525.Az

“Variasiyalar” genişlənəcək


 

“Variasiyalar” genişlənəcək<b style="color:red"></b>

QULU AĞSƏS RƏHBƏRİ OLDUĞU YENİ ƏDƏBİ LAYİHƏDƏN VƏ BUNUNLA BAĞLI PLANLARINDAN DANIŞIB

“Ulduz” jurnalı “Publika.az” portalı ilə birgə “Variasiya” adlı ədəbi layihə həyata keçirir. Layihənin şərtlərinə əsasən, “Ulduz” jurnalına təqdim olunan hekayələrdən biri ayın əvvəlində “Publika.az” portalında yerləşdirilir. Yazıçılar və ədəbiyyatsevərlər həmin hekayənin sonluğunu özləri tamamlayır.

Əsərin orijinalı ayın axırı “Ulduz” və “Publika.az”da dərc edilir. Sonra müəlliflə “Variasiya”çıların dəyirmi masası keçirilir və nasir ən çox bəyəndiyi müəllifə hədiyyə təqdim edir. “Variasiya”da hər ay ancaq bir hekayənin dərci nəzərdə nəzərdə tutulur. Layihənin rəhbəri şair Qulu Ağsəs “525”ə müsahibəsində bununla bağlı oxucuları ətraflı məlumatlandırıb. Müsahibim söhbətində layihə ilə bağlı gələcək planlarını da açıqlayıb.

– Hər bir layihə hansısa zərurətdən yaranır. “Variasiya”ya ehtiyac olduğunu nə zaman anladınız?

– Xeyli vaxtdır ki, “Ulduz” jurnalında gedən yaxşı yazıların populyar olmamasından dolayı narahatçılıq keçiririk. Təbiidir, “Ulduz”da həm ortabab, həm zəif,  həm də yaxşı yazılar dərc olunur. Amma nədənsə gözə görünən zəif və ortabab yazılardır. Halbuki biz kifayət qədər müxtəlif proyektlərlə, eləcə də maraqlı yazılar, esselər, şeirlər yazan müəlliflərlə çıxış edirik. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, Bulqakovun şah əsəri “Master və Marqarita”nın tərcüməsinin ilkin variantı məhz “Ulduz”da gedib. Dostum tərcüməçi Saday Budaqlıdan xahiş elədim və biz romanın bir hissəsini çap elədik. Hətta onu bütöv dərc etmək istəyirdik. Ancaq fikirləşdik ki, kiçik bir jurnal üçün romanı aylarla oxumaq yorucu olar. Amma indi düşünürəm ki, səhv eləmişik, gərək elə o vaxt romanı tam şəkildə çap edəydik. Jurnalımızın az populyar olmasının bir xeyli səbəbləri var. Əvvəla, bir səbəbi budur ki, daha çox qazanc gətirən jurnallar köşkün yuxarısına qoyulur və oxucuya məhz o təqdim olunur. Alıcı kimi özüm də bunun şahidiyəm. Evimizin altındakı köşkdə “Ulduz” jurnalı satılmırdı. Mən axırda özümü təqdim edib jurnalın baş redaktor müavini olduğumu deyəndən, əsəbiləşib köşkün qarşısında dava salandan sonra satıcı jurnalı altdan çıxarıb üzrxahlıqla dedi ki, hə, sizin jurnalınız da buradadır, amma o , bizə xeyir gətirmir. Jurnalın az satılmasının bir səbəbi də budur ki, onu köşklərdə gözdən irağa qoyurlar, aşağı atırlar. Digər köşklərdə də bizim jurnalı görmürəm. Başqa bir problem də var. “Ulduz” jurnalının internet versiyası Azərbaycan Yazıçılar Birliyinin internet ünvanına yerləşdirilib. O da qətiyyən çevik deyil. Təmirdən sonra demək olar ki, bu sistem işləmir, iflic olub, indi də hələ reanimasiyadan çıxmayıb. Ağır bir vəziyyətdədir, o ünvana girib jurnala da baxan yoxdur. Düşündük ki, yaxşı işlərimizi sərgiləyək. Bu layihənin yaranması zərurəti də buradan meydana gəldi. Bu layihədə məqsəd insanları intellektual şərhə adlaşdırmaqdır.

