525.Az

"Sevgi ilə başlanan hər işin sonunda uğur var"


 

"BÜTÜN PSİXOLOJİ PROBLEMLƏRİN ƏSASINDA AİLƏ, MƏKTƏB, BÜTÖVLÜKDƏ CƏMİYYƏT DAYANIR VƏ BU İŞ KOMPLEKS YANAŞMA TƏLƏB EDİR"

"Sevgi ilə başlanan hər işin sonunda uğur var"<b style="color:red"></b>

Müsahibimiz "Loqos" Psixoloji və Nitq İnkişaf  Mərkəzinin rəhbəri Təranə Məmmədovadır.

- Təranə xanım, son illər  yaratdığınız "Loqos" Psixoloji və Nitq İnkişaf  Mərkəzi haqqında həm ailələrdə, həm də mətbuatda geniş danışılır, həm təşkilat, həm də siz və mütəxəssis heyəti cəmiyyətə təqdim olunur. İstərdim ki, müsahibəmizə özünüz barədə qısa məlumatla başlayaq.

- "Loqos" gənc təşkilatdır. Amma qısa zaman kəsiyində əhali arasında tanınmağa başlanıb. Hələlik Bakı şəhərində iki filial fəaliyyətdədir. Nərimanov rayonunda uşaqlara xidmət edən bir mərkəz, Yasamal rayonunda isə  bütün yaş qruplarına uyğun iki mərkəz insanların xidmətindədir. Yaxın zamanlarda Gəncə filialı fəaliyyətə başlayacaq. Hesab edirəm ki, hər kəsin gördüyü iş  əslində onun həyat tarixini yaratmağa başlayır. "Loqos"  həmkarlarımla bərabər mənim həyatımın ayrılmaz hissəsidir. Özüm haqda nə deyə bilərəm.
Ziyalı ailəsində,  bir qədər əminliklə səslənsə də, xoşbaxt ulduz altında doğulmuşam. Valideynlərimin dördüncü qız övladıyam. Bilirsiz də Azərbaycan ailəsində dörd qızın ard-arda dünyaya gəlməsi nə deməkdir. Amma valideynlərim digər üç bacım kimi mənim də gəlişimi bayram eləyiblər. Hətta qurban belə kəsiblər.

Sevgi, şəfqət dolu uşaqlıq yaşamışam. Bakıda 164 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. Magistr təhsilimi də həmin universitetdə tamamlamışam. Hazırda Ukraynada, Xarkov şəhər Aviasiya Akademiyasında psixologiya üzrə ikinci təhsil alıram. Dilləri öyrənməyə həvəsliyəm. Türk, rus, ingilis  dillərində sərbəst danışıram.

- Belə bir məsuliyyətli və çətin xidmət sahəsi yaratmaq fikri necə və haradan ağlınıza gəldi? Adətən xanımlar daha rahat və daha əyləncəli xidmət sahələri açmağa meylli olurlar.

- Əslində, mən "Loqos"la bir növ uşaqlıq arzularımı reallaşdırmağa çalışmışam. Ata-ana himayəsindən məhrum olan, küçə həyatı yaşayan uşaqlara, xəstə, baxımsız, kimsəsiz qocalara kömək etmək arzsusu məni ağlım kəsən yaşlardan düşündürüb. Xəyallarımda  qocalar evi,  uşaqlar evi yaratmışam, onlarla birgə yaşamışam. Ailə qurandan sonra hətta bir neçə uşağı himayəmə götürüb övladlarımla böyütmək istəyində olmuşam. Təbii ki, yaş üstünə yaş gəldikcə tükənməyən uşaqlıq, gənclik arzularımla bərabər məni böyüdən, təhsil verən ailəm və cəmiyyət qarşısında borclarım, vəzifələrim də aydınlaşıb. Çox şükürlər olsun ki, valideynlərimin, yaxın ətrafımın sevgisi ilə böyüdüm. Hər uşağın sevgi və şəfqətlə böyüməsi onun gələcək həyatının bələdçisidir. Bugünkü düşüncəyə, topluma faydalı ola biləcək gücə sahiblənə bildiyim üçün valideynlərimə, xüsusən də atam professor Qəzənfər Paşayevə və arzularımı gerçəkləşdirməkdə maddi və mənəvi dayağım olan həyat yoldaşıma çox minnətdaram. "Loqos"u yaratmaqla vətəndaş  cəmiyyətinin inkişafında, insanların psixoloji maariflənməsində, gələcəyimiz olan uşaqların sevgi və şəfqətlə böyüməsində, azacıq da olsa, rolum olmasını istədim.

