525.Az

Bataqlıqdan qurtulanlar...


 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Bataqlıqdan qurtulanlar...<b style="color:red"></b>

"Biz indi elə bil cənnətdə yaşayırıq. Əvvəl Xırdalan şəhərindəki Ət kombinatında məskunlaşmışdıq. Ordakı şəraitimizlə indiki arasında yerlə göy qədər fərq var.

Əvvəlki evimizdə bir neçə nəfər cəmi bir otaqda yaşayırdı. Qışda yağış, qar yağanda evimizin içinə dolurdu. Bilmirdik necə edək ki, qışı yola verək, soyuq havalar tez keçsin getsin. Yay gələndə isə başqa problemlərlə üzləşirdik. Lakin indi gördüyünüz kimi hər şəraitimiz var, min şükür. Yaşamaq üçün bizə başqa nə lazımdı ki?! Ailəmizi saxlamağa evimiz, pis-yaxşı işimiz də var, dolanırıq".

Bu sözləri bizə Laçın rayonundan məcburi köçkün Eldəniz Zeynalov dedi. Eldəniz ailəlidir, üç uşağı var. Xırdalana gəlməzdən əvvəllər Ucar rayonunda məskunlaşıblar. Ordakı şəraitləri ürəkaçan olmayıb. Sonradan Xırdalana köçərək burada Ət kombinatında yaşamağa başlayıblar. 2015-ci ilin may ayından isə kombinatın digər sakinləri kimi Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün tikilən binada yaşayır. Eldənizin ailəsi üç otaqlı mənzillə təmin edilib və onlar üçün yaradılan şəraitdən çox razıdır. Buna görə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirir: "Demək olar, bütün günü su, qaz, işıq problemi olurdu. Amma indi bu problemlərin heç biri yoxdu. Kommunal xərclərimizi də dövlət ödəyir. Mehriban xanıma, Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk. Bir söz də demək istəyirəm. Hazırda mənim xalamoğlu ailəsi ilə birlikdə Bakıda "Beşmərtəbə" deyilən tərəfdə qalırlar. Belə baxanda şəhərin içidi, amma nə xeyri var, evdə oturanda, döşəmədən baxanda az qala aşağıdakı qonşunu görmək olur. Biz də əvvəl elə şəraitdə yaşayırdıq. Amma indiki vəziyyətimiz göz qabağındadı". 

Eyni həyatı yaşayan insanlar 

Xırdalanda məcburi köçkünlər üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Kristal Abşeron" MMC tərəfindən tikilib. Doqquz mərtəbə, üç blok və avtodayanacaqdan ibarətdir. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumilikdə binada 120 mənzil var. Yüksək keyfiyyətli lift quraşdırılıb, mərkəzləşdirilmiş istilik sistemi mövcuddur. Mənzillərdə hər bir şərait yaradılıb, hər ailəyə bir televizor, bir soyuducu və qaz sobası verilib. Binada əsasən Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl rayonlarından olan məcburi köçkünlər yerləşdirilib.

Mənzil başına çatdıqda bizi ilk qarşılayan məhəllədə oynayan uşaqlar oldu. Hava soyuq olduğundan həyətdə az adam var idi. Ona görə elə bir az uşaqlarla söhbətləşməli olduq. Onlar indiki şəraitlərindən razılıqlarını bildirdilər. "Əvvəl biz Ət kombinatı deyilən yerdə yaşayırdıq. Orda yaşayışımız çox pis idi. Demək olar heç oynamağa yer də tapmırdıq. Utandığımızdan məktəb yoldaşlarımızı da evimizə qonaq çağıra bilmirdik. Amma indi evlərimiz çox yaxşıdı, hər kəsi utanmadan evimizə dəvət edirik. Siz də bizim qonağımız olun "- deyə uşaqlar bizi evlərinə dəvət etdilər.

Uşaqlardan fərqli olaraq bəzi bina sakinləri danışmağa razı olmadılar. Lakin binanın qonaqpərvər sakinləri də az deyildi. Bu səbəbdən də bəzilərinin mənzilinə gedib yaşadıqları şəraitlə tanış olduq. Söhbətləri ilə tanış olduqca burda qalanların eyni taleyi, eyni həyatı yaşadıqlarını fikirləşmək çox da çətin deyildi.  

Vəziyyətimiz nə qədər yaxşı olsa da, vətənin yerini heç nə vermir... 

"Bu evdən, bizə yaradılan şəraitdən çox razıyıq. Əziyyəti keçən hər kəsə təşəkkür edirik. Bizi cəhənnəm əzabından qurtardılar sanki. Lakin çox ümidliyik ki, əl-ələ verib işğal altında olan torpaqlarımızı geri alacağıq. Vəziyyətimiz nə qədər yaxşı olsa da, torpağımızın, doğulduğumuz vətənin yerini heç nə verə bilmir. Neçə illərdir, vətən həsrəti ürəyimizi dağlıyır ay qızım, bu yaşa çatmışam, həyatın hər bir çətinliyini çəkmişəm. Deyirəm, heç olmasa, canımı öz doğma yurd-yuvamda verim. Torpaq həsrəti ilə köçməyim bu dünyadan. Bu yolda da prezidentimizə güvənimiz çoxdur. İnanırıq ki, nə vaxtsa gedib Laçını, Kəlbəcəri, Şuşanı, Ağdamı görəcəyik". Bu sözləri isə bizə 70 yaşlı Rəfiqə nənə  dedi.