– Buna həm də məcburi mütaliə demək olarmı?

– Bəli, bu həm də məcburi mütaliədir. Eyni zamanda fikir verin ki, portallarda gedən şərhlərin hamısı, demək olar ki, dedi-qodu səviyyəsindədir. Ona görə də bu “polemikalar”ın heç birinə qatılmıram. Çünki müxtəlif adlarla girib ağıllarına gələni yazırlar. Bu, rüsvayçılıqdır. Düşünürəm ki, biz də, oxucularımız da özümüzə, sözümüzə də hörmətlə yanaşırıq. Düşündük ki, biz də şərhdən istifadə edək, ancaq intellektual şərhdən. İnsanlar öz həqiqi adları, soyadları ilə daxil olub hansısa hekayənin sonluğunu yazır biz də onu portala yerləşdiririk. “Publika.az” portalının təsisçisi Aynur Camalqızı ilə danışdıq və “Variasiyalar” eləmək qərarına gəldik. Aynur xanım onsuz da portalda hansısa bir layihə eləməyi təklif etmişdi. Layihənin şərtləri də çox sadədir. İndiyədək “Ulduz”da təqdim olunan hekayələrin ən yaxşısını veririk. Bu, həm də situativ, süjetli olmalıdır, əgər essevari hekayədirsə, bu layihədə yer almayacaq. Çünki elə hekayələr var ki, situasiyalar iç-içədir, müəllifin bir sözünün belə yerini dəyişmək, tərpətmək olmur. Tutalım, İçərişəhər tipində hekayəni verməyəcəyik. Eyni zamanda da layihəyə təqdim olunan hekayələr dövrlə səsləşməlidir. Buna müxtəlif analoqları göstərmək olar. Məsələn, Amerikada maraqlı əhvalatları toplayıb kitab şəklində çap edirlər, bunlar da adətən sonra bestsellerə çevrilir. Biz sadəcə, peşəkar bir yazıçının əsərinin finalını başqa bir yazıçının, daha doğrusu yazıçıların yazmasını təklif etdik. Amma bu sonluğu təkcə yazıçı yox, iqtisadçı da, həkim də, müəllim də, bir sözlə, istənilən sənət sahibi tamamlaya bilər, yetər ki, ədəbiyyatı sevsin və yazmağı bacarsın. İlk olaraq biz Elçin Hüseynbəylinin oğlu əsirlikdə olan, nə edəcəyini bilməyən, Vətəni və oğlu arasında seçim etmək qarşısında qalan, qısaca desək, çox axmaq bir situasiyaya düşmüş – Allah heç kimə qismət eləməsin – şöhrətli bir atanın iztirablarından bəhs edən “Çıxılmazlıq” hekayəsini təqdim etdik. Hekayə üçün – Hicran Hüseynova, Sevil Gültən, Cavid Zeynallı, Narıngül, Ramil Əhməd, Natiq Məmmədli, Gülər Hacıbəyli, Təranə Vahidqızı, Dəyanət Əlizadə, Fərid Hüseyn və Başqırdıstandan Baloğlan Cəlil final yazıb. Hekayə bir aydan artıq publika.az.da saxlanıb. Layihənin bir özəlliyi də ondadır ki, bu, həm portalda, həm “Ulduz”da, eləcə də reaksiyalar, finallar da həm saytda, həm jurnalda çap olunacaq. Bugünlərdə təqdim etdiyimiz birinci hekayə ilə bağlı nəticələri yekunlaşdırdıq. Hekayə müəllifinin seçiminə görə Cavid Zeynallı ilə Natiq Məmmədli qalib oldu. Müəllif hər ikisinə hədiyyə verdi. Layihə müəllifi kimi qəti qərarımdı ki, burada hekayəsi verilən müəllif cibinə pul qoymağı da unutmasın.

