525.Az

Orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq


 

Orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq<b style="color:red"></b>

ZAHİD ORUC: “BUNUNLA BİZ GÖZƏYARI BAXIŞLARDAN KEÇƏRƏK ƏSGƏRLİYƏ YOLLANMAQ PRAKTİKASINDAN DA QURTULMUŞ OLACAĞIQ”

Azərbaycandakı orta məktəblərdə gənclərin hərbi hazırlığını təmin etmək məqsədilə xüsusi siniflər yaradılması planlaşdırılır. Siniflər xüsusi dərsliklər, əleyhqazlar, təlim qumbaraları, təlim silahları ilə tam təchiz olunacaq. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“525”in müxbirinə fikirlərini bildirən Milli Məclisin  Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qeyd edib ki, hərbiləşdirilmiş sinif otaqlarının qurulmasında məqsəd fərdlərə minimum hərbi biliklərin aşılanması, onların ümumi hazırlıqlarını və eləcə də silahla ilkin davranışlarını təmin etməkdir: “Təbii ki, bu olduqca həssas məsələdir. Yeniyetmələri müəyyən məsələlərdən xəbərdar etmək və müxtəlif fiziki tədbirlər, təlim və sınaqlara aparmaqla bu işi reallaşdıra bilərik. Bu özü-özlüyündə həm də başqa bir məsələyə kömək edəcək. Yəni, vətəndaşlar üçün yeniyetmənin, şagirdin sağlamlıq durumu haqqında vəziyyəti əldə saxlamağa imkan verəcək. Belə demək mümkünsə, fərdin informasiya bankı toplanacaq və bu məlumatlar onun 16 yaşı tamam olanda ilk hərbi qeydiyyata köçürülən zaman nəzərə alınacaq. Beləliklə də indiki vəziyyətdə Dövlət Xidməti Qurumunun (köhnə Hərbi Komissarlıq) gözəyarı baxışlarından keçərək əsgərliyə göndərilmək praktikasından da qurtulmuş olacağıq. Buna görə də mən bu addımı təqdirə layiq hal hesab edirəm. Düşünürəm ki, dövlət özünə sağlam ordu formalaşdırmaq üçün çox doğru addım atmış olub. Həqiqətən də bu sadəcə bir riyazi dərsin oxşarı kimi deyil, son dərəcə vacib bir məsələ – dövlətin və xalqın gələcək təhlükəsizliyinin təminatı üçün mühüm bir iş kimi qəbul edilməli, hərbi xidmətə mühüm hazırlıq kimi qiymətləndirilməlidir. Bu proqram yüksək potensiallı kadrların yetişdirilməsi və toplanılması, ordu quruculuğu işi üçün olduqca vacib olacaq”.

Zahid Oruc onu da əlavə edib ki, bu birinci növbədə yeniyetmələrimizin hərbi xidmətə psixoloji hazırlığını da özündə ehtiva edən çox mühüm bir addım olacaq: “Biz nəzərə almalıyıq ki, Avropa ölkələrində də bu cür praktikadan istifadə olunur. Hətta MDB məkanına daxil olan ölkələrdə də biz oxşar praktikanın şahidi ola bilərik. Bizim yeniyetmə oğlanlarımız xüsusi olaraq Azərbaycanda ailə modellərinin quruluşuna görə daha çox valideynlərin himayəsində olur və xidmətə yollanandan sonra çox kəskin olaraq psixoloji gərginlik və hərbi kontingentə uyğunlaşmaq baxımından problemlər yaşayırlar. Belə adaptasiya olunmamağın sonradan ağır nəticələri baş verir. Biz də bunları müxtəlif dövrlərdə həm mediada, həm də parlamentdə müzakirəyə çıxarırıq.Təbii ki, bunlardan uzaqlaşmaq üçün dövlət öz çağırışçısını hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdır”.

Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək proqram çərçivəsində 500-dən artıq şagirdin təhsil aldığı orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq. Hərbiləşmiş siniflər xüsusi dərsliklər, zəruri avadanlıqlar (əleyhqaz, təlim qumbarası, təlim silahları) ilə tam təchiz olunacaq. Bu kabinetlərdə atıcı silahlardan atışların keçirilməsi üçün trenajorlar qurulacaq.

Hazırda üzərində işlənilən proqramın reallaşdırılmasına Müdafiə Sənayesi Nazirliyi də cəlb olunacaq.

Ceyhun ABASOV

 





05.02.2013    çap et  çap et