525.Az

O adam nə vaxt gələcək... (hekayə)


 

O adam nə vaxt gələcək... <b style="color:red">(hekayə)</b>

Aydın Tağıyev

Heç ağlıma gətirməzdim ki, üfüqlərin hələ allanmadığı bu erkən yay səhərində məndən də tez yatağından qalxıb küçəyə çıxan olar... Mənim də elə bir vacib işim-filan yox idi. Yuxumu qarışdırdığımdan yerimdə qərar tutmayıb əynimi geyinib evdən çıxmışdım.

Yolun üst tərəfindəki bomboş avtobus dayanacağında oxlov udanlar kimi dim-dik dayanıb duran orta yaşlı adamı da elə bu vaxt gördüm. Yəqin ki, kimisə gözləyirdi. Deyəsən, çoxdan burada durana oxşayırdı. Pencəyinin uzun qolunu yuxarı çəkib sol əlini balaca qabağa uzatdı. Uzaqdan görməsəm də, bildim ki, saatına baxır. Əlbəttə, adam gözləyirdi. Çünki avtobusların marşrutlara çıxmağına hələ xeyli qalmışdı.

Çox güman ki, gözlədiyi adam da özü kimi adi birisi idi. Yoxsa niyə avtobus dayanacağında görüş təyin edirdilər ki? Gecə-gündüz bilməyən bahalı restoranlarda, əyləncə mərkəzlərinin birində görüşər, arın-arxayın söhbətlərini edərdilər.

Bəlkə də elə buna görə birdən-birə qəlbimi mərhəmət hissi bürüdü. Yolu keçib ona yaxınlaşmaq, gözlədiyi adam gələnəcən onun başını qatmaq fikrinə düşdüm. Bir də, axı, işimin adı nə idi ... Kişinin hövsələsiz-hövsələsiz yerindən tərpənib ətrafa var-gəl etməsi fikrimi qətiləşdirdi.

–Deyəsən, kimisə gözləyirsiniz?..

Tanımadığı yad adamın bu qəfil sualından diksinib balaca çaşsa da, əvvəlcə başını silkələdi, sonra da:

–Hə, elədir, – dedi, – gözləyirəm...

Araya sükut çökdü. Əlbəttə, bu sükutu mən pozmalı idim. Bivec-bivec gülümsədim:

–Bəs o adam nə vaxt gələcək?..

O, bu dəfə köksünü ötürdü, qəmli-qəmli:

–Heç özüm də bilmirəm... – dedi.

Ona doğrudan da rəhmim gəldi, təsəlli verirmiş kimi:

–Hövsələniz olsun. Elə mən də gözləyirəm. Qoy səhər açılsın, yəqin ki, hardadısa, gəlib çıxar...

Ona bu sözləri deyəndə özümün də kimisə gözlədiyimi ağlıma belə gətirməmişdim. Onun gözləntisinə sanki şərik olmaq üçün özümdən uydurmuşdum, necə deyərlər, gəlişi gözəl sözlər kimi dilimdən çıxmışdı.

Bu dəfə elə bil onun mənə canı yandı, ciddi bir ahəng ilə:

–Siz nə vaxtdan gözləyirsiniz? – deyə xəbər aldı.

Lənət şeytana! İlişmişdim. Sual məni karıxdırdı. Bu dolaşıq suala cavab tapmaqda çətinlik çəkdiyimdən cavabını ləngidirdim. Nə fikirləşdimsə qolumdakı saata baxdım, guya ki, özlüyümdə vaxtı hesablayırmış kimi:

–Evdən burayacan on beş dəqiqə ancaq olar, – dedim, – sizinlə də beşcə dəqiqə olar ki, söhbətləşirik. Bu hesabla, deməli, 20 dəqiqə! Sonra da sözümün lap inandırıcı çıxması üçün qətiyyətlə:

–Hə, elədir ki, var – 20 dəqiqədir ki, gözləyirəm, – dedim.

