525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur <b style="color:red">(davamı)</b>

XIV Luinin hərbi şöhrətə can atması kralı müharibələrə başlamağa sövq edirdi. Fransa sülh dövründə 100 minlik, müharibə dövründə isə 400 minlik orduya malik olurdu. Lui müharibəni öz hökmranlığının demək olar ki, ardı-arası kəsilməyən fəaliyyətinə çevirmişdi. Nüfuz və hərbi şöhrət qazanmaq, Burbon sülaləsinin Avropa məsələlərində ağalıq etməsinə nail olmaq bir sarsılmaz istək kimi Günəş Kralı cəlb edirdi. O, 1667 və 1673-cü illər arasında dörd müharibə başlamışdı.

Utrext sülhündən iki il sonra Günəş Kral öləndə Fransa borc içərisində idi və düşmənlər tərəfindən əhatə olunmuşdu. Ölüm yatağında 76 yaşlı monarx öz varisinə bu sözləri deyəndə peşiman kimi görünürdü:

“Tezliklə sən böyük səltənətin kralı olacaqsan. Sənə tapşırıram ki, Allah qarşısında borcunu unutmamalısan; yadda saxla ki, sən hər şey üçün ona borclusan. Öz qonşularınla sülh şəraitində qalmağa çalış. Mən müharibəni olduqca çox sevmişdim. Bunda və ya pulu külə sovurmaqda məni təqlid etmə. Hər şeydə məsləhət al, çalış ki, ən yaxşı xətti tapasan və o yolla gedəsən, nə qədər tez və mümkünsə öz xalqının yükünü yüngülləşdir və mənim uğursuz olduğum vaxtlarda mənim etmədiklərimi et”.

XIV Luinin idarəetmə üslubu bütün Avropada onu təqlid edənlərə malik idi. Əvvəlcə Günəş Kralın xarici siyasəti uğur qazanırdı, bunu işğal müharibələri ilə möhkəmləndirirdi və onun səsi Avropada həlledici rola malik idi. Lakin tezliklə onun ekspansiyası Avropa dövlətlərinin müqaviməti ilə qarşılaşdı. Daxili siyasətdə isə mütləqiyyət rejimi monarxın özbaşınalığına çevrildi.

Din sahəsində də aparılan siyasət vəziyyəti ağırlaşdırdı. XIV Lui Roma Papası ilə münaqişəyə girdi. Huqenotların təqib edilməsi 1685-ci ildə Nant ediktinin ləğvi ilə nəticələndi. Huqenotların ölkədən qaçması Fransa üçün ağır iqtisadi nəticələrə səbəb oldu.

XIV Luinin daimi müharibələri xarici siyasətdə azacıq uğur gətirsə də, iqtisadi vəziyyəti mürəkkəbləşdirdi. Aclıq, əhalinin sayının azalması, mütləqiyyətə müxalifliyin güclənməsi, kralın dayanmaq bilməyən bədxərcliyi, hakimiyyətdə olanların özbaşınalıqları, qeyri-məhdud səlahiyyətlərə malik olan monarxın hökmranlığının nəticəsi idi. Ona görə də Günəş Kralın mirası viranə qalmış ölkə oldu.

XIV Lui Fransanın güclü, çiçəklənən olmasını istəyirdi, öz ölkəsini şöhrətləndirməyə can atırdı. O, Fransanın əzəməti barədə özşüur hissi yaratmışdı. O, hamını heyrətləndirmək istəyirdi,onun baxış bucağı sadəcə olaraq təəccüb doğuran idi. Heç kəs onunla müqayisə oluna bilməzdi.

Onun çox sevdiyi müharibələr ölkəsinə və xalqına olduqca baha başa gəlirdi. Onun orduları dəhşətli əməllərə yol verirdi. Lakin bu günün dəhşətləri fonunda onlar çox sönük görünür, onun hökmranlığı altında heç kəs millətin quldarlığa, kütləvi deportasiyalara və genosidə məruz qalmasını görməmişdi. İtalyan kimyaçısı ona ilk bakterioloji silahı təklif edəndə o, bir şərtlə bu adama pension kəsdi ki, öz icadını, onun sirrini heç vaxt bəyan etməyəcək, açmayacaqdır.

XIV Lui bəzi hallarda tiran idi, lakin Volterin sözləri ilə deyilsə: “onun adı heç vaxt ehtiramsız qaydada və daim yad edilən era kimi qeyd edilmədən çəkilməyəcəkdir”.

Böyük II Yekaterina 

Spartadan qaçmış sərkərdə Pavsanidən soruşduqda ki, “Axı niyə Spartada qalmayıb, oradan qaçdın?” sözlərinə Pavsani cavab verdi ki, “həkimlər adətən sağlam adamın yox, xəstə adamın yanında olurlar”.
Plutarx

Həyatda bir şey çox qiymətlidir – həqiqəti qoruyub saxlamaq və ədalətli hərəkət etmək.
Mark Avreli

Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi Böyük Pyotrun işini davam etdirdi. Pyotr Rusiya üçün “Avropaya pəncərə” açmışdı, Yekaterina isə qapıları taybatay açdı. Pyotr Avropanı məcbur etmişdi ki, güclü və müstəqil Rusiyanın mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada böyük bir Avropa dövlətinə bənzər səltənət yaratdı. Pyotr Qərb mədəniyyətini tətbiq etmək üçün qədim Rusiya mədəniyyətini məhv etmişdi. Yekaterina isə Avropanın təsirinə məruz qalmış milli mədəniyyət, həm də həqiqi rus mədəniyyəti üçün bünövrə yaratdı. Taxt-taca yiyələndikdən bir qədər sonra II Yekaterina I Pyotra indi “Mis atlı” kimi tanınan heykəlin qoyulmasını sifariş verdi. Postament kimi istifadə edilən nəhəng daş iki ilə abidənin qoyulduğu meydançaya gətirildi. Heykəldə Böyük Pyotr şahə qalxmış atın üstündə təsvir edilir, Avropaya ölkəsindən ilk dəfə qapı açan bu adam rus xalqını da belə yüksəkliyə qaldırmaq istəyirdi. Yekaterina hesab edirdi ki, o, dahi sələfinin işini davam etdirməlidir. Böyük Yekaterina adını qazanmış bu qadın Böyük Pyotrun heykəli qoyulduqda, Rusiya tarixində öz rolunu dəqiq şəkildə qiymətləndirdi – heykəlin üzərində bu sözlər nəqş olunmuşdu: “Petro Primo Catharina Secunda” (“Birinci Pyotra İkinci Yekaterinadan”).

Pyotr və Yekaterinanın adları əksər rusların şüurunda daim, hətta iki əsr sonra belə birləşmiş qaydada qalmışdır. Pyotr özünə dərin ehtiram qazanmışdı, mənşəcə alman olan Yekaterinaya isə ruslar valeh olmaqda davam edirdilər. Bu qadın əslində hakimiyyəti uzurpasiya yolu ilə ələ keçirmişdi, əxlaqca pozğun idi, lakin milli iftixarın mənbəyi kimi qiymətləndirilirdi. Qeyri-ruslara məxsus olan yerlərdə isə Yekaterina çox az hallarda nəcib şəxsiyyət hesab edilirdi. Çünki onun hökmranlığı altında Rusiya xeyli güclənmişdi və bu, digər böyük dövlətlərə təhlükə törətmək üçün kifayət idi və o, faktiki olaraq kəskin vasitələrə məhəl qoymayan bir hökmdar idi. Qərbin təxəyyülündə nəhəng, geridə qalmış, həm də cəzbedici olmayan ölkəni idarə edən bir şəxsiyyət idi. Yekaterinanın bir prinsipial şərəfi ondan ibarət idi ki, ingiltərəli I Elizabet və kraliça Viktoriya kimi öz adını tarixin həmin dövrünə vermişdi, öz ölkəsinin inkişafında həlledici bir epoxanın sinoniminə çevrilmişdi.

Sofiya Fridrixa Avqusta fon Anhalt-Tserbst 1729-cu ilə Ştettində anadan olmuş, o qədər də yaxşı tanınmayan alman hökmdarının qızı idi, həm də anası tərəfdən Holştetin hersoqlarına qohum idi. 14 yaşı olanda Böyük Pyotrun nəvəsi və Rusiya taxt-tacında Böyük Knyaz Pyotr kimi olacaq Karl Ulrixin arvadı olmaq üçün seçilmişdi. Yekaterina 1744-cü ildə Rusiyaya gəldi, Böyük Knyaginya Yekaterina Alekseyevna titulunu qəbul edib sonrakı ili qohumu olan oğlana ərə getdi. Nikah olduqca uğursuz idi. Sonrakı 18 il bu qadın üçün aldanma, alçalma və ümidlərinin puç olması ilə dolu idi.

Rusiya həmin vaxt Böyük Pyotrun qızı, imperatriça Yelizaveta tərəfindən idarə olunurdu, onun 20 illik hakimiyyəti monarxiyanı xeyli dərəcədə sabitləşdirmişdi. Özünü çox sayda əyləncələrə, dəbdəbəyə və öz sarayına daha çox Avropa sarayının zənginliyini vermək arzusuna həsr etməklə Yelizaveta Yekaterina üçün əslində elə bil ki, hamar bir yol hazırlayırdı.

Lakin Yekaterina, əgər əri tam normal olsaydı, imperatriça ola bilməzdi. Əri müstəsna dərəcədə əsəbi, üsyankar, küt, güman ki, impotent olmaqla, sərxoşluğa meylli idi. O, prussiyalı II Fridrixə çox ciddi, hətta fanatik qaydada sitayiş edirdi. II Fridrix isə imperatriça Yelizavetanın düşməni idi.

İmperatriça Yelizaveta Petrovnanın ölümü yeddi illik müharibədə Prussiyanın vəziyyətini yüngülləşdirdi. Rusiya Avstriya və Fransa ilə ittifaqda Prussiyaya qarşı vuruşurdu. Yeni imperator III Pyotr isə ağır vəziyyətdə olan Prussiyaya qarşı hərbi hərəkətləri dayandırdı və II Fridrixlə sülh müqaviləsi bağladı. III Pyotrun ağılsız hərəkəti müharibənin sonunu dəyişdirdi. Fransa Kanadada və Hindistanda Prussiyanın müttəfiqi olan Böyük Britaniyanın xeyrinə demək olar ki, bütün müstəmləkə ərazilərini itirdi. 3 fevral 1762-ci ildə Fransa Fontenbloda Böyük Britaniya ilə sülh bağlamağa məcbur oldu. Prussiya Avropa dövləti kimi öz mövqeyini möhkəmləndirdi və buna görə səfeh rus imperatoruna borclu idi.

Ərindən fərqli olaraq Yekaterina aydın düşüncəli və ambitsiyalı idi. Onun fərasəti, xarakterinin çevik olması və Rusiyaya məhəbbəti xeyli dəstək qazanırdı.

Bu qadın alçaldılmışdı, boğaza yığılırdı və sarayda ona şübhə ilə yanaşılırdı. O, geniş mütaliə etməkdə bir rahatlıq tapırdı və özünü bir hökmdar kimi gələcəkdəki roluna hazırlayırdı. Azacıq gözəlliyə malik olmasına baxmayaraq, Yekaterina xeyli lətafətə, yaxşı qabiliyyətlərə və qeyri-adi enerjiyə malik idi. Ərinin sağlığında onun ən azı üç məşuqu var idi. Əgər bu qadının etdiyi işarələrə inanılsaydı, onun üç uşağından heç birinin, hətta açıq varisi Pavelin də atası heç də öz əri olmamışdı. Onun həqiqi ehtirası yalnız ambitsiyası idi. III Pyotr hökmranlıq etməyi bacarmadığı vaxtdan o, gördü ki, ərini məhv etmək və Rusiyanı idarə etmək üçün hətta özünün ilkin imkanları belə kifayətdir.

İmperatriça Yelizaveta 1762-ci ilin yanvarında öldü. Yelizavetanın ölümündən sonra yeni imperator olan III Pyotr prussiyalı II Fridrixə sitayiş qaydasında yanaşırdı və onunla ittifaq bağladı. II Fridrix isə Rusiyaya nifrətini gizlətməyə heç bir cəhd göstərmirdi və yalnız doğma Almaniyasını sevirdi. Özünü saysız-hesabsız ağılsız hərəkətlərlə biabır edən Pyotr həmçinin arvadından uzaqlaşmağa hazırlaşırdı. Yekaterina yalnız zərbə endirməli idi. O, ordunun, xüsusən Sankt-Peterburqda olan polkların dəstəyinə malik idi, burada onun məşuqu Qriqori Orlov öz postunu yerləşdirmişdi.

Saray, hər iki paytaxtdakı – Moskva və Sankt-Peterburqdakı ictimai rəy də Yekaterinanın tərəfində idi. O, kübar cəmiyyətinin “maariflənmiş” elementləri tərəfindən dəstəklənirdi. O vaxtdan qadın öz liberal görüşlərinə görə tanınırdı və Rusiyada ona ən mədəni şəxslərdən biri kimi vurulmuşdular.

Qvardiya zabitlərinə arxalanan III Pyotrun arvadı II Yekaterina 1762-ci ildə onu taxt-tacdan devirdi. Qəsdin uğuru III Pyotrun siyasətindən, xüsusən Prussiya ilə sülh bağlanmasından və onun yeddi illik müharibədəki keçmiş müttəfiqlərə qarşı çıxış etməsindən yaranan narazılıqdan qidalanmışdı. O, həm də pravoslav kilsəsini protestant qaydasında islahata uğratmaq istəyirdi. Böyük II Yekaterinanın hökmranlığı 34 il davam etdi və bu Rusiya imperiyasının tarixində “qızıl era” oldu. Mütləqiyyət hakimiyyətini möhkəmləndirən Yekaterina həm də “maariflənmiş absolyutizm” ruhunda iri islahatlar apardı. Onun dövründə Rusiya dövlətinin ərazisi xeyli genişləndi.

9 iyul 1762-ci ildə Yekaterina başçılıq etdiyi polklarla hakimiyyəti götürmək naminə Sankt-Peterburqa girdi, özünü imperatriça və Qazan kilsəsinin avtokratı elan etdi. III Pyotr devrildi və səkkiz gün sonra öldürüldü. Güman ki, Yekaterina onu öldürmək barədə göstəriş verməmişdi, bu işi onu dəstəkləyənlər görmüşdülər. İctimai rəy isə buna görə qadını cavabdeh hesab edirdi.

Böyük Pyotrun altı varisi saray mühafizəçilərinin toruna düşmüşdü, bu altıdan axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina Rusiyanı öyrənmişdi və mühafizəçilərin rəğbətini qazanmışdı. Pyotr kübar fraksiyası tərəfindən öldürülmüşdü. Böyük II Yekaterina bütün Rusiyanın avtokratı kimi meydana çıxdı.

1762-ci ilin sentyabrında Yekaterinaya tac qoyuldu, Moskvada böyük mərasim keçirildi, bu şəhər çarların qədim paytaxtı idi. O, hökmranlığını 1796-cı ilədək II Yekaterina titulu altında Rusiya imperatriçası kimi davam etdirdi.

Yekaterina, fərdi zəifliyinə baxmayaraq, bütün hökmdarlardan yuxarıda dayanırdı. Qəbul etdiyi ölkəyə özünü bütünlüklə həsr etməklə o, Rusiyanı çiçəklənən və qüdrətli dövlət etmək məqsədini güdürdü. Rusiyada olduğu ilk günlərdən o, qayda-qanunlu və ədalətli idarəetməni qurmağı arzu etmişdi. Maarifi genişləndirmək, Versala rəqib olan saray yaratmaq, Fransa modelinin təqlidindən yuxarıda dayanan bir milli mədəniyyəti inkişaf etdirmək istəyirdi. Onun əvvəlcədən olan layihələri icra edilmək üçün o qədər çox idi ki, hətta əgər o, bütün diqqətini onlara versəydi də, onları tam əhatə edə bilməzdi.

Onun praktiki cəhətdən ən təzyiq göstərən problemi dövlət xəzinəsini yenidən doldurmaq idi, axı Yelizaveta öləndə xəzinə boş idi. 1762-ci ildə o, ruhanilərin mülkiyyətini dünyəviləşdirdi, onlar Rusiyadakı torpaqların və təhkimçilərin üçdə birinə sahib idilər. Rusiya ruhaniliyi dövlətin maaş verdiyi funksionerlər qrupuna endirildi, onlar Böyük Pyotrun islahatları ilə aldıqları azacıq qüdrəti də itirdilər.

(Ardı var)

 





04.02.2013    çap et  çap et