525.Az

Bizdən əvvəl kimlər gəlmiş...


 

TƏNQİDÇİ İSRAİL MUSTAFAYEVİN 75 İLLİYİNƏ

Bizdən əvvəl kimlər gəlmiş...<b style="color:red"></b>

Bədirxan ƏHMƏDOV
filologiya elmləri doktoru,

Bir vaxtlar onu “ədəbi tənqidimizin Belinskisi” adlandırırdılar, bilmirəm bu müqayisə nə dərəcədə doğru və yerində idi; ancaq onun yaradıcılığına yaxından bələd olan bir tədqiqatçı kimi, deyə bilərəm ki, burada müəyyən bir həqiqət vardı. Bu həqiqət isə ondan ibarətdir ki, sosrealizmin hələ tüğyan etdiyi, quru, şablon stereotiplərin formalaşdığı, cümlələrin, fikirlərin oxucunu yola verdiyi bir zamanda onun tənqidi əsərləri intellektuallığı, obrazlılığı, emosionallığı, canlılığı, obyektivliyi, prinsipiallığı və dəyərləndirmə orijinallığı ilə seçilirdi. O, heç vaxt yazılarında oxucunu faktlarla yormur, quru mühakimələrlə darıxmağa qoymur, cansıxıcı mülahizələrlə yükləmirdi. Əksinə ədəbi prosesin vacib problemlərinə özünəməxsus yöndən, prizmadan baxır, ən mürəkkəb məsələləri belə fikir dərinliyi ilə emosionallığın vəhdəti şəklində ifadə etməyə çalışırdı.

Azərbaycan tənqid və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi İ.Mustafayev haqqında bu portret cizgilərinin yazmağımın nədənləri yalnız onsuz keçən yubileyini sadəcə qeyd etmək deyil, həm də  zamanın sınağından uğurla çıxan həyatına, şəxsiyyətinə, yaradıcılığına yenidən nəzər yetirmək, əsərlərinin həmişəyaşarılığını  təsdiq etmək, bir daha bugünün oxucusuna çatdırmaqdır. İ.Mustafayevin portret cizgiləri üzərində düşünərkən onun fəaliyyətinin çoxşaxəliliyini, müxtəlifliyini və zənginliyini xüsusi qeyd etmək gərəkir. Belə ki, İ.Mustafayev, hər şeydən əvvəl, özünəməxsus yazı üslubu, təhkiyəsi olan bir tənqidçi idi; zamanının ictimai münasibətlərini milli düşüncəli məqalələrində inikas etdirən bir publisist idi; ədəbi, bədii, elmi faktlarla nəzəri konsepsiyaları bir-birilə uğurla uzlaşdırmağı bacaran ədəbiyyatşünas alim idi; bütün varlığı ilə mövcud biliklərini gənc nəslə aşılayan pedaqoq-müəllim idi; savadı, davranışı, fikir və düşüncə sərbəstliyi (bu sərbəstliyin içində dərs dediyi tələbələri azadlıq və müstəqillik ideyalarına belə aparıb çıxara biləcək detallar da az deyildi!) və nəhayət son dərəcə zövqlü, səliqəli geyimi və yaraşığı, əxlaqi keyfiyyətləri, insani münasibətləri ilə  aristokrat ziyalı idi...Lakin  bu fikirlər belə İsrail Mustafayevin şəxsiyyət, tənqidçi, ziyalı və vətəndaş obrazını bütünlüklə əhatə etmir. Onun əsl obrazını  həm də  yaşadığı həyat yolunda, çoxşaxəli ədəbi fəaliyyətində, zəngin yaradıcılığında, onu tanıyanların və tələbələrinin xatirələrində axtarmaq lazım gəlir.

