525.Az

Elşad Abdullayevin vəkili: “Bu videolarda elə adamları gördüm ki..." - MÜSAHİBƏ


 

Elşad Abdullayevin vəkili: “Bu videolarda elə adamları gördüm ki..." -<b style="color:red"> MÜSAHİBƏ</b>

“Mən bu gün desəm ki, istintaq işləmir, bu, ədalətsizlik olar” 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada olan Elşad Abdullayev yaydığı videolarla, qalmaqallı açıqlamalarıyla gündəmdən düşmür.  “Yeni Müsavat” qəzeti onun vəkili Adil İsmayılovla müsahibə alıb. 

 

- Adil müəllim, istintaqın gedişini necə qiymətləndirirsiz?

 

- Hazirda iki cinayət işi üzrı istintaq gedir. Biri Mahir Abdullayevin oğurlanması, o biri isə Gülər Əhmədova ilə bağlıdır. Birinci iş Respublika Prokurorluğunda müstəqil istintaq əməliyyat qrupu tərəfindən istintaq gedilir. İkinci işin istintaqı isə Bakı Şəhər Prokurorluğunda gedir. Birinci işlə bağlı mən Elşad Abdullayevin zərərçəkmiş şəxs kimi nümayəndəsiyəm. Amma Gülər Əhmədova işi ilə bağlı Elşad Abdullayev zərərçəkən kimi tanınmayıb. Zərərçəkən şəxs kimi tanınandan sonra öz nümayəndəsi olacaq. Bu nümayəndə mən olacam, yoxsa başqası – onu zaman göstərər. Ona görə də Gülər Əhmədova  işi ilə lə əlaqədar danışmaq istəməzdim. Amma Mahir Abdullayevin işi ilə bağlı mənim də sizdən bir az çox məlumatım var. Bilirsiz ki, həm zərərçəkmiş şəxsin özü, həm də nümayəndəsi cinayət işinin materialları ilə istintaq başa çatandan sonra tanış ola bilər. Amma bir məsələ də var. Həmin iş üzrə Elşad  Abdullayev müstəqil istintaq aparıb. Onun apardığı istintaqla bağlı da kifayət qədər məlumatlıyam. İş üzrə indiyə qədər 3 nəfər həbs olunub. Onlara dələduzluqda ittiham verilib. Amma Mahir Abdullayevin oğurulanması, itkin düşməsi ilə bağlı heç kimə ittiham verilməyib, həbs olunmayıb.

 

- Elşad Abdullayev Zakir Qaralova son müraciətində barəsindəki həbs təhlükəsindən və istintaqın onun haqqında dəlillər toplamasından danışır. Belə çıxır ki, istintaq rüşvət və oğurluq məsələsində şübhəli şəxslərlə yanaşı, Elşad Abdullayevin özünü də həbs etmək istəyir. 

 

- Cinayət işində iştirak etməyə başlamazdan əvvəl Elşad Abdullayevlə müqavilə bağladıq. Onun nümayəndəsi kimi işlə bağlı anlayışımın olması üçün Respublika Prokurorluğuna müraciət edib, müəyyən sənədlər istədim. O vaxt vəsatətimi təmin etmədilər. Hətta məni zərərçəkmiş şəxsin nümayəndəsi kimi cinayət işinə buraxmaq istəmirdilər. Sonra məhkəmə qərarı ilə bu, mümkün oldu. Sonrakı mərhələlərdə Elşad Abdullayevin topladığı materiallarla tanış olandan sonra mənə aydın oldu ki, cinayət işi əvvəl Mahir Abdullayevin itkin düşməsi faktına görə başlanıb, sonradan adam öldürmə maddəsinə tövsif olunub.  Sonradan bu cinayət işinə iki cinayət işi birləşdirilib. Bunlardan biri TQDK tərəfindən prokurorluğa göndərilmiş materiallar əsasında testdən kənar tələbələrin universitetə qəbul olunması ilə bağlıdır. İkinci cinayət işi isə saxta diplomlarla bağlı başlayıb. Hə ikisi ABU-ya bağlı olan işdir. Heç birində Elşad Abdullayev təqsirləndirilən şəxs kimi cəlb olunmayıb. O işlərin Mahir Abdullayev işinə heç bir aidiyyatı yox idi və onların bu işə birləşdirilməsi qanunsuz idi. Bu gün həmin cinayət işləri bir icraatda müstəqil əməliyyat qrupu tərəfindən istintaq edilir.

