525.Az

Ağgülün müharibəsi - (Hekayə)


 

Ağgülün müharibəsi - <b style="color:red">(Hekayə)</b>

Kəlbəcərin yeddi dolamasını üzü Taxtaya qalxırdıq. Soltan dayı qarşımıza gəldi və ilk sözü bu oldu ki, Ağgül azarlayıb.

Ağgül inəyimizin adıdır. Anam ona "Şves" inək deyirdi. İndi bilirəm ki, bu, İsveçrə (Şvetsariya) cinsi demək imiş. O vaxt heç kəs bilmirdi bunu. Çünki o zaman bu cins Azərbaycana gətirilmişdi, ya yox, bilmirəm, amma bizim tərəkəmələrdə yüz faiz yox idi, sadəcə, sözbaz tərəkəmələr uzun, enli və çox süd verən inəklərə belə ad qoyurdular. Bu, bir tərəfdən də əzizləmə mənasında işlənirdi.

 Ağgülün əmcəyinin biri kor idi, buna baxmayaraq, bircə sağımda südü vedrəni doldururdu.

Anam Ağgülün azarlamasını eşidəndə, bir yumub, beş tökdü, yenə Soltan dayı inəyin sağalması üçün çıxış yolu qoymadı.

Soltan dayı dərədəki İstisu sanatoriyasına gedirdi ki, oradan 10-15 şüşə "İstisu" alsın, arvadı Məleykə xalanın mədəsi xəstə idi.

Əvvəl yaylağa  binələrimiz gedirdi, yəni yüngül qab-qacaq, dəyə tikmək üçün beş-altı çubuq və başqa xırda-mırda şeylər... İmişlidən dağdakı yurd yerlərimizə getmək üçün  yeddi dəfə binələr əylənərdi - Beyləqanın Haramı düzü, Qubadlı, Cəbrayıl, Çay, Daş körpü, Mıxtökən, Laçında Minkənd və sair yerlərdə... Hər yurdda üç, ya dörd gün dayanardıq.

Soltan dayı o bəd xəbəri verəndə dəyələrimiz artıq sonuncu yurd yerimizdə toxtamışdı, arxadan ağır evlərimiz gəlirdi. Qaz-51 və ya Qaz-53 yük maşınlarının banına ağırlığımız yüklənirdi. Bura daxil idi mitil yığılmış fərməşlər, neft qabları, un kisələri, iri çubuqlar, qablar, ləyənlər və fərməşlərin üstündə ailə üzvləri - arvadlar və uşaqlar əyləşərdi. Maşınlar yurd yerlərinə çatanda çobanlar bir-birilərinə təbrik edib gözaydınlığı verirdilər: Gözün aydın, arvad gəlib!

İndi biz yeddi dolamanı çıxırdıq. Soltan dayı qanımızı elə qaraldı ki, Taxtaya necə gəldiyimizdən xəbərimiz olmadı. Taxtada şəhərdən istirahətə gələnlərin çadırları, yeməkxanalar, içində aşıqları, kabab iyi, çal-çağır, peraşki satanların səsi, gödək don geyinmiş şəhər qızlarının voleybol oynamaları, nalbəndlərin fıştırığı, hind filmlərinin şəkillərini satan oğlanların hind musiqilərini yamsılamaları, daha nə bilim nələr və bizə qəribə gələn çox şeylər Taxtanı başına götürmüşdü... Maşının üstündən, çubuqların  arasından utana-utana baxırdıq bu mənzərəyə. Peraşki yeməkdən doymurduq, kabab-zad istəmirdik, çünki biz ilk dəfəydi peraşki görürdük. Burdan maşınlar iki istiqamətə ayrılır, biri Qara xaç yolu - Murad təpəsinə, Çaxmaq qayaya, Sarı yerə, Qırmızı təpəyə gedən yol, biri də Soltan Heydər yolu - Gəlin qayasına, Bağırsaq dərəsinə, Ceyran bulağına, Dəlidağa, Sarımsaqlıya, Çalbayıra, Əyriburuna, Süleyman və Lilpar bulaqlarına, Əyri qara gedən yol... İndi biz Soltan Heydər yolu ilə Lilpar bulağına gedirik.

Anam ağlayır, hey öz-özünə deyirdi: "Görəsən, Ağgül niyə azarlayıb?"

