525.Az

Din və cəmiyyət dövlətin nəzərində


 

Cəmiyyətin yaratdığı dövlət qanunun aliliyi, qanunun mahiyyəti isə əxlaq və mənəviyyatdır. İdealda belə olmalıdır.

Din və cəmiyyət dövlətin nəzərində<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor

www.raliyev.az
[email protected]

“Din və dövlət” münasibəti ideologiya (inam) və hakimiyyətin müvazinəti üzərində qurulmuş idarəetmə sisteminin möhkəmliyinin mühüm elementidir. Bu çətin həll edilə bilən məsələ bütün bəşəriyyəti narahat edir və dünya vətəndaşlarının taleyinə təsir göstərə bilir. Başqa sözlə, bu problem, əsas etibarilə, insan əqidələri və onun konkret əməlləri arasındakı əlaqə süzgəcindən keçir.

Bir çox insanlar demokratik cəmiyyətdə dinin və əqidənin rolu arasında fərq qoymamaqla səhvə yol verirlər. Çox vaxt insanlar bu iki məfhumun mahiyyətinə varmır və ola bilsin ki, belə yanaşma nəticəsində terrorizm, ekstremizm, din və əqidə kimi anlayışlar və eləcə də onlar arasındakı qarşılıqlı əlaqə nəinki sadə vətəndaşlar, həmçinin çoxdan bəri bu sahə ilə məşğul olan şəxslər üçün də qaranlıq qalır. İnsanlar bilməməzlikləri üzündən çox vaxt əqidə azadlığını din və etiqad azadlığı ilə səhv salırlar.

Əqidə azadlığı bir çox beynəlxalq müqavilə, konvensiya, qərar və qətnamələrdə əsas insan haqlarından biri kimi qəbul olunub və demək olar ki, o, bütün dünya dövlətlərinin, o cümlədən də Azərbaycanın Konstitusiyasında öz əksini tapıb.

Lakin biz bir faktı da nəzərə almalıyıq ki, insanın əqidəsi yalnız din ilə məhdudlaşmır. Əqidə azadlığının özü, əsas etibarilə, qanunlarla tənzimlənir və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Tarixə bir qədər nəzər salsaq, biz əmin ola bilərik ki, insanların əqidələri, o cümlədən də dini, çox zaman onların əməlləri ilə ziddiyyət təşkil edib. Cəmiyyətdə olduğu kimi, ailədə də əqidə məsələləri çox vaxt bəzi çətinliklərin və münaqişə vəziyyətlərinin yaranması üçün ilkin amil olur.

Dəhşətli müharibələr, faciəli münaqişələr, dünya xəritəsinin dəfələrlə dəyişdirilməsi, imperiyaların qurulması və süqutu qədim zamanlardan başlayaraq ta bu günümüzədək heç də həmişə yalnız insanların hakimiyyətə can atması səbəbindən baş verməyib. Əqidələr və çox zaman dini əqidələr bu amansız və mənasız mübarizənin tərkib hissəsi olub. Tarixi faktlar göstərir ki, din naminə və ya din pərdəsi altında aparılan müharibələr zamanı I və II Dünya müharibəsində olduğundan heç də az qan tökülməyib.

Qüdsün bütpərəstlər tərəfindən dağıdılması, xristianlığın yayılması nəticəsində IV əsrin sonu – V əsrin başlanğıcında Roma imperiyasının süqutu, xaç yürüşləri, müsəlman istilaları, orta əsr inkvizisiyası, eləcə də bilavasitə dinlə bağlı digər məşhur hadisə və faktlar bir daha sübut edir ki, din kimi formalaşan əqidələr cəmiyyətdə uğur və üstünlüyü heç də həmişə sülh yolu ilə əldə etməyib və hakimiyyət naminə çox vaxt güc və silaha əl atıb.

Söhbət dinin ilahi mahiyyətindən deyil, bu mahiyyətin dərki və cəmiyyətdə din praktikasına müxtəlif yanaşmalardan gedir.