 

- Məqsəd nədir bu işlərin birləşdirilməsində?

 

- Vaxtilə bu işləri birləşdirməkdə nə məqsəd olmasını bilmirəm. Amma bu gün aparılan istintaqdan hiss olunur ki, Elşad Abdullayevi təqsirləndirmək üçün sübutlar toplayırlar.

 

- Arzu Kazımovun vəkili Ramiz Zeynalov son dəfə Mahir Abdullayevin qardaşı Elşad tərəfindən öldürülməsi barədə əlində dəlillər olduğunu söylədi. Hətta bunu sübut kimi vurğuladı ki, E.Abdullayevin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsində adam oğurluğu cinayəti üzrə istintaq edilən həmin cinayət işi sonradan ölümə sui-qəsd (adam öldürmə) cinayətinə tövsif edilərək istintaq aidiyyatı da dəyişib. Bu açıqlamalar nədən xəbər verir? Yəni, Mahir Abdullayevin oğurlanması yox, öldürülməsi qətiləşib?

 

- Adam 2003-cü ilin oktyabrından yoxdur. Onun axtarılması ilə əlaqədar görülən əməliyyat-istintaq tədbirləri nəticə vermir. İstər-istəməz bu adamın həyatda olmaması versiyası ortaya çıxır. Adam oğurluğu və qəsdən adam öldürmə müxtəlif maddələrdir. Bu maddələrin istintaq aidiyyatı məsələsi var. Adam öldürmə prokurorluğa aiddir, ondan əvvəlkilər isə polisə. Ona görə də bu iş alınıb verilir Respublika Prokurorluğuna. Amma buna əsasən demək olmaz ki, Mahir Abdullayev oğurlanmayıb, öldürülüb, bu, doğru deyil. Mən bu barədə İstintaq Qrupunun üzvləri ilə də söhbətləşmişəm. Ortada belə bir fakt yoxdur, istintaqçılar bunu müəyyən etməyiblər.

 

- Bəs Ramiz Zeynalovun Elşad Abdullayevin öz qardaşını öldürməsi ilə bağlı iddia etdiyi sübutlarla tanışsınızmı?

 

- Qəzetdən oxuyuram onun dediklərini. Çox sağ olsun, mənim haqqımda da yaxşı fikirlər deyib. Amma mən vəkil olaraq onun mövqeyini başa düşə bilmirəm. Vəkil fikir səsləndirirsə ki, kimsə kimisə öldürüb, əlində sübut var... Bu, onun özü üçün problem yaradır. Belə çıxır ki, o, bu iş üzrə şahiddir. Elşad Abdullayevin də müraciətində var ki, əgər Ramiz Zeynalovun əlində bu faktlar varsa, dindirilsin. O, şahid kimi dindiriləndən sonra avtomatik olaraq cinayət işindən uzaqlaşdırılacaq. Ondan sonra onun vəkil kimi o işdə qalması mümkün olmayacaq.

 

- Bu iddialar sizi narahat etmirmi? Qarşı tərəf özündən əmin şəkildə dəlillərdən danışır...

 

- Niyə narahat etməlidir ki? Əgər onun dedikləri həqiqətdirsə, istintaq hərəkət edib, ona müvafiq addımlar atacaq. Yox, onun dediyi həqiqət deyilsə, faktiki olaraq  cinayət etmiş olacaq. Bu da vəkil Ramiz Zeynalov üçün problem olacaq.

 

- Ramiz Zeynalov dediklərini sübut edə bilməsə, onu məhkəməyə verəcəksiz?

 

- Normal hüquq, qanunun işlədiyi halda dedikləri təsdiq olunmayacaqsa, məsuliyyət daşıyacaq. Özü də cinayət məsuliyyəti daşıyacaq.     Bunun üçün bizim məhkəməyə müraciət etməyimizə də ehtiyac yoxdur.