Füzuli rayon sakini Əlinin də tək bir arzusu var: yenidən doğma torpağına, yurd-yuvasını qayıtmaq: "Hər kəs kimi mənim də arzum var ki, öz rayonumuza, el-obamıza gedim. Torpaqların qaytarılmasını dörd gözlə gözləyirik. 15 ildən çox idi ki, Ət kombinatında yaşayırdıq. Ehtiyaclarımızı dövlət ödəsə də, şəraitimiz ürəkaçan deyildi. Sağ olsunlar, əməyi keçən hər kəs ki, bizə bu cür tam təmirli evlər verib. Hazırda üç otaqlı mənzilimiz var, ailəmiz isə altı nəfərdən ibarətdir".

Kəlbəcər rayonundan olan məcburi köçkün Fikrət isə deyir ki, ilk dəfə onlara ev veriləcəyi deyiləndə  çox seviniblər: "Evimizdə əməlli-başlı bayram oldu. Bizlərlə bərabər uşaqların sevincini görməyiniz bəs idi. İnana bilmirdik o bataqlıqdan qurtulduğumuza. İndi hər şey çox yaxşıdır. Həyətimizdə yaşıllıq da, oturmağa, uşaqların oynamaqları üçün yerlər də var. Bizə bu şəraiti yaratdıqları üçün prezidentimizə, onun xanımı Mehriban xanıma minnətdarıq. Qaçqın və məcburi köçkünlərə göstərilən qayğı hələ Ümummilli lider Heydər Əliyevin dövründə də var idi. O, bizə çox böyük diqqət göstərirdi. Bütün problemlərimiz diqqət mərkəzində idi. İndi o qayğını cənab İlham Əliyev göstərir bizə. Biz də öz növbəmizdə inanırıq ki, torpaqlarımız qayıdacaq".

2015-ci ildə qaçqın və məcburi köçkünlərə göstərilən qayğı və diqqət 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il iyulun 1-i tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na və həmin Dövlət Proqramına Prezidentin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə təsdiq edilən əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası 2015-ci ildə də uğurla davam etdirilib.

Prezident İlham Əliyev özü ötən il fevralın 24-də Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün inşa edilən 11 ədəd 9 mərtəbəli və martın 12-də  Bərdə rayonu ərazisində 588 məcburi köçkün ailəsi üçün inşa edilən 14 ədəd 7 mərtəbəli yeni yaşayış kompleksinin açılışında iştirak edib.

2015-ci il may ayının 10-da Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 121 məcburi köçkün ailəsi üçün yeni inşa edilən yaşayış binasının açılışında Fondun prezidenti Mehriban Əliyeva iştirak edib. İl ərzində 120 min kvadrat metr sahəsi olan 5 yeni yaşayış kompleksi salınıb, 1380 nəfərlik 5 məktəb binası inşa edilib, həmçinin 3 uşaq bağçası, 3 tibb məntəqəsi, 3 klub-icma mərkəzi, 3 inzibati bina tikilib istifadəyə verilib. 20 kilometr yol, 45,0 kilometr su xətti, 56,0 kilometr elektrik xətti, 35, 0 kilometr qaz, 7 kilometr istilik xətti çəkilib. Müxtəlif həcmə malik 25 ədəd su anbarı, 11 nasos stansiyası, 8 komplekt transformator yarımstansiya inşa edilib, 22 ədəd yüksəkgərginlikli transformator quraşdırılıb. Ümumiyyətlə , 2015-ci ildə 2788 məcburi köçkün ailəsinin (Mingəçevir şəhərində 594, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Xırdalan şəhərində 121, Bərdə rayonunda 588, Sabirabad rayonunda 440, Qazax rayonunda 304, Zaqatala rayonunda 135, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 80, Sabunçu rayonunun Ramana qəsəbəsində 80 və Şirvan şəhərində 21 ailə, Ahısxa türkləri üçün 94 ev) yeni salınmış yaşayış komplekslərinə, qəsəbə və məhəllələrə köçürülməsi təmin edilib və bununla da 15 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Ümumilikdə 2001-2015- ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 2,9 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 2,7 milyon kvadrat metr yaşayış sahəsinə malik 89-u, yaxud 94 faizi son 12 ildə inşa edilib. Yeni salınan yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası , 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformator quraşdırılıb. Ümumiyyətlə, bugünədək 49 min ailə və ya 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, ondan da 45 min ailə, yaxud 225 min nəfər ( 92 faiz) son 12 ilin payına düşür.

Qaçqın və məcburi köçkünlərin işsizlik problemi də diqqət mərkəzindədir 

Müvəqqəti sıx məskunlaşma yerlərində 184 məcburi köçkün daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşılıqlı fəaliyyəti nəticəsində 1726 nəfər daimi işlə təmin olunub, 383 nəfərə işsiz statusu verilib, 422 nəfərə işsizlik müavinəti təyin edilib. 310 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına və 203 nəfər isə ictimai işlərə cəlb olunub.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 286 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 5 milyon manat güzəştli kredit verilib və nəticədə 356 yeni iş yeri təşkil edilib. Bundan əlavə Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanan Kredit Sazişi ( "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi) üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 450 nəfərə ümumi məbləği 4,5 milyon manat təşkil edən mikrokredit verilib ki, bundan 7600 nəfər faydalanıb. Ümumiyyətlə, 2015-ci ildə hər bir nəfər məcburi köçkünə 840 manat vəsait sərf olunub. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb.

Samirə QULİYEVA
Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





03.03.2016    çap et  çap et