Azərbaycanda keçirilən beynəlxalq festivalda insident yaratdığı üçün tutulan şəxslərdən biri jurnalistdir.
Bu barədə APA-ya Masallı rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, polis tərəfindən saxlanılan şəxs dini fəaliyyətlə məşğul olan “Xeber44.com” saytının təsisçisi və baş redaktoru Araz Quliyevdir. Onun evindən silah-sursat götürülüb.
Qeyd edək ki, məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılan Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.
APA-nın əldə etdiyi məlumata görə, tutulan şəxslərin hamısı dindardır. Onlar həmin festivala etiraz edərək tədbiri pozmağa cəhd göstəriblər.