- Azərbaycan əhalisinin daha çox hansı hissəsinin xidmət sahənizə ehtiyacı olduğunu düşünürsünüz?

- Təcrübə qazanıldıqca yeni ideya və təşəbbüslər ortaya çıxır. 2014-cü ilin mart ayında ilk filialı açdıq. Əsasən nitq qüsuru olan uşaqlarla işləyirdik. Qısa zaman ərzində bəlli oldu ki, bütün psixoloji gərginlik və problemlərin əsasında ailə, məktəb, bütövlükdə cəmiyyət dayanır və bu iş kompleks yanaşma tələb edir. Həyatın bütün sahələrində psixoloji maarifləndirmə və psixoloji dəstəyə ehtiyac olduğunu nəzərə alaraq, xidmət sahəsini genişləndirdik, yaşından və sosial vəziyyətindən asılı olmayaraq hər kəsin xidmətimizdən yararlanmasına çalışdıq.

Sevindirici haldır ki, bu gün artıq bizim ölkəmizdə də insanlar psixoloji xidmətin vacibliyinin fərqindədirlər. İnsanların bir çoxu ən qorxulu xəstəliklərin psixoloji faktorlardan yarandığını bilirlər. Əgər əvvəllər psixoloq adı çəkiləndə yadına sağalmaz xəstəliklər düşən ata-ana bu gün uşağının əlindən tutub psixoloji xidmət mərkəzinə gətirirsə, bunu düşüncələrdə inqilab hesab etmək olar. Hələ ki, mərkəzimizə müraciət edənlər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Son vaxtlar yeniyetmə və gənc oğlanların da sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Təəssüf ki, ailə münaqişələrinin, anlaşılmazlıqların ərlə-arvad arasında baş verməsinə baxmayaraq ailəni qorumaq, mövcud psixoloji vəziyyətdən çıxmaq üçün bizə yalnız qadınlar müraciət edirlər, təktərəfli yardim isə, doğrusu istənilən nəticəni vermir. Çünki münasibətlərin tənzimlənməsi, duyğu və emosiyaların idarə olunması üçün hər iki tərəfin iştirakı və marağı önəmlidir. Ailə cəmiyyətin təməlidir və təbii ki, cəmiyyətin inkişafı ailədən çox asılıdır. Sağlam ailə sağlam cəmiyyətdir ifadəsi şüurlarda kök salmalıdır.
 
Əgər bu gün uşaqlarımız kəkələmədən, özünəqapanma və depressiyadan əziyyət çəkirsə, rahat təmaslar və cəmiyyətə uyğunlaşma problemi yaşayırsa, intihara meyl cəhdləri müşahidə olunursa, bunun kökünü yaxın çevrədə axtarmaq lazım gəlir. Bizim qadınlarımız mili-mənəvi dəyərlərə, ənənə və gələnəklərə çox sadiqdirlər. Azərbaycan kişisi hər zaman ailənin başçısı kimi əlahiddə nüfuz sahibidir. Ailəni qorumaq ilk növbədə atanın əsas vəzifəsidir. Şükür ki, ailə başçısı vəzifəsini şərəflə yerinə yetirən kişilər çoxdur.

Maraqlıdır, həyat yoldaşı ilə qonaqlıqlara, mərasimlərə, istirahət mərkəzlərinə, hətta çimərliyə belə birlikdə gedən kişilər, ailə, övlad münasibətlərində problemlər yaşananda psixoloq və psixoterapevtə getməkdən ehtiyatlanırlar. Düşünürəm ki, bu sahədə də ciddi maarifləndirməyə ehtiyac var.

