525.Az

Millət vəkili AŞPA ilə münasibətləri necə qiymətləndirdi?


 

Millət vəkili  AŞPA ilə münasibətləri necə qiymətləndirdi?<b style="color:red"></b>

"AŞPA ilə əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirirəm".

525.az-ın məlumatına görə, bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova dilə gətirib. Millət vəkili bildirib ki, təşkilatla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Onun dediyinə görə, Azərbaycan bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir: “Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır.

Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətirib və müvafiq qurumlara çatdırıblar.

 İstərdik ki, bu hallar təkrarlanmasın və  qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin. Ümumiyyətlə isə, hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir”.

K.Həmidov

 





04.02.2013    çap et  çap et