Mənim bu görkəmli tənqidçinin yaradıcılığı ilə tanışlığım tələbəlik illərindən başlamışdı;  əmisi oğlu Fazil Mustafayevlə eyni qrupda oxuduğumdan və tələbə yurdunda eyni otaqda yaşadığımdan onun həyat tarixçəsinə, ömürlüyünə də yaxından bələd idim: Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdu, üç yaşında ikən atası Nəriman müharibəyə gedib qayıtmadığından həyatın sərt üzü ilə erkən qarşılaşıb. Əmisi Nadir müəllim onu yaşıdı olan oğlu Arifdən (tarix elmləri doktoru, professor Arif Mustafayev respublikamızın tanınmış arxeoloqlarındandır) ayırmayıb, oxumağa, elmə böyük önəm verməsi hər iki gəncin ali təhsil almasına imkan yaradıb. Əvvəlcə Qazax Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirən İsrail Mustafayev Pedaqoji İnstitutu da əla qiymətlərlə başa vurub. Sonra sovet gəncliyinin adi həyat yolunu keçib-orduda xidmət, kənd müəllimliyi, şəhərdə iş axtarışları, qeydiyyat çətinlikləri və s.

Bizə dərs deyərkən İ.Mustafayev artıq ədəbi mühitdə istedadlı tənqidçi, publisist, ədəbiyyatşünas-alim kimi tanınırdı. Tələbəsi olduğumuz Azərbaycan Pedaqoji İnstitutuna gəlişinin isə ayrıca bir tarixçəsi vardı. 1973-cü ildə biz İnstitutuna daxil olan il, gərək ki, sentyabr ayının ortaları idi,  xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi görkəmli tənqidçi, ədəbiyyatşünas alim Əhəd Hüseynov əlli üç yaşında qəflətən vəfat etdi. Filologiya fakültəsinin yuxarı kurs tələbələri çox sevdikləri müəllimlərinin vaxtsız vəfatına görə bizi, yəni 1-ci kurs tələbələrini  “qaradaban” adlandırırdılar. İtki həmişə ağır olur. Ancaq çox çəkmir ki, bu itkinin yeri dolduruldu. Sonralar İsrail Mustafayevin özünün də məqaləsindən aydın olduğu kimi o günlərdə o, “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri olaraq ədəbiyyatşünas Ə.Hüseynovdan C.Məmmədquluzadə haqqında yazdığı tədqiqat işi ilə bağlı (bu tədqiqat işi sonralar “Sənət yanğısı” adı ilə monoqrafiya şəklində İ.Mustafayevin böyük zəhmət sərf etdiyi, çox elmi əsərlərin bu gün tamarzı qaldığı redaktorluğu (onun redaktorluq zəhmətini mən əsərin əlyazmasına əsasən deyirəm) və mükəmməl yazılmış Ön sözü ilə dərc olunacaq!)  götürmək istədiyi müsahibə yarımçıq qalmışdı. Lakin elə bu müsahibə də İ. Mustafayevin mətbuatdan müəllimliyə keçməsinə nədən olur. Kafedra müdiri İsmayıl Şıxlı vaxtilə tələbəsi olmuş İsraili boş qalmış yerə dəvət edir və bununla da onun müəllimlik həyatı başlayır, yüzlərlə tələbə qarşısında xarici ölkələr ədəbiyyatından effektli, son dərəcə canlı və emosional mühazirələrini oxumaqla məşğul olur. İ.Şıxlının rəhbərliyi altında O.Sarıvəlli yaradıcılığından dissertasiya yazır.  İ.Şıxlı və İ.Mustafayev tandemi yalnız institut dəhlizlərində qalmır, həyatda və ədəbi mühitdə də sarsılmaz dostluğun nümunəsi olur. Onlar bizim nəzərimizdə xeyirxah, təmiz, saf, vicdanlı müəllimlər, gəncliyə yeni istiqamət verən, onları sərbəstliyə, müstəqilliyə səsləyən əsl  vətəndaş idilər. Çox keçmir ki, İ.Mustafayevin yaradıcılığının ən məhsuldar  dövrünun oxucuları sırasına onun tələbələri də qoşulur; biz onun məqalələrini böyük ehtirasla oxuyur, müzakirə edir, digər ali təhsil ocaqlarında olan görkəmli alimlərlə müqayisələr aparırdıq. O dövrdə Pedaqoji İnstitutun filologiya fakultəsini  bitirib ədəbiyyat cameəsində tanınan Firuz Mustafa, Əlirza Xələfli, Alxan Məmmədov, Mətləb Nağı, Yusif  Nəğməkar, Vurğun Əyyubov, Azad Qaradərəli, Rasət, Rahid Ulusel, Şamil Vəliyev və başqa onlarla qələm adamının yetişməsində İ.Şıxlı ilə yanaşı İ.Mustafayevin də böyük rolu olmuşdu.  Yaradıcılığa yeni başlayanlar ilk yazılarını məhz onlara göstərir, məsləhətlərinə qulaq asır, xeyir-duaları ilə çətin yola qədəm qoyurdular. Tale elə gətirdi ki, Pedaqoji İnstitutu bitirdikdən sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturaya qəbul imtahanı verərkən bir daha İ.Mustafayev yaradıcılığına, şəxsiyyətinə hörmətin şahidi oldum. İmtahan komissiyasının sədri akademik Məmmədcəfər Cəfərovun qarşısında yaradıcılığını yaxından izlədiyim tənqidçi müəllimimin tədqiqatına istinad etməli oldum. Akademik M.Cəfərovun dilindənbitirdiyim İnstitutun ünvanına dediyi xoş sözlər məndə məmnunluq hissi doğurmaya bilməzdi. Burada, şübhəsiz, mənə dərs deyən müəllimlərim Əbdüləzəl Dəmirçizadə, Fərhad Fərhadov, İsmayıl Şıxlı, Paşa Əfəndiyev, Məmməd Məmmədov,  Xeyrulla Məmmədov kimi alimlərlə yanaşı İsrail Mustafayevin də payı vardı. Ancaq nə yazıq ki, bu görkəmli alim, tənqidçi ədəbi mühitdən, sevdiyi və sevildiyi tələbələrindən çox tez ayrıldı. 1988-ci il fevralın əvvəllərində 50 yaşını belə qeyd etmək ona nəsib olmadı. Fevral ayının 5-də tamam olan yarım əsrlik həyat yoluna ailəsi, dost-tanışları ilə yekun vurmaq ürəyindən keçsə də, xəstə olduğundan bu işi zamanın öhdəsinə buraxdı. Zaman isə ona 51 yaşından cəmi dörd gün yaşatdı. “Ədəbiyyat qəzeti”inin yubiley məqaləsi üçün evdən apartdığı şəkil nekroloq yazısında verildi...

Adətən ədəbiyyatşünaslıq tədqiqatları, araşdırmalar zaman keçdikcə özünün əvvəlki mahiyyətini dəyişir, yaxud onun yerini yeni araşdırmalar, nəzəri-elmi mülahizələr tutur. Lakin elə ədəbi tənqidi əsərlər də olur ki, elmi, ədəbi cameənin marağını həmişə özündə saxlayır. İ.Mustafayevin 60-cı illərin sonlarından dərc etdirməyə başladığı məqalə və tədqiqatları, publisistik yazılarının mayasında istedadla yanaşı səmimiyyət, fikrin aydın ifadəsi, tənqidçidən tələb olunan obyektivlik dayanırdı. Dövrün şablon, ideoloji təmayüllərindən kənar olan bu araşdırmalar oxucunu düşündürməklə yanaşı onda həm də ədəbi, estetik zövq formalaşdırırdı. “Yaşayacaq dastan kimi...” məqaləsi şair Osman Sarıvəllinin şəxsi arxivinin unudulmuş qovluqlarının sirrini açmağa yönəlir; tənqidçi hansı düyğununsa inadla qoruyub saxladığı məktubları, naməlum əlyazmaları, yarımçıq şeir parçalarını araşdırır və şahidi olmadığımız illərin ümumi yaradıcılıq ab-havasını, bugünkü çoxşaxəli ədəbi təsərrüfatımızın  təşəkkülü və sonrakı inkişaf prosesləri, ayrı-ayrı sənətkarların fərdi üslubu, yazıçı dəst-xəttinin formalaşmasında bu sənədlərin araşdırılmasını vacib amillərdən hesab edir. Məlum olur ki, şairin bu qovluqlarında 20-30-cu illər ədəbiyyatının C.Cabbarlı, Ü.Hacıbəyov,  S.Vurğun, M.Hüseyn, M.Cəlal, S.Rəhimov kimi nümayəndələrinin yaradıcılıq portretlərinin yeni cizgilərini açan çoxlu faktlar vardır və tənqidçi bu faktları ədəbi, elmi dövriyyəyə daxil etməklə kifayətlənmir, həm də ona yeni münasibət bildirir.

