525.Az

Millətin tüpürcəyi


 

Millətin tüpürcəyi<b style="color:red"></b>

Rafael HÜSEYNOV

Azərbaycan yazıçısının yeni əsəri nəşr edilib və həmin əsər ölkədən kənarda, bütün Rusiyada, eləcə də onun sərhədlərindən uzaqlarda tanınan 73 yaşlı nüfuzlu bir ədəbi jurnalda işıq üzü görüb. Zahirən sevinməli, fəxr edilməli hadisədir ki, məşhur bir qələm sahibimiz, deməli, onun vasitəsilə xalqımız və yurdumuz sərhədlərdən qıraqlarda bir daha etiraf edilir, bir az da artıq tanıdılır. Lakin təəssüflər olsun ki, mənzərə ehtimal edildiyinin əksinə olaraq son dərəcə qanqaraldıcı, çox narahatedicidir. Çünki Azərbaycan yazıçısının bu yeni əsəri Vətənə və millətə qarşı həqarətin nümunəsidir, Azərbaycanın ən qəddar düşmənlərinin tərzində qələmə alınmış və məqsədi xalqa arxadan zərbə vurmaq olan ciddi siyasi təxribatdır.

“Roman”, “bədii əsər” kimi zərif pərdələr altında ört-basdır etməklə uzaq hədəfləri nişan alan bu məkrin dağıdıcı mahiyyətini diqqətdən yayındırmaq cəhdləri əbəsdir.

Əkrəm Əylislinin “Drujba narodov” jurnalının 2012-ci il 12-ci sayında dərc edilmiş “Daş yuxular” yazısı siyasi məqsədlərlə ortaya atılmış bir şər dağarcığıdır və onu ədəbi məhsul kimi dəyərləndirərək şərh etmək sadəlövhlük olardı. İstiqaməti bu səmtə yönəltməyə səy edənlər də Azərbaycana, tariximizə və millətimizə münasibəti təmiz olmayanlardır.

Bu, Azərbaycanın ictimai-siyasi həyatının elə nigaran və düşündürücü hadisəsidir ki, tarixin hazırkı mərhələsində, erməni təcavüzü və xarici basqıların müasir dönəmində, müharibə şəraitində olduğumuz bir əsnada ilk növbədə məhz ictimai-siyasi müstəvidə təhlil edilməlidir. Eləcə də ümummilli maraqlarımızın tam əleyhinə olan və düşməncə yazılmış bu əsərə “tanış deyiləm, hələ oxumamışam” bəhanəsi gətirərək aradan sivişmək qəbuledilməzdir. Vətənin və millətin indisi və gələcəyinə balta çalan, zaman ötdükcə zəhəri daha dərinlərə işləyəcək, həmişə düşmənlər əlində dəstavuz olacaq bu yazını guya demokrat kimi görsənmək xatirinə, fürsətdən istifadə edib iqtidar əleyhinə deyinmək naminə müdafiəyə qalxmaq, xalqa əbədi pislik etmiş bədnam müəllifə qahmar durmaq dözülməzdir.

Bütün əsər boyu irticaçı dünya erməniliyinə xas irinli, nifrət dolu antitürk əhvali-ruhiyyəsi qabarıq görünsə də, bu əsər ilk növbədə antiazərbaycan və antiazərbaycançı rəzalətdir. Milliyyətindən asılı olmayaraq əziz Vətənimizin sədaqətli övladı olan hər bir azərbaycanlının, hər bir namuslu vətəndaşımızın əleyhinədir.

Ağlı başında olan heç bir əsl azərbaycanlı bu yazını oxuyandan sonra yalanın, saxtakarlığın, nankorluğun belə şiddətli püskürüşünə hiddətlənməyə bilməz.

Bu elə məqamdır ki, nala-mıxa vurmaq keçmir.

Ya bu millətləsən, ya deyilsən.

Sabit və sağlam mövqe nümayiş etdirmək anıdır. Hər nəfər üçün. İlk sırada isə ziyalılar, düşüncə, qələm adamları üçün.

Ə.Əylisli bu əsəri ilə Vətənə, millətə xəyanət edib, amma həm də öz ailəsinə – həyat yoldaşına, balasına xəyanət edib.

Qəlb ağrısı ilə mətbuat xəbərlərindən oxudum ki, sabiq Azərbaycan yazıçısı (məhz sabiq! Daha hansı vicdanlı azərbaycanlı belə dönüklükdən sonra onu bu xalqın yazıçısı sayar?!) Əkrəm Əylislinin həyat yoldaşı və oğlu çalışdıqları müəssisələrə işdən azad olunmaları xahişi ilə ərizələr yazıblar.