Anam Ağgülə çoxlu nəğmələr qoşub, hər dəfə sağanda onları oxuyur, inək xoşhallanır, südü çox verir və anamdan başqa heç kəsi sağmağa qoymurdu.

Bir dəfə qışlaqda Ağgülün balası öldü... Balası üçün hey mələyirdi Ağgül. Anam dözmürdü, gözünün yaşını saxlaya bilmirdi... Yeriyəndə əmcəyindən süd tökülürdü, çünki Ağgülün yelini çox böyük idi.

Ağsaqqal kişilər yığıldı ki, gəlin anası ölmüş bir buzovu Ağgülə övladlığa verək, südü  qurumasın. Ancaq necə? Bunu Ağgül götürərmi, qəbul eləyərmi? Əlbəttə, yox. Kişilər Ağgülün ölmüş balasının dərisini soyub başqa bir buzovun belinə sərdilər, üstünə duz səpdilər ki, Ağgül yalayar, ağzı dada gələr, onu öz balası hesab eləyib qəbul edər. Ağgül buzovu iylədi və buynuzları ilə itələdi. Anamı yenə ağlamaq tutdu, Ağgülün vəfasına "əhsən" dedi. Başqa fermadan bir kişi gəlib, başqa cür əlac qıldı. O, "qalın bir örkən gətirin" - dedi. Örkəni sabunlayıb Ağgülün təninə saldılar, örkən xeyli gedəndən sonra burmağa başladılar, inək ağrıdan qıvrılırdı. Sonra örkəni bura-bura çıxartdılar. İnək elə bilirdi ki, doğur. Bu ağrı doğmağının ağrısına oxşayırdı. Örkəni çıxardan kimi yad buzovu Ağgülün altına buraxdılar. Ağgül buzovu yalamağa başladı, elə bildi ki, indicə doğub və buzovu altına buraxdı. Ağgülün aldanmağına anam çox ağlayırdı, "Ağgülümü niyə aldatdınız?" - deyirdi.

Soltan dayı "Ağgül azarlayıb" - deyən kimi anam tələsdi, "Maşını tez sür" - dedi sürücüyə.

Yurda çatdıq, maşından düşən kimi anam Ağgülün yanına gəldi, kürəyini qaşıdı. Ağgül güclə ayağa qalxdı, çünki bildi ki, anam gəlib. Amma yenə yıxıldı. Anam atama "Bəlkə Ağgülü vurmusan?" - dedi. "Bəlkə Sarımsaqlı dağında zəhərli ot yeyib?" Atam dedi, vallah bilmirəm, elə axşamdan burtağlayıb (azarlayıb). Anamın tapşırığı ilə Ağgülün boğazına yarım vedrə ağartı tökdülər, sonra onu qovdular, inək qaçdıqca böyrünə gərməşov ağacla vurdular, inək qaçdı, atam qovdu. Əvvəl dedilər, yəqin dabaq xəstəliyidir. Anam "yox" - dedi. Dedilər, Qarayaradı, anam yenə razılaşmadı. Dedilər,  qaraciyərində kəpənək qurdu var, anam dedi, qəti yox... Duz gətirib yalatdırdı inəyə... Dağ otlarının duzu yoxdur axı. Ağgül duzdan yaladı, sudan içdi. Anam o biri inəkləri Ağgülə qurban dedi. Boynunu qucaqlayıb, nəğməsini oxudu, yelinini sığalladı, sinəsini qaşıdı, bir-iki gənə vardı, onu təmizlədi. Sonra yenə oxudu: 

Ağgülüm hey,
Ay dağlarda ağ gülüm hey,
Naxırda uzun boylum hey,
Uzaqdan gələndə yüyürənim hey
Çirkli yerlərdə yatmayanım hey,
Çirkli yerlərdə otlamayanım hey
Özgə arvadları sağmağa
qoymayanım hey
Quzum hey
Balam heyy
Evim heyy. 

Anam oxuduqca inək xoşhallanırdı. Anam atama dedi ki, Ağgül mənim xiffətimi çəkib. İnək get-gedə yaxşılaşdı. Ağgülün çoxlu balası vardı, böyümüşdülər, onların da balaları vardı. Anam onlara "Ağgül balası" deyirdi.

Aylar, günlər yaman namərddir, bir-birinin dabanını basa-basa ötürdülər. Biz də arandan yaylağa, yaylaqda arana köçməkdə idik.

