525.Az

Bəstəkarlar İttifaqında gənc musiqiçilərin əsərləri müzakirə olunub


 

Bəstəkarlar İttifaqında gənc musiqiçilərin əsərləri müzakirə olunub<b style="color:red"></b>

Türkan XUDİYEVA
BMA-nın III kurs tələbəsi

Hər il olduğu kimi, bu il də ölkəmizdə Gənclər günü müxtəlif  tədbir və konsert proqramları ilə qeyd olundu.

Fevralın 1-də Bəstəkarlar İttifaqının Konfrans zalında gənc bəstəkar və musiqişünasların iştirakı ilə dəyirmi masa keçirildi. Bəstəkarlar İttifaqı üzvlərinin, musiqi ocaqlarının təmsilçilərinin iştirak etdiyi bu konfransdan məqsəd gənc bəstəkarların qarşısında duran problemlərin müzakirə edilməsi idi.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov  konfrans iştirakçılarını salamladı, gəncləri təbrik etdi və konfransın məqsədi üzrə müzakirəyə qoyulan problemlər ətrafinda açıq  söhbət təklif etdi. Daha sonra isə Bəstəkarlar İttifaqının katibləri Lalə Hüseynova, Sərdar Fərəcov, Aliyə Məmmədova toplaşanları salamlayib, iştirak edən gənc bəstəkar və musiqişünaslarla tanış oldular. Sonra isə bu il Drezden şəhərində keçirilən ənənəvi festivalda iştirak etmiş gənc bəstəkarlarımızdan üçünün əsərləri videoyazıda təqdim olundu.   Qeyd edək ki, Festivalın bu sayı artıq 26-cı və sonuncu olub XX əsr musiqi avanqardının  ən maraqlı nümayəndələrindən  biri olmuş bəstəkar Con Keycə həsr edilmişdi.

İlk olaraq Ayaz Qəmbərlinin “Qovuşma” əsəri dinlənildi. Əsər skripka, viola və violonçel üçün yazılıb. Festivalda bu əsəri məşhur “Kuaş” ansamblı səsləndirmişdi. Bunun ardınca gənc bəstəkar Türkər Qasımzadənin “Opolesens” əsəri təqdim olundu. Bəstəkar özü konfransda iştirak etmədiyindən əsər haqqında qısa məlumatı Aliyə Məmmədova verdi. O qeyd etdi ki, əsərin adının 2 cür izahı var: birincisi “süd rəngli çalarlar”dır ki, bu da sanki qeyri-adi xüsusiyyətlərə malik opal daşının çalarlarını təsvir edir. Əsərin digər mənası isə “müxtəlif davranış dərəcələri”dir. Bununla da bəstəkar koloristik və fəlsəfi məzmunu bir araya gətirməyə cəhd edib. Əsər viola, fleyta, trambon və 2 zərb aləti üçün nəzərdə tutulub.

Sonda Tahir İbişovun fleyta, klarnet, bas klarnet, vibrofon, violin və violonçel üçün 2 hissəli “Göy üzərində səma” əsəri səsləndi.

Hər 3 əsər dinləndikdən sonra rəy mübadiləsində ilk çıxış edən musiqişünas Turan Məmmədəliyeva bu gənc bəstəkarları qazandıqları uğurlara görə təbrik etdi. O, Ayaz, Tahir və Türkərin əsərlərində musiqi və sükut idealının varlığını, tembr axtarışlarının intensivliyini müsbət cəhət kimi qiymətləndirdi.

Sərdar Fərəcov da öz çıxışında müasir musiqi sahəsində gənclərin bu cür əzm və həvəslə çalışmalarını sevindirici hal kimi qeyd etdi. Həmçinin haqlı olaraq səslənən hər 3 əsər arasında olan eyniliyi, sanki bir bəstəkarın qələminin məhsulu olduğunu vurğuladı: ”Xoşbəxt o bəstəkardır ki, öz simasını tapa bilsin...” Hər bir əsəri dinləyərkən ilk təəssüratın nə qədər əhəmiyyətli olduğunu və onun heç vaxt yanıltmadığını söyləyən çıxışçı sonda gənc konfrans iştirakçılarına kiçik bir nəsihət kimi ənənələri heç zaman unutmamağı, yalnız əqllə deyil, ürəklə çalışmağı tövsiyə etdi.

Ceyran Mahmudova da Sərdar Fərəcovla həmfikir olduğunu bildirdi. O qeyd etdi ki, hər bir bəstəkar üçün öz fərdiliyini,dəsti-xəttini,üslubunu tapa bilməsi əsas şərtdir. C.Mahmudova bir çox konfrans iştirakçılarının da qoşulduğu bir fikri – səslənən əsərlərdə hissələr arasında heç bir nə tematik, nə ritmik təzadın hiss olunmadığını dilə gətirdi. O, üzünü  Ayaz və Tahirə tutaraq, ”Əminəm ki,sizin üçün kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi prosesi hələ qabaqdadır” söylədi.

Aliyə Məmmədova isə Tahirin əsərinə başqa rakursdan  yanaşaraq, əsərdə tematik inkişaf olduğunu və hər iki hissə arasında fərqi hiss etdiyini bildirdi.

Əsərlər haqqında müxtəlif fikirlər söylənərkən, eyni zamanda gənc bəstəkarların qarşısında duran problemlərə də toxunuldu.

İlk növbədə onların fəaliyyətlərinin, uğurlarının daha geniş miqyasda təqdim olunub yayılması problemi ortaya qoyuldu. Ayaz Qəmbərli onları narahat edən ən ümdə məsələnin isə ifa ilə bağlı problem olduğunu bildirdi. Bu problemin həlli ilə bağlı müxtəlif fikirlər irəli sürüldü. Lalə Hüseynova qeyd etdi ki, ilk növbədə müasir musiqi üçün dinləyici və ifaçı tərbiyələnməlidir. Bunun üçün isə belə musiqi tədris proqramına geniş şəkildə daxil olunmalıdır ki,dinləyici kütləsi artsın,qulaqlar bu musiqi ilə tərbiyələnsin. Aliyə Məmmədova bu problemin həlli ilə bağlı başqa bir yol da təklif etdi. O, müasir musiqiyə həvəsi olan tək-tək musiqiçiləri tapıb, onları bir araya yığıb, məhz o  ifaçılar üçün əsər yazmağın səmərəli bir həll yolu olacağını qeyd etdi. Çünki sayca az olsa da, müasir musiqini ifa etmək həvəsində olan musiqiçilər var.

Bütün bu fikirlər söylənilib müzakirələr aparıldıqdan sonra Cəlal Abbasov tədbir iştirakçılarına bir daha təşəkkür edərək, gələcək işlərində  uğurlar arzuladı. Qeyd etdi ki, bu kimi tədbirlərin tez-tez keçirilməsinin gənc musiqiçilərin yaradıcılığına, onların inkişafına müsbət təsiri danılmazdır.

 





06.02.2013    çap et  çap et