525.Az

ABŞ-dan İrana yeni sanksiyalar


 

ABŞ-dan İrana yeni sanksiyalar<b style="color:red"></b>

ABŞ hökuməti İranla bağlı yeni sanksiyalar açıqlayıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada İran Radio Televiziya Qurumu və bu qurumun direktoru İzzətullah Zərqaminin, eləcə də kommunikasiya sahəsində fəaliyyət göstərən başqa üç təşkilatın sanksiyalar çərçivəsinə daxil edildiyini açıqlayıb. Açıqlamada buna səbəb kimi sözügedən təşkilat və şəxslərin İran hökumətinin senzura fəaliyyətlərində rol oynaması göstərilib. Bu şəxslərin və qurumların Amerikanın maliyyə sisteminə çıxışı qadağan edilib.

Açıqlamada İranın neft gəlirlərinə çıxışına mane olmağa yönəlmiş sanksiyaların da qüvvəyə mindiyi qeyd edilib.

ABŞ Xəzinə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyatı Baş İdarəsinin rəhbəri Devid Kohen bildirib ki, İran nüvə proqramıyla bağlı beynəlxalq birliyin narahatlıqlarını ortadan qaldırmadığı müddətcə ABŞ-ın sanksiyaları daha da sərtləşəcək və iqtisadi təzyiq artacaq.

Kohen açıqlamasında "İranda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanları, xüsusilə də İran xalqını əsas azadlıqlarından məhrum edənləri də hədəfə alacağıq" deyib.

 





07.02.2013    çap et  çap et