525.Az

“MDB məkanında çörəyin ən ucuz satıldığı ölkə Azərbaycandır”


 

“MDB məkanında çörəyin ən ucuz satıldığı ölkə Azərbaycandır”<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovun “APA-Economics”ə müsahibəsi
 
- Hazırda Azərbaycanın taxıl ehtiyatları nə qədərdir?
 
- Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ölkə prezidentinin daim diqqət mərkəzindədir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və bununla bağlı ölkədə həyata keçirilən ciddi tədbirlər bunu bir daha sübut edir. Taxıl ehtiyatları ölkə əhalisinin tələbatına uyğun olaraq kifayət qədərdir və bu baxımından heç bir problem yoxdur. Nazirlər Kabinetinin 18 sentyabr 2012-ci il tarixli 206 saylı qərarı ilə Dövlət Taxıl Fonduna yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükü 500 min ton həcmində müəyyən edilib. Qərarın icrasının təmin edilməsi məqsədilə 265 min tondan artıq yüksək keyfiyyətli ərzaqlıq buğdanın ölkəyə gətirilməsi təmin edilib və bu işlər sürətlə davam etdirilir. Ərzaqlıq buğda tədarükü müəyyən edilmiş qrafikə uyğun olaraq tələbata uyğun həcmdə aparılır və ehtiyata toplanılır ki, bu səbəbdən ölkədə taxıl qıtlığına səbəb olası heç bir risk ortaya çıxa bilməz. Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə buğda ununun tədarükü ilə bağlı tapşırığın icrasını təmin etmək məqsədilə çörək bişirmək üçün 12 min ton yüksək keyfiyyətli, əla növ un tədarük olunub və ehtiyatda saxlanılır.
 
- Ölkənin taxıla olan ümumi tələbatı nə qədərdir?
 
-  Müxtəlif hesablama qaydaları var. Əhalinin artımından asılı olaraq bu rəqəm dəyişir. Orta hesabla götürsək, ölkənin 1,5 mln. ton civarında ancaq ərzaqlıq buğdaya, yəni çörək bişirmək üçün buğdaya tələbatı var. Buğda həm quşçuluqda, həm də heyvandarlıqda istifadə olunur. Hesablamalar və beynəlxalq təcrübə göstərir ki, ölkədə adambaşına dənli, dənli-paxlalı bitkilərin məhsulu 1 ton olduğu halda ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin olunmuş hesab edilir. İndiyə qədər son onilliklərdə  Azərbaycanda çörəklə bağlı problem olmayıb. Gələcəkdə də olması gözlənilmir.
 
- Ötən il Azərbaycan nə qədər taxıl alıb?
 
- Ölkənin özəl iri un fabrikləri var. Onların ölkəyə nə qədər taxıl gətirdiyini deyə bilmirik. Amma Nazirlər Kabinetinin müəyyən etdiyi həcmə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən 500 min ton ərzaqlıq buğda tədarük edilib. Ötən il yerli fermerlərdən taxıl tədarük edə bilmədik. Baxmayaraq ki, taxıl biçimi başlayan gündən bütün KİV-də bununla bağlı elan vermişdik. Hətta dünya bazarının konyunkturasına uyğun olaraq fermerlərə kömək məqsədilə qiyməti bir qədər də yüksək götürmüşdük. Lakin Dövlət Taxıl Fonduna ərzaqlıq buğda təklif edən fermer olmadı. 2009-cu və 2011-ci illərdə Fonda müraciət edən fermerlərdən tələblərə uyğun olan buğda tədarük edə bilmişdik. Amma 2010-cu və 2012-ci illərdə belə təklif olmayıb.
 
- Bunun səbəbini araşdırmısız?
 
- Dövlət Taxıl Fondunun yaradılmasının məqsədlərindən biri də buğda istehsalçıları olan yerli fermerlər üçün bazarın yaradılmasıdır. Yəni, fermerlər istehsal etdikləri məhsulu rahat şəkildə dövlətə təhvil verməklə tədarük prosesində iştirak etsinlər və pullarını alsınlar, istehsal sahələrini genişləndirsinlər. Bir tərəfdən fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinin aşağı olması səbəbindən təklif edə bilmirlər. Ola bilsin ki, təklif edilməyən illərdə baş verən quraqlıq da öz təsirini göstərib. Digər tərəfdən, insanlarda hələ bazarla işləmək vərdişləri tam formalaşmayıb.
 
