525.Az

O duman dağlara gələcək yenə- Cavad ZEYNAL


 

O duman dağlara gələcək yenə- <b style="color:red">Cavad ZEYNAL</b>

 

Ölməz Müşfiqə

 

Şəklinə baxmağa gözüm utanır,

Şəklinə baxıram, baxa bilmirəm.

Canımda, qanımda dözüm utanır,

Şimşəyə dönürəm, çaxa bilmirəm.

 

Bu yaşda şair də güllələnərmiş,

Günahsız şairi məhvə bax, Allah!

Qansıza qansızlıq, demə, hünərmiş,

Tarixdə tarixi səhvə bax, Allah!

 

Öldürüb, sonra da əfv elədilər,

Gör kimlər bu işə təşviq oldular.

Dünyada bir Müşfiq məhv elədilər,

Dünyaya gələnlər Müşfiq oldular.

08.12.2012

 

Çoxdan barışmışam

 

Boyuma biçilib bu millət mənim,

Çəkdiyi bu ağrı, bu zillət mənim.

İçimi göynədən bu illət mənim,

Çoxdan barışmışam bu taleyimlə.

 

Olanım, olmazım göz qabağında,

Hərənin çəkdiyi köz qabağında...

Sözüm yox deyilən söz qabağında,

Çoxdan barışmışam bu taleyimlə.

 

Məmura, çinliyə əl çalana bax,

Əl çalıb, içində alçalana bax.

Alçala-alçala əl açana bax,

Çoxdan barışmışam bu taleyimlə.

 

Atalar susurlar, ana baş olub,

Buzov oynaq atır, dana baş olub.

Beləcə el-hamı danabaş olub,

Çoxdan barışmışam bu taleyimlə.

 

Qıyqacı baxışlar naz deyil indi,

Laydivar kürəklər saz deyil indi.

O Bahar adlılar yaz deyil indi,

Çoxdan barışmışam bu taleyimlə.

 

Allahın səpdiyi Hürü, Pəridi,

Hansına baxırsan yönü bəridi.

Hərənin cibində borc dəftəridi,

Çoxdan barışmışam bu taleyimlə.

 

Xaricə yollanan vərliyə bax bir,

Ötürən əridi, gərliyə bax bir.

Ərsizin adıdı, ərliyə bax bir,

Çoxdan barışmışam bu taleyimlə.

 

Pis elə pisdi ki, nə pisləyim ki?

Xeyri nə, ha yağım, ha çisləyim ki!

Eh, kimdən nə umum, nə gözləyim ki,

Çoxdan barışmışam bu taleyimlə,

Çoxdan barışmışam bu taleyimlə.

     03.05.2012

 

Allah, göydən daş ələ

 

“Yerin üstü hasardadı”,

Yerin altı bazardadı.

Əl-ayaqsız azardadı,

Allah, göydən daş ələ, daş!

 

Söz deyənin dili yanır,

Əl tutanın əli yanır.

Söykənənin beli yanır,

Allah, göydən daş ələ, daş!

Vətən bölgə-bölgə olub,

Bölgə-bölgə bəlkə olub.

Dövlət də bir bəlgə olub,

Allah, göydən daş ələ, daş!

 

Gülünc olur böyük sözü,

Kəsib keçir əyri düzü.

Barmaq tökür görən gözü,

Allah, göydən daş ələ, daş!

 

O çinlidi, bu da məmur,

Söz deyirsən dərya umur.

Düşüncəsi çirkab, çamur,

Allah, göydən daş ələ, daş!

 

Fikri pozuq, çaşlar hazır,

Quru yanıb, yaşlar hazır.

Daş sayında başlar hazır,

Allah, göydən daş ələ, daş!

Allah, göydən daş ələ, daş!!.

26.01.2013

 

Öz-özünə gedən vaqon

 

Gedir iti sürətlə,

Gedir yaman cürətlə.

Dayanmayır bir an da,

Yaxın olur uzağı.

Nə istidən çəkinir,

Nə də sayır sazağı.

Taqqıltısı bir aləm,

Şaqqıltısı bir aləm.

Binalara səs düşür,

Pəncərələr titrəyir.