– Sirr deyilsə, hədiyyə nə idi?

– Cavid Zeynallı yeni ailə qurduğuna görə, ona gözəl bir çini qab, Natiq Məmmədli isə qəzet redaktoru olduğuna görə ona qələm dəsti bağışlandı. Yəni bu, müəllifin imkanından asılı məsələdir. Lap quş lələyi olsun, amma ümumiyyətlə, qalibə müəllif mütləq nə isə verməlidir. Bu, təbii ki, simvolik bir şeydir. İndi Firuz Mustafanın “Alın yazısı” hekayəsini layihəyə vermişik. Maraqlıdır ki, artıq elektron poçtuma Özbəkistandan Azərbaycan dili üzrə tərcüməçi Şəhla xanım rusca öz final versiyasını göndərib. Layihədə yeniliklərimiz olacaq. Fevral ayında Avrasiya Universitetinin filologiya fakültəsində ustad dərsləri keçmək fikrindəyəm. Bu proyekti yaradıcı fakültələrə çıxardacağıq. İstəyirəm ki, filologiya fakültəsinin tələbələri, gələcəyin yazıçıları, şairləri buna sonluq yazsınlar.

– Gələcəkdə “Variasiya”ya şeir də qoymağı düşünürsünüzmü?

– Ola bilər. “Variasiya” özündə çox mənaları ehtiva edir. Esse də, köşə də, tənqid də ola bilər. Hələlik ona görə bu janrı seçmişik ki, “Ulduz” jurnalında bizim ən çatışmayan, axsayan yerimiz hekayədir. Bu gün gənclər ya şeir, ya roman yazırlar.

– Niyə ən çətin janrı seçmisiniz?

– Hekayə ən çətin və ən sevdiyim janrdır. Yenilik ondan ibarət ola bilər ki, “Publika.az” yeni binaya köçəndən sonra inşallah, hekayələri tanınmış bir aktrisaya, aktyora, yaxud müəllifin özünə oxudacağıq. Yəni, layihənin televersiyasını hazırlamağı planlaşdırırıq. Lakin bir az qəti qərara gəlməyə tərəddüd edirəm. Ona görə ki, bəzən yazıçılarımız elə cümlələr işlədir ki, onu aktrisaya oxuda bilmərəm. Gərək bəzi yerlərdə “düüüt” deyib keçəsən. Müəllif özü rəva bilərsə, hekayədə elə sözlər varsa, özü oxusun. Bəzi tabu sözləri işlətmək olar.

Bir məsələni də qeyd deyim ki, ilk dəfə olaraq, layihənin tərkib hissəsi kimi çap olunan materialları kitab şəklində çap edəcəyik. Bu kitab yeganə kitab olacaq ki, burada bir hekayənin xeyli sayda müəllifi olacaq. Konkret faktla desək, Elçin Hüseynbəylinin “Çıxılmazlıq” hekayəsinin özündən savayı, 11 müəllifi olacaq. Belə nəsri oxucularımız ilk dəfə oxuyacaqlar. Fikirləşirəm ki, bu nəsr hamının xoşuna gələcək. Çox səbirsizliklə o kitabın nəşr olunmasını gözləyirəm. Aynur Camalqızı ilə danışmışıq, kitab halında nəşr ediləcək, təqdimatını da keçirəcəyik. Belə bir kitabın yəqin ki, analoqu olmayacaq. Bizə xeyli hekayə təqdim olunub.

Layihədə mənim zövqümü təmin edən hekayələr gedəcək. Yəni müəllif talantlı olmalıdır, hekayə bayaq dediyim şərtlərə cavab verməlidir. Elə yazılar var ki, maraqlıdır, ancaq hekayə deyil, baxmayaraq ki, süjeti var, amma hekayənin özü yoxdur. Firuz Mustafanın hekayəsindən sonra, mart ayında gənc yazar Pərvinin maraqlı hekayəsi təqdim olunacaq.

Sevinc MÜRVƏTQIZI

 





04.02.2013    çap et  çap et