525.Az

“Qarabağ məsələsində Polşanın dəstəyini artırmasına ehtiyac var”


 

“Qarabağ məsələsində Polşanın dəstəyini artırmasına ehtiyac var”<b style="color:red"></b>

“Polşa və polyaklar bizim üçün çox əzizdir”. 

525.az-ın məlumatına görə, bunu millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deputat həmkarı Elxan Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Polşaya səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında dilə gətirib. Onun dediyinə görə, ötən əsrin 20-ci ilində Azərbaycan ruslar tərəfindən işğal edildikdən, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra dahi öndər Məhəmməd Əmin Rəsulzadə bir müddət Polşada yaşayıb, mücadilə aparıb. Millət vəkili qeyd edib ki, Polşada yaşayarkən M.Ə. Rəzulzadə Azərbaycanla bağlı məşhur əsərini yazıb və bu işdə ona ikinci həyat yoldaşı, əslən polyak olan xanım köməklik göstərib, həmin əsəri polyak dilinə tərcümə edib: “Mən bunu Polşa Seyminin Beynəlxalq əlaqələr komitəsində çıxışım zamanı da qeyd etdim. Onu da bildirdim ki, Polşa eyni zamanda, bizə bu ölkənin keçmiş rəhbəri-mərhum Lex Kaçinskiyə görə, çox doğma və əzizdir. Bildiyiniz kimi, məhz onun hakimiyyəti dövründə - indi onun partiyası hakimiyyətdə deyil- Polşa-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdı. Buna görə də o Azərbaycan ən yüksək, ən ali ordeninə layiq görülmüşdü.

Eyni zamanda, məlum Gürcüstan hadisə zamanı  da o heç nədən çəkinməyərək, Azərbaycan ərazisindən keçməklə Gürcüstana getmiş və gürcü xalqı  ilə həmrəyliyini nümayiş etdirmişdi. Azərbaycanla Polşa arasında əlaqələr bu gün də uğurla davam etməkdədir. Çox müsbət haldır ki, Polşaya səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri- nazirlər, ali məktəb rektorları, millət vəkilləri çox yüksək səviyyəli görüşlər, müzakirələr keçirməyə nail oldular.

Həmçinin, onu da qeyd edim ki, qonşu ölkə Azərbaycanın müstəqilliyi ilə heç cür barışmaq istəmir və ölkəmizin 20 faizini hələ də işğal altında saxlayır. Bu baxımdan, Azərbaycan həqiqətlərinin, Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında Polşanın və polyakların da dəstəyinə ehtiyac var. Çox əlamətdar haldır ki, Polşa rəhbərliyi və polyak xalqı da Azərbaycana bu dəstəyi verir, ancaq bu dəstəyin artırılmasına ehtiyac duyulur.

Bu yerdə həmçinin, bir məqamı da nəzərə çatdırım ki, biz görüşlərə gedəndə hər dəfə özümüzlə bir baqaj kitab aparırdıq, onları paylayırdıq. Yəni, bu kitablar Azərbaycan həqiqətlərindən, Qarabağ reallıqlarından bəhs edən kitablardı. Ona görə bu səfəri həddən artıq uğurlu hesab edirəm”.

K.Həmzəoğlu

 





06.02.2013    çap et  çap et