Belə ediblər, çünki abırlı adamdırlar, məsuliyyətsiz ailə başçısının törətdiyi əməlin xəcalət yükü onları bu addımı atmağa sövq edib. Çünki yaxşı anlayırlar ki, bu üzqaralığı ilə adam arasına çıxmaq çətin məsələdir. Onların qabiliyyəti var belə düşünürlər, Ə.Əylisli isə utanıb-qızarmadan müsahibələr verir, efirlərə çıxır, hədə-qorxu gəlir, onun ləyaqətsiz yazısına görə hiddətlənmiş insanları anlamazlıqda ittiham edir, qırmızı-qırmızı “fikrimi sərbəst ifadə etmək mənim haqqımdır” söyləyir.

Söz və ifadə azadlığı, təbii ki, ali dəyərlərdəndir və ona hörmət hər kəsin də, dövlətin də borcudur. Lakin söz və ifadə azadlığı ilə söz və ifadə azğınlığının fərqi yerlə göy arasıycandır. Ə.Əylislinin “Daş yuxular”ı söz, fikir və ifadə azğınlığının, milyonlarla insanın heysiyyətinə həqarətlə yanaşmanın bariz və çirkin örnəyidir ki, belə qələm və düşüncə ifrazatına görə, xalqın tarixini qəsdən təhrif etməyə, milləti qaralayıb alçaltmağa, rəzil görkəmdə təsvir etməyə və ruhuna tüpürməyə görə başı sığallamırlar.

Moskvada nəşr edilən “Drujba narodov” jurnalının 56 səhifəsini tutan (səh.13-69) bu yazı müəllif tərəfindən roman-rekviyem kimi təqdim edilsə də, əlbəttə ki, roman deyil. Roman janrının öz forma və məzmun xüsusiyyətləri var və “Daş yuxular” həmin məziyyətlərdən uzaqdır.

Bu yazını sığortalanmaq üçün bədii əsər adı ilə də sırımaq keçməz. Bu yazı açıq-aşkar siyasi publisistika nümunəsidir, müəllif tərəfindən də məhz real olması iddia edilən tarixi hadisələri və şəxsiyyətləri əhatə edir. Özü də müsahibələrində bəyan edib ki, oradakı faktların düzlüyünə başımla cavabdehəm.

Müəllif bu əsərdə bədii əsərə xas olmayan üsullara üz çevirir, bir elmi araşdırmada olduğu sayaq, mənbələrə müraciət edir (bu qaynaqlar nə dərəcədə doğrudur, ayrı söhbətdir), Ermənistan Elmlər Akademiyasının 1939-cu ildə nəşr etdiyi bir alban tacirinin XVII əsrdə tərtib etdiyi “Zəkəriyyə Əylislinin gündəliyi” səyahətnaməsindən (həmin məxəz barədə ayrıca yazımız olacaq) bol-bol iqtibaslar verir, əsər boyu ayrı-ayrı tarixi hadisələr və şəxsiyyətlərlə bağlı sırf elmi mülahizələr ortaya qoyur, etimoloji təhlillər və müqayisələr aparır, eyni zamanda təsvir etdiyi əsas obrazların da, qeyd etdiyi kimi, “etik səbəblərə görə” adları dəyişdirilmiş real tarixi simalar (səh. 68) olduğunu təsdiqləyir.

Yazının sonunda Ə.Əylisli bu əsərini 2006-nın iyulunda Əylisdə başlayıb, 2007-ci ilin iyununda Bakıda bitirdiyini qeyd edir. Məqsəd nədir bu rəqəmlərdə, niyə əsərin yazılıb tamamlandığı real tarixi deyil, məhz bunu göstərir?

Ə.Əylisli 2012-ci il aprel ayının 30-da “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində indi aranı qızışdırmış həmin əsərindən bəhs edərək söyləyir ki, hələ yazını tamamlamayıb və əsərin yekunlaşdırılmasına xeyli var.

Amma jurnalda göstərir ki, əsər 2007-də bitirilib.

Səbəb siyasidir, müəllifin və onu idarə edən qüvvələrin ümumi siyasi niyyətinin bir elementidir.

2006-2007-ci illərdə Ə.Əylisli Azərbaycan Milli Məclisinin üzvü idi. 2012-ci ildə isə artıq deputat deyildi.

Bu təslimçi, antimilli, antiazərbaycan, guya bir azərbaycanlının etirafı, ermənilər qarşısında millətimizin tövbəsi olan əsərin altında sadəcə yazıçı imzası durmur.

Bunu da gələcək tarix üçün tədarük edirlər ki, etirafı edən Azərbaycanın xalq yazıçısıdır, ölkənin ən ali nişanı sayılan “İstiqlal” ordenini daşıyan şəxsdir, Azərbaycan parlamentinin deputatıdır. Yəni bu etiraf dolayısı ilə həm xalqın, həm dövlətin sözüdür. Çünki imza həm xalq, həm dövlət baxımından seçkin bir insanınkıdır.

Artıq ikinci onildir ki, Azərbaycan xarici siyasəti və bu siyasəti gerçəkləşdirən yüzlərlə fədakar insan dünya arenasında erməni lobbisinin onillərlə yaratmış olduğu informasiya blokadasını sındırmaqla, ayaq tutub yerimək istəyində olan erməni yalanlarını ifşa etməklə məşğuldur.

2001-ci ildə Avropa Şurasında həqiqi üzv kimi fəaliyyətə başladığımız ilk aylarda biz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı sənədlər hazırlayaraq onlara imza atmağı avropalı həmkarlarımızdan rica edəndə bizə rişxəndlə baxırdılar, “erməniləri siz incitmisiniz” deyirdilər. Birtərəfli qaydada aparılmış erməni təbliğatı onların beynini belə dəyişmişdi. On dəfələrlə, yüz dəfələrlə, min dəfələrlə söhbətlər apardıq, sənədlər təqdim etdik, tədricən düşüncələri yanlış məcradan çıxara, əsl gerçəkləri anlada bildik və 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası üzvlərinin əksəriyyəti Ermənistanın işğalçı olmasını, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməsini rəsmi qətnaməsində təsbit etdi.

Ə.Əylisli isə əsərində ermənilərin onillərcə uydurduğu saxtakarlıqları, iftiraları təsdiqləyir, əsl həqiqətin onlar deyən olduğunu car çəkir.

XX yüzildə, sovetləşmənin başlanğıcında bir sıra başqa torpaqlarımızla bərabər Zəngəzur mahalını da ələ keçirmiş ermənilərin köhnə xülyasıdır ki, Naxçıvanı da qamarlasınlar.

Ə.Əylisli bu əsərində nümunəvi bir daşnak kimi, ən qart erməni millətçisindən də ziyadə canfəşanlıqla Naxçıvanın ermənilərə mənsub olduğunu, bu ərazilərin osmanlılar tərəfindən işğal edilərək orada azərbaycanlıların yerləşdirildiyini, buralarda ermənilərin qanının su yerinə axıdıldığını yazır.

Bu böhtanları ermənilər onsuz da həmişə yazıblar, yazırlar, yazacaqlar və tarix, sənədlər, danılmaz dəlillər də bunları daim sabun köpüyü kimi partladıb, gələcəkdə də həmişə rədd edəcək.

Lakin bir var bunu erməni deyir, bir də var Azərbaycan yazıçısı. Həm də sadə yazıçı yox, xalq yazıçısı, “İstiqlal”, “Şöhrət” ordenli, deputat, millətin və dövlətin seçib qiymətləndirdiyi, inanıb ucaltdığı adam.

Yox, buna yalnız sadədillər inanar ki, “Daş yuxular” erməni kəşfiyyatının barmağı olmadan yaranıb, təkanı olmadan ortaya çıxıb.

Bu, əsl simasını gizlədərək, elə bizdən olan kimi görsənərək aramızda çoxdan konservasiya olunmuş, lazımi gün, lazımi şərait üçün saxlanmış xainin ifasında həyata keçirilmiş erməni qəsdidir. Ermənilərin millətimizə qarşı törətdiyi terror zəncirinin daha bir halqasıdır. Bu mənəvi terror aktı ermənilərin Bakıda icra etdiyi və yüzlərlə insan həyatı aparan metro terrorundan da dəhşətlidir.

Bu bir mükəmməl düşünülmüş və işlənmiş antiazərbaycan əməliyyatın nəticəsidir.

Azərbaycanın dörd bucağında, o sıradan Naxçıvanda orta əsrlərdən yadigar qalan çoxlu alban məzar daşları, kilsələr, abidələr var. Zaman-zaman ermənilər bunları özününküləşdirmək səmtində çox saxtakarlıqlar etmişlər.

Neçə illərdir ki, dünya erməniliyi, erməni lobbisi, rəsmi Ermənistan Naxçıvandakı Cuğa qəbiristanlığı, oradakı alban məzarlarını erməni irsi kimi qələmə verməkçün əlləşir, guya azərbaycanlıların həmin abidələri dağıtdıqlarını dünyanın qulağına bağırırlar.

Biz də çıxış edirik, yazılar yazırıq, sübutlar gətiririk, elmi mənbələr sərgiləyirik ki, alban mədəniyyəti Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır, bu irsin ermənilərə dəxli yoxdur.

Ə.Əylisli “Daş yuxular”da həmin erməni mövqeyini irəli sürür, pəzəvəngcəsinə erməniləri haqlı çıxarır, həm də bunu bir erməninin deyil, azərbaycanlının baxışı kimi izhar edir. Böyük tarixçi alimlərin və elmi gerçəklərin ziddinə olaraq albanların erməni olmaması qənaətini “büsbütün cəfəngiyat” adlandırır (səh.65).

Daha düşmənçiliyin burnu-qulağı olmaz ki! Bu, gəmidə oturub gəmiçi ilə dava etməyin, azərbaycanlı maskası geyərək erməniyə lazım olanın öz tərəfimizdən söylənməsinin daha bir qışqıran nümunəsidir.

Həm də Ə.Əylisli yazısında məhz erməni–Azərbaycan münasibətləri və ziddiyyətlərindəki erməniyə strateji cəhətdən gərək olan, erməni siyasətinin son illərdə daha çox diqqət yönəltdiyi məqamlar üzərində dayanır.

Oxuduqca hiss edirsən ki, yarımbədii formada ifadə olunmuş bu yazının, əlbəttə ki, irəlicədən cızılmış dəqiq siyasi planı olmuşdur və əvvəldən sonacan “Daş yuxular” həmin erməni layihəsini yeritməyə yönəlmişdir.

Müsahibələrində Ə.Əylisli bu əsəri guya hadisələrin üstündə duraraq, təxminən fövqəlbəşər kimi yazmışdır. Buna inanan daşa dönər. Belə deməklə də əslində Ə.Əylisli bir daha Azərbaycan ictimaiyyətini məsxərəyə qoymaq eşqinə düşür.

Söz yox, gün gələcək ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə bitəcək, həyat tamam başqa axarda davam edəcək. Heç bir düşmənçilik əbədi olmur. Deyə bilmərəm yaralar necə sağalacaq, amma mütləq yaxınmı, uzaqmı gələcəkdə, sülh yaranandan sonra ünsiyyətlər də olacaq, əlaqələr də. Bəlkə o zamanlar ədəbiyyatın mehribanlıq, yaxınlaşma yaratmağa xidmət edəcək əsərlər doğurmasına da ehtiyac duyulacaq. Və o qəbil əsərlər yaranacaq da. Necə ki, əvvəllər də olub.

Amma Ə.Əylislinin əsərini qətiyyən həmin sıraya aid etmək mümkün deyil və heç vaxt da olmayacaq. Çünki bu əsər dostluq yaratmağa deyil, əksinə, düşmənçiliyi bir az da dərinləşdirməyə köklənib. Bu əsər ermənini məzlum, əzilən, mədəni, nəcib, xeyirxah, qurucu kimi göstərir.

İstisnasız olaraq hər məqamda.

Və buna qarşılıq olaraq azərbaycanlını da qəddar, başkəsən, qaniçən, riyakar, xəbis, mədəniyyətsiz, qəsbkar, erməninin qanına hər zaman susamış, erməninin etdiyi yaxşılıqları itirən kimi təsvir edir.

Lap köhnə illərdə Ə.Əylisli öz tərcümeyihalının belə bir kədərli anından yazmışdı: “Mən doğulan gün anam vəfat eləyib və iki ayım tamam olanacan bibimin qucağında kəndimizi qapı-qapı gəzib körpə yaşıdlarımın südünə şərik olmuşam”.

Şübhə yox, Əkrəmin südünü əmdiklərinin arasında ermənilər də olub və olsun ki, indi həmin erməni südünün borcunu qaytarır. Lap yaxşı, qaytarsın, insan haqqı itirməz. Bəs bizim südümüz, bu südü ki daha çox əmmisən, niyə buna şıllaq atırsan, niyə yalan-gerçək aid olduğun bu milləti yalnız rəzalətlər toplumu kimi qələmə verirsən?

Erməni elmi və bədii ədəbiyyatında azərbaycanlı adına nə qədər mənfi sifətlər şamil edilibsə, bu yazısında Ə.Əylisli xülasələyərək onların hamısını təkrarlayır və həm də bunların həqiqətən bizə aid sabit keyfiyyətlər olmasını erməni ağzı ilə yox, öz tərəfimizdən, azərbaycanlıların dilindən dedizdirir.

Azərbaycana və azərbaycanlıya nifrətin, qeyzin hədəqədən çıxan dərəcəsinə baxın ki, yazıdakı azərbaycanlı surətlərinin əksəri təhqiramiz ayamalarla (Çaqqal Abdulla, Mırıq Müzəffər, Cingöz Şaban, Qaban Qulam, Axsaq Çimnaz) verilir, ən hörmətli Azərbaycan tarixi şəxsiyyətləri – ali dövlət xadimindən tutmuş görkəmli ədəbiyyat, mədəniyyət xadimlərinəcən – hamısı ən mənfi çalarlarla təsvir edilir.

Ə.Əylisli Heydər Əliyevi sevə bilməz, Əbülfəz Elçibəyi sevə bilməz, Oljas Süleymenovu sevə bilməz, Xəlil Rzanı sevə bilməz, İsa Hüseynovu sevə bilməz...

O, illərdir başda Anar olmaqla Azərbaycanın neçə parlaq ziyalısına nifrinlər yağdırır, çamurlar atır.

Çünki bu adlar, bu şəxsiyyətlər və Ə.Əylislinin sevmədiyi, kin bəslədiyi nəhəng bir silsilə qiymətli insanlar dəyərlərdir, Azərbaycanın sevdikləridir.

Yox, Ə.Əylislinin “Daş yuxular”ında müsbət azərbaycanlı da var.

Bu da, etiraf etdiyi kimi, özünün prototipi olduğu Saday Sadıqlıdır.

Ə.Əylisli özünü nəzərdə tutduğu və adını, soyadını da elə özününkünə uyğunlaşdırdığı Saday Sadıqlı haqqında bəhs edərək məramını, mahiyyətini belə açır: “Onun nəslində heç kəsin bircə damla erməni qanı olmasa da (bir babası Kərbəlaya, digəri Məkkəyə ziyarət etmişdi), müəyyən vaxtdan bəri o, sanki içərisində adsız bir ermənini daşıyırdı. Daha dəqiqi, daşımırdı, gizlədirdi” (səh.46-47).

(Birdən Ə.Əylisli yenə bəhanə gətirər ki, bu, guya bədii obraza aid detalmış. Elə deyil. Müsahibələrindən birində bu sözlərin özünə aidliyini adları konkretləşdirməklə də təsdiq edir, ana babasının Kərbəlayi Əli, ata babasının Hacı Qurbanəli olduğunu xəbər verir).

Əsərin içində başqa bir yerdə ayrı bir dəqiqləşdirmə də verir: “Saday Sadıqlı Naxçıvanda doğulub, orada, Ordubad rayonunda Əylis deyilən bir kənddə. İndiyəcən neçə dəfə dilindən bəlaya düşüb. O deyir ki, ermənilər yox, biz özümüz pisik” (səh.17).

Həm də görün nə dəqiq, sərrast etiraflar var burada. Ə.Əylisli illər boyu içərisində sadəcə olaraq bir erməni ruhunu daşımadığını, həm də bunu gizlətməyə məcbur olduğunu boynuna alır.

Ə.Əylisli ilk dəfə bunu üstüörtülü şəkildə hələ Ermənistan–Azərbaycan münaqişəsinin təzə-təzə alovlandığı çağlarda, 1989-cu ildə elə həmin “Drujba narodov” jurnalının baş redaktoru Sergey Baruzdinlə söhbətində etiraf etmişdi: “Qarabağ məsələsində özümü çox tənha hiss edirəm, milyonların içində mən tək qalmışam”.

Onda hələ Ə.Əylislinin canı sulu idi, hələ qarşıda yaşanası illər vardı. İndi isə artıq XXI əsrin ikinci onilidir, Əkrəm artıq qocalıb, yaş səksənə yetişir, axirət haqqında düşünmək növbəsi çatıb və həmin səbəbdən də qəlbinin dəruni sirlərini özü ilə məzara aparmaq istəmir, açır sandığı, tökür pambığı: “Sumqayıtda baş verən hadisələrdən sonrakı gecələrdən birində qəfilcə onun ürəyində Eçmiədzinə getmək, şəxsən katolikosun xeyir-duası ilə xristianlığı qəbul etmək, orada həmişəlik rahib olaraq qalmaq və müsəlmanların ermənilərə qarşı törətdikləri qəddarlıqlara görə Allaha əl açmaq istəyi yarandı” (səh. 30).

Açın Ə.Əylislinin indiyəcən yazmış olduğu istənilən əsəri. Görün orada azərbaycanlının işıqlı, insanlara örnək olası, xalqın önündə gedə biləcək bir qəhrəman, müdrik kimi təsvir edilən hansı surət var, axtarın bu adam indiyəcən xalqın hansı üstün keyfiyyətlərini vəsf edib.

Tapmayacaqsınız. Bəs niyə başımıza çıxartmışdıq onu?

Düz etiraf edir, heç vaxt qəlbiylə bizdən olmayıb, həmişə daxilən onlarla olub – düşmənlə, erməniylə.

Bu 56 səhifəlik yazıda millətimizin o dəyəri qalmayıb ki, Ə.Əylisli onları aşağılamasın, dolamasın, təhqir etməsin.

Məhəmməd Peyğəmbərdən ucası yoxdur ki! Ona da lağ edib (səh. 25). Daha bu adamın Peyğəmbərimizin karikaturalarını çəkən Lars Vilksdən, “Şeytan ayələri” yazan Salman Rüşdidən nə fərqi?!

