525.Az

Ağsaqqal nüfuzu - Xalq yazıçısı Anar yazır


 

Ağsaqqal nüfuzu - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Akif Rəfiyev mənim yaxın qohumum, əziz dostum, tələbə yoldaşımdır.

Akifin ulu babası Qəhrəman bəy mənim ulu babam Ələkbər bəyin doğma  qardaşıdır. Kiçik qardaşı. Mən isə Akifi böyük qardaşım hesab edirəm. O məndən iki yaş böyük olsa da, eyni ildə  -55-ci ildə Bakıda Universitetə daxil olmuşuq. O, Hüquq fakültəsinə, mən Filoloji fakültəyə, eyni ildə -1960-cı ildə Universiteti bitirmişik. 1959-cu ilin yayında bir ay Astarada hərbi xidmətdə bərabər olmuşuq. Və ömrümüz boyu həm xoş, fərəhli, həm ağır, kədərli günlərimizi paylaşmışıq. Uzun illər boyu bir-birimizin ürək sirdaşı, məhrəm həmsevinci, həmdərdi olmuşuq, hər zaman bir-birimizə güvənmişik, arxalanmışıq, ərk etmişik. Mən yarı Rəfibəyliyəm, Akif isə tam hüquqla Rəfibəylilər nəslinin bu gün həyatda olan ən nüfuzlu ağsaqqalıdır.

Cümhuriyyət dövründə əvvəl Azərbaycanın ilk səhiyyə naziri, sonra isə  Gəncənin general qubernatoru babam Xudadat Ələkbər oğlu  Rəfibəylidən, türk paşası Səməd bəy Rəfibəylidən (Sayqından) sonra Akif Rəfiyev bu nəslin üçüncü generalıdır - ədliyyə generalı. Zaqatala, Mingəçevir, Sumqayıt kimi şəhərlərin mürəkkəb kriminal şəraitində prokuror kimi səmərəli fəaliyyət göstərən, daha sonra daxili işlər nazirinin müavini və ondan da sonra ədliyyə nazirinin müavini vəzifələrində uğurla çalışan Akif Respublikanın Əməkdar hüquqşünasıdır.

Bu vəzifələr şərəfli olduqları kimi məsuliyyətli və müəyyən anlamda təhlükəli vəzifələrdir. Vəzifə borcu qanunun və ədalətin keşiyində durmaq olan şəxsə bu qanunlara asi olanların, ədalətsizlik yapanların düşmən kəsilməsi təbiidir. Düşmənçiliyin isə, ən müxtəlif üsulları var, namərd gülləsinə hədəf də ola bilərsən, cinayətkarların  şərinə, böhtanına tuş da gələ bilərsən. Qarabağa erməni təcavüzü başlayan  qanlı-qadalı günlərdən  Akif ən qaynar, ən təhlükəli yerlərdə düşmən atəşindən də qoxmayıb, adi, dinc dövrlərdə bədxahların danoslarından, paxıllıqlarından, qurduqları fitnələrdən də çəkinməyib.

1998-ci ilin mayında  Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi geniş qeyd olundu. İndi Ulu Öndərimiz Heydər Əliyevin adını  daşıyan Sarayda təntənəli iclasda mərhum Prezidentimiz çıxış etdi. Cümhuriyyətin tariximizdə önəmini xüsusi qeyd etdi, onun qurucularının adlarını ehtiramla çəkdi. Tənəffüs zamanı foyedə bir-bir qonaqlara yanaşıb söhbət edirdi. Mən də toplantıya qatılmış Rəfibəylilərlə  dayanmışdım. Prezident  hamımızla səmimi görüşdü və o zaman nazir müavini işləyən Akifi dərhal tanıdı. Fenomenal hafizəsiylə onun əmək fəaliyyətinin müxtəlif mərhələlərini xatırladı.    -Mingəçevirdə prokuror işləyərkən səni partiyadan qovmağa qoymadığım yadındadır? - deyə xəbər aldı.

Akif:

- Əlbəttə, yadımdadı, cənab Prezident - dedi, -  bəy oğlu olduğum üçün məni qorudunuz.

Heydər Əliyev yalnız  ona xas olan gülüşlə güldü.

Sonra mən Akifdən bu  məsələni soruşdum.

