525.Az

Məhəmməd Əmin Rəsulzadənin IV cildi işıq üzü gördü


 

Məhəmməd Əmin Rəsulzadənin IV cildi işıq üzü gördü<b style="color:red"></b>

Hər bir xalqın ədəbi-ictimai mühitinin formalaşması millətin öndə gedən ziyalılarının hesabına baş vermişdir. Azadlıqdan, müstəqillikdən məhrum xalqların həyatında ədəbi-ictimai mühit tarixən daha güclü olmuşdur.

Ona görə ki, həmin millətin əsl ziyalı qüvvələri xalqın, Vətənin müstəmləkə, əsarət həyatına heç vaxt dözməmiş və milləti öz azadlığı uğrunda mübarizəyə səsləyən əsərləri ilə tarixin ayrı-ayrı mərhələlərinə qızıl hərflərlə yazılan irs qoyub getmişlər. Azərbaycan klassik ədəbi mühitində belə ziyalılar xalqı qəflət yuxusundan oyatmaq üçün yaradıcılığın çoxçeşidli növlərinə müraciət etmişlər. M.F.Axundovun, C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin və digər onlarca klassik ziyalımızın tarixin müxztəlif dönəmlərində poeziyadan tutmuş dramaturgiyayadək müxtəlif ədəbi növlərə müraciəti bu zərurətdən doğmuşdur. Bu tip yaradıcı ziyalıların hamısı eyni zamanda xalqa bədii yaradıcılıqdan fərqli olaraq birbaşa, öz sözünü kəsədən deyən əlahəzrət publisistikaya daha çox bağlı olmuşlar. Bu sırada Məhəmməd Əmin Rəsulzadə yaradıcılığı həm məzmunca, həm keyfiyyətcə, həm kəmiyyətcə, həm də cəsarəti, risqi ilə xüsusi əhəmiyyət kəsb edir. Bu böyük dövlət xadiminin, ictimai şəxsiyyətin çoxşaxəli yaradıcılığına sovet ideoloji kanonlarının qoyduğu qadağalar uzun müddət onun bütöv bir xalqa sözünü yalnız arxivlərdə saxlamağa məcbur etmişdir. Ancaq qədirbilən xalqımız, bu xalqın müdrik ziyalıları, qapısı bağlı arxivlərin bələdçiləri müstəqilliyimiz uğrunda yeni dönəmin başlanğıc çağında M.Ə.Rəsulzadə  irsinə yenidən və daha güclü bir təkanla qayıtdılar və bizi onun tükənməz irsi ilə tanış etməyə başladılar. Bu başlanğıcın əsasını qoyanlardan və bu başlanğıcı sona qədər davam etdirənlərdən biri Azərbaycan klassik ziyalılarının modelini özündə daşıyan professor Şirməmməd Hüseynov oldu.  Əlbəttə, M.Ə.Rəsulzadə irsinin yenidən ortaya çıxmasında xeyli əməyi olan yeni nəslin nümayəndələrinin də zəhməti az deyil. Lakin Azərbaycan publisistikasının ən istedadlı tədqiqatçısı Şirməmməd Hüseynov bu irsin sona qədər tədqiqini qarşıya qoyan və hələlik bu vəzifənin öhdəsindən vətəndaşlıq qeyrəti ilə gələn bir alim-ziyalıdır.

Əlbəttə, Şirməmməd Hüseynovu bir tədqiqatçı alim, bir müəllim, bir publisist kimi təqdim etməyə heç bir ehtiyac yoxdur. Azərbaycan elmi-ədəbi-ictimai mühiti bu böyük və əqidəsindən dönməz ziyalını yaxşı tanıyır. Amma onu da qürurla vurğulamaq istərdim ki, Şirməmməd Hüseynov bəlkə də hər kəsdən əvvəl bir müəllimdir və onun elmi axtarışlarının, arxivlərdə keçən həyatının bütün mənası tələbələrinə – Azərbaycan gəncliyinə bağlıdır. Onun üçün Rəsulzadə  yaradıcılığı, Rəsulzadə həyatı gəncliyimizə örnək misalıdır. Ona görə də alimin bu böyük publisistin irsinə fundamental münasibəti məhz ilk növbədə gəncliyə ünvanlanan əqidəsinin məhsuludur. O, Azərbaycan klassik publisistikasının yüzlərlə nümunəsini özünün “Mənəvi irsimiz və gerçəklik” (2004), “Milli haqq və ədalət axtarışında” (2004), “Publisistik irs və müasirlik” (rus dilində-2007), “Mətbu irsimizdən səhifələr” (rus dilində-2007), “Müstəqilliyin çətin yolu... reallıqlar, düşüncələr” (təkmilləşmiş yeni nəşri-2009) kitablarında xüsusi interpretasiyalarla müasir oxucuya təqdim etmişdir. Bu əsərlər indi mətbuat tədqiqatçılarının, tələbələrin və bütövlükdə elmi ictimaiyyətin tez-tez müraciət etdikləri kitablardır. Amma Şirməmməd Hüseynov hələ müstəqillik uğrunda mübarizənin lap ilk illərindən M.Ə.Rəsulzadə irsini toplamağa və nəşr etdirməyə başlamışdı. Bu böyük ictimai xadimin əsərlərini ilkin olaraq bəzi dərgilərdə və xüsusilə “Günay”  və “525-ci qəzet”də müntəzəm olaraq dərc etdirdi. Sonra tezliklə bu yazılar mətbu orqanlara sığmadı və M.Ə.Rəsulzadənin cildləri meydana gəlməyə başladı. Şirməmməd müəllim onun əsərlərinin birinci cildini 1992-ci ildə “Azərnəşr”də çap etdirdi. Hələ o zaman I cildə ön sözündə alim göstərirdi ki, “ilkin araşdırmalara görə M.Ə.Rəsulzadənin 1903-1954-cü illərdəki yazılı ədəbi-siyasi irsi, əsərləri təxminən 12-15 cilddən ibarət ola bilər”. Alimin bu elmi proqnozu özünü doğrultmaqdadır. Çünki Şirməmməd Hüseynov hələ onun 1918-ci ilədək olan yaradıcılığını dörd cilddə toplayıb nəşr etdirmişdir. Bu günlərdə  – 2013-cü ilik ilk ayında çap etdirdiyi IV cildə M.Ə.Rəsulzadənin 1917-1918-ci illərdəki əsərləri daxil edilmişdir. Şirməmməd müəllim V cildin də hazır olduğunu elan etmişdir.

