525.Az

Gecikmiş dost təbriki


 

Gecikmiş dost təbriki<b style="color:red"></b>

Bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə şair Adil Cəmilin təqdimatında dostum Əyyub Şirlanlının 65 yaşının tamam olması, ölkə başçısının sərəncamıyla “Tərəqqi” medalı ilə təltif edilməsi barədə məlumatı oxuyanda çox təəccübləndim. Doğrusu, həm bundan xəbər tutmadığım üçün bir az utandım, həm də həmişə cavan bildiyim, yaxud cavan görmək istədiyim Əyyub müəllimin 65 yaşın “kürəyini yerə vurmasına”, artıq 7-ci onillikdən xırdalamasına inanmaq istəmədim. Amma inandığım və bildiyim  Ə.Şirlanlının şəxsiyyəti və yubileyi haqqında yazmağa, nəyə görəsə, özümü borclu hesab etməyimdi. Çoxundan fərqli olaraq, Əyyub müəllimin özü haqqında palaz-palaz məqalələr, resenziyalar yazdırmaq şakərinin olmadığını da bilirdim. Dəfələrlə zəngləşmişik, görüşmüşük də, bu barədə mənə nəinki deməyib, heç işarə də vurmayıb. Bəlkə də elə buna görə məni vicdanım rahat buraxmır, belə sadə və təvazökar insan barəsində nəsə yazmağa vadar edirdi. Nəhayət, bir gün əlimdəki bütün yarımçıq işlərimi qırağa qoyub öz borcumu yerinə yetirməyə qərar verdim. Öncə onu deyim ki, mən Əyyub müəllimi təsadüfən tanımışam, tanıdığım andan da bir insan kimi qəlbimə yatıb.

Təxminən 2 il bundan qabaq İrana səfər etmək üçün yığışacağımız Elmlər Akademiyasının həyətinə yaxınlaşdığım vaxt müxtəlif təşkilatlardan olan çoxlu adamlar içərisində yaşına uyğun olmayan qaynarlığı, işgüzarlığı, şirin və məzəli söhbətləri ilə yadda qalan bu kişi diqqətimi çəkmişdi. Görünür, həm  onda nəsə bir “suyu şirinlik”,  həm də özümə qarşı bir istiqanlılıq duymuşdum. Tanış olduqdan sonrakı fikir mübadiləmizdən,  yolboyu etdiyi duzlu-məzəli söhbətlərindən məni zənnimin aldatmadığını başa düşmüş, ona daha da yaxından bağlanmışdım.  Onu da deyim ki, Əyyub Şirlanlı yaxşı müəllim, maraqlı ədəbiyyatçı, özünəməxsus şair olmaqla yanaşı, erudisiyalı oxucu, gözəl insan, qayğıkeş ata və babadır. Mən bunu həmin o 2-3 günlük səfərimizdə yaxından gördüm, duydum. Bu adamla istənilən mövzuda söhbət etmək, dərdləşmək olar. Əyyub müəllimin səsində, nəfəsində Qarabağ bülbüllərinin cəh-cəhi, şır-şır axan çayların həzin laylası, davranış və hərəkətlərində o gözoxşayan düzlərin, başdan papaq salan əzəmətli dağların vüqarı, əzəməti hiss olunur. Xarakter və xasiyyətində məsum bir uşaq sadəliyi, təbiiliyi və dəliqanlılığı olduğu kimi, köhnə kişilərdən, oğuz babalarımızdan qalma mərdlik, azmanlıq, əyilməzlik də vardır. Güney Azərbaycanın bəzi gəzməli-görməli yerlərinə getməyimizi təkidlə tələb etməsi, buna bizim haqqımızın olmasını sübuta çalışması yaxşı yadımdadır.


Qarlı-şaxtalı havada, çoxumuzdan yaşca böyük olmasına baxmayaraq, Eynalı dağına hamıdan qabaq piyada yürüş etməsi indi də gözlərimin qabağındadır. Səhər yeməyi zamanı oteldə çay içərkən gözlənilmədən rəhmətlik Nazif Qəhrəmanlı ilə sırf  ədəbi-nəzəri mövzularda mübahisəyə girişməsi, “Əli və Nino” romanının kimə məxsusluğu barədə maraqlı mülahizələr irəli sürməsi, Qarabağın tarixi keçmişi, uğursuz müdafiəsi və s. haqqında faktlarla danışması çoxlarını heyran qoymuşdu. Bir gecə yorucu gəzintidən sonra iki-bir, üç-bir maraqlı söhbətlər etdiyimiz vaxt, qəribə də olsa, bir dilçi xanımın oteldə gecə yarısı nümayişkaranə bir şəkildə ucadan rus dilində danışması çoxlarını qıcıqlandırmış, özündən çıxarmış, haqlı narazılığa səbəb olmuşdu. Əyyub müəllim isə yarızarafat-yarıciddi –“Bağışlayın, xanım, siz Dilçilik İnstitutunda işləyirsiniz, eləmi?”-deyə soruşmuş, o da təsdiq etmişdi. Birdən xanımın gözləmədiyi halda: “Hə, siz dilimizi xarici ölkədə yaxşı təbliğ edirsiniz”-deyərək uzaqlaşmışdı. Bununla da gərilən əsəblərimizin üstünə sanki su səpmiş, həmin xanıma da hamımızın ürəyindən olan dərs vermişdi. Əyyub Şirlanlı bax belə kişidir, çox müşkülləri beləcə asan edəndir. Eynalı dağındakı kanatla gəzintidən sonra aşağıda bizi unudulmaz havacatlarla qarşılayan Təbriz aşıqlarının meydan açıb, çalıb-oxumaları ayrı aləmdi. Hələ Şahgölü-Elgölündə gecəyarıyadək davam edən, çeşidli söhbətlərlə müşayiət olunan romantik gəzintimiz, yəqin ki, heç zaman unudulmayacaq. Bütün bunları xatırladıqca ustad Şəhriyarın aşağıdakı misraları, istər-istəməz, yada düşür: Bir sinema pərdəsidir gözümdə, Hey oturub seyr edirəm özümdə.

Tarixin bir möcüzəsi kimi dağlarda, əlçatmaz qayalarda yaşayan Kəndovandan aldığımız təəssüratı izah etməkdə çətinlik çəkirəm. Kitablarda, yaxud kinolarda gördüyümüz ibtidai insanların yaşayış tərzini andıran bu camaatın dünyanın bu çağında belə çətin və primitiv şərtlər çərçivəsində yaşamalarını, doğrudan da, necə izah edəsən ki, başa düşülsün? Hələ bu şəraitdə maldarlıq və toxuculuq işləriylə məşğul olmaları, bu zəhmətlərinin məhsullarını bazara çıxarıb satmaları, həqiqətən, qəhrəmanlıqdır. Hələ avtobusda yol gedərkən Əyyub müəllim özünəməxsus bir ərkyanalıqla görmək istədiyi bir neçə tarixi yerlərin adını çəkmişdi. Babək qalası da o siyahıda vardı. Amma nədənsə ilk gündən bizə andırırdılar ki, həmin yerə səfər, ola bilsin ki, baş tutmayacaq. Ə.Şirlanlı bununla razılaşmadı, bizimlə görüşə gələn bir şairi şəxsən yerli hakimiyyət nümayəndəsinin yanına göndərdi. Sabahısı gün həmin şairin dediyinə görə, guya qarışıqlıq və iğtişaşlardan ehtiyat edən yerli hökumət Babək qalasına səfərin gerçəkləşməsinə razılıq verməmişdi.