Ağaclar qorxusundan

Sıralanıb baş əyir.

Adamlar səksəkədə,

Sürəti yelə dönür.

Arxasınca tökülən

Xəzəllər selə dönür.

Nə qoşqusu filanı, –

Nə işıqla işləyir.

Nərəsi bulud cırır,

Yeli adam kişləyir.

Görkəmi bir tamaşa,

Çəkisi əlli tondu.

Baxan kimi görünür

İtələnmiş vaqondu.

31.12.2012

 

Yaman çəkir dağlar məni

 

Darıxıram şəhərdə mən,

Şəhər evim cələ kimi.

Dörd divarın arasında

Hərlənirəm dələ kimi, –

Yaman çəkir dağlar məni.

 

Bulud tutur göy üzünü,

Külək qalxır çəndən qabaq.

Xəyalım bir quşa dönür,

Ruhum uçur məndən qabaq, –

Yaman çəkir dağlar məni.

 

Başı qarlı ağ zirvələr,

Baxanların heyrətitək.

Döşdə bulaq Baş Sarıtel,

Dərədə çay Heyratıtək... –

Yaman çəkir dağlar məni.

 

“Şamaxının yastı yolu”

Gəlib çıxıb şəhərəcən.

Gözləyib mən balasını,

Gözləyibdi səhərəcən, –

Yaman çəkir dağlar məni.

 

Heyif deyil keçə dəyə,

Gündə gələr qonağım da.

Soyularam qabıq-qabıq,

Dan qızarar yanağımda, –

Yaman çəkir dağlar məni.

 

Həzin neyəm, dindirməyin,

Halım görən ağlar məni.

İstəyirsiz qandallayın,

Kim yolumdan saxlar məni? –

Yaman çəkir dağlar məni,

Yaman çəkir dağlar məni.

15.01.2013

Musa Yaquba

 

O duman dağlara gələcək yenə,

Gəlməyən, bilirəm, mən olacağam.

Əbləh qocalığım güləcək mənə,

Göy yalan olacaq, mən dolacağam.

 

Diz heydən düşəcək, ayaq təpərdən,

Gözümdən qoralar əndərəcəyəm.

Gedənin dalınca baxacağam mən,

Gələnin üzündən gül dərəcəyəm.

 

İnadım dünyanın kürü olacaq,

Gözümdə, könlümdə yaylaq yolları.

Arxaca yığılan sürü olacaq,

Yaylağa aparan çaylaq yolları.

 

Gülüş doğuracaq yıxılan, duran,

Cığırı çəhlimdən seçən olacaq.

Mənim sağlığıma badə qaldıran,

Mənim sağlığıma içən olacaq.

 

Şəhərdə ilğıma aldanacağam,

Çiçəklər açacaq qar lopasıtək.

Bir yarpaq kölgəni dağ sanacağam,

Yel məni qovacaq kol topasıtək.

 

Ötənlər, keçənlər güləcək mənə,

Göy yalan olacaq, mən dolacağam.

O duman dağlara gələcək yenə,

Gəlməyən, bilirəm, mən olacağam.

30.12.2012

 

“Yanıq Kərəmi”yə

oynama, qardaş

 

“Yanıq Kərəmi”yə oynama, qardaş,

Oynama, sən Allah, atam balası!

Qanınmı yox sənin, ürəyinmi daş,

Oynama deyirəm, adam balası!

 

Adam da yanana sındırarmı heç,

Bu necə coşmaqdı, nə qaynamaqdı?

Adam da yananı yandırarmı heç,

Bu necə süzməkdi, nə oynamaqdı?

 

Sən qanad açırsan, gözüm qanlanır,

Baxıram, səninçün hər parıltı – dan.

Mənim gözlərimdə tonqal canlanır,

Alova gönürəm hər çartıltıdan.

 

Ömründə bir çəpər de, keçmisənmi,

Bir dizə baş qoyub hallanmısanmı?

Bir gözəl əlindən su içmisənmi,

Bir qönçə dodaqdan ballanmısanmı?

 

Yığışdır açılan qol-qanadını,

Döndərmə üzümü – tərs olasıdı.

Daşlara yazaram yoxsa adını,

Bu şilləm millətə dərs olasıdı.

 

Bu nə şalayanlıq, bu necə  şadlıq,

Bu necə qavrama, özünüdərkdi?

Yanana oynamaq – özünə yadlıq,

Yanana oynamaq – özünütərkdi.

16.01.2013

 

Gələr

 

İsti başın bəlası – dil,

Başa bəla dildən gələr.

Çöldə bitər ən zərif gül,

Ən xoş ətir çöldən gələr.

 

Çəmən ayrı, xəsil ayrı,

İgid ayrı, nəsil ayrı,

Nəsil ayrı, əsil ayrı,

Əsl oğul beldən gələr.

 

Kimi dinər, dil yetirər,

Kimi gələr, əl yetirər.

Mərd oğulu el yetirər,

Comərd olan eldən gələr.

13.01.2013

Qazandım

 

Bir ömür xərclədim şeirə, sənətə,

Adıma yaraşan bir ad qazandım.

Günlərim çevrildi xətir-hörmətə,

Özümdən sonraya soyad qazandım.

Xəbislər yığışdı – boğmalaşdılar,

Yaxşılar axışdı – doğmalaşdılar,

Salam verdiklərim loxmalaşdılar,

Başıma el yığdım, mən yad qazandım.

 

Yamanlar içində deyilmədim heç,

Zorluya daş oldum – yeyilmədim heç.

Bir kimə, kimsəyə əyilmədim heç,

Mən haqqı qorudum, Cavad qazandım.

23.12.2012

 

lll

 

Nazilir haqq,

Əzilir haqq.

Baxan baxır,

Çaxan çaxır.

Baxan bir cür,

Çaxan bir cür.

Yığılırıq –

bir olmuruq.

Dağılırıq –

pir olmuruq.

Tamah bizdə

Bıçaq kəsir.

Qeyrət bizdən

Qaçaq gəzir.

Danışırıq –

     hovlanırıq.

Alışırıq –

qovlanırıq.

Səhər naxır,

Axşam axur.

 

Gələcək o,

Güləcək o:

Filan vaxtda,

Filan adda

     bir lət vardı.

Filan vaxtda

Beləcə bir

     millət vardı...

17.01.2013

 

Baxma gözlərimə

 

Baxma gözlərimə, alovlanarsan,

Külün də qızarar közünün altda.

Ucalan ahını alov sanarsan,

Bir ömür qarsılar sözünün altda.

 

Danışa bilməzsən, dinə bilməzsən,

Dilin topuq vurar, nitqin quruyar.

Ah olub göylərdən enə bilməzsən,

Küləklər sirrini aləmə yayar.

 

Ulduza dönərəm, axıb gedərəm,

Ayağın altında torpaq diksinər.

Səni alovlara yaxıb gedərəm,

Başının üstündə yarpaq diksinər.

 

Bu bahar ömrümdə talan olacaq –

Baxma gözlərimə, baxma sən, gülüm!

Baxsan, ildırımlar yalan olacaq,

Alova dönərəm baxmasan, gülüm!

 

Yanmaq da qismətdi, yanmaq da addı,

Bunu haqdan gələn sözlərim deyir.

Mənim baxışlarım alovdu, oddu,

Mənim sözlərimi gözlərim deyir.

17.12.2012

 

Bir daş altdan, bir daş üstdən

 

Ağ sinənə qar demişəm,

Qoynunda var bar demişəm.

Çaşıb sənə yar demişəm,

Bir daş altdan, bir daş üstdən.

 

Məndən niyə çəkindin sən?

Çəkdiyindən çək indi sən.

Çək indi sən, çök indi sən,

Bir daş altdan, bir daş üstdən.

 

Ha çağırdım, gəlmədin heç,

Ha ovutdum, gülmədin heç.

Nələr çəkdim, bilmədin heç,

Bir daş altdan, bir daş üstdən.

 

Xəstə könlüm nə istədi,

Bal dilindən “hə” istədi.

İndi Cavad can üstədi,

Bir daş altdan, bir daş üstdən.

06.01.2013

 

 





04.02.2013    çap et  çap et