525.Az

İranı silkələyən gizli danışığın MƏTNİ


 

İranı silkələyən gizli danışığın <b style="color:red">MƏTNİ</b>

İran parlamentində prezident Mahmud Əhmədinejadın dinlətdirdiyi və parlamentin sədri Əli Laricani ilə arasında siyasi qalmaqala səbəb olan gizli audioyazının videosu da yayılıb.
 
APA-nın məlumatına görə, gizli kameradan çəkilən videogörüntülərdə Əli Laricaninin qardaşı Fazil Laricani ilə Tehranın sabiq prokuroru Səid Mürtəzəvinin söhbəti əks olunub.
 
Parlamentdə audioyazı dinlənildikdən sonra F.Laricanı səsin ona aid olmadığını iddia etsə də, videodakı şəxsin o olduğu aydın şəkildə görünür. Söhbətdə F.Laricani S.Mürtəzəvidən ona bir şirkətlə əməkdaşlıq etməsi üçün yardım göstərməsini istəyir. Qarşılığında isə qardaşı Ə.Laricani vasitəsilə S.Mürtəzəvinin Ali Məhkəmə ilə münasibətinin yaxşılaşdırılacağını vəd edir. Söhbətin bir hissəsinin stenoqramı belədir:
 
Fazil Laricani:
 
- Mən “Z” iqtisadi qrupu ilə əməkdaşlıq etmək niyyətindəyəm. Amma bu fəaliyyətimin rəsmi və müqavilə əsasında sənədləşməsini istəmirəm. Siz son günlərdə Əli ağanı görübsünüz?
 
Səid Mürtəzəvi:
 
- Yox.
 
Fazil Laricani:
 
- Əli ağanın sizə qarşı xoş niyyəti var. O, sizin Ali Məhkəmə ilə münasibətinizin yaxşılaşmasına yardım edə bilər. Bunun üçün bir ciddi görüş təşkil etməliyik. Amma parlamentdən və Ali Məhkəmədən qıraqda olsun. Məsələn, evdə. Sənə səmimiyyətlə deyirəm ki, “Z” qrupu ilə işləmək istəyirəm. Onlara bir neçə layihə təklif edim. Məsələn, neft emalı zavodu və ona bənzər layihələr olsun ki, bizimlə işləməyə meylləri olsun.
 
Səid Mürtəzəvi:
 
- Mən sizə bu işlə bağlı necə yardım edə bilərəm?
 
Fazil Laricani:
 
- Məni “Z” qrupunun rəhbəri ilə tanış et.
 
Səid Mürtəzəvi:
 
- Tanımırsız?
 
Fazil Laricani:
 
- Yox, sən tanış et. Qoy “Z” qrupu elə hiss etsin ki, mən sizin nümayəndənizəm.
 
Səid Mürtəzəvi:
 
- Xaricdə də sizinlə əməkdaşlıq etmələrini istəmişəm. Sizin fikriniz nədir?
 
Fazil Laricani:
 
- Mən şəraitin necə olduğunu bilmirəm. Amma məni bir məsləhətçiləri kimi görsələr, əməkdaşlıq edə bilərik.
 
Səid Mürtəzəvi:
 
- Sizi məsləhətçi və ya müşavir kimi təqdim etməyim şanınıza yaraşmaz. Siz parlamentin və Məhkəmə Sisteminin sədrlərinin qardaşısınız.

Fazil Laricani:
 
- Siz onlara deyin ki, bu iş onların özü üçün çox yaxşıdır. Bu yolla sahələrini gələcəkdə genişləndirə bilərlər. 
 
Səid Mürtəzəvi:
 
- Parlamentdə və Məhkəmə Sistemində bir iş görə bilərsiniz?
 
Fazil Laricani:
 
- Bu şəraitə bağlıdır. Cənab İ.B. məşhur şəxsiyyətlərdəndir və mömin dindardır. Bir neçə neft-kimya sahəsi ilə bağlı layihə hazırlayıb, yardıma ehtiyacı var.
 
Səid Mürtəzəvi:
 
- Onun üçün nə edəcəksiniz? 

Fazil Laricani:
 
- Bank işlərində problemləri var. Sabah saat 09:00-da görüşüb, problemlərini həll etməyə çalışacağam.

Səid Mürtəzəvi:
 
- Sizin etibarınız var. Qardaşlarınızdan əmr ala bilərsiniz?
 
Fazil Laricani:
 
- Bəli, gərək bu Allah bəndəsinin işi həll ola. Başqa da problemləri vardı, həll etdik.
 
Qeyd edək ki, S.Mürtəzəvi 2009-cu ilin iyununda İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkiləri zamanı Kəhrizək həbsxanasında müxalifətçilərə qarşı törədilən cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılıb, hələ də işi məhkəmədədir. M.Əhmədinejad ölkədə qanunsuzluqların baş verdiyini və bunun arxasında Əli Laricaninin dayandığını deyib. O, həmçinin Laricani qardaşlarının İranın Məhkəmə Sistemini ailə məhkəməsinə çevirməkdə ittiham edib.

 





06.02.2013    çap et  çap et