Qayıdanbaşı Ərdəbildə, bir neçə saatlığa olsa da, dayanmağımızı, Şah İsmayıl Xətainin məqbərəsini ziyarət etməyimizi tələb edənlərdən biri yenə Ə.Şirlanlı idi. Təəssüf ki, Ərdəbilə şər qarışanda çatdığımıza, iş günü qurtardığına görə bizi məqbərənin içərisinə buraxmadılar. Ancaq təkidli xahiş və tələblərimizdən sonra həyəti gəzməyimizə, hökmdar-şair babamızın ayaq basdığı torpağın, özünün və ata-babasının dəfn olunduğu müqəddəs türbənin başına dolanmağa icazə verdilər. Elə buna görə də onlara  sonsuz təşəkkürlər düşür. Yeri gəlmişkən, bu cür tarixi abidə və muzeylərdə işçilərin və ümumən qarşılaşdığımız yerli camaatın bizə çox xoş və isti münasibəti haqqında ayrıca danışmaq olar. Əyyub müəllimlə birgə gəzdiyimiz Ərdəbildə kimdən nə isə soruşmaq istədiyimizə az qala peşman olurduq. O  saat mütləq bizi evlərinə dəvət edir, “gözümüz üstdə yeriniz var”-deyirdilər.

Təbrizdə də həmin ilıq və doğma münasibəti hər an hiss edirdik. Bir dəfə hətta bir möhtərəm hacı avtobusda, mənim etiraz etməyimə baxmayaraq,- “Baküdən gəlmisiz, qonaqsız”- deyə yol pulumuzu da verdi. Ərdəbildə 2-3 saat ərzində o qədər gəzdik, o qədər yerlərə baş çəkdik ki, tamam əldən-ayaqdan düşdük. Sən demə, Ə.Şirlanlının ayağı piyada gəzməkdən açılıb, hətta yara olubmuş. Ancaq bunu mənə bildirməyib, şəhəri gəzməkdə məndən geri qalmaq istəmirmiş. Onu da deyim ki, Əyyub əfəndi, Təbrizdə  səninlə yediyim lüləkababın dadı damağımdan hələ də getməyib. Nə isə, deyəsən, sözü çox uzatdım. Gör sən necə işıqlı adamsan, necə gözəl yol yoldaşısansa, qayıdandan sonra hətta sənə şeir də yazdım. Sənə demişdim axı, mən ədəbiyyata, sənətə şeirlə gəlsəm də, çoxdan şeir yazmağın daşını atmışdım. Mən and içmişdim ki, bir də qələmim Gözəllərdən ilham almayacaqdır. Sən isə məni elə tərpətdin, elə günə qoydun ki, mən öz andımı pozmağa məcbur oldum. M.Müşfiq demişkən, “Yenə şairliyim başıma vurdu”, sənin xətrinə təzədən özümü şeirdə sınadım,  haqqında bir-iki yarpaq söz qoşdum. İndi həmin cızma-qaranı nəşrə verməklə, şair qardaşım, gec də olsa, səni ürəkdən təbrik edir, bağrıma basır, 70-80 yaşını daha yaxşı ovqatda, daha yüksək səviyyədə, daha doğma yerlərdə qeyd etməyimizi ulu Tanrıdan arzu edirəm.

 

Şair Əyyub Şirlanlı-

Vətəncanlı, elcanlı.

Hər tərəfli, hər yanlı

Səfərdə gördüm səni.

 

Taleyindən öc alıb,

Gah enib, gah ucalıb.

Bu tayda nişan alıb,

O tayda “vurdum” səni.

 

Qonaq olduq Şahgöldə,

Gah dağlarda, gah çöldə.

Bir gecə Ərdəbildə

Yollarda yordum səni.

 

Gözünü yumdu Təbriz,

Xəyala cumdu Təbriz.

Məndən pay umdu Təbriz,

Mən nişan verdim səni.

 

Eynalıda qara bax:

Dağ başında qar papaq.

Yaralı quş-Qarabağ –

Unutmaz yurdum səni.

Hörmətlə:

dostun Zəkulla BAYRAMLI 

 

 





01.02.2013    çap et  çap et