O, dərindən bir ah çəkdi:

–Xoşbəxt adamsınız, – dedi, – vur-tut iyirmicə dəqiqədir ki, gözləyirsiniz. – Sonra da köksünü ötürdü. – Mən isə bu dünyaya anadan gəlməmiş gözləyirəm...

Onun bu sözləri məni çaşdırdı. Nə deyəcəyimi bilməyib çaşqın-çaşqın bu dəfə altdan yuxarı zəndlə ona baxdım. Elə bil yenicə görürdüm.

O, bu dəfə gülümsəməyə çalışdı, hətta dodaqları qaçdı:

–İş bundadır ki, mən doğulanda dünyaya çətin gəlmişəm. Nənəm iki-üç mamaça çağırtdırıb. Bir şey çıxmayıb.

Bu dəfə acı-acı güldü:

–Daha doğrusu, mən inad edib bu dünyaya təşrif gətirməkdə tərslik edirəmmiş. Birdən nənəmin yadına kənddəki daha təcrübəli bir mamaça düşür. Nənəm ağrıdan qıvrılan anamı sevincək toxdadır ki, bir az da döz, qızım, bir az da döz! Qoy o adam gəlsin!.. Bəli, mən də o adamı gözləməli olmuşam...

Əlini cibinə salıb ucuz bir siqaret çıxartdı. Mənə də təbii ki, təklif etdi. Xətrinə dəyməmək üçün yalan deyəsi oldum: – Sağ olun, – dedim, –çəkən deyiləm...

O isə siqaretindən dərin bir qullab alıb yenə də köks ötürdü. Və mənə birdən-birə elə gəldi ki, belə adamlar sanki köks ötürmək üçün dünyaya gəlirlər, heç yuxuda da gülmürlər...

–Hə, elə o vaxtdan bəri mən də həmişə gözləməli olmuşam. O adam da ya heç gəlməyib, ya da çox gecikib... Gözlədiyim adamın yerinə yadlar gəlib...

Dayanacaqdakı bu görüş bəlkə də gördüyüm qaramat yuxunun ağır davamı idi. Ürəyim sıxıldı. İndi məni yalnız bu adamdan necə ayrılıb izal olacağım düşündürürdü. Lal-dinməz, qəfil ayrılsaydım, xətrinə dəyərdi. Mən isə onu incitmək istəmirdim. Birdən ağlıma gəldi ki, onun gözlədiyi o adam bəlkə elə mən özüməm!.. Açığı bu fikirdən özüm də xoşlandım. Qəlbimdə gizli bir məmnunluq duydum. O adam mən idimsə, hökmən ona nəsə bir kömək, yardım etməli idim. Əlimi cibimə apardım, kağız pulların üstündə gəzdirib barmaq hesabı saymaq istədim...

Onunsa baxışları birdən-birə uzaqlara, artıq dan qızartısı çökən üfüqlərə dikilmişdi. Elə bil gözlədiyi adam oradan gəlməli idi...

Fikir verib birdən başa düşdüm ki, elə bil o, bayaqdan bəri kiminsə cızıq çəkib durduğu yerdən irəli-geri bircə də addım atmamış və o dar cızıqdan kənara çıxmağa cürət etməmişdi.

Dayanıb durduğu bu darısqal yer elə bil axır ki, nə fikirləşdisə onu bezikdirib təngə gətirdi.

Xırda addımlarla ehmalca səkidən enib dayanacaqda asta-asta var-gəl etməyə başladı. Yolda maşınlar artıq o baş-bu başa hərəkət edir, şütüyürdülər. Gözümü ondan bir anlığa yayındırmışdım ki, qəfil əyləc səsindən qanım dondu. Bahalı iri qara avtomobil irəlidə, o isə al-qan içində maşından xeyli geridə idi. Avtomobildən düşən bazburutlu kişi vurduğu adama yaxınlaşanda, o gözlərini axırıncı dəfə açıb ona baxdı, sonra da qapanan gözlərini bərk-bərk yumdu. Sanki gözlədiyi adam elə bu imiş.

Qəhər məni boğdu. Olmaya həmin adamın gözlədiyi elə Əzrayıl imiş...

 





04.02.2013    çap et  çap et