525.Az

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...” (davamı)


 

“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət gözümün qabağındadır...” <b style="color:red">(davamı)</b>

“ADAMLAR TƏXMİNƏN 1988- ci İLDƏN RƏSMİ YERLƏRDƏ ALLAHIN ADINI ÇƏKMƏYƏ, “MAŞALLAH” DEMƏYƏ CÜRƏT ELƏDİLƏR”

(Əvvəli ötən sayımızda) 

Müsahibimiz fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir. 

– Bir çoxları hesab edir ki, guya İslam güclü Şərq fəlsəfəsinin inkişafının qarşısını alır. Sizcə, Şərq fəlsəfəsinin inkişaf etməməsində İslamın hansısa rolu var?

– Bu çox yanlış bir fikirdir. İslam deyəndə biz nəyi başa düşürük? Biri var, dini kitabın dərinliklərinə aid olanlar, biri də var, bizim qavrayışımza aid olanlar. Bizə aid olanlar nədir? Biz İslama inanan, onu sevən insanlarıq ki, bu sahədə zaman-zaman nöqsanlarımız ortaya çıxır. Fəlsəfi gəlişməyə bu nöqsanlar əngəl olur. XVII- XVIII əsrlərdən sonra İslam dünyasında elə dəyişmələr oldu ki, o dəyişmələr dinə özü ilə müsbət cəhətlərlə yanaşı, mənfi cəhətlər də gətirdi. Məsələn, erkən Ortaçağda “ənə əlhəqq” dəb idi. Ancaq bizə elə gəlirdi ki, o çağda “ənə əlhəqq” demək böyük cürət idi. Əslində İslam dünyasında olan hər bir ağıllı sufinin “ənə əlhəqq” deməsi normal bir şey idi. “Ənə əlhəqq” nə deməkdir? O deməkdir ki, mənim ruhumda Allahdan başqa heç nə yoxdur. O demək deyildi ki, mən Allah kimi möcüzələr yarada bilərəm, dünyanı xəlq etmişəm və s. Bağdadda oturan məhşur bir sufi şeyxinin yanına bizim tərəflərdən zəvvar gəlib deyir ki, həccə gedirəm. Şeyx qayıdır ki, Allahın evi sayılan Kəbənin içində Allah heç bir dəfə də olmayıb. Ancaq bu evdə – öz ürəyini göstərir – Allah həmişə var. Bax, belə fikirlər müsəlman dünyasında fəlsəfi-dini düşüncə özgürlüyünün hansı yüksəklikdə olmasını açır. Fəlsəfi düşüncənin özgürlüyü XVIII əsrdən başlayaraq şəriətçilərin əli ilə cızığa salındı. Ancaq tutalım, IX-XII əsrlərdə belə deyildi. Elə fəlsəfə ilk olaraq həmin yüzillərdə İslam dünyasında çiçəklənmişdi. Yunanların (Platonun, Aristotelin) kitablarını ərəbcəyə tərcümə edirlər. Avropa o kitabları İslam dünyası sayəsində tanıdı. Halbuki öncə unutmuşdular. İslam dünyasında fəlsəfi düşüncənin bir cürətinə baxın. Əl-Fərabi deyirdi ki, Qurani- Kərim və Peyğəmbər fəlsəfi gerçəkləri, Allahla bağlı ideyaları hadisələrin, nəsnələrin, məsəllərin dilində danışırlar. Belə deyək, qara camaatın başa düşəcəyi dildə danışırlar. Ancaq həmən gerçəkləri fəlsəfə anlayışların, sübutların dilində anladır. Fərabi onun üçün də fəlsəfəni müəyyən mənada dindən yuxarı qoyurdu. Söyləyirdi ki, fəlsəfə ilə dinin məqsədi birdir: Allah və ilahi gerçəkləri tapıb anlatmaq. Ancaq fəlsəfənin həmin məqsəd yolu daha üstün və elitardır. XVIII yüzildən sonra vəziyyət dəyişdi. XVIII əsr İslam dünyasının Avropaya tam uduzduğu dönəm idi. Ondan qabaq isə bu dünya Avropaya yuxarıdan aşağı baxırdı, çünki hər şeydə onlardan irəlidəydi. Osmanlı İmperiyasının tarixinə nəzər salanda bu, özünü yaxşı göstərir. Onların mədəniyyətlərindən, məişətlərindən, davranışlarından görünür ki, necə yüksək səviyyəli dövlət olub. Avropa gözəl yaşamağı müsəlman dünyasından öyrənib. Bəs nə baş verdi ki, İslam dünyası geri qalıb uduzdu və nəticədə Osmanlı İmperiyası dağıldı. Tacir, səyyah imici İslam dünyasında ən hörmətli sima sayılırdı. Şəhər mədəniyyəti yüksək səviyyədə, mənəviyyatda sərbəstlik, fikir azadlığı... bəs necə oldu ki bütün bunlara baxmayaraq, kapitalizm Avropada yarandı. Bax bunların ciddi araşdırılmasına gərək var.

– İslam dinində təriqətlərarası anlaşılmazlıqlar baş verir ki, hətta bu anlaşılmazlıqlardan zaman-zaman münaqişələr də doğur. Bu problemin yaranma səbəbləri nədir sizcə?

– Fərabidə, Nəsirəddin Tusidə belə bir ideya vardı ki, gəlişmiş dinləri “gerçək-yalan”, “üstün-aşağı” kateqoriyalarında bölmək düz deyil və güman ki, Allah-Təla onları özünə doğru müxtəlif yollar kimi qoyub. Daha sonra onlar artırırdılar ki, Tanrı hər xalqa bu xalqın ruhuna uyğun yolu vermişdir.

Bütün təriqətlərdə, məzhəblərdə, hətta bütün dinlərdə inananların tam çoxluğu özlərini ən doğru biliklərin, ən yüksək əxlaqın daşıyıcıları sayırlar. İnamları belədir, hamı əyri yoldadır, bizdən başqa! Şiələr, beləcə, özlərini düz, sünniləri əyri sayırlar. Sünnilər də, vahabilər də eləcə. Eyni ziddiyyət xristianlıqda katoliklər, protestantlar, pravoslavlar arasında var.

Ancaq hər dinin tarixində çoxsaylı möcüzələr var. Sanki bu möcüzələr (İslama görə daha dəqiq olar “Allahın kəraməti” demək) şiələrin öz inanışlarını bircə düz saymasına əsas verir. Axı, şiəlik yanlış olsaydı, onun müqəddəsləri ilə ilgili necə möcüzələr olardı?! Şiələr belə sayırlar. O biriləri də elə. Ancaq bu məntiqi o heçə çevirir ki, belə möcüzələr sünni tarixində də, vahabi tarixində də var. Katolisizmin, Protestantlığın, Pravoslavlığın, Buddizmin, Hinduizmin tarixi də möcüzələrlə doludur. Deməli, heç bir təriqətdə, heç bir dində möcüzələr bircə onun düz olmasına arqument ola bilməz. Möcüzələr, sadəcə, onların da haqlı, düz olmasına tanıq ola bilər, vəssalam!

Dini təriqətlər öz doğrularını, gerçəklərini təkcə düz sayanda, özlərini başqalarından fərqli olaraq Absolyut həqiqətin daşıyıcıları biləndə bundan məntiqi bir nəticə çıxır: kim belədirsə, Allahın əsgəridir. Uyğun olaraq başqaları Allahın yolundan azanlara, Allahın bəyənmədiklərinə və ən qorxulusu, Allahın düşmənlərinə çevrilir. Deməli, Azərbaycanda, eləcə də Çeçenistanda, Əfqanıstanda şəhidlik, terrorizm əqidəsində birləşənlərin bu birliyin əsasında o inam durur ki, dini gerçəyə yalnız onlar tam yiyədirlər.

Bu inamın yanlış və primitiv, qorxulu və ziyanlı olmasına çoxlu arqumentlər var. Birini irəlidə dedim: hər dində və təriqətdə çoxlu möcüzələr və möcüzəvi müqəddəslər olub və var. Hinduizm yanlış olsaydı, onun dərinliklərindən yoqa çıxardımı?! Xristianlıq yanlış olsaydı, Qərb dünyasının və mədəniyyətinin bu qədər uğurları olardımı? Fransadan, Britaniyadan, Amerikadan tək-tük Şərq fanatları ərəblərin arasında yaşamağa gedir. Ərəblərdən isə milyonlarla adam Avropaya can atır. Müsəlman terroristlər yalvarırlar ki, bizi Misir, əfqan türmələrinə verməyin, orada ağırdır.

Mən demirəm, bu İslamın yanlışlığına arqumentdir. Ancaq bu ona arqumentdir ki, dinləri düz və əyriyə bölmək adekvat bölgü deyil. Dinlər, təriqətlər arasında münasibətlər başqa kateqoriyalarda, başqa koordinatlarda və ölçülərdə düşünülməlidir. Bu inqilabi baxışa, yanaşmaya bütün dinlərdə cəhd olub. Hindistanda Əkbər şah dinləri sintez etmək istəyib.

Başqa dinə sayğı ilə ilgili bir çağdaş örnək. Öldürülmüş pravoslav keşişi Aleksandr Men Qurani-Kərimi Allahın kitabı sayırdı və bu, onun xristian olmasına əngəl olmurdu.

– İslamda şəriət məsələləri haqqında nə deyə bilərsiniz. Toplumda şəriət yolu ilə birliyin yaradılması mümkündürmü?

– Azərbaycanlıların dini kəsimində “şəriət” sözünün oyatdığı duyğu və düşüncə, az qala, Quranın oyatdığı qədərdir. Bu kəsimin İslamla bağlı bilgisiz çoxluğuna elə gəlir ki, şəriət də Qurani-Kərim kimi Allah tərəfindən nazil olan kitabdır və necə ki, İslamın qutsal kitabı kodifikasiya olunmuş, yəni surələrinin sayı, ayələrinin yeri bəlli olan, formatı dəyişməz kitabdır, şəriət də elədir. Halbuki Şiələrin və Sünnilərin şəriəti başqa-başqadır və ortada Quran tipində “şəriət” adında kitab, ya məcəllə yoxdur. şəriət, sadəcə, qanunların İslam əqidəsi və başlanğıclarna bağladılmasını qaçılmaz etmək üçün formalaşmış hüquq “fəlsəfəsidir”. Hərçənd “İslam əqidəsi, İslam başlanğıcları necədir?” məsələsində dürlü yozumlar çoxvariantlılıq yaradır, deməli, belə də bir variant alınmır. Yəni bu halda da şəriət bütün müsəlmanları bir kökə bağlayıb arzu olunan birliyi yaradammır. Bunu onun üçün vurğulayıram ki, İslam mənəviyyatında və görüşlərində BİR lik paradiqması başlıca amildir. “İslam” sözünün hikməti bu birliklə açılır: Bir olan Allaha hamı itaət edəndə BİR lik alınır. Bundan da təriqət çoxluğuna pis münasibət qaynaqlanır. Əş-Şəhristani təriqətlərin yaranmasının kökünə İblisin Allahın buyuruğuna şübhəsini, quşqusunu qoyaraq sonrakı İslam haçalanmalarını İblis şübhəsindən çıxarmışdı. Beləcə, şübhə İslamı (Allaha itaəti) parçalayan zəhər sayılırdı. İslamda heç cürə birlik əldə olunmur. Hətta əş-Şəhristani boynuna almalı olmuşdu ki, müsəlmanların 73 təriqəti var. Belə bir durumda şəriəti Anayasa ranqına qaldırıb bununla ölkədə BİR lik yaratmaq iddiası yanılma və ya əlçatmaz istək kimi görünür.

(Ardı var)

Günel MUSA

 





05.02.2013    çap et  çap et