525.Az

Tofiqin son fədakarlığı - Xalq yazıçısı Anar yazır


 

Tofiqin son fədakarlığı - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Görkəmli kino xadimi Tofiq İsmayılov dünyasını dəyişdi. Bu dünyada bir sıra maraqlı filmləri, kitabları, nəsil-nəsil yetişdirdiyi tələbələri, onu ürəkdən sevən dostları, qohumları, rifahı yolunda həyatını fəda etdiyi mehriban ailəsi qaldı.

Tofiqin bir çox filmləri də, ara-sıra çap etdirdiyi kitabları da yeni nəsillərə ünvanlanırdı, yəni bu gün hələ uşaqlıq çağını yaşayan tamaşaçılar, oxucularçun nəzərdə tutulurdu. Çünki gələcək bu günün uşaqlarının hansı filmlərlə, hansı kitablarla yetişəcəklərindən asılıdır və bu baxımdan Tofiqin yalnız sənətimiz qarşısında deyil, ümumiyyətlə, xalqımızın mənəvi istiqbalı qarşısında xidmətləri çox önəmlidir.

Radio-Televiziya Komitəsində Uşaq verilişləri rejissoru kimi çalışarkən, daha sonra Moskvada məşhur Andrey Tarkovskinin kursunda peşəkar kino təhsili alıb studiyamızda bədii və televiziya filmləri çəkərkən Tofiq yalnız bu amala xidmət edirdi və onun zəhməti hədər getmirdi. Filmləri Moskvanın Mərkəzi televiziya ekranlarına çıxır, xarici ölkələrdə göstərilir, milyonlarla seyrçiyə vətənimizin dəyərlərini təbliğ edirdi.

Ömrünün başqa bir mərhələsində - uzun illər İstanbulun Memar Sinan Universitetində müəllim işləyərkən, tələbələriylə zəngin peşə təcrübəsini paylaşırdı, eyni zamanda bütün imkanlarından istifadə edərək qardaş ölkədə Azərbaycan sənətini - kinosunu, musiqisini, teatrını, ədəbiyyatını təbliğ edirdi. O vaxt İstanbulun Böyük şəhər bələdiyyəsi başqanı olan, hazırda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsiylə İstanbulun kültür dairəsinin rəhbəri Şenol Dəmiröz və Tofiq İsmayılov Türkiyə tamaşaçılarını Azərbaycanın klassik və müasir sənətiylə ardıcıl tanış edirdilər. Nə bundan əvvəl, nə bundan sonra Türkiyədə Azərbaycan sənəti bu dövrdə olduğu qədər səmərəli təbliğ olunmayıb. Tofiqin də, Şenol bəyin də bu təəssübkeşliyi yalnız Azərbaycanla məhdudlaşmırdı, İstanbulda uğurla başqa türkdilli ölkələrin də sənət günləri keçirilirdi.

Dərslər, tədbirlər, görüşlər, müxtəlif ölkələrə işgüzar səfərlərlə yanaşı, Tofiq vaxt və imkan tapıb üç cildlik türk xalqlarının kino tarixini yaratdı. Heç bir ölkədə - Türkiyə də daxil - türk kino tarixinə aid belə mötəbər kitab yaranmayıb. Bu kitabı araya-ərsəyə gətirməkçün Tofiqin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan kino örnəklərini bir-bir toplayıb, araşdırıb, kitab şəklində yazıb-yaratmaqçün nə qədər zəhmət və əzab çəkdiyinin mən canlı şahidiyəm.

Tofiq yorulmaz insan idi. Artıq yaşlansa belə, vətənə dönəndən sonra da bir gün belə yaradıcılıq fəaliyyətindən ayrılmadı. İndi də biliklərini Bakıda, İncəsənət İnstitutunda tələbələriylə bölüşdü. Nizami Muzeyiylə əməkdaşlıq etdi və bir neçə görkəmli sənət xadimimiz haqqında qiymətli filmlər çəkdi. Onların sırasında böyük müğənnimiz Müslüm Maqomayev haqqında çəkdiyi filmin özəl əhəmiyyəti var. Müslümün hələ sağlığında onun haqqında Tofiqin çəkdiyi film ilk və yeganə idi. Ölümündən sonra xatirələr əsasında çəkdiyi film də çox önəmlidir. Müslümün ifaları, ayrı-ayrı fraqmentlər, konsertlər, verilişlər şəklində nə qədər çoxdursa, onun yaradıcılığını və şəxsiyyətini belə bitkin, dolğun şəkildə əks etdirən məhz Tofiq İsmayılovun filmidir.

Tofiqin gördüyü böyük işlərin müqabilində heç bir iddiası yox idi. Hərçənd onu da yaxşı bilirdi ki, çox vaxt məhz iddiası böyük olanların nazıyla oynayırlar. Və belələrinin iddialarına sözsüz əməl etdikcə iddialar da bitib-tükənmir, əksinə, daha da artır. Necə deyərlər, iştah diş altındadır. Və cəmiyyətdə belə bir fikir yaranır ki, hamı bu bir neçə iddialı adamın bütün istəklərinə əməl etməyə borcludur. Çox vaxt isə bu iddialar iddiasızların hesabına ödənilir.

Hörmətli Prezidentimiz, Tofiq İsmayılovun sənətini yüksək qiymətləndirərək, ona Xalq artisti adı və fərdi təqaüd vermişdi. Tofiq buna görə minnətdar idi və başqa bir təmənnası da yoxdu. Yalnız iki arzusu vardı: istədiyi işləri görmək üçün tale ona möhlət versin və bir də nəvələrinin toyunu çalsın.

Düçar olduğu ağır xəstəlik Tofiqin əlini işdən soyutmamışdı, böyük əzmi, yaşamaq və yaratmaq həvəsi, xəstəliyə təslim olmamaq inadı sayəsində öz həyatını da, sənət ömrünü də bir neçə il uzatdı. Nəvələrindən birinin toyunu da etdi. Fərəhləndi, sevindi. Sayılı günləri qaldığını bilsə də.

Tofiqlə gənclik dostu olmaqdan başqa, həm də qohumuq, qudayıq. Ümumi nəvəmiz, Turalla Sevincin oğlu Rəsulu da nişanlamışdıq. Tofiqin xəstəliyi isə birdən-birə şiddətləndi, artıq çarəsiz və ümidsiz bir vəziyyət yarandı. "Bəlkə toyu təxirə salaq" deyə ona müraciət edəndə qəti şəkildə etiraz etdi. "Elə çıxır ki, mənim ölümümü gözləyirsiz. Mən o toyda iştirak edəcəm və hətta rəqs də edəcəm". Toya gələ bilməsə də, inanılmaz iradəylə toy gününə qədər yaşadı. Martın 16-da bir gözümüz ağlaya-ağlaya, bir gözümüz gülərək, Rəsulla Fidanın toyunu etdik. Toydan görüntüləri videoya çəkib xəstəxanada Tofiqə göstərdilər.

Tofiq ailəsinə bir böyük mənəvi miras da qoyubmuş - heç bir vaxt qürurunu, heysiyyətini maddi maraqlara qurban verməmək, çünki insanın ləyaqəti bütün səlahiyyətlərdən, rütbələrdən, nəyə görəsə çıxarılan məntiqsiz qərarlardan üstündür.

Toydan düz doqquz gün sonra, martın 25-də Tofiq rəhmətə getdi. Toya qədər yaşayıb gənclərin xoş gününü pozmamaq, ömrü boyu ailəsi yolunda hər zəhmətə dözən Tofiqin əzizləri qarşısında son fədakarlığı idi.

 





29.03.2016    çap et  çap et