İ.Mustafayevin əsas tədqiqat obyeki ədəbi proses olsa da Azərbaycan poetik fikrinin tarixinə də müraciət edir, ayrı-ayrı ədəbi fakt və hadisələrə aid fundamental  araşdırmalar aparır. Azərbaycan ədəbiyyatşünaslığında çox az tədqiq olunan Osman Sarıvəlli yaradıcılığı ilə bağlı elmi axtarışları tezliklə bu mövzuda namizədlik dissertasiyası müdafiə etməsinə gətirib çıxarır. Tədqiqatçının öz sözləri ilə desək “yarım əsrdən çox poeziya köhləninin belindən düşməyən, həyatın dolaylarında qızğın ədəbi mübarizələrlə, ehtiraslı mübahişə və münaqişələrlə üz-üzə gələn yaradıcılığın ağrı-acısını da, qələbə və nəşəsini də ürəkdən yaşayan” şairin ilk dəfə yaradıcılığı, poetik inkişaf yolunın tədqiqi həm də o dövrün poetik təfəkkürünün tarixi təşəkkül prosesinin izlənilməsi demək idi. Tədqiqatçı bu elmi araşdırmalarında 20-50-ci illərin ümumi yaradıcılıq mühiti, poeziyamızın çoxşaxəli təşəkkül və inkişaf prosesləri ilə bağlı aydın və dolğun təsəvvür yaratmış olur. Sonralar “Bulaq kimi” poetik adla dərc olunan monoqrafiyada Osman Sarıvəllinin fərdi  üslubu, formalaşması və inkişaf yolu elmi-nəzəri şəkildə tədqiq olunurdu.

  60-80-ci illər ədəbi tənqidinin canlılığında, üslub rəngarəngliyində  İ.Mustafayevin də payı var. Bu dövrdə ədəbi prosesdə Yaşar Qarayev, Asif Əfəndiyev, Məsud  Əlioğlu, Elçin kimi görkəmli  tənqidçilərlə yanaşı,  İ.Mustafayevin də yazıları ədəbi prosesə bir zənginlik gətirir. “Ulduz” jurnalında Ə.Əylisli ilə müsahibəsi dövrün ədəbi prosesində baş verən hadisələrə, əsərlərə və meyllərə  iki bərabər yönlü baxışı əks etdirirdi. O, müsahibələri üçün problem mövzu seçir, müsahibini ədəbi həqiqətlərin açılmasına dəvət edərək ona layiqincə opponentlik edirdi. Özü də bu həqiqətlərin açılmasında heç kəsə güzəştə getməyərək prinsipial mövqeyini axıradək qoruyub saxlamağı bacarırdı. Yazdığı ədəbi tənqidi məqalələri bu gün yenidən oxuyarkən bu məqalələrin ideologi təmayüllərdən tamamilə xali olduğunun bir daha şahidi oldum. Bu məqalələr problematikasına, yazı üslubuna, canlılığına, emosional ifadə tərzinə, sənətkarlığına görə bu gün də dəyərini qoruyub saxlayır. Sovet ideologiyasından tamamilə kənar olan bu məqalələr orijinal struktura malikdir,  monotonluqdan çox uzaqdır, çoxsəslilik əsasdır, yazı tərzi özünəməxsusdur, bədiiliklə elmilik paralel şəkildə bu yazıların ruhuna hopub, intellektuallıq və yüksək bədii zövq hər cümləsindən, ifadəsindən boy göstərir. “Dostluq ərmağanı”, “El sevgisi”, “Bizdən sonra kimlər gəlir”, “Ürəyə işıq saçan təbəssüm”, “O gecədən yadımda qalanlar”, “Yazıçı idealı və həyat həqiqəti” və s. onlarla məqalələrində ədəbi prosesin müxtəlif problemləri, hadisə və keyfiyyətləri təhlil olunur.

