525.Az

İçərişəhərdə siqaret çəkmək qadağan edildi


 

İçərişəhərdə siqaret çəkmək qadağan edildi<b style="color:red"></b>

İçərişəhər ərazisindəki kafe və digər ictimai iaşə obyektlərində siqaret çəkilməsi ilə bağlı məhdudiyyətlərin tətbiqinə başlanılıb. Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, ictimai yerlərdə və qapalı məkanlarda tütün məmulatlarının istifadəsi uzun müddətdir ki, cəmiyyət üçün aktual problem olaraq qalmaqdadır. Siqaret tüstüsünün tərkibində 43-ü kanserogen olmaqla 200-ə yaxın toksiki maddənin olduğunu nəzərə alsaq, yaratdığı fəsadların həcmini də təxmin etmiş olarıq.

Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı məhdudiyyətlərə hələ də tam əməl olunmur. Siqaretə qarşı mübarizəyə dəstək olmaq məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda yeni layihəyə start verilib.

Sağlam həyat tərzini təbliğ edən tədbirlər çərçivəsində İçərişəhər ərazisindəki bir sıra ictimai iaşə obyektlərində siqaret çəkilməsi ilə bağlı artıq qadağa və məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Belə ki, həmin obyektlərin daxili məkanı siqaret çəkənlər və çəkməyənlər üzrə bölünüb. Siqaret çəkənlər üçün nəzərdə tutulmuş zalda havatəmizləyici qurğulardan istifadə olunur.

Bir zaldan ibarət, kiçik məkanlı və bölünməsi mümkün olmayan obyektlərdə isə siqaret çəkilməsi tamamilə qadağan olunub.

Siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlərin gələcəkdə ərazidəki bütün obyektlərdə tətbiq olunacağı nəzərdə tutulur.

 





06.02.2013    çap et  çap et