525.Az

Öz səsinə düşən şeirlər


 

Öz səsinə düşən şeirlər<b style="color:red"></b>

Qulu AĞSƏS


Su kimidi Nazirin şeirləri; bir baxdım – əksimi görmədim, bir də baxdım – ƏKSimi gördüm... üzümə vurdum – sərinlədim; imam ehsanı olsun!..

Daş kimidi şeirləri Nazirin; ayağa dolaşmayan, ələ bulaşmayan, quşa atırsan –daşa dəyir, başa vurursan – daşa dəyir, qalırsan iki daşın arasında...

Ağac kimidi Nazirin şeirləri; dibinə peyin töküb böyütməyib, kölgəsində tərini soyutmağa əkməyib, şitil vaxtı basdırıb, budaqları günün qabağını kəsənəcən dibində oturub gözləyib...

Şeirləri mahnı kimidi Nazirin; əvvəl musiqisini öz-özünə zümzümə eləyib, sonra mətnini işləyib, axırda da oxuyub eee...

Vladimir Vısotski ilk dəfə Taqanka teatrına gələndə öz mahnılarını oxumuşdu.

Aktyor Nazir Rüstəmov ilk dəfə ...  teatrına gələndə öz obrazlarını yaratmışdı, özgə şeirlərini oxumuşdu.

Rejissor Nazir Rüstəmov növbəti dəfə ... teatrına gələndə öz tamaşasını qurmuşdu, özgə şeirlərini oxumuşdu.

Adam şeir deyə-deyə şeir olarmış...

Nazir şair oldu – Nazir Rüstəm adlı!

O, peşəkar aktyordu, amma şair rolu oynamağa gücü çatmaz. Bu rolu oynayanlar çoxdu, elədi, Nazirsə rol oynamır, özü istəsə də, şeirləri  qoymazdı.

     

Yenə Vısotskidən:

     

Salondan çıxarırlar

yenə yazıq milləti –

Bunların əməlindən

çətin ki, baş açasan.

Bir dəli şeytan deyir,

dəyişdirib bileti

Bu dəqiqə, bu saat

hara gəldi uçasan...

     

Uzaq 1968-ci ilə qayıdıb Vısotskiyə təmiz səma arzulayır, tərcümənin müəllifi Qoca Xalidə əhsən deyirik və geriyə – Nazir Rüstəmin yanına dönmək keçir könlümüzdən.

Mən onun bu saat hara uçmaq istədiyini dəqiq bilirəm; lap əlindəki bilet Təbrizə, Londona, Parisə, laap öz tamaşasına olsa belə, onu dəyişdirib uçar.

Uçaqmı, Nazir əfəndi?!

8 Mart günü restoranda şeir oxumağınız yadınızda? 31 il, 360 kilometr geriyə uçun! Raykomun yeyib-içməkli tədbirində öz şeirini oxuyan uşağa zənnlə baxın, o mənəm, Quran haqqı; sizdən sonra məktəbli şairə söz veriblər.

9 May bayramında univermağın qabağında rastlaşmağımız necə? Qızınızın əlindən tutmuşduz, səhv eləmirəmsə. O biri əlinizdə şar vardı – dəqiq eləydi, rəngini də xatırlayıram, onda sizi barmaqla göstərirdilər, o da yadımdadı...

Uçuşu dayandırıram... daha qanadlarım getmir...

Aktyor – rejissor – bədii qiraət ustası – şair...

Bəlkə mahnı da oxuyursuz, Allah bilir. Ömürlüyünüz – Vladimir Vısotskinin ömürlüyü.

“Kitabım çapa hazırdı, iki dildə çıxacaq, öz söz yazarsan?” “Baxaram” – dedim. Sualınızda əminlik vardı: ya şeirlərinizə, ya da dostluğumuza.

Öz səsinizə düşən şeirlərdi yazdıqlarınız. Onları oxumaq bir ayrıdı, dilinizdən eşitmək bir ayrı.

Mən oxumağa üstünlük verdim.

Səsiniz araya girməsin deyə.

Ayıq başla.

Düşməncəsinə bir az da.

Sualınızdakı əminliyin sirrini öyrəndim. Arxayınmışsız: şeirlərinizdən də, dostluğumuzdan da...

 

 





05.02.2013    çap et  çap et