Günlərin bir günü anam xəstələndi. Dərdinin dərmanı tapılmadı, dünyasını dəyişdi. Bir ildən sonra atamı evləndirdim. Bacılarım mənə "etibarsız" dedi.

Ağgül yenicə doğmuşdu, balasını duz kimi yalayırdı, anamdan xəbəri yox idi. Analığım Ağgülü sağmaq istədi, qoymadı, təpiklə vurdu, nə qədər elədilər, heç kəsi yaxına qoymadı. Bu dəfə Ağgülü aldada bilmədilər. Axırda atam analığımın gözünün qabağında Ağgülü ağacla o ki var döydü, inək yenə yumşalmadı, analığım inəyi sağıb, məharətini göstərmək istəyirdi. Ağgül anamı gəzirdi, nəğməsini istəyirdi. Yenə atam inəyi döydü, axırda inəyin ayaqları titrəməyə başladı. Anam yadıma düşdü, məni ağlamaq tutdu.

Bu o zaman idi ki, daha dağa gedə bilmirdik, yaylaqlarımız ermənilərin əlində idi. Ağgül  qəşəng, göy, dadlı otlara həsrət idi. Saman, ya da düşəndə preslənmiş quru ot yeyirdi. Arıqlamışdı, atam o qədər döymüşdü ki, axsayır, amma yenə o qadını sağmağa qoymurdu.

Bir gün Ağgül xəstələndi, heç nə yemədi, yelini əriməyə başladı. Taqətdən düşürdü. Daha ona qurban deyən yox idi. Anam bir dəfə onun nəğməsini oxusaydı, bəlkə də sağalardı. Harada idi anam?!

Atam dedi, inək öləcək, gərək aparıb ət kombinatına verim, orda inəkləri kəsib kolbasa düzəldirlər. Ancaq xəstə inəyi götürərlərmi?

Səhər Ağgülü zorla Qaz-53 maşının banına mindirdik. Balası mələyirdi, elə bil analığım sevinirdi. Ağgül getmək istəmirdi, fermamız və balası gözdən itənə kimi mələdi. Sonra gördüyü yerləri tanımadı deyə, heç başını yuxarı qaldırmadı da.

Ağgülü ət kombinatının direktoru ilə yarı qiymətə razılaşdıq. Dedilər, indi kəsəcəklər. Atamı maraq götürdü, dedi, qoy kəssinlər, görək dərdi nədir? Həm də onun çəkisini bilmək bizə lazım idi. Çəkəndən sonra pulumuzu verəcəkdilər.

Ağgülü dar bir yerə gətirdilər, qaçmaq mümkün deyildi, qorxusundan gözləri dörd olmuşdu. Anam yadıma düşdü, yenə məni ağlamaq tutdu. Atam da ağladı. Ağgülü alnının ortasından yüksək gərginlikli elektrik cərəyanı verib öldürdülər. Sonra ayağından bağlayıb yuxarı qaldırdılar, haça bir dəmirdən asdılar. Dərisini soydular. Ağgülün mədəsindən iki dənə 5 sm uzunluğunda məftil çıxdı. Məftil mədəni deşib şişirtmişdi. Ağgülü məftil öldürmüşdü. Məftillə bağlanmış saman yeyəndə udmuşdu. Atam məftilləri əl dəsmalına büküb götürdü.

Ağgülü doyunca ağladıq.

Ağgülü müharibə öldürmüşdü. Məftil müharibə idi. Müharibə olmasaydı, Ağgül Aranda nə gəzirdi, samanı niyə yeyirdi?

Ağgülün çəkisi 650 kilo gəldi, hesablayıb pulumuzu verdilər. Dərisini götürüb qayıtdıq fermaya. Balası qabağımıza yüyürdü, xeyli mələdi.

Atam dəsmala bükülmüş məftilləri analığıma verib, "Sandığa qoy" - dedi.

Çölə çıxanda nə görsək yaxşıdır? Buzov Ağgülün duzlanmış  dərisinin üstə yatmışdı. Çənəsini dərinin üstə qoymuşdu.

Bu hadisə 1993-cü ildə baş verdi. 2009-cu ildə atam dünyasını dəyişdi. Analığım bir gün məftili çölə atmaq istəyəndə qoymadım. Məftili evimə gətirdim, indiyə kimi saxlayıram...

 





31.03.2016    çap et  çap et