 “Bizdən sonra kimlər gəlir” adlı irihəcmli məqaləsini 70-ci illər Azərbaycan poeziyasının ümumi mənzərəsi, onun nümayəndələri, inkişafının boyartımı, üslub müxtəlifliyi və şair  fərdiyyətlərinin özünəməxsusluqlarını  bütün dolğunluğu ilə özündə əks etdirən Belinskisayağı icmal hesab etmək olar. Tənqidçi “Bizdən sonra gələn nəsil” adı altında yazıb yaradan şairlərdən İsa İsmayılzadə, Məmməd Aslan və Ağa Laçınlının bədii axtarışları, yaradıcılıq uğurları, poetika texnikası, mövzu və problematika axtarışlarını sistemli şəkildə araşdırmağa nail olur. Araşdırmanın gücü onda idi ki, tənqidçinin bu məqaləsindən sonra həm İsa İsmayılzadənin, Məmməd Aslanın, həm də Ağa Laçınlının poeziyasının görünən və görünməyən aspektləri fonunda onların ümumən müasir poeziyada tutduqları mövqelərinə böyük ölçüdə aydınlıq gətirilirdi. İ.İsmayılzadə poeziyasının orijinal cəhətlərini, şair fərdiyyətini , forma və məzmun orijinallığını əhatəli təhlil edən tənqidçi onun keçib gəldiyi poetik yolda səhvlərini deməkdən də çəkinmir, poeziyamızda tutduğu yerini, mövqeyini olduqca dəqiqliklə ifadə edirdi.

Poeziyada sadəliklə primitivliyin, ritorika ilə hikmətin, təbiiliklə süniliyin sərhədlərini gələnəkçi şeir fonunda araşdıran tənqidçi kökə, ənənəyə bağlı Məmməd Aslan və Ağa Laçınlı yaradıcılığı üzərində geniş dayanaraq onların bu ənənəni yaşatmaq yolunda apardığı poetik axtarışların orijinallığına diqqəti yönəldir.  Tənqidçi hər iki şairin xalq poeziyasına dərindən bələd olması, folklor poetik ənənəsinə, xalq təfəkkürünə söykənmələri ilə yanaşı yeni bir poetik yolun başlanğıcında olmaları və hər birinin şair fərdiyyətinin formalaşdığını xüsusi bir əminliklə ifadə edir. Lakin tənqidçi onların  ədəbi mühitdə şeirimizin üslub və formaca cəbhələrə bölündüyü mövcud  “ənənəvi”, “provinsial” şairlərin ön  cərgəsində adlarının çəkilməsinə rəğmən onları “dağlar oğlu”, “nərgiz-bənövşə şairi” kimi görmək istəyənləri dəqiq tənqidçi müşahidələri ilə puç edir. Tənqidçi Məmməd Aslanın şeirlərində ən işlək Dəlidağ bədii obrazının, fikri, ideyanı ifadə edən məcazlar sisteminin orijinallığını, gəldiyi poetik qənaətləri oxucuya uğurla çatdırır. Bu təqdimatdan aydın olur ki,  şairin sadəliyi və aydınlığı, forma ənənəçiliyi içərisində orijinal obrazlar, təşbeh və məcazlar sistemi onun poeziyadakı yerini, mövqeyini möhkəmləndirir.

