525.Az

Afrika İttifaqının komissarı Bakıda səfərdədir


 

Afrika İttifaqının komissarı Bakıda səfərdədir<b style="color:red"></b>

ŞAHİN SEYİDZADƏ: “GÖRÜŞ ZAMANI MÜXTƏLİF MÜŞTƏRƏK LAYİHƏLƏRİN HAZIRLANMASI NƏZƏRDƏ TUTULUB” 

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıda səfərdə olan Afrika İttifaqının İnsan Resursları, Elm və Texnologiya üzrə komissari Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti 31 yanvar – 4 fevral 2013-cü il tarixlərində bir sıra görüşlər keçirəcək.

Fevralın 1-də nümayəndə heyəti Gənclər və İdman Nazirliyində olub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ilə keçirilən görüşdə Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq, ölkəmizin Afrika İttifaqının Gənclər nazirlərinin konfransında müşahidəçi statusda təmsil olunması, Afrika dövlətlərinin gəncləri üçün “təlimçilər üçün təlim” proqramının təşkili, gənc mütəxəssislər üçün təcrübə kurslarının keçirilməsi, gənclər təşkilatları arasında əməkdaşlıq, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı gənc mütəxəssislər üçün Azərbaycan təcrübəsinin öyrənilməsi kimi məsələlər müzakirə edilib.

Gənclər və İdman Nazirliyindən “525”ə verilən məlumatda bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti fevralın 1-də Xarici İşlər Nazirliyi və Dövlət Neft Fondunda olub. Daha sonra Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (ARGTMŞ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı ilə görüşlər də nəzərdə tutulub.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə “525”in müxbirinə açıqlamasında bildirib ki, Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezi ilə görüş zamanı Afrika və Azərbaycan Gənclər Təşkilatları arasında əməkdaşlıq imkanları barəsində müzakirələr aparılacaq: “Görüş zamanı müxtəlif müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Qarşılıqlı səfərlər və könüllülük mübadiləsi proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Milli Şura haqqında kiçik bir təqdimat da nümayiş olunacaq”.

Şahin Seyidzadə əlavə edib ki, ARGTMŞ 2012-ci il oktyabr ayında PanAfrika Gənclər Birliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb: “Bununla əlaqədar Afrikadan olan nümayəndə heyəti artıq bir müddət öncə Bakıda olub. Bu il Afrika Gənclər Təşkilatlarının Bakıya səfərləri də gözlənilir. Aprel ayında Azərbaycanda təşkil olunacaq böyük konqresdə Afrika nümayəndə heyəti də iştirak edəcək”.

ATGTİ-nin sədri Şahin İsmayılov “525”ə bildirib ki, Afrikadan olan nümayəndə heyəti ilə görüş çərçivəsində gənclər sahəsində əməkdaşlığın qurulması, ikitərəfli münasibətlər, gələcəkdə təkcə nümayəndə heyətləri səviyyəsində deyil, eyni zamanda Gənclər Təşkilatları səviyyəsində də qarşılıqlı mübadilələrin, ortaq layihələrin, təcrübi mübadilələrin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediləcək.

Ş.İsmayılov qeyd edib ki, xarici dövlətlərin nümayəndə heyətləri ilə tez-tez görüşlər keçirilir: “Türkiyənin, Qırğızıstanın, Misirin, Mərakeşin, Sloveniyanın və digər ölkələrin nümayəndə heyətləri, Gənclər Təşkilatları ilə görüşlərimiz olub, onların bəzilərilə də qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb. Bu da belə bir görüşlərdən biri olacaq. Düşünürəm ki, biz qarşılıqlı təcrübələrimizdən yararlanaraq ortaq layihələrdə çıxış edə bilərik”.

Qeyd edək ki, Gənclər Təşkilatları ilə görüşlər fevralın 2-si, məhz Gənclər gününə təsadüf edir.

Ceyhun ABASOV

 





04.02.2013    çap et  çap et