- Bəllidir ki, cəmiyyətin inkişafı bir neçə əsas mərhələdən keçib və bugünün reallığına sahib olmuşdur. Təbii ki, iqtisadi, ictimai-siyasi formasiyaların bir-birini əvəzləməsi də bu çərçivə içərisindədir. Tarixdən bizə müharibələr, torpaq islahatları, kütləvi xəstəliklərlə beynəlxalq mücadilə, savadsızlığın aradan qaldırılması, kosmosa uçuş, müasir texnologiyaların yaradılması, idarə olunması kimi əhəmiyyətli proseslər məlumdur. Bəs yaxşı,  sizcə, XXI yüzillikdə psixoloji mövzunun bu qədər önə çıxması nə ilə bağlıdır?

- Sivilizasiyanın ardıcıl davamına mütənasib olaraq insanların həyat səviyyəsi yüksəldikcə psixoloji problemlər də artır.  Dünya statistikasına görə inkişaf etmiş Avropa ölkələrində intiharın faizi daha yüksəkdir. Savad dərəcəsi, dünyagörüşü artdıqca, dünyaya çıxış və informasiya almaq imkanları genişləndikcə, insanlar ağı-qaradan seçməyi daha yaxşı bilirlər. Əvvəllər böyük bir şirkətdə hüquqşünasın olması vacib hesab edilirdisə, indi normal münasibətlər fonunda iş keyfiyyətinin yüksəlməsi üçün psixoloq kadrlarına daha çox ehtiyac duyulur. Psixologiya anlayışı ciddi mənada insanların həyatına daxil olur. Savadsızlıq faizi azaldıqca, molla, falçı yanına gedənlər  qorxudan, fobiya və stressdən xilas yollarını psixoloji mərkəzlərdə arayırlar.

- Mütəxəssisləriniz müraciət edən hər kəslə yüksək təmaslar qururlar. Bu barədə danışdıq. Bəs siz, ümumi şəkildə insanların psixoloji durumu üçün normal mühiti necə xarakterizə edərdiniz?

- Bugünümüzün reallıqları fonunda mənzərə tam razılıq doğura bilməz. Azərbaycanda psixologiya yeni sahə hesab olunur. Təqribən son 30 ildə elmin bu istiqamətinə diqqət artıb. Dövlətin psixologiyanın inkişafına yönəlik proqram və tədbirləri xüsusi əhəmiyyət daşısa da bu iş ümumxalq köməyi sayəsində genişlənməli, başlıca məqsədə nail olunmalıdır. Maariflənmə və  mütəxəssislərin yetişdirilməsi vacib məsələlərdir. Vətəndaş cəmiyyətinin inkişafına dəstək olmağa səy göstərən mərkəz və təşkilatlar hələ dəryada damla misalındadır. Yaxşı olan budur ki, cəmiyyətin inkişafında, sağlam ailənin formalaşmasında, yeni nəslin hərtərəfli yetişməsində psixoloji amilin vacibliyi dərk olunur.

- Sizə elə gəlmirmi ki, psixoloji mərkəzlərə müraciətdən öncə bir mərhələ var ki, onun sahibi də, pasienti də biz özümüzük. Cəmiyyətdə hansı həssas nöqtələr diqqət mərkəzində saxlanılmalıdır.

- Söhbətimizin əvvəlində dolayısı ilə bu məqama toxunduq. Sadə bir həqiqət var. İnsan cəmiyyətində yaşayırıq və bu cəmiyyətin əsas hərəkətverici qüvvəsi insan olduğu üçün hər şey ona xidmət edir. Uşaq ailədə doğulur, böyüyür, cəmiyyətdə formalaşır. Bizim toplum üçün ailənin nə qədər önəmli olduğunu təkrar-təkrar xatırlatmağa ehtiyac yoxdur. Yaxşı-pis hər şey ailədən başlanır və təbii ki, ərlə-arvadın savadlı olması vacib amildir. Ər-arvad, valideyn-övlad, gəlin-qayınana münasibətlərinin düzgün nizamlanması uşaqların istər fiziki, istər psixoloji, istərsə də mənəvi baxımdan yetişdirilməsində böyük rol oynayır.
 
