525.Az

AMEA Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı araşdırmalara başlayıb


 

AMEA Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı araşdırmalara başlayıb<b style="color:red"></b>

Mahmud Kərimov: “Əsərdə elmi baxımdan bir çox yanlışlıqlar və həqiqətə uyğun olmayan faktlar var, ictimaiyyətin diqqətini bu səhvlərə cəlb edəcəyik”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı araşdırmalara başlayıb. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib.
 
M. Kərimov deyib ki, hazırda AMEA-nın elmi-tədqiqat institutları bu əsərlə bağlı araşdırmalar aparır: “Mən bu barədə tapşırıq vermişəm. Tarix, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə, Sosiologiya və Hüquq institutlarında bu araşdırmalar aparılacaq. Əsərdə elmi baxımdan bir çox yanlışlıqlar və həqiqətə uyğun olmayan faktlar var. Biz bu səhvləri elmi cəhətdən əsaslandıracağıq. İctimaiyyətin diqqətini bu səhvlərə cəlb edəcəyik”.
 
AMEA prezidenti belə bir əsərin işıq üzü görməsindən çox təəssüfləndiyini deyib: “Əsərdə balans gözlənilsəydi, yazıçının humanistliyini və şəxsi mövqeyini başa düşmək olardı. Ancaq “Daş yuxular” çox birtərəfli və qərəzli əsərdir. Əsərdə Azərbaycan xalqı ancaq dağıdıcı qüvvə kimi, ermənilər isə yaradıcı xalq kimi əks olunub. Bu isə Azərbaycan xalqını çox alçaldır. Bununla barışa bilmərik”.
 
M. Kərimov deyib ki, əsər böyük rezonans doğurub və AMEA-da çox pis qarşılanıb.

 





06.02.2013    çap et  çap et