- Mingəçevirdə işlədiyim zaman dələduzlar məni az qana dolaşdırmışdılar - dedi. - Bir zavod direktorunu yaramaz hərəkətlərinə görə məsuliyyətə cəlb etmişdim, onun adamları bunu elə qələmə vermişdilər ki, guya mən kommunistlərdən bəy babamın qisasını alıram. 1976-cı il aprelin 20-də MK Bürosunda məsələ müzakirə olunanda bu mövqedən çıxış edənlər də oldu. O zaman Heydər Əliyev məndən:

- Neçənci ildə anadan olmusan? - deyə soruşdu:

- 1936-cı ildə.

- 18-20-ci illərdə olan hadisələrə Rəfiyevin nə dəxli var? - deyə əleyhimə olanları yerində oturtdu və məni partiyadan çıxarmağa qoymadı.

Fəaliyyətinin qaynar çağında vaxtından əvvəl təqaüdə göndərilən Müharibə və Əmək veteranı Akif Rəfiyevin əli işdən soyumadı, məqalələr yazdı, ali məktəbdə dərs dedi,zəngin təcrübəsini gənc nəsillərlə bölüşdü və ən son vaxtlarda  Binəqədi rayonunun Ağsaqqalar şurasının sədri seçildi. Bu yüksək  nüfuzu Akif  ilk  gənclik yaşlarından bu günə, ahıllıq çağına qədər namusla yaşaması və ədalətlə çalışmasıyla qazanıb.

Amma bu çox mühüm vətəndaş mövqeyiylə bir sırada Akif  nəslin ağsaqqalı zirvəsinə də yorulmaz və nəcib işləriylə yüksəlib. Başıbəlalı nəslimizin sürgünlər, məhbəslər, edamlar və mühacirət əzablarıyla dolu tarixini arxiv sənədləri, yaşlılarla söhbətləri, şəxsi xatirələriylə əsaslandıran Akif topladığı faktlar, məlumatlar, şəhadətliklərlə  Rəfibəylilər haqqında dəyərli kitab yazmış akademik Rafael Hüseynovu da  həvəsləndirdi və müəllif əsər üzərində işlədiyi müddətdə  daima ona  mənəvi dəstək verdi.

Mənim də, Xudadat bəyin Azərbaycanda və Türkiyədə yaşayan başqa nəvələrinin də Akifə sonsuz minnətdarlığımızın bir səbəbi də odur ki,  məhz o ilk dəfə  gizli arxivlərdən babamızın istintaq materiallarını üzə çıxardı. Və xalqımız tarixinin ilk səhiyyə nazirinin həbs edilib dindirildiyi zaman uydurma ittihamların heç biriylə razılaşmayan, cəlladların qarşısında əyilmədən, sınmadan dim-dik duran, sona qədər cərrah, ziyalı, bəy qürurunu  qoruyub saxlayan, nəslini, ailəsini təhlükəyə atmamaq üçün acı taleyini mərdliklə qəbul edən Xudadat bəyi olduğu kimi  tanıdı. Heç bir günahı olmayan  Xudadat bəy Rəfibəylinin ölümündən sonra rəsmi bəraət qazanmasında da hüquqşünas kimi, millətinin təəssübkeş vətəndaşı kimi, əsil-nəslinin layiqli xələfi kimi Akif Rəfiyevin  xidməti əvəzsizdir.

Akif gözəl ailə başçısıdır. O, həyat yoldaşı Əsmayə xanımın fədakarlığını layiqincə qiymətləndirir, Arazla, Güllərlə qürur duyur. Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə bəslədiyi, qızına həsr olunmuş  “Güllər” mahnısını dinləməkdən doymur. Son illər Akifi ən çox istər idman sahəsi olsun, istər vokal sənəti - nəvələrinin uğurları sevindirir.

Əziz qardaşım Akif!

80 yaşın tamam olur. Həyatını dürüst yaşayan insanlar heç zaman yaş artımından təəssüflənməməlidirlər. Sən də bu rəqəmi davam edən və hələ çox illər davam edəcək ömrünün, fəaliyyətinin növbəti mərhələsi kimi qəbul etməlisən. Şəxsiyyətinə və  nəslinə layiq bir ömür yaşayıb bu yubileyinə alnıaçıq, üzüağ gəlmisən. Bununla fəxr  edə bilərsən. Biz  səninlə fəxr etdiyimiz kimi.

 





21.03.2016    çap et  çap et