 

- Həm Gülər Əhmədova, həm də Arzu Kazımov iddia edir ki, pul verilən yerdə video yoxdur. Bu da Elşad Abdullayevin rüşvətlə bağlı iddialarına kölgə salır. Belə videolar varmı? Varsa, nə zaman yayımlanacaq?

 

- Öz-özlüyündə Elşad Abdullayevin bu hərəkətləri nə dərəcədə qanunidir, əxlaqlıdır, mənəviyyatlıdır? Şəxsən mən iki adamın arasında olan söhbətin yayılmasının tərəfdarı deyiləm. Bu söhbətin yayılması normal deyil. Amma Elşad Abdullayevi də başa düşmək lazımdır. Elşad Abdullayev mənə axırıncı dəfə yaxşı bir söz dedi ki, Adil müəllim, mən bunları yazmasaydım, nə olacaqdı? Necə sübut edəcəkdim bunları?

 

- Bu videolar olmasaydı, siz də ona inanmayacaqdız?

 

 - Nəylə sübut edəcəkdi haqlı olduğunu? Çəkilişə gəlincə, Elşad Abdullayev bütün hallarda özü-özünü çəkib.

 

- Yox axı, o videolarda tək deyil. Başqasının icazəsini almadan gizli çəkiliş edib.

 

- Başqasının evinə kamera, xüsusi avadanlıq qoyub, yazmayıb. Özünə aid olan iş yerində kamera qoyub və baş verənləri yazıb. Qarşıda olan tərəf anlaqlıdır, hərəkətlərinə cavab verəcək adamlardır. O adamların heç biri məcbur edilmir ki, nəyisə desin, ya deməsin. Mənim gördüyüm budur. Bu gün də onlar öz hərəkətlərinə görə cavab verəsi adamlardır. İlk vaxtlar deyildi ki, bu videolar montajdır. Sonra ekspertiza keçirildi və rəy verilib ki, heç bir montaj yoxdur. Görüntü də, səs də özlərinindir. Görüntülər həqiqətdirsə, zəhmət çəkib cavab versinlər ki, bu söhbətləri niyə danışıblar. Burda pulu verəndə  çəkilib, ya alanda sualının da cavabı var. Videolara baxanda o mexanizm aydın olur. Hesab edirəm ki, bu zaman pul verilərkən hansısa çəkilişin olmasına ehtiyac qalmır.  İndi danışırlar ki, videolar sübut ola bilməz, qanunsuz əldə edilib və sair. Söhbət təkcə onun videolarından getmir. İstintaqın əlində başqa sübutlar var ki, konkret şəxslərə ittiham elan ediblər.  Mənim bildiyimə görə, indi həm Gülər Əhmədovaya, həm də Arzu Kazımova qarşı ittiham elan edilib. Demək ki, istintaqın əlində başqa sübutlar da var.

 

- Bayaq deyirsiz ki, videoda şəxslər anlaqlı vəziyyətdə olublar. Axı Elşad Abdullayev həmin videonu çəkərkən heç də tam səmimi olmayıb. Məsələn, söhbətlərdə yönləndirmə var, müəyyən mənada özü də rola girib, ziyanına olanları deməyib. Bu halda videomaterialda Elşad Abdullayevin sözlərinin, hərəkətlərinin səmimiliyi, doğruluğu da şübhə yaradır.

 

- Bu gün Mahir Abdullayevin itkin düşməsi heç kimdə şübhə doğurmur. Mən çox istəyərdim ki, bu gün Mahir Abdullayev həyatda olsun. Elşad Abdullayevin məqsədi qardaşının tapılmasıdır. Bu məqsədlə onun etdiyi hərəkətlərə haqq qazandırıram. Burda nə qanuna, nə əxlaqa zidd heç nə görürəm.  Mən o videolara baxmışam: ordakıların danışığına da, hərəkətlərinə də baxmışam. Onların danışdıqları ilə bu gün istintaqın gəldiyi nəticə arasında ziddiyyət görmürəm.

 

- Gülər Əhmədovanın işində Elşad Abdullayevin zərərçəkən kimi tanınmaması nəyin göstəricisidir? Bu, nəyə təsir edir?

 

- Yaxın günlərdə bu məsələ həll olunmayacaqsa, hüquq müstəvisində bunun həll olunması asan məsələdir. Bildiyimə görə, Gülər Əhmədovaya ittiham elan olunub ki, o, Elşad Abdullayevin əmlakını dələduzluq yolu ilə ələ keçirib. Belə bir ittiham isə onu göstərir ki, Elşad Abdullayev zərərçəkəndir. Onu zərərçəkən kimi tanımayacaqlarsa, qanuna müvafiq qaydada prokurorluğa və ya məhkəməyə müraciət ediləcək və məsələ həll olunacaq. Nəyə təsir etməsinə gəlincə, Elşad Abdullayev bu məsələdə prosessual fiqurdur. Zərərçəkən şəxs kimi tanınandan sonra müəyyən hüquqları meydana çıxacaq ki, onlardan istifadə edəcək.

 

- Bu qədər faktla, sübutla Gülər Əhmədovanın hələ də azadlıqda olması...nədən xəbər verir? 

 

- Mən bu işdə Elşad Abdullayevin fikrini deyə bilərəm. O, bu işin əvvəlində Gülər Əhmədovanın həbs olunmasını istəmirdi. Çünki hesab edirdi ki, o, bu işdə üçüncü-dördüncü fiqurdur. Amma sonradan Gülər Əhmədova onun barəsində təhqiramiz ifadələr işlətdiyi müsahibələr verdi və Elşad Abdullayev də fikrini dəyişdi.

 

-Elşad Abdullayevin, habelə Elnur Məcidlinin hər açıqlamasında istisnasız olaraq Ramiz Mehdiyevin adı çəkilir, onun istefası tələb olunur və sair. Bu isə özlüyündə onun qardaşı, alınan pulları uğrunda mübarizəsinə kölgə salır. Ortada bir siyasi oyun getməsi və Elşad Abdullayevin də bu oyunda məqsədli şəkildə iştirak etməsi barədə təəssürat yaranır.

 

- Elə bir vaxta gəlib çatmışıq ki, cəmiyyət siyasiləşib. Bu da normaldır. Dediyiniz kimi, qardaşını tələb edirsə, başqa heç bir işlə məşğul olmamalıdır fikrinə gəlincə... Elşad Abdullayev bu işin açılmamasında dövlətdə mühüm vəzifə tutan şəxsləri günahkar sayır.

 

- Məsələn, ən səs-küylü açıqlamaları seçkidən əvvəl verəcəyi, qalmaqallı videoları həmin vaxt yayımlayacağını deməsi sizdə necə təəssürat oyadır?

 

- Mənə bu barədə heç nə deməyib. O, mənə deyir ki, istintaq Mahir Abdullayevin işinə aydınlıq gətirmədiyi üçün bu videoları yayır. Mənə deyilən budur. Ola bilsin ki, onun başqa məqsədləri də var. Amma mənə bunu deməyib.   

 

- Elşad Abdullayevin çəkdiyi 200-ə qədər videoya baxmış birisi olaraq, Azərbaycan cəmiyyəti barədə nə düşünürsüz? Məsələn, bizlər iki-üç video ilə şoka düşmüşüksə, sizin gözünüzdə mənzərə necədir?

 

- Videolara qədər də bilirdik ki, nələr baş verir. Amma bu videolar baş verənlərin əyani sübutu oldu. İndiyə qədər cəmiyyət barədə olan fikirlərim deməzdim ki, dəyişdi. Amma münasibətim dəqiqləşdi. Bu videolarda elə adamların danışıqlarını görmüşəm ki, yatsam yuxuma da girməzdi. O mənada mənimçün qeyri-adi idi. Məsələn, bunu konkret olaraq hansısa adamdan gözləməzdim.

 

- Bu videoların hamısı yayımlananda cəmiyyətdə nə dəyişə bilər sizcə?