2001-ci il 11 sentyabrdan dərhal sonra terroru və ümumiyyətlə, terrorizmi din ilə əlaqələndirməyə başlayan çoxlu insan peyda oldu. Təəssüflər olsun ki, islamı terror dini adlandıranlar da tapıldı. Bu faciəli hadisələrdən bir neçə il keçib, ancaq heç kim cürət göstərib din, dini əqidələr ilə belə miqyaslı terror arasında əlaqənin mövcudluğu məsələsinə aydınlıq gətirmək istəmir. Bəziləri bir qədər ehtiyatla dinin terror və ekstremizm ilə əlaqəsinə işarə edir, digərləri isə dini əqidələr, terror və ekstremizm arasında hansısa bir əlaqənin olmamasını sübut etmək və bununla da dinin özünü və heç də həmişə sırf dini məsələlərlə məşğul olmayan dini təşkilatları sığortalamağa cəhd göstərirlər. Bu təşkilatlar arasında, əlbəttə ki, öz bank hesablarından terror aktlarını təşkil edənlərə gizli maliyyə vəsaiti ayırmaqla terrorizmdə əli olanlar da vardır. Bu, təbii ki, başqa bir söhbətin mövzusudur. İndi biz tamamilə ayrı məsələ haqqında danışırıq.

Bildiyimiz kimi, din və əqidə mücərrəd məfhumlar deyildir. Terroristlər, ekstremistlər və din uğrunda həyatlarını qurban verən insanlar da “virtual” subyektlər olmurlar. Əlbəttə, ki, onlar dini, milliyyəti və vətəndaşlığı olan konkret şəxslərdir.

Əgər biz XX əsrdə və ya son 50 ildə baş vermiş hadisələri, heç olmasa, ötəri şəkildə təhlil etsək, əmin ola bilərik ki, bugünkü müharibə və münaqişələrin “ideoloji” və “siyasi” çalarlar almasında din amilinin rolu şübhəsizdir.

Son illərin hadisələri, xüsusilə də İsrail-Fələstin qarşıdurması, Olsterdə katolik və protestantların uzunmüddətli qarşıdurmaları, birinci və ikinci çeçen müharibələri və nəhayət, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi bütün deyilənlərə konkret məna verir.

Çoxsaylı insan qurbanları ilə müşayiət olunan bu müharibə və münaqişələr din amilinin təsirinə məruz qalır, onların bəzilərində isə din və dini təşkilatlar ideoloji dəstək rolunu oynayır. Məsələn, erməni apostol kilsəsi sözdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Lakin o, indiyə kimi bu münaqişənin Ermənistanın işğalçı siyasətinin nəticəsi olduğunu qəbul etməyib. Azərbaycanın ərazi bütövlüyünü həmişə Dağlıq Qarabağsız qələmə verməyə çalışıb. 1988-1989-cu illərdə erməni kilsəsi Qarabağ ermənilərinin separatçı ideyalarını dəstəkləyib.

Buna görə də demokratik cəmiyyətdə dinin rolunu nəzərdən keçirdikdə dünyəvi dinlərin və müqəddəs kitabların ilkin sülhsevər xarakterinə diqqət yetirmək və bununla yanaşı, dinlə məşğul olan insanların fəaliyyətinə demokratik və vətəndaş cəmiyyətinin qanunları, dini liderlərin böyük nüfuzunun olması baxımından yanaşmaq və cəmiyyətdə onların rolunu və vəzifəsini müəyyən etmək lazımdır.

Bu vəzifə, ən azından, demokratik cəmiyyətdə məlum səbəblərdən hakimiyyət tərəfindən din xadimlərinə verilən imtiyazlara uyğun reaksiya olmalıdır. Bu imtiyazlar, hətta, beynəlxalq və yerli qanunvericilik tərəfindən təmin edilən vətəndaş hüquqlarında da mövcuddur.

Bu gün cəmiyyətdə baş verən prosesləri təhlil etdikdə aydın olur ki, insan haqları və azadlıqlarının, o cümlədən onun etiqad azadlığının müdafiəsi və tam şəkildə təmin edilməsi üçün demokratik cəmiyyətin güclü hakimiyyət və effektiv idarə edilməyə ehtiyacı var. Bu qəbul olunmuş qaydaya Avropa və Amerikada demokratiyanın yaradıcıları da riayət edirdilər.

Cəmiyyət üçün vacib olan bu iki amil insanların əxlaq və əqidələri ilə bilavasitə bağlıdır.

Oxucuları çox zaman müzakirə mövzusuna çevrilən dövlət (hakimiyyət) və din (inam) problemlərinə dair öz fikir və mülahizələrimlə tanış etmək istərdim.