Davamlı münaqişə və dava-dalaş içində diqqət və qayğıdan uzaq, sevgisiz böyüyən uşağın psixoloji zədə almaması imkansızdır. Ailə ilə eyni səviyyədə məktəb amili də ciddi nəzərə alınmalıdır. Məktəb uşaqların evdən sonra ən çox zaman keçirdiyi məkandır. Məktəb psixoloqlarının fəaliyyətindən, valideyn-məktəb, şagird-müəllim münasibətlərinin düzgün istiqamətlənməsindən çox şey asılıdır. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin insan psixologiyasına təsiri danılmazdır. Dünyada baş verən hadisələrin, yaranan problemlərin təsirini birmənalı olaraq hər kəs öz evində, ailəsində hiss edir. Psixoloji gərginliyin dərinləşməsi bəzi hallarda depressiv vəziyyətlə nəticələnir. Son zamanlar mərkəzimizə müraciət edənlərin sayının artmasını da bununla əlaqələndirmək olar. Həssas dönəm yaşayırıq və mümkün olduqca problemli insanlara psixoloji dəstək göstərir, psixoloji maarifləndirmənin əhatə dairəsini genişləndiririk.

- Bakıda digər psixoloji xidmət mərkəzləri fəaliyyət göstərir. Bu yaxşı haldır. Təbii ki, hər mütəxəssis heyətinin özünəməxsus üstün cəhətləri var. Sizin  mütəxəssislər kimlərdir? Onlara göstərilən insan marağının konkret səbəbləri var yəqin.

- Bəlkə də bənzətməm yerinə düşməyəcək. Bir zamanlar imkanlı insanlar şadlıq sarayları, özəl klinikalar, bir çoxları marketlər şəbəkəsi yaratmağa üstünlük verirdilər. Yəni bir növ zamanın tələbi ilə insanların seçim imkanları genişlənirdi.
 
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi həyat səviyyəsi yüksəldikcə, psixoloji problemlər önə çıxır. Mən də təsdiqləyirəm, müasir dövrün tələblərinə uyğun olaraq psixoloji mərkəzlərin çoxalması təbiidir. Bu insanların rahatlığı, vaxta qənaət, seçim imkanı deməkdir. Amma hər bir kollektivin fəaliyyətində  ən önəmli məsələ kəmiyyət yox, keyfiyyət olmalıdır. İnsan psixologiyası, onun düzgün müayinə və müalicəsi son dərəcə həssas məsələdir. Burada hər hansı yanlışlıq xoşagəlməz nəticələrə yol aça bilər. "Mən psixoloqam" demək böyük məsuliyyətdir. Hətta ən məşhur psixoloqlar belə bir bəyənatı səsləndirməyə cəsarət etməyiblər. Bizim üçün də eləcə. Biz də bu faktoru nəzərə alaraq mütəxəssis seçiminə xüsusi tələblə yanaşırıq. Düzü, ölkədə sözün əsl mənasında  işini dərindən bilən psixoloqları barmaqla saymaq olar. Amma psixoloq olmaq istəyənlərin də sayı artır.  Bu bir tərəfdən müsbət haldır.

Yəni hər kəsin psixologiyadan az və ya çox dərəcədə baş çıxarması ən azından müəyyən mənada onun özünə, yaxın ətrafına faydalı ola bilər. Amma üç-beş treninqdə iştirak edib, sertifikat alan kəslərin dərhal psixoloq qismində fəaliyyət göstərməsi düzgün deyil. Bu məsələni çox ciddi nəzarətdə saxlayırıq. İşə qəbul edilənlərin ali təhsili və ən azı beş illik iş təcrübəsinə malik  olması şərtdir.

Cəmiyyətdə kifayət qədər nüfuz sahibi və öz işinin peşəkarı olan mütəxəssislərimiz var. Amma bununla kifayətlənməklə irəliyə getmək, etibar, etimad qazanmaq çətindir. Xarici ölkələrdə təhsil alıb gələn gənc mütəxəssislərimiz kifayət qədər savadlıdırlar. Dünya təcrübəsindən öyrənirik. İstər yaşlı, istərsə də gənc kadrlarımız beynəlxalq simpoziumlarda, konfrans və treninqlərdə iştirak edir, yeniliklərdən faydalanırlar.

Eləcə də inkişaf etmiş ölkələrdən tanınmış psixoloq və psixoterapevtləri mərkəzə dəvət edir, yeni proqram və metodları öyrənir, tətbiq edirik. Yeni mərkəzlərin yaranmasına sadəcə sevinə bilərəm. Hamımız bir məqsədə xidmət edirik. Uşaqlarımız hərtərəfli sağlam böyüsün, ailələrdə sağlam mühit olsun. Vətəndaşın niyə məhz bizim mərkəzə, bizim mütəxəssisə müraciət etmək məsələsinə gəlincə, inandırım sizi, istədiyi nəticəni almayan adam, bir də o qapını döyməyəcək. Nəticədən razı qalan insan ardınca dostunu, tanışını, yaxın ətrafını da çəkib gətirəcək.

 - Konkret misallarla neçə müddətdən bəri gördüyünüz işin yekunlarını hansı xarakterik epizodlarla ifadə edərdiniz.

- Fəaliyyət istiqamətlərimiz çoxşaxəlidir. Mərkəzdə psixoloqlar, psixiatr və psixoterapevtlər, loqoped və psixopedaqoqlar çalışır. Uşaqlarda nitq qüsurları, davranış pozulmaları, depressiya və fobialar, duyğu və emosiyaların nizamlanması istiqamətində ən yeni metodlardan istifadə edilir. Elə gün olur ki, bizə yüzdən çox insan müraciət edir. "Loqos"un saytında, Feysbuk  səhifəsində mütəmadi məlumatlar verilir. Amma psixologiya fərqli sahədir. Uşaq və yeniyetmələrlə işləyən mütəxəssislər  nitqdə yaranan qüsurlar, pəltəklik, kəkələmə, ünsiyyət çətinlikləri, özünəqapanma və s.psixoloji problemlərin qısa vaxtda aradan qaldırılmasında uğurlu nəticələr əldə edirlər. Kömək et, sirri qoru! Bu bir prinsipdir, psixoloji dəstək alan insanlar kimliyindən asılı olmayaraq özləri barədə  informasiyanın açıqlanmasını istəmirlər. Maarifləndirmə sahəsində kifayət qədər faktlar sadalaya bilərəm. Analar klubu, Art terapiya, NLP, Uşaq psixologiyası, Ümumi psixologiya kurslarında iştirak etmək istəyənlərin sayı günbəgün artır. "Psixologiya akademiyası" layihəsinin iştirakçısı olan 160 həvəskar  tanınmış psixoloq və psixoterapevtlərin treninqlərindən faydalanaraq sertifikatlar aldılar.

"Müasir Azərbaycan qadını" layihəsi çərçivəsində 60-a yaxın qadın  Azərbaycan cəmiyyətində kifayət qədər tanınan, öz işinin ustası olan  qadınların müxtəlif mövzularda maarifləndirici  söhbət və məsləhətlərini dinlədilər. Türkiyədə uzmanlıq təhsili alan və yeddi il orada xəstəxanada təcrübə qazanan ginekoloq Aytən Səfərova, Mədəniyyət və İncəsənət Universitetinin dossenti, modelyer Fəxriyyə Xələfova, pozitiv psixoloq Elvira Babayeva, dietoloq Tutu Zeynalova və digər xanımlarla keçirilən görüşlər inanıram ki, səmərəsiz qalmayacaq. İlin sonunda Fairmont oteldə keçirdiyimiz "Azərbaycan: Gənclik və Psixologiya"I Konfransında dövlət xadimləri, millət vəkilləri, elm adamları ilə yanaşı sıravi insanlar da iştirak etdilər.
 
İnanmıram ki, o konfransdan kimsə faydalı nəsə öyrənməmiş olsun. Rayonlarla əlaqələr yaradırıq. Konfranslar, seminar və treninqlər keçirir, müraciət edənlərə yerindəcə psixoloji xidmət göstəririk. Rayonlarda psixoloji maarifləndirməyə ehtiyac daha çoxdur. Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlarla, talassemiyalı uşaqlarla görüşlər, xeyriyyə tədbirləri də psixoloji xidmətin tərkib hissəsidir. Bu günlərdə Buzovna qəsəbəsindəki 1 saylı  Psixonevroloji xidmət müəssisəsində  olduq. "Müasir Azərbaycan qadını" layihəsi çərçivəsində təşkil olunan musiqili, əyləncəli xeyriyyə tədbiri sözün həqiqi mənasında xüsusi qayğıya ehtiyacı olan insanların həyatına bir rəng qatdı. Əminəm ki, onlar bu görüşü uzun müddət xatırlayacaqlar.

Rəhilə GÜLGÜN

 





03.03.2016    çap et  çap et