525.Az

AFFA şübhəli oyunla bağlı araşdırmaya başladı


 

AFFA şübhəli oyunla bağlı araşdırmaya başladı <b style="color:red"></b> Futbol üzrə Topaz Premyer Liqasının XVII turunda Bakının AZAL və Tovuzun “Turan” komandaları arasında keçirilmiş oyunla bağlı araşdırmalara başlanılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar UEFA-nın oyun alqı-satqısı və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün Azərbaycanda təyin etdiyi nümayəndə, AFFA-nın hüquqşünası Rəmiş Malıyevin rəhbərliyi altında aparılır.
 
Artıq “Turan”ın vitse-prezidenti Namiq Məstanov, komandanın baş məşqçisi Əfqan Talıbov və futbolçu Aleksandr Krutskeviç dindiriliblər. Məstanov Lent.az-a deyib ki, Malıyevdən əlavə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə yazılı izahat verib. O, daha öncə mətbuata verdikləri açıqlamaları izahatla təsdiqlədiklərini vurğulayıb. 
 
İzahatında yazdıqları barədə danışan Talıbov isə Lent.az-a bildirib ki, AZAL-la oyundan sonra Krutskeviçin zəif oyununun səbəbini soruşub. Krutskeviç deyib: “Əsəblərim pozulmuşdu. Həm ailəmizdə problemlər var, həm də matçdan əvvəl komanda yoldaşlarım oyunun satıldıqlarını söyləmişdi”.
 
AZAL-ın mətbuat katibi Eldəniz Yusifov isə Lent.az-a açıqlamasında AFFA-nın başlatdığı araşdırmadan xəbərsiz olduqlarını deyib. O, təmsil etdiyi klubdan heç kimin federasiyada izahat vermədiyini bildirib.
 
Qeyd edək ki, 2012-ci il dekabrın 15-də keçirilmiş AZAL – “Turan” matçı qolsuz tamamlanıb – 0:0.
 





05.02.2013    çap et  çap et