1. Əminəm ki, dini ekstremizmlə mübarizə zamanı ön sıralarda tanklar, toplar və qırıcı təyyarələr deyil, vətəndaşları olduqları demokratik cəmiyyətin bütövlüyünü qoruyub saxlamaq naminə özündə cəsarət tapıb “mənəvi cihad” edə biləcək həqiqi din xadimləri və nüfuzlu dini liderlər durmalıdır. Bu mübarizədə “din dövlətdən ayrıdır” kimi rəsmi anlayış arxa plana keçməli və cəmiyyət ümumi səylər nəticəsində ekstremizm və terror kimi dəhşətli xəstəlikdən azad edilməlidir. Bu birgə fəaliyyətin ölçüləri olduqca dəqiq və anlaşıqlı olmalıdır. Din, dini lider və dini təşkilatlar öz fəaliyyətləri hesabına dövlət hakimiyyətinin möhkəmlənməsinə şərait yaratmalıdırlar, çünki güclü hakimiyyət əqidə və etiqad azadlığını tam şəkildə təmin etmək üçün geniş imkanlara malikdir.

Bu cür sıx əməkdaşlıq hansısa bir tərəfin hüquq, imtiyaz və səlahiyyətlərinin artıb və ya azalmasına səbəb olmamalıdır. O, ümumi sülh naminə birgə mübarizənin xüsusi forması kimi qəbul olunmalıdır.

2. Mənim fikrimcə, dini zəmində ekstremizm və terrorizmlə mübarizənin əsas tərkib hissələrindən biri də düzgün dini maarifləndirmədir. Cəmiyyət dinə dair məlumat çatışmazlığı hiss etməməlidir. Lakin din özü əhalinin məlumatlandırılmasının birinci və yeganə mənbəyinə çevrilməməlidir. Eyni zamanda, din haqqında məlumat insanlara təkcə din xadimlərindən deyil, başqa mənbələrdən də gəlməlidir. Dövlət belə lazımi məlumatı verməlidir. Bu, ümumilikdə, dini fanatizmə meyli zəiflədər və təqdim olunan məlumatın qərəzsizliyini təmin edər.

Dinə həddən artıq fanatikcəsinə bağlı olan şəxslərin inzibati qaydada təqib olunması və onlara ikinci dərəcəli vətəndaş kimi yanaşma insanlarda, xüsusilə də gənclərdə “romantik inqilabçı” ruhunu tərbiyə edən gizli dini fəaliyyətə təhrik edə bilər. Bu isə sağlam imicə malik olan istənilən cəmiyyətdə terror və ekstremizmin inkişafında başlıca rol oynaya bilər.

3. Dövlət və din cəmiyyətin iki mühüm tərkib hissəsidir. Birinci, qanunun aliliyini, ikinci isə qanunun mahiyyətini: əxlaq və mənəviyyatı nəzərdə tutur. Hakimiyyət, əxlaq və mənəviyyat – həqiqətdə bu məfhumlar cəmiyyətin həyatında bir-birini tamamlayır. Başqa sözlə, əxlaqi və mənəvi meyarların nəticəsi olan hakimiyyət və onun qəbul etdiyi dünyəvi xarakterli qanunlar birlikdə cəmiyyətdə əhəmiyyətli rol oynayır.

Qanun əxlaq və mənəviyyatı müdafiə etməlidir. Tarix göstərir ki, hakimiyyət dinlə müqayisədə dəyişkən xarakterə malikdir və o, daimi deyil, əxlaq və mənəviyyatdan məhrum olmuş istənilən hakimiyyət ölkə vətəndaşlarının tam əksəriyyəti üçün öz mahiyyətini itirir. Əxlaq isə ənənəvi olaraq dini dəyərlər hesabına qidalanır. Beləliklə, dövlət və dinin bir-birinə ehtiyacı var, onlar bir-birinə lazımdırlar. Lakin bu, yalnız muxtar birgə mövcudluq şəraitində baş verməlidir. Tarix bunun əksini sübut edən inandırıcı amil və ya uğurlu təcrübəyə malik deyil. Burada ən başlıca məsələ həll olunur. Siyasətin əxlaq və mənəviyyatdan məhrum olmaması, onun dünyəvi dinlərin həqiqi mahiyyətini saxlamağa imkan yaratması və dinin cəmiyyətdə sosial münasibətlərin tənzimləyicisi rolunu oynamaqda dövlətə mane olmaması təmin edilməlidir. Dinin sosial statusunun müəyyən edilməsi üçün bu muxtar birgə mövcudluq necə olmalıdır?

(Ardı var)

 





06.02.2013    çap et  çap et