  Ağa Laçınlı poeziyasının özünəməxsusluğunu təhlil edərkən tənqidçi onun həyat hadisələri və insan münasibətlərinin mahiyyətinə enməsi, təbiət qanunauyğunluqlarına söykənməsi, xalq həyatından doğan fəlsəfi düşüncəyə önəm verməsini ön plana çəkir. Onun poeziyası haqqında qənaətləri elə bilirəm ki, şairin sonrakı yaradıcılığı və ədəbiyyatımızda tutduğu yer üçün də dəqiqliyi ilə göstərilir: “O, (Ağa Laçınlı-B.Ə.) təbiətin ovqatını: fəsillərin çalarını, ətrini, havasını asanlıqla duyur, “Arazbasar”ın baharını, payızını, meşələrin, dağların rəhgdən rəngə düşdüyünü, kəhrəba zəmilərin “telini sığalladığını” incə müşahidələr əsasında detalları ilə şeirə gətirir. Ona görə də ağanın çəkdiyi rəsmlər canlıdır, koloritlidir, rənglərin qövsi-qüzehi təzadlıdır.”

 İ.Mustafayevin məqalələrində, işlətdiyi fikirlərdə, gəldiyi qənaətlərdə daxili məsuliyyət hissi, obyektivlik, tələbkarlıq və prinsipiallıq hər cümləsində, mülahizələrində aydın hiss edilir. 60-80-ci illər ədəbi prosesi ilə bağlı İ.Mustafayevin silsilə məqalələri onu deməyə əsas verir ki, onun simasında bu illərin ədəbiyyatı özünün ən yaxşı araşdırıcılarından birini tapır. “Yazıçı idealı və həyat həqiqəti” məqaləsində bu illərin nəsri, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığı ilə bağlı yeni istiqamət müəyyənləşdirilir. Bu araşdırmalarında altmışıncı illər nəsrinin xüsusiyyətləri, bu nəslin ədəbiyyata gətirdiyi yeniliklər, ədəbiyyatda müsbət-mənfi ölçüsünün süquta uğraması, avtobioqrafizmə artan marağın səbəbləri, ədəbiyyatda mənəvi-əxlaqi mövzuların, psixoloji təhlillərin üstünlük təşkil etməsinin nədənlərinə aydınlıq gətirilir. İ.Hüseynov, Anar, Ə.Əylisli, R.Rövşən, M.Süleymanlı, İ.Məlikzadə, Sabir Azəri, S.Əhmədov və başqalarının bu illərdə dərc olunan əsərləri əsasında yeni nəsrin xüsusiyyətlərini aydınlaşdırmağa çalışır. Tənqidçinin belə bir fikri ilə razılaşmamaq olmur ki, janrından asılı olmayaraq, nəsrin problemlərini müəyyənləşdirən zamandır, cəmiyyətin sosial, siyasi, mənəvi və məzmun tələbləridir.

  Məhsuldar tənqidçi, publisist olmasına rəğmən İsrail Mustafayevin cəmi iki kitabı dərc olunub; hər ikisi (“Bulaq kimi” (1983) monoqrafiyası və “Yazıçı idealı və həyat həqiqəti” (1989) adlı məqalələr məcmuəsi) tənqidçinin sağlığında işıq üzü görüb. Əslində isə bu kitablar onun yaradıcılığının yalnız bir qismini təşkil edir, yaradıcılığının böyük bir qismi isə hələ də tənqidçinin arxivində çapını və gələcək tədqiqatçısını gözləyir. “Bizdən sonra kimlər gəlir” icmal məqaləsinin müəllifinin yaradıcılığı ondan sonra gələnlərin tədqiqat obyekti olmağa tamamilə layiqdir.

professor

 





05.02.2013    çap et  çap et