı biznesmen iştirak edib. Fəxri qonaq kimi Yaponiyadan tanınmış iqtisadçı, “Cross Border Club”un prezidenti İşida Kazuyasu, Azərbaycandan isə Yaponiyanın Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov dəvət olunub.

“KAONAGA Club”un prezidenti Kanayama Yoşinobu sammitin əsas prioritetləri, onların maraq dairəsində olan ölkələr və şəhərlər haqqında məlumat verib. Əsas diqqət isə məhz Azərbaycana yönəldilib.

Azərbaycanda dəfələrlə olduğunu qeyd edən K.Yoşinobu bildirib ki, martın 8-də yenidən Azərbaycana səfər edəcəklər: “Ümidvarıq ki, yaratdığımız xoş əlaqələr gələcək biznes əlaqələrimizə də öz müsbət təsirini göstərəcək”.

Fəxri qonaq Kazuyasu İşida isə son 3 ildə 12 dəfə Azərbaycana səfər etdiyini və özü ilə birlikdə təxminən 350 nəfər yaponiyalı iş adamını Azərbaycana apardığını deyib. O qeyd edib ki, artıq müəyyən sahələrdə kiçik və orta sahibkarlar Azərbaycanla uğurlu və davamlı biznes əlaqələri qurmaqdadırlar. Azərbaycanın çox zəngin bir dövlət olduğunu vurğulayan K.İşida bildirib ki, bu ölkənin gələcək biznes həyatı çox parlaqdır: “Çinlilər və koreyalılar Azərbaycanla biznesdə kifayət qədər böyük uğurlar qazanmağa başlayıblar. Amma insanlar üçün Yaponiya keyfiyyəti və standartı hələ də əvəzolunmaz olaraq qalır. Bu səbəbdən nə qədər ki, gec deyil, vaxtında Azərbaycanla biznes əlaqələrini qurmaq və möhkəmləndirmək lazımdır”.

Həmyerlimiz Əlibəy Məmmədov isə Azərbaycanın siyasi həyatı və biznes mühiti mövzusunda ətraflı çıxış edib. O bildirib ki, Azərbaycan həm coğrafi, həm də geosiyasi baxımdan kifayət qədər uğurlu bir mövqedə qərarlaşıb. Azərbaycan təbii sərvətlərlə zəngin dövlətdir. Bugün məhz təbii sərvətlərdən gələn iqtisadi qüdrət hesabına, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinə öz töhvəsini verməkdədir”.

Azərbaycan hüquqi bir dövlət olduğunu vurğulayan Ə. Məmmədov bildirib ki, 1995-ci ildə qəbul edilən Konstitusiyaya əsasən, Azərbaycanda din və dövlət bir-birindən ayrıdır. Ölkə əhalisinin böyük qismi müsəlman olsa belə, digər dini azlıqların da azad və firəvan şəkildə yaşayıb, fəaliyyət göstərdiyini qeyd edən həmyerlimiz bildirib ki, Azərbaycan sözün həqiqi mənasında əsl toleyrantlıq nümunəsidir.

Ə.Məmmədov onu da vurğulayıb ki, Azərbaycanın biznes mühiti kifayət qədər əlverişlidir: “Xalqımız üçün Yaponiya keyfiyyəti, məhsulları çox önəmlidir və yüksək qiymətləndirilir. Yaponiyanın Azərbaycanda olduqca müsbət imici mövcudddur və bu qarşılıqlı anlaşmalar üçün çox vacib şərtlərdən biridir”.

Tədbirin sonunda isə ümumi müzakirə təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, ötən il yaradılan “KAONAGA Club”un qarşısında duran əsas prioritet məsələ Yaponiyanın kiçik və orta sahibkarlığının inkişafı məqsədilə xarici ölkələrlə sağlam və davamlı biznes əlaqələri qurmaqdan ibarətdir.

Ceyhun ABASOV

 





29.02.2016    çap et  çap et