525.Az

Taleh Həmidin ŞEİRLƏRİ


 

Taleh Həmidin <b style="color:red">ŞEİRLƏRİ</b>

Anamın nə kövrək

məzar daşı var...

 

Yanına gələndə həsrətim sönür,

Ocağa çevrilir, alova dönür,

İçim pöyşələnir, əlim isinir,

Anamın nə isti məzar daşı var!

 

Dinir, xəbər alır hər əhvalımı,

Kim daş çağırıbdı, bu daş zalımı?

İsladır quruyan yanaqlarımı,

Ay Allah, daşın da öz göz yaşı var!

 

Önündə varlığım çəkilir dara,

Bələnir yağışa, üz sürtür qara,

Ünvan göstərirəm qəlbidaşlara,

Anamın nə kövrək məzar daşı var!

2012-09-12

 

Bir gün də var

Elşən Əliyevə

 

Göz yaşına seldi demə,

Sellər dənizə axar.

Ağlamağı dərd eləmə,

Ağlar günlər arasında

Güləcək bir gün də var.

 

Demə keçən keçib getdi,

Ömrümüzü biçib getdi,

Ümid sonuncu ölür,

Keçmiş günlər arasında

Üstümüzə qayıdacaq –

Gələcək bir gün də var.

 

Biz nə vaxtsa təkəm-tənha,

Təklənib yalqız qalırıq.

Günləri doğmatək qarşılasaq da,

Sonda yad adamtək yola salırıq.

Gəl öpək ötən günləri,

O günlərin arasında

Biz öləcək bir gün də var...

11 sentyabr 2012

 

Qoşa keçdilər

 

Gənclik durnalartək uçub gedəndən,

Ağrılar-acılar başa keçdilər.

Bilmirəm, nə gördü nazlı gözəllər,

Adımı sormamış, yaşa keçdilər.

 

Üstümdən tufanlar, yellər əsdilər,

Kəklik qanad çaldı, tellər əsdilər,

Ayağım titrədi, əllər əsdilər,

Atdığım güllələr boşa keçdilər.

 

Yorğunu düşdüyüm yaşıl otlaqlar,

Tamarzı qaldığım barlı budaqlar,

İçə bilmədiyim bumbuz bulaqlar

Qayadan qaynayıb daşa keçdilər.

 

Talehin halını sormayan dilbər,

Soruşub qaydına qalmayan dilbər,

Yolunu bir bizə salmayan dilbər,

Dünən acığıma qoşa keçdilər.

31.10.2012

 

Oldu

 

Bu qoca aləmin dağı, çayı var,

Fəsillər bölünüb – qışı, yayı var.

Çox da ki, hərənin ayrı payı var,

Biri çox, biri az olanlar oldu.

 

Əzəldən dünyada haqq var, nahaq var,

Belə yaranıbdı – baş var, ayaq var.

İnsan var, adam var, adamsayaq var,

Doğrunu tərsinə qananlar oldu.

 

Yarandıq, bölündük doğmaya, yada,

Pərvanələr gördüm – çaxıldı oda.

Gör neçə aşiqlər getdilər bada,

Məhəbbət bağında talanlar oldu.

 

Mənə əzab verən – mənə döz deyir,

Mətləb qanmayanlar indi söz deyir.

Yalan ayaq tutar, yeriməz deyir,

Həqiqəti əyən yalanlar oldu.

 

Gəzdim dərələrdə, dolaşdım yalda,

Gözüm ormanlarda, könlüm xəyalda,

Xoşbəxtlik deyilən o sonsuz yolda

Qismətim azacıq xoş anlar oldu.

 

Ömür dediklərin keçir beləmi,

Ay Taleh, yoruldun, bezdin, eləmi?

Çiyninə yük olan o qəm şələni

Nə görən, nə də ki, alanlar oldu.

01.11.2012

 

Görərsən yoxam

 

Özüm də bilmirəm, axı nədəndi,

Küsəyən olmuşam, kövrək olmuşam,

Xəyallar başımda dumandı, çəndi,

Dönüb bədən boyda ürək olmuşam.

 

Sənsiz il bilirəm hər dəqiqəni,

Gözümdən yaşı da silə bilmirəm.

Daha həsrətinə yandırma məni,

Gəlmirsən, sakitcə ölə bilmirəm.

 

Mən bir günəbaxan – günə sarıyam,

Qaytar o bahara – çağıma məni.

Deyirdin çinartək çox vüqarlıyam,

Qoymaynan içimdən sınmağa məni.

 

Çox da ki, nəğmələr düşmür dilimdən,

Qarşıda nələr var, axı nə bilim,

Elə əl gəzirəm tutsun əlimdən,

Elə dağ gəzirəm söykənə bilim.

 

Zaman ötüşübdü, vaxt o vaxt deyil,

Daşlardan-daşlara gəl çaxma məni.

Adım aldatmasın, baxt o baxt deyil,

Tale ümidinə buraxma məni.

 

Qoyma nəzərindən, gözündən məni,

Səbir də qalmayıb dalınca baxam.

Apar gözlərində, apar, sən məni,

Gedərsən, gələrsən, görərsən yoxam...

05.11.2012

Ana yaşıyar

 

Ömrü pərvanəyə eyni yaşıyar,

Övladla ürəyi, beyni yaşıyar,

Yerin çəkisini öz oxundan çox

Bəlkə bir həsrətli ana daşıyar.

 

Sinirməz haqqını bir kimsə dansa,

Dünya od tutmazmı bir ana yansa?!

Könlü parçalansa, ürəyi sınsa,

Sağalmaz yarası, onu qaşıyar.

 

Bizi bu dünyaya gətirən ana,

Ucaldıb, böyüdüb, yetirən ana,

Mən gördüm övladın itirən ana –

Ömrü necə yana-yana yaşıyar!

 

Taleh, analardı əbədi ilqar,

Öldü deməynən, sən varsan, o var.

Köksünün altında sonsuz məhəbbət,

Dilinin ucunda ana yaşıyar.

07.11.2012

 

Biz kimi öldürürük

 

Nələrdən keçməyir

deyin, bu bəşər?

yaxşılığın gözünə

yamanlıqlar qatılır.

Yazırlar yer üzündə

hər il –

əlli beş milyon körpə

Anaların köksündən

sıyrılaraq atılır...

Xeyirxahlıq, mərhəmət

insanlığa yad olur.

ağ xalatlı həkimlər

dönüb bir cəllad olur.

Müharibələr bir yana,

qəsd-qərəzlər bir yana,

terrorları demirəm,

Nədən kəsilir axı

ana övlada qənim?!

Niyə verir bu qədər

İnsan insana sitəm?

 

Nədən sabahlarına

əl uzadır, zor edir?

Zor edənlər bilirmi

Sabahları kor edir?

Ana qəlbi ağrımır,

Ata qəlbi göynəmir,

niyə ipək ürəklər

Dönüb oldu daş-dəmir?

neçə ana narkozdan

Uyuyaraq məst olur.

Müharibəsiz, terrorsuz

Dilaçmaz körpələrə

Hücum olur, qəsd olur.

Günəşə göz açmamış,

Yüyürməmiş, qaçmamış

Neçə körpə – neçə insan

Ovxarlı neştərlərin

Hədəfinə tuş gəlir.

Bahar görməyənlərin

Qismətinə qış gəlir...

 

Ölür gələcək alim,

Ölür gələcək həkim,

Görün kimlər məhv olur!

Gələcək neçə ata,

Gələcək neçə ana

Anaların bətnindən

Tumurcuqtək dərilir.

Görən biz bilirikmi

Kimləri öldürmürük?!

Onların arasında

İnsanlığın bəlası

Xərçəngə dərman tapan

Bir alim öldürmürük?!

Bir həkim öldürmürük?!

Şairi, bəstəkarı,

Kimləri öldürmürük?!

Ölənlərin gözündə

Dünyanı öldürmürük?!

Özümüz bilə-bilə,

Kor edirik  sabahı.

Əl saxlayın, insanlar,

Axı hara gedirik?

Çiynimizdə dilaçmaz

Körpələrin günahı?!.

 

Ümidlərim ölməsin

Vüqar Tapdıqlıya

 

Bir bağa ki xəzan düşmür, nə bağdı?

Niyə bizə sevinmək də yasaqdı.

Öldü neçə sevinclərim nə vaxtdı –

Təki bircə ümidlərim ölməsin.

 

Dərd çəkmişəm, dərd də mənə xoş olub,

Könlüm şirin həsrətlərə boş olub,

Doğmalara, əzizlərə qoşulub –

Təki bircə ümidlərim ölməsin.

 

Gəlmədim ki, bu dünyaya gülməyə,

Heç qorxmadım yox olmağa, ölməyə,

Diri gedəm ölənləri görməyə –

Kaş onadək ümidlərim ölməsin.

 

Çox çalışdım könülləri güldürəm,

Öz-özümə həm ocağam, həm pirəm,

Cəllad deyiləm ümidləri öldürəm –

Təki bircə ümidlərim ölməsin.

 

Yaxşıların əzabına qatlanım,

Arzularla, diləklərlə atlanım,

El yolunda alovlanım, odlanım –

Mən kül olum, ümidlərim yanmasın.

27.11.2012

 

Mən bir çinaram

 

Mən bir çinaram – uca bir çinar,

Torpaqdan su içir qolum, budağım.

Dostlarım solmayan yarpağımdılar,

Qoynum quşlar üçün – yaşıl otağım.

 

Mən bir çəmənəm – gülüm, çiçəyim

Nə xəzan tanıyır, nə payız bilir.

Çiçəklər gözümdür, otlar köynəyim,

Başımdan dumanlar, çənlər çəkilir.

 

Mən bir bulağam – dumduru suyum

Sonsuz arzulartək çağlayıb axır.

Gecələr güzgüyəm ay işığına,

Ulduzlar şəklinə gözümdə baxır.

Mən bir axar çayam – şıltaq dağ çayı,

Daşlardan-daşlara dəyib axıram.

Uca zirvələrdən enib aşağı,

Başımı torpağa əyib axıram.

 

Mən bir cığıram dağ yamacında,

Dərəni zirvəyə çatmaq istərəm,

Bütün cığırları yığıb dövrəmə,

Hüdudsuz yollara qatmaq istərəm.

 

Mən bir insanam – eşqim, diləyim,

Şeirlə, nəğməylə açılıb dilim.

İnsandan aldığım yaxşılıqları

Vaxt verin, insana qaytara bilim.

19 yanvar 2013

Zirvədə bitən tək ağaca

 

Ey uca zirvədə bitən tək ağac,

Yaşıl budağına əllər çatmayır.

Zərif budaqların sevgiyə möhtac,

Kölgəndə obalar, ellər yatmayır.

 

Xırdaca tum idin, quruca bir dən,

Səni gör, haraya əkdi küləklər?

Qolundan yapışıb uşaqlar kimi,

Uca zirvələrə çəkdi küləklər.

 

Buludlar halayla gəzir dövrənə,

Yoxdur budağını doğrayıb, kəsən,

Meşələr həsədlə boylanır sənə,

Sən də meşələrin həsrətindəsən.

 

Bilmirəm pallıdsan, bilmirəm vələs,

Orda – uzaqlarda kölgə kimisən.

Sənə yetişməyir nə hənir, nə səs,

Doğmalar içində özgə kimisən.

 

Ömür var şirindir, ömür var – acı,

Ömür var hər günü bir ulduz olur.

Hədsiz ucalıq da darıxdırıcı,

Hədsiz ucalıq da mənasız olur...

23 yanvar 2013

İllər itmir – illər itir

 

İllər çinar kimi göyərmir, bitmir,

İllər ömrümüzdən yox olmur, itmir.

Bütün bu sözlərə inanmadım mən,

Sadəlövh uşaqlartək

Təkcə xoşbəxtlik umuruq

Niyə axı illərdən?

 

Ağlımıza gəlməyir,

Bədbəxtlik də boylanır

İllərin o başından.

Dünən dəlicəsinə axtardım

Ömrümdən itən 2012-ni.

Bir də gördüm mənə baxır

Neçə doğmaların məzar daşından...

Yanvar, 2013-cü il

 

Gəncliyimi yada saldım

 

Bu gün yenə gəncliyimi yada saldım,

Qaranquştək uçub gedən

O günləri, o illəri xatırladım.

Uzaqlara uçub gedən

Durnaların karvanında

Xəyal məni necə çəkdi

Buludlardan-buludlara.

Üz qoymadım, baş vurmadım

Haralara?

Dağlar aşdım, yollar keçdim,

Yağış kimi səpələndim

Çöl-çəmənin sinəsinə.

Durub heyran kəsildim mən

Torağaylar nəğməsinə.

Arıların öpüşündən

Çiçəkləri xumar gördüm,

Bulaqları coşar gördüm,

Qaynar gördüm,

Buludları göy üzündə

Oynar gördüm.

Zirvələrdə çəkildikcə

Şimşəklərin çaxmağı,

Taya-taya buludlara od düşürdü.

Dağda təkə, çayda

Balıq hürküşürdü.

Nə vardısa, özünə

Bir sevgili seçirdi.

Təbiətin canından

Cavanlığı keçirdi...

Yanvar, 2013

 

 





04.02.2013    çap et  çap et