525.Az

Rusiyadan gələn turistlərin sayı xeyli artıb


 

Rusiyadan gələn turistlərin sayı xeyli artıb <b style="color:red"></b>

"Novruz bayramı ərəfəsində Azərbaycana gələn iranlı turistlərlə bağlı bizdə dəqiq statistika yoxdur. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib və yaxın günlərdə cavab veriləcək".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib. Onun sözlərinə görə, burada ölkəyə on minlərlə turistin gəlməsindən söhbət gedir. Nazir müavini xatırladıb ki, ölkəmizdə belə ajiotaj 2011-ci ildə yaşanmışdı:

"Bu il də həmin göstərici qeydə alındı. Burada təbii ki, müxtəlif faktorlar rol oynayıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra dollar müqabilində biz daha cəlbedici və rəqabətə dözümlüyük. Bu məsələdə eyni zamanda, viza verilməsi prosedurunun sadələşdirilməsi böyük rol oynayıb. Xüsusilə İrandan gələn turistlər üçün dil baryeri yoxdur.

Onlar sərbəst şəkildə Azərbaycan dilində danışdığından problem yaşanmır. Qonşu ölkələrlə İranı müqayisə etdikdə, bu, əsas faktorlardan biridir. Ona görə də bu il ölkəmizə xeyli sayda turist gəlməyə başlayıb". 

N.Səmədov qeyd edib ki, bu il həmçinin, Rusiyadan gələn turistlərin sayında da artım olub: "Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Biz obyektiv faktorlara əsaslanaraq öz işimizi təşkil edirik. Bildiyiniz kimi, Moskvada bizim rəsmi nümayəndəliyimiz açılıb və onlar da bu prosesdə fəal şəkildə iştirak edirlər. Artıq Rusiya vətəndaşlarının ölkəmizə axınından danışa bilərik". 

Nazir müavini vurğulayıb ki, əvvəllər xarici ölkələrdən biznes məqsədi ilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir:

“Rusiyadan ölkəmizə gələnlərin sayında artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb. Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik.

Burda təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Misal olaraq, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, eyni zamanda Avropa ilə təhlükəsizlik problemləri buna əyani sübutdur. Ona görə də çalışırıq ki, bu məsələdə əlimizə düşən fürsətdən lazımınca istifadə edə bilək. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun”.

 





30.03.2016    çap et  çap et