- Yerli fermerlərdən və xarici ölkələrdən taxıl neçəyə alınır?
 
- Yerli fermerlərə sonuncu dəfə taxılın 1 tonu üçün 300 manat təklif etmişik. 220 manatdan başlamışdıq, sonra qiyməti 250 manata, daha sonra 300 manata qaldırdıq. Xarici ölkələrdə taxıl birjalarında taxılın qiyməti müxtəlifdir. Fonda ərzaqlıq buğda tədarükü cari ildə elevatorda qəbul etmək şərti ilə 1 tonunu 260-320 dollara (ortalama 290 dollara) həyata keçirilir. Digər illərdə başqa qiymətlər ola bilir. Biz görün öz fermerlərimizə nə qədər yüksək qiymət təklif etmişik. Amma təəssüf ki, bizə taxıl təklif edən olmadı.
 
- Azərbaycan əsasən hansı ölkələrdən taxıl alır?
 
- Qazaxıstan və Rusiyadan. Digər ölkələrdən də almaq olar, amma biz çörəyin bahalaşmasına səbəb ola bilən amillərdən qaçmağa çalışırıq. İqtisadi İnkişaf Nazirliyi ilə birgə təhlillər aparırıq. MDB məkanında çörəyin ən ucuz satıldığı ölkə Azərbaycandır. Rusiya və Qazaxıstandan taxıl almağımıza baxmayaraq, Azərbaycanda satılan 700 qramlıq çörək Rusiya və Qazaxıstanda satılan çörəklərdən demək olar ki, 2 dəfə ucuzdur.
 
- Yerli sahibkarların bildirdiyinə görə, son yarım ildə Qazaxıstandan alınan taxılın qiyməti 60% bahalaşıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?
 
- 60%, bəlkə də daha çox bahalaşıb. Ötən il 235 dollara alınan ərzaqlıq buğda bu il 320 dollara və bəzən daha baha başa gəlir. Bunun əsas səbəbi dünya bazarında ərzaqlıq buğda istehsalının azalmasıdır. Qlobal iqlim dəyişikləri, quraqlıqlar və ətraf mühitin əlverişsiz amillərinin taxılçılığa mənfi təsiri nəticəsində buğda istehsalı azaldığına görə buğdanın dünya bazarında qiyməti artır.
 
- Bahalaşmanın bir səbəbi kimi də Rusiyanın özünün Qazaxıstandan taxıl idxal etməsi göstərilir.
 
- Belə məlumatlar var. Rusiyanın Qazaxıstana yaxın bölgələri Qazaxıstan taxılını idxal edir. Rusiya ərazisində həqiqətən güclü quraqlıq olub. Bu, bazarın tələbidir: əgər məhsul azdırsa, təbii ki, qiymət də bahalaşmalıdır.
 
- Qazaxıstandan alınan taxılın bahalaşması Azərbaycanda unun qiymətinə təsir edəcəkmi?
 
- Xeyr. Unun qiymətində artım baş verib. Xatırlayırsınızsa, ötən ilin yay aylarında dünya bazarında unun qiyməti bahalaşmamış Azərbaycanda çörək 30-35 qəpik, unun kisəsi isə 14-15 manat olub. İndi unun kisəsinin qiyməti 18-19 manata qədər artıb. Yəni, tam həcmdə bahalaşma baş verib. Çörək isə 40 qəpiyə satılır. Bundan artıq qiymət artımı gözləmirik. Digər tərəfdən də dövlətin taxılın və unun qiymətlərinin yerli bazarda stabil saxlanılması üçün taxıl və un ehtiyatları kimi etibarlı mənbələri var. Belə olan hallarda dövlət özünün ehtiyat taxılından bazara çıxarmaqla bahalaşmanın və qıtlığın qarşısını alır.
 
- Hazırda Azərbaycanın ehtiyatda nə qədər taxılı var?
 
- Ən azından nəzəri olaraq heç kim Azərbaycana buğda gətirməsə belə, ölkə əhalisini təmin edəcək qədər ehtiyat buğdamız var. İş adamlarının da bu sahədəