525.Az

Pan Gi Mun: "Vəhşi təbiətin gələcəyi bizim əlimizdədir"


 

Pan Gi Mun: "Vəhşi təbiətin gələcəyi bizim əlimizdədir"<b style="color:red"></b>

Hər il mart ayının 3-ü Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd olunur.

Bu barədə 2013-cü il dekabrın 20-də BMT Baş Məclisinin 68-ci sessiyasında qərar qəbul edilib. Tarix isə təsadüfi seçilməyib. Məhz 1973-cü il martın 3-də nəsli və kökü kəsilmək üzrə olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiya (CİTES) qəbul olunub.

Bu əlamətdar gün vəhşi təbiətə diqqət yönəltməyə imkan verir, habelə təbiətin mühafizəsi ilə məşğul olan insanların məlumatlılığını artırmağa kömək edir. Bundan başqa, bu gün bizə vəhşi təbiətə qarşı cinayət törədənlərlə mübarizənin gücləndirilməsinin zəruriliyini xatırladır.

Vəhşi fauna və flora növləri ilə qanunsuz ticarət dövriyyəsi müasir dövrün mühüm problemlərindən biridir.

Bu münasibətlə BMT-nin baş katibi Pan Gi Mun müraciətində mühafizə olunan fauna və flora növlərinin qanunsuz dövriyyəsi və brakonyerliyə qarşı mübarizəni gücləndirməyə çağırıb.

O bildirib ki, dünya artıq çoxdan mənfəət naminə fillərin kütləvi qırğınına şahidlik edir. Fil sümüyü ilə qanunsuz ticarətin miqyası hələ də olduqca böyükdür. Bu, həyəcan doğurur.

BMT-nin baş katibi yerli icmanı və dünya ictimaiyyətini vəhşi heyvanların və bitkilərin indiki və gələcək nəsillər üçün qorunması istiqamətində fəaliyyətə çağıraraq deyib:

”Hər birimizin hərəkəti vəhşi təbiətin taleyini müəyyən edəcək. Vəhşi təbiətin gələcəyi bizim əlimizdədir”.

AzərTAc

 





03.03.2016    çap et  çap et