525.Az

“Ermənistandan yalnış mövqedən geri çəkilməyi tələb edirik”


 

“Ermənistandan yalnış mövqedən geri çəkilməyi tələb edirik”<b style="color:red"></b>

QHT ƏMƏKDAŞLIQ ALYANSI: “İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİMİZ ÜZƏRİNDƏN UÇUŞLAR HƏYATA KEÇİRİLƏCƏYİ HALDA AZƏRBAYCANIN MÜMKÜN REAKSİYASINI DƏSTƏKLƏYİRİK”

QHT Əməkdaşlıq Alyansının Xocalı aeroportu ətrafındakı hadisələrlə bağlı bəyanat yayıb. Alyansdan “525”ə verilən məlumata görə, bəyanatda Xocalı aeroportuna hər hansı bir uçuşun yolverilməz olduğu qeyd edilib. Ermənistan rəhbərliyinin belə bir cəhdinin beynəlxalq qanunvericiliyə zidd olduğu diqqətə çatdırılıb: “Ermənistan prezidenti Serj Sarkisyanın və digər erməni rəhbərlərin “Stepanakert aeroportu” kimi təqdim etdikləri Xocalı aeroportunun yaxın gələcəkdə açılacağı və yenidən işə salınacağı barədə fikirləri Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq çox sərt reaksiya ilə qarşılanıb. Ermənilərin Qarabağ münaqişəsi davam edən bir şəraitdə və işğal altında olan Azərbaycan ərazisində Xocalı aeroportunu işə salmaq cəhdləri beynəlxalq qanunlara meydan oxumaqdan və respublikamıza qarşı təxribatdan başqa bir şey deyildir. Dünya birliyinə məlumdur ki, 1992-ci ilin fevralında Xocalı əhalisinə qarşı Ermənistanın hərbi qüvvələri tərəfindən kütləvi soyqırım həyata keçirilib. Sözügedən aeroport 1992-ci il fevralın 25-də işğal olunub. Ermənistanın həmin hava limanından bundan sonra hərbi məqsədlə istifadə edəcəyi şübhə doğurmur. Azərbaycanın hava məkanına xarici hərbi təyyarələrin daxil olması ərazi bütövlüyümüzün və suverenliyimizin pozulması ilə yanaşı, təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasınin tələbləri ilə daban-dabana ziddir. Əslində erməni separatçıları 21 il əvvəl Xocalıda törətdikləri cinayətlərə görə cavab verməlidir. Xocalı qətliamını törədənlər hərbi cinayətkar elan olunmalı və cinayətkarlar Beynəlxalq Hərbi Tribunal tərəfindən layiqli cəzalarını almalıdırlar.

1988-ci ildən-Dağlıq Qarabağda separatçılıq hərəkatının aşkar şəkil aldığı gündən bəri Azərbaycan terrora məruz qaldığını, ərazilərinin işğal edilmiş hissəsində separatçı qruplaşmaların mərkəzi hakimiyyətə tabe olmayaraq öz üsul-idarəsini qurmalarını, xaos yaratdıqlarını dünya birliyinə sübut etməyə çalışır. Müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini əks etdirən mühüm sənədlər qəbul olunub. Lakin qəbul edilən sənədlər kağız üzərində qalıb. Müxtəlif ölkələrin təmsilçiləri Azərbaycana səfər edərək Qarabağ münaqişəsinin acı nəticələrinin şahidi olublar. Təəssüf ki, dünya birliyi hələ də Qarabağ probleminin həlli istiqamətində əadalətli addım atmaqda yumşaq ifadə etsək “gözləmə mövqeyi” nümayiş  etdirməkdədir. Məhz bu səbəbdən Ermənistanın və ümumiyyətlə, dünya erməni lobbiçiliyinin yalanları bir çox dövlətlərdə dinlənilir və parlamentlərdə Qarabağ reallığına söykənməyən qərarlar qəbul olunur”.

Bəyanatda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda Qarabağ münaqişəsi tərəflərini Xocalı aeroportu məsələsi ilə bağlı beynəlxalq konvensiya və sazişlərə uyğun şəkildə razılıq əldə etməyə çağırış edib. Alyans Xocalı hava limanının açılışı məqsədi ilə Ermənistana dəstək verən ölkələrin olmasından təəssüf hissi keçirir: “Bu gün Xocalı aeroportu ətrafında cərəyan edən hadisələr bir daha sübut edir ki, ermənilər xaricdəki havadarlarına arxalanaraq beynəlxalq konvensiyalara, hüquqi normalara məhəl qoymurlar və Xocalı aeroportunu açmaq səyləri ilə danışıqlar prosesinə ciddi zərbə vururlar.

Biz bir sıra xarici şirkətlərin də Xocalı aeroportunun fəaliyyətə başlaması üçün Ermənistanla müəyyən avadanlıqların quraşdırılması istiqamətində əməkdaşlıq etməsinə təəssüflənir, onlarin bu addımlarından geri çəkilməsini tələb edir. Hesab edirik ki, Azərbaycan tərəfi bu məsələyə yanaşmada beynəlxalq hüquqa əsaslanır. Ermənistandan fərqli olaraq Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib və beynəlxalq hüququ pozacaq heç bir addım atmayıb. Azərbaycanın icazəsi olmadan onun ərazisi üzərində mülki aviasiya təyyarələrinin uçuşunun qadağan etməsi barədə dövlət rəsmilərinin dediklərini və Ermənistanın işğal edilmiş ərazilərimiz üzərindən təyyarə uçuşlarını həyata keçirəcəyi halda Azərbaycan tərəfinin mümkün reaksiyasını dəstəkləyirik. Nə qədər ki gec deyil, Ermənistan rəsmilərinin Xocalı aeroportu ilə bağlı yalnış mövqelərindən geri çəkilmələrini tələb edirik”.

Aqil LƏTİFOV

 





04.02.2013    çap et  çap et