- Bu suala cavab vermək çətin olar mənə. Çünki bu cəmiyyətin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Cəmiyyət elə məsələlərə susqun yanaşır ki, adam fikirləşir ki, bundan sonra da susacaqlar? Görürsən ki, susurlar. Amma görürsən, bundan sonra cüzi bir hadisə olub ki, buna reaksiya daha çox olub.

 

- Elə təəssürat var ki, Elşad Abdullayev artıq əlindəki videoların ən maraqlı olanlarını paylaşıb, yerdə qalanlar isə əvvəlki effektə sahib deyil. Əslində necədir? Elşad Abdullayevin hələ yaymadığı videolar yaydıqlarından daha dəhşətlidir?

 

- İndiyə qədərki videoların effektini kim ölçür, necə ölçür?

 

- Hər halda, videoların mediadakı yeri və cəmiyyədə yaratdığı səs-küyə görə nəticəyə gəlmək olar.

 

- Əminliklə deyə bilərəm ki, mətbuat üçün bundan da ciddi videolar var.

 

- Yəni, növbəti videolar cəmiyyətin hansı kəsiminin ifşasına həsr olunacaq? Tutaq bu günə qədər parlamentin, məhkəmənin, polis sisteminin, adam oğrularının... ifşası videolarını izlədik. Növbə hansı kəsimindir?

 

- Heç kimin yataq səhnələri yoxdur. Heç kim gözləmir ki, Elşad Abdullayev həkimləri, müəllimləri ifşa edəcək? Jurnalistlərin də videoları var. Bəzi adamların fikirlərinə rast gəlirəm ki, Elşad Abdullayev bütün videoları niyə yaymır? Varsa, yaysın. YAP-ın funksionerləri də bunu deyir. Nə gözləyirlər bu adamlar? Niyə yayılmasını istəyirlər? Bəzi adamlar anlayıblar ki, onların da Adil İsmayılov kimi videosu yoxdur. Amma bu o demək deyil ki, bu gün o cür əminliklə danışan adamın qudasının, əmisinin, dayısının... videosu olmayacaq. Şükür Allaha, hakimiyyətdəkilərin hamısı bir-birilə qohumdur.

 

- Həmin məntiqlə... niyə də yaymayasınız?

 

- Mən də soruşuram: niyə yayılmalıdır?

 

- Məqsəd Mahir Abdullayevin tapılması üçün faktların ortaya qoyulmasından gedirsə, yayılmalıdır. Əks təqdirdə belə rəy yaranır ki, Elşad Abdullayev bu videolarla alver edir.

 

- Belə bir rəy yarana bilər. Amma bu söz-söhbətlərin hamısı niyə başladı? İstintaq getmirdi, ölü vəziyyətdə idi. Sonra istintaq ölü vəziyyətdən tərpəndi. Müstəqil Komissiya yaratdılar. Halbuki qanunvericilikdə belə şey yoxdur. 

 

- Nəticə?

 

- İkinci addım -  bir neçə adam həbs olundu. Elşad Abdullayev də deyir ki, istintaqda hərəkətsizlik olacaqsa, videoların yayımı da davam edəcək. İstintaq da görüntü yaadırki, işləyir. Niyə mane olaq ki?

 

- Hər halda məqsədinizə çatmamısız.

 

- Kim təminat verir ki, bu videolar yayımlanan kimi məqsədimizə çatacağıq?

 

- Nə itirəcəksiz ki?

 

- Elşad müəllim bu gün gözləyir ki, istintaq hərəkət etsin. Gözləyirik, alınmayacaqsa, videolar yayımlanacaq.

 

- Narahatsız ki, videoların hamısını birdən yaysaz, istintaq ümumən sizin ziyanınıza olacaq, ya da proseslər ziyanınıza cərəyan edəcək?

 

 - Çoxları Elşad Abdullayevdən video gözləyir. Onları nə Elşad Abdullayevin qardaşı düşündürür, nə də onun taleyi.

 

- Bu, təbiidir axı. Cəmiyyətin hər bir kəsiminin bu videolardan öz marağı var.

 

- Bəs onda nə üçün Elşad Abdullayev onları düşünməlidir?

 

- Elşad Abdullayevin əlində olan və yaymağa hazırlaşdığı videolar hazırda hüquq-mühafizə orqanlarında, MTN-də də var və onlar fərqindədilər ki, bunlar yayılacaq. O zaman bu arxayınçılığın səbəbi nədir? İstintaqın hərəkətsizliyi fonunda... 

 

- Elə sual verirsiz ki, sanki sizin dediklərinizin hamısı mütləq həqiqətdir. Nədən müəyyən edirsiz ki, istintaq hərəkətsizdir?

 

-Elşad Abdullayevin müraciətlərindən. O, narazıdır və hər müraciəti ilə bunu qabartmağa çalışır. 

 

- Mən isə görürəm ki, istintaq gedir. Bunu hiss edirəm.

 

- Bəs müvəkkiliniz bunu hiss etmir?

 

- O da hiss edir. Hansı istiqamətdə getdiyini də bilirlər. Amma o videoların yayılmasına mən qarışmıram. Bunu istintaq orqanları da müəyyən etmirlər. Bunu müəyyən edən Elşad Abdullayev özüdür. Mən belə başa düşürəm ki, Mahir Abdullayevin işinin açılması üçün iş görülür, nəticə də olacaq.

 

- Yəni, siz hesab edirsiz ki, aça bilmirlər. Açmaq istəmirlər söhbəti yoxdur... ?

 

- Bəli, aça bilmirlər. Şahidlər dindirilir, ekspertizalar keçirirlər. Mənim vasitəmlə Elşad Abdullayevin münasibətini öyrənirlər. Mən bu gün desəm ki, istintaq işləmir, bu, ədalətsizlik olar. Nə dərəcədə effektlidir, qarşısına qoyulan məqsədi həyata keçirir, bunu zaman göstərəcək. Ona görə də mən tələsmirəm. Gözləyək, görək nə olacaq. Ən azından Elşad Abdullayev istintaqa kömək etməyə çalışır. Mən özüm də müstəntiq işləmişəm, bir qayda olaraq ölüm işlərində olmuşam. Amma bütün işlərin açılması da mümkün deyil. Bunun obyektiv səbəbləri də ola bilər. Ümumi araşdırmadan gəldiyim nəticə budur ki, Mahir Abdullayevin işinin açılması mümkündür. Hesab edirəm ki, bu iş açılacaq.

 

- Bəs intuisiyanız sizə nə deyir? Mahir Abdullayev hələ də sağdır, yoxsa... Hər halda cinayət işi əvvəlcə onun itkin düşməsi üzrə açılmışdı, sonra qətlə yetirilməsi üzrə dəyişdirildi.

 

- Cinayət işinin başlandığı maddənin dəyişdirilməsi ümumilikdə heç nəyi dəyişmir. Ən azı Elmar Hüseynovun işini götürün. Adam öldürmə ilə başlamışdı, terror aktı maddəsinə na keçdi, veridlər MTN-ə. Maddənin dəyişməsinin bir məqsədi vardı burda. İstintaq aidiyyatının dəyişməsi. O ki qaldı, sağ olub –olmamasına, intuisiya ilə danışmaq istəməzdim. Bu barədə söz demək çətindir. Amma vaxt çox keçib. Mənim Mahirin özü barəsində də müəyyən informasiyam var, maraqlanmışam. Ailəcanlı adamdır. Bu müddət ərzində sağ olub, ailəsi ilə əlaqə saxlamaması mənimçün inandırıcı gəlmir.

 

- Elşad Abdullayev nə vaxta qədər Fransada olacaq?

 

- Elşad Abdullayev Azərbaycana qayıtmağa isarlıdır. İmkan olan kimi qayıdacaq. İmkan da o vaxt yaranacaq ki, Azərbaycanda onun təhlükəsizliyinə təminat veriləcək. Yəni, ən azından  hava limanında həbs etməyəcəklər. Gətirilməsi məsələsi isə heç danışıq mövzusu ola bilməz. Çünki bir neçə səbəbdən onun gətirilməsi mümkün deyil. Cinayət törədən şəxslərin ekstradisiyası mümkündür, şahidin ekstradisiyası barədə isə eşitməmişəm.

 

 





02.02.2013    çap et  çap et