525.Az

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...” (davamı)


 

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...”<b style="color:red"> (davamı)</b>

“ADAMLAR TƏXMİNƏN 1988-ci İLDƏN RƏSMİ YERLƏRDƏ ALLAHIN ADINI ÇƏKMƏYƏ, “MAŞALLAH” DEMƏYƏ CÜRƏT ELƏDİLƏR”

Müsahibimiz fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir.

(Əvvəli ötən sayımızda)

– Azərbaycan bir çox millətlərin və dini qrupların yanaşı yaşadığı bir ölkədir. Sizin fikrinizcə Azərbaycanda onların bir-birinə tolerant münasibəti varmı və varsa, nə dərəcədə dayanıqlıdır?

– Mən 20 Yanvar hadisələrindən sonra elə bilirdim ki, adamlar qəzəbdən harda rus görsə, tutub döyəcəklər. Ancaq gördüm ki, elə deyil. Bu, bizdə etnik dözümün sınağı oldu. Ancaq biz çox vaxt vecsizliyi tolerantlıqla səhv salırıq. Tolerantlıq sənlə daban-dabana zidd olana dözməkdir. Mən özümü müəyyən mənada tolerant saysam da görürəm ki, yox, tolerantlığa həmişə gücüm çatmır. Tolerantlıq asan deyil, çox ciddi məsələdir. Necə erməniyə tolerant olasan, necə ateist olub dindara tolerant olasan?! Mən özümü inandırmaq üçün hətta belə düstur tapmışam: gör, sən İslamı nə qədər sevməlisən ki, sünnini də sevəsən. Adam o zaman tolerant ola bilir ki, İslamın bütün təriqətlərini, İslamın zənginliyi kimi qəbul edir. Şah İsmayıl Xətai ilə bağlı yazılan son yazılar adamın qanın qaraldır. Sən İslamı sevəndə onun bütün təriqətlərini sevməlisən, şiə oluban sünnini, sünni oluban şiəni. Azərbaycanı sevirsənsə, sən talışı, ləzgini, adi Qarabağ ermənisini də sevməlisən. Onların Azərbaycana verdikləri zənginlikləri araşdırmalısan. Təəssüf ki, bu zənginlikləri sübut edən araşdırmalar yoxdu bizdə. Talış ruhunun Azərbaycana nələr verdiyini bilməlisən, öyrənməlisən. Məsələn, Xınalıqla, udinlərlə bağlı bizdə geniş araşdırmaların yoxluğu eyibimizdir. Azərbaycanı sevirsənsə, Azərbaycan xristianlığını, iudaizmini onun zənginliyi kimi qəbul etməlisən. Bax, onda bizdə tolerantlıq olar. Biz erməninin Qafqaz dünyasında xidmətlərini görəndə, Qarabağdakı separatçı ermənilərə qəzəbli olmaqla bərabər, həm də erməni ilə bağlı xəstə olmuruq. Mən bu yaxınlarda eşitdim ki, bizdə erməni qadına şəxsiyyət vəsiqəsi veriblər. Açığı, çox sevindim. Çünki bu göstərdi ki, Azərbaycanın tolerantlıq qabiliyyəti var. Güclü mədəniyyətin tolerantlığa daha asan gücü çatır. Qafqaz insanına sevgi, Şərq, Doğu insanına sevgi və ümumilikdə bəşəriyyətə sevgi bizim mədəniyyətimizdə olmalıdır.

Dindar olan filosof Kirkeqor mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır, ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə “kim düzdür, kim yaxşıdır” üstündə didişmə salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun aradan getməsi üçün, artıq, adamları bezdirmiş tolerantlıq (dözümlülük) və “plüralizm” (çoxculluq) sözləri, ideyaları var, ancaq di gəl ki, çox vaxt çoxlarının nə tolerantlığa, nə plüralizmə gücü çatmır! Çağımızda Azərbaycan üçün ciddi məsələ budur: necə edək ki, insanın tolerantlığa, plüralizmə və bunun kimi ona yad görünən başqa nəsnələrə dözmək, ölümünü arzulamamaq gücü çatsın?

Tolerantlıq kökündən, dibindən ayrı-ayrı olan düşüncələrə, daha düzü, ideologiyalara dözümdür. Plüralizm isə bu ideologiyaların toplumda qonşu-qonşuluqda yaşamasıdır. Bu anlamda şiənin sünniyə, xristianın müsəlmana, liberalın konservativə dözməsi tolerantlıqdır, qonaqlıqda ürəyindən plov keçənin ürəyindən dolma keçənə dözməsi isə, sadəcə, nəzakətdir. Ancaq boynumuza almalıyıq ki, 2000-ci illərin azərbaycanlısı 1980-ci illər azərbaycanlısına baxanda daha tolerantdır, çünki İnternetin və mətbuatın sayəsində öncələr həzm edə bilmədiyi o qədər düşüncələr eşidib ki, artıq öyrəşib. Necə ki TV-lərdə olan fokuslar və ekstrasenlər bizi möcüzələrə elə alışdırıblar ki, daha peyğəmbər möcüzəsinə də mat qalmarıq.

Tolerantlığın bir şərti budur: sənə yad olan düşüncələri çox eşidəndə öyrəşirsən. Qloballaşmanın və İnternetin sayəsində indi bizdə bu proses gedir.

– Bəzi qruplaşmalar var ki, öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün dini amildən istifadə edirlər. Sizin fikrinizcə, belə şəraitdə sivilizasiyaların toqquşmaması üçün mədəniyyətlər və dinlər arasında dialoqların yaranması əhəmiyyətlidirmi?

– Bütün təriqətlərdə, məzhəblərdə, hətta bütün dinlərdə də inananların tam çoxluğu özlərini ən doğru biliklərin, ən yüksək əxlaqın daşıyıcıları sayırlar. İnamları belədir ki, hamı əyri yoldadır, bizdən başqa! Şiələr, beləcə, özlərini düz, sünniləri əyri sayırlar. Sünnilər də, vəhabilər də eləcə. Eyni ziddiyyət Xristianlıqda katoliklər, protestantlar, pravoslavlar arasındadır.

Dini təriqətlər, yollar öz doğrularını, gerçəklərini təkcə düz sayanda, özlərini başqalarından fərqli olaraq Absolyut həqiqətin daşıyıcıları biləndə bundan məntiqi bir nəticə çıxır: kim belədirsə, Allahın əsgəridir. Uyğun olaraq başqaları Allahın yolundan azanlara, Allahın bəyənmədiklərinə və ən qorxulusu, Allahın düşmənlərinə çevrilir. Deməli, Azərbaycanda, eləcə də Çeçenistanda, Əfqanıstanda şəhidlik, terrorizm əqidəsində birləşənlərin bu birliyinin əsasında o inam durur ki, dini gerçəyə yalnız onlar tam yiyədirlər.

Bu inamın yanlış və primitiv, qorxulu və ziyanlı olmasına çoxlu arqumentlər var. Birini irəlidə dedim: hər dində və təriqətdə çoxlu möcüzələr və möcüzəvi müqəddəslər olub və var. Yanlış dində təsadüflər olardı, möcüzələr yox. Hinduizm yanlış olsaydı, onun dərinliklərindən Yoqa çıxardımı?! Xristianlıq yanlış olsaydı, Batı dünyasının və mədəniyyətinin bu qədər uğurları olardımı? Fransadan, Britaniyadan, Amerikadan tək-tük Şərq fanatları ərəblərin arasında yaşamağa gedirlər. Ərəblərdən isə milyonlarla adam Avropaya can atır. Mən demirəm, bu İslamın yanlışlığına arqumentdir. Ancaq bu ona arqumentdir ki, dinləri düz və əyriyə bölmək adekvat bölgü deyil. Dinlər, təriqətlər arasında ilişgilər başqa kateqoriyalarda, başqa koordinatlarda və ölçülərdə düşünülməlidir. Bu inqilabi baxışa, yanaşmaya bütün dinlərdə cəhd olub. Hindistanda Əkbər şah dinləri sintez etmək istəyib. İslamda Fərabi, Tusi söyləmişdilər ki, düz və yanlış dinlər yoxdur. Allah-təala Onu bilmək üçün hər irqin (əslində, ulusun) ruhuna uyğun yolu vermişdir, Çağımızdan örnək. Öldürülmüş pravoslav keşişi Aleksandr Men Qurani-Kərimi Allahın kitabı sayırdı və bu, onun xristian olmasına əngəl olmurdu.

Beləliklə, dinlərdə terrorist hörgütlərin, qurumlarının yaranmasına əsas səbəb “Allahı biz bilirik, başqaları bilmir”, “Allahın sevimli bəndələri yalnız bizlərik” kimi aksiomatik inamlardır kimi

Düşünürəm ki, dini məsələlərlə bağlı səmimi dialoqlara ehtiyac var. 90-cı illərdə QHT yaratmışdıq, Dinlərin Görüş Mərkəzi. Biz orada Azərbaycan xristianları, bəhailəri və yəhudiləri ilə söhbətləşirdik. Mən görürdüm ki, o söhbətlərə doğrudan da ehtiyac var. Bu söhbətlər, əslində, televiziyada olmalıdır. Hərə öz mənsub olduğu dinin nöqsanlarından danışmalıdır. Mənim mənsub olduğum İslam dininin reallığında olan nöqsanlar, nə Allahın nöqsandır, nə Quranın. Bunlar insanların qavrayışında olan nöqsanlardır və bunları etiraf etmək bizim də, dinimizin də ucalığıdır. Necə ki, Sabir, Mirzə Cəlil o nöqsanları deyirdilər. Əgər onlar dedikcə ruhanilər nəticə çıxarsaydılar, bəlkə də indi bizdə İslam mədəniyyəti yüksək olardı. Sabirdən, Mirzə Cəlildən indiki ruhanilər, İslamçılar nəticə çıxarıblarmı? Biabırçılıqdır ki, bir əsrdən çox keçib, ancaq əksər ruhanilər hələ də onların dedikləri yerdədir.

Mədəniyyətlər arası dialoqlar da çox əhəmiyyətlidir. Ancaq tez-tez dialoq ideyası bayağılaşdırılır. İlk növbədə dialoqlar nə üçün lazımdır, bunun mahiyyətini açıqlamaq gərəkir. Dialoqda əgər biz açıq söhbət etmiriksə, bu dialoq deyil, kültürsəl flirt, mazaqlaşmadır. Diplomatik dialoqlar tamam başqa şeydir. Ancaq mədəniyyətlərarası dialoqlarda səmimiyyət və dürüstlük vacibdir. Məsələn, mən gürcü və ya fransızla Azərbaycan mədəniyyətindən danışanda Azərbaycan mədəniyyətinin nöqsanlarını deyirəmsə, azərbaycanlılar bu nöqsanları qəbul etməyib məni xalq düşməni elan etməməlidir. Dialoqlarda nümayəndələr bir-birini aldatmamalıdırlar.

(Ardı var)

Günel MUSA

 





01.02.2013    çap et  çap et