İndi M.Ə.Rəsulzadənin əsərlərinin IV cildi əlimizdədir. Əvvəlki cildlərdə olduğu kimi, “Əsərləri”n toplayanı və tərtibçisi Şirməmməd Hüseynov bu kitaba da “Ön söz” yazmışdır. Bü ön sözdə deyildiyi kimi, IV cildə “onun 1917-ci ilin yanvar, 1918-ci ilin aprelinə qədərki dövrdə dərc edilmiş əsərləri, çıxışları, məruzə və müsahibələri, nitqləri və s. daxil edilmişdir”. Kitaba daxil edilən 140-a yaxın publisistik əsər, tərtibçinin dediyi kimi, “təkcə Azərbaycan, Qafqaz və Rusiya tarixində deyil, ümumdünya tarixində çox təhlükəli, faciəli hadisələr və qarşıdurmalar, iqtisadi, ictimai-siyasi böhranlar, həm də sürətli milli oyanış, azadlıq və istiqlal hərəkatları ilə müşayət olunan” bir zamanın dolğun xarakterini, dəqiq portretini yaradır, müstəqil Azərbaycan mücadiləsinin istiqamətlərini müəyyənləşdirir. Bu əsərlərdən hiss olunur ki, M.Ə.Rəsulzadə dövrün elə bir hadisəsi, elə bir siyasi olayı, milli dəyərə malik elə bir faktı yoxdur ki, ona özünün publisist münasibətini bildirməmiş olsun.

Əlbəttə, oxucu bütün bunları kitaba nəzər saldıqca görəcəkdir. Mənim məqsədimsə bu əsərlərin necə toplanması, ərəb qrafikalı keçmiş Azərbaycan əlifbasından latın qrafikalı müasir əlifbaya necə transliterasiya edilməsi məsələlərinə diqqəti yönəltməkdən ibarətdir.

Bəlkə də bizim – Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kollektivinin tale qismətidir ki, bu gün Şirməmməd müəllimin bir vətəndaşlıq borcu kimi ərsəyə gətirdiyi bu kitabların necə yarandığının canlı şahidiyik. Tədqiqatçı alim M.Ə.Rəsulzadənin əsərlərini arxivlərdən zərrə-zərrə necə toplayır, necə oxuyur, necə şərhlər yazır – bütün bunlar bizim gözümüzün qarşısında baş verir. Mətbuat tarixi kafedrasının müdiri, fakültənin dekanı, professor Ş.Vəliyevin də kitabın ərsəyə gəlməsində transliterasiya redaktoru kimi əməyi çoxdur. Eyni zamanda Şirməmməd müəllimin bir tələbə kimi yetişdirdiyi Samir Mirzəyev də toplanan əsərlərin dəqiq, təhrifsiz təqdim olunmasında xeyli zəhmət çəkib. Kitab  “Qanun” nəşriyyatının maliyyə dəstəyi ilə çap olunub.

Beləliklə, M.Ə.Rəsulzadə  əsərlərinin IV cildi əlimizdədir. Və bu cildlə bağlı bu balaca yazımı Şirməmməd müəllimin kitaba yazdığı “Ön söz”ündəki son cümlə ilə bitirmək istərdim: “Ümid edirik ki, xalqımızın böyük mütəfəkkir oğlu, görkəmli siyasət və dövlət xadimi, müstəqil demokratik Azərbaycan Cümhuriyyətinin yaradılmasına başçılıq etmiş M.Ə.Rəsulzadənin əsərlərinin IV cildi də oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq”.                 

Könül NiftƏliyeva

 





06.02.2013    çap et  çap et