Amma Əkrəmin onlardan hər halda fərqi var. Onlar nə olsalar da, sənət qabiliyyəti və istedadından məhrum deyillər. Bəzən belə də fərz edirlər ki, guya Ə.Əylisli də Orxan Pamuk kimi millətinə, dövlətinə sataşmaqla Nobel almaq istədiyindən bu kitabı yazıb. Nobel mükafatı çölə tökülmüşdü! Nə qələt eləməsindən asılı olmayaraq, Orxan Pamuk görkəmli yazıçıdır, Ə.Əylisli isə bir yazıçı kimi 25-30 il əvvəl tükənib, bu dövr içərisində yalnız qalmaqalları, cığallıqları, atmacaları, sualını da, cavabını da özü yazdığı qərəzli müsahibələri ilə yadda qalıb, bircə dənə də olsun ədəbi siqlətli, xüsusi bədii çəkisi olan əsər doğurmayıb. Elə bil bu tövr antimilli tullanıb-düşmələriylə Ə.Əylisli bir yazıçı kimi tükənmişliyinin də qisasını bizdən almağa çalışır.

Ermənilərin müqəddəslərinin tərcüməsi dilə gətiriləsi olmayan məşhur soyadı var: Kirakosyan. Eyibdir, xırdalamıram.

Millətimizə qarşı içərisində zəhər tuluğu çalxalanan Ə.Əylisli hətta ermənilərin bəxtinə düşmüş bu pornoqrafik keşiş soyadının da hayıfını Azərbaycan xalqından çıxmağa çalışır, əsərində oxşar diləgətirilməz kəlmələri sırtıqcasına bir azərbaycanlının ad və soyadına artırır (səh.58). Bunu da açmıram, bu, ondan da eyiblidir.

Ermənilər onillərdir ki, özlərindən məzlum, əzabkeş xalq obrazı yaradaraq zarıyır, qondarma soyqırımı səfsəfəsini şüurlara yeridə bilməkçün çeşid-çeşid qəlp mənbələr quraşdırır, bir az da inandırıcı olsun deyə əcnəbilərin əliylə kitablar, məqalələr yazdırırlar.

Ə.Əylisli də bu məsələyə öz töhfəsini verir. Guya Naxçıvanda qətlə yetirilmiş ermənilərin miqdarının sayagəlməz olduğunu dolğunluğu ilə nəzərə çarpdırmaq üçün şairanə bənzətmələr kəşf edir: “Hər həlak edilmiş ermənidən ötrü bircə şam yandırılsaydı, bu şamların işığı Ayın nurundan daha parlaq olardı” (səh.60).

İllərdir ki, müxtəlif dünya parlamentlərini yoldan çıxararaq qondarma erməni soyqırımını tanıtdırmağa çalışan, bununla yalnız Türkiyəyə deyil, həm də Azərbaycana zərbə vurmağa can atan erməniliyi ifşa etmək, bütün sübutları ortada, həm də yaxın tarix içərisində olan Xocalı soyqırımını dünya ictimaiyyətinə anlatmaqçün mübarizə aparırıq.

Ə.Əylisli bu əsərində ermənilərin həmin yöndəki fəaliyyətlərinə də bəxşişini əsirgəmir, yalandan faktlar uydurur, ermənilərin sabahkı istifadəsindən ötrü azərbaycanlının dilindən etiraf edilmiş erməni soyqırımı mənbəyi yaradır. Həm də nəql edilən əhvalata tarixilik donu geydirmək, mötəbərlik vermək üçün vurğulayır: “Müxtəlif adamların hekayətlərində eyni faktlar dürüst şəkildə əksini tapırdı. Hadisələr necə başlanmışdı, necə qurtarmışdı məsələsində şahid insanların fikirləri üst-üstə düşürdü” (səh.37).

Gümanların uzaq gələcəkdə həyatda üzə çıxacağını cavanlara çatdırmaq məqsədilə atalarımızın yaratdığı bir deyim var: “Mən ölü, siz diri”. Yəni, bunları mən bəlkə də görmədim, amma siz gəncsiniz, bunlara şahid olacaqsınız. Mənsə söyləyirəm ki, mən də diri, siz də diri. Çünki çox vaxt keçməyəcək. Ermənilər Ə.Əylislinin bu əsərini tezliklə dünya dillərinə çevirəcəklər (bəlkə də öz sifarişlərilə yazılmış əsəri çoxdan tərcümə də ediblər), başlayacaqlar lap yaxın zamanlarda bir-birinin ardınca nəşr etməyə.

Ona da şahid olacaqsınız ki, “Daş yuxular”dakı guya Naxçıvanda ermənilərə qarşı Ə.Əylislinin uydurduğu soyqırımı səhnələri artıq inanımlı, daşdan keçən tarixi mənbə kimi erməni alimlərin və erməniçi tədqiqatçıların araşdırmalarında istinad nöqtələrindən olacaq.

Ədalətli münsif olmaq missiyasını boynunuza çəkdiyiniz halda niyə 1919-cu ildə Naxçıvanda ermənilərin qanının rəngindən çayların al rəngə boyanaraq axdığını yazırsınız, amma eyni dövrdə ermənilərin həm Naxçıvanda, həm də ölkəmizin başqa yerlərində azərbaycanlılara qarşı törətdikləri amansızlıqlardan kəlmə kəsmirsiniz sual ediləndə Ə.Əylisli qımışır ki (“Azadlıq” radiosunun “Pen klub” proqramında yanvar ayının 31-də müsahibəsi), mən balaca bir əsərdə hər şeydən yaza bilmərəm. Burada mənim öz mövzum, öz xəttim var. Mən fincandan yazıram, siz deyirsiniz niyə samovardan bəhs etmirəm?

Haqlıdır, onun öz mövzusu var – erməniləri mələkləşdirmək, azərbaycanlıları şeytana çevirmək, yerə vurmaq. Başqa məsələlərdən niyə yazmalıdır ki!

Lakin elə “samovar” demişkən.

Ə.Əylislinin Naxçıvanda, Əylisdə guya ermənilərə divan tutulması ilə əlaqədar uydurduğu yalançı soyqırımlarının əvəzində həqiqətdə Naxçıvanda da, Gəncədə də, Şamaxıda da, Şimali və Cənubi Azərbaycanın digər bölgələrində də erməni cəlladları insanlarımızın kürəklərinə pıqqapıqla qaynayan samovarlar bağlamışdılar, qocaları, qadınları, uşaqları məscidlərə yığıb diri-diri yandırmışdılar, körpələri süngülərinin başına keçirmişdilər, hamilə Azərbaycan qadınlarını bətnindəki uşaqları dünya işığını görməyə qoymadan məhv etmişdilər.

Ə.Əylisli yazır ki, Əylisdəki azərbaycanlıların yaşadığı, bir vaxt ermənilərin olmuş evlərdə ermənilərin rahatlıq tapmayan günahsız, ölməz ruhları yaşayır, azərbaycanlılara dinclik vermir, ona görə də bu millət belə vecsizdir, ermənilərin qarğışındandır ki, Ə.Əylislinin iyrəndiyi, görməyə gözü olmadığı bizlər ucdantutma xəstəyik, şikəstik, dəliyik, bədbəxtik.

Erməni nasional-şovinizminin tərcümanı olan Ə.Əylislinin iltihablı beyninin bu qara-qura sərsəmləmələrinin günahı və belə şərləri qələmə gətirə-gətirə rəncidə etdiyi, erməni zülmlərinə qurban getmiş məsum azərbaycanlı körpələrinin ah-nalələri onu ömrünün qalan hissəsində rahat buraxmayacaq.

Mənim bu an üçün Ə.Əylisli ilə bağlı ən böyük arzum onun bundan sonra da uzun illər yaşamasıdır. Bilmirəm arsızlığına salıb elə burada qalacaq, yaxud yığışıb gedəcək çoxdan arzusunda olduğu Ermənistana, başlayacaq Eçmiədzində, ora layiq bilməsələr, hansısa başqa balaca kilsədə xidmətçiliyinə, ya heç onlar da artıq istifadəyə yaramayan şey kimi Əkrəmdən imtina edəcəklər (adətən, satqınları sevmirlər, onlardan çimçişirlər və istifadə edəndən sonra yararsız əşya kimi qırağa tolazlayırlar) və qəlbində erməniliyi gəzdirən bu sərgərdan tam ayrı bir ölkəyə sığınacaq. Fərqi yox, harada olursa-olsun, ruhlarını təhqir etdiyi minlər və on minlərlə Azərbaycan şəhidləri həmişə dağdan ağır daşa çevrilərək onun yuxularına girəcəklər, başına düşəcəklər, qarabaqara izləyəcəklər onu.

Arzulayıram, Ə.Əylisli çox yaşasın və onun bu yuxuları lap çox davam etsin!

Ə.Əylislinin nəzərində azərbaycanlıyla erməninin fərqi nədən ibarətdir?

Ə.Əylisli anası ölmüş, yetim bir azərbaycanlı uşağı Camalı təsvir edir ki, başı bitlə dolu olduğundan papağını çıxarmazmış. Bircə nəfər də olsa azərbaycanlı qadın ona qayğı göstərmir. Amma qoca Haykanuş ocaq qalayaraq Camalı yastı bir çay daşının üstündə otuzdurur, qaynar suyla onun saçlarını yuyur, dırnaqları ilə bircə-bircə zavallının başının bitlərini dənləyir, bu yetim uşağı nəvazişlə oxşayır.

Hadisə, erməni humanizmi lap inandırıcı təsir bağışlasın deyə Ə.Əylisli bunu bilavasitə şahidi olduğu şəxsi uşaqlıq xatirəsi kimi nəql edir (səh. 42).

Ə.Əylislinin nəzərincə, bu, erməninin insanlığı.

Bu isə azərbaycanlının: Haykanuşun nəvəsi Lüsik azərbaycanlıların əlindən Əylisdən baş götürüb gedir (səh.44). Həmin o başının bitini erməni qadının təmizlədiyi Camal illər sonra kəndlərindəki bir başqa erməni qadının vəfat etməsi səhnəsini xatırlayarkən: “Bu ermənilər nə qədər əclaf olurmuş. Nə qədər kin varmış bu arvadda. Hətta ölüm yatağında da erməniliyini göstərdi” deyir (səh. 50).

Daha bir parça: “O vaxt Əylisdə Allaha tay olan insanlar yaşayırmış. Onlar bura su çəkiblər, bağlar salıblar, daşları yonublar. Bu ermənilər – istər sənətkar olsunlar, istər tacir – yüzlərlə yad şəhərlərdən, kəndlərdən keçiblər, yalnız ondan ötrü qəpik-qəpik pul qazanıblar ki, bunları kiçik Aqulislərinin hər qarış torpağını əsl cənnət guşəsinə çevirməyə sərf etsinlər” (səh.66).

Bu, Ə.Əylislinin qurucu, mələk, nəcib, nazik ermənilər haqqında düşüncələridir.

Bu isə onun dağıdıcı, mədəniyyətsiz, hətta erməninin yaratmış olduğu mədəniyyətə də sahiblik etməyə qadir olmayan elliklə səfeh azərbaycanlılar haqda qənaətləri: “On doqquzuncu ilin sonlarında türklər Əylisi xarabazara döndərib gedəndən sonra buranın müsəlman əhalisi indiyədək erməni evlərinin uçuntularını eşələyib oralarda qızıl axtarırlar” (səh.66).

Mən demirəm, siz deyin. Bunu yazan, belə düşünüb bu cür ifadə edən düşməndir, ya dost? Bizdəndir, ya ermənidəndir?

1980-ci illərin sonlarında, qışın qan donduran zəlo-zəlo şaxtasında evindən-elindən didərgin salınan, öldürüləni öldürülən, şikəst ediləni şikəst edilən, nicat bulanları dağları ayaqyalın-başaçıq aşaraq Azərbaycana pənah gətirən yüz minlərlə ermənistanlı qaçqına “it uşağı yerazlar” (səh. 15) damğası vuran nadürüstün adı Əkrəm Əylislidir.

Hər cümləsiylə, hər ifadəsiylə oxucusunda erməniyə sevgi, mərhəmət, azərbaycanlıya ikrah aşılayan, hansının hansı mərifətin sahibi olduğunu öz aləmində əyani şəkildə göstərməkçün dəridən-qabıqdan çıxan bu qələm adamına hansı səmtdən baxsan, xoruzun quyruğu görünür ki, görünür.

Ə.Əylisli əsərdə bulaşıq niyyətlərini keçmişdə baş vermiş hadisələrin dili ilə nəql etsə də, burada müəllifin öz taleyi ilə bağlı bir mühüm öncəgörmə də var.

“İndi də hər kəs onun qəbrinə tüpürməyə hazırdır” (səh. 36).

Öz etiraf etdiyi kimi, qəlbən erməni olsa da, sənədlə, kağızla Əkrəm Əylisli 75 il azərbaycanlı sayılıb və bu xalq da, dövlət də ona olmazın qayğılar göstərib.

Elə həmin səbəbdən də millətin əleyhinə onun belə hərəkəti yandırıb-yaxdı, qəzəb doğurdu, kimsə bu torpağın suyunu, çörəyini haram deyərək onu qarğıdı, bəziləri əsib-coşdular ki, onu ürəkdaşı Andranik kimi tayqulaq eləmək lazımdır.

Hərənin ürəyindən bu nankorluğa ürəkdən tikan çıxaran cəza verilməsi istəyi keçdi.

Lakin heç kəs Ə.Əylisliyə onun özünün verdiyi cəza qədər ağır cəza düşünə bilməz.

Törətdiyi xəyanət nəhənglikdə cəzanı o özü üçün yazıb.

Yaşı səksənə yaxınlaşan qoca adamdır. Nə ömrü qalıb ki!

İnsan bu yaşda, adətən, dünyadan ləyaqətlə getmək barədə düşünür.

Onu çiynində kim aparacaq, onu Azərbaycan torpağı necə qəbul edəcək?!

İllər və onillər sovuşacaq, yazılanlar, o cümlədən Ə.Əylislinin bütün başqa yazılarına başdaşı olacaq “Daş yuxular” da qalacaq. O yazı qalacaq, həmişə yaddaşı ağrıdacaq və hər Əkrəm adı çəkiləndə – 10 il sonra da, 50 il sonra da əsl vətənpərvərlər, Azərbaycanı sevənlər tüpürəcəklər.

Ə.Əylisli öz gələcək taleyinə tüpürcək altında qalmaq qismətini yazdı.

Amma bəlkə heç biz fərz edən kimi deyil?

Bəlkə Ə.Əylisli üçün elə erməninin kəsilməz alxışını, Azərbaycanın daimi tüpürcəyini qazanmaq xoş imiş?!

 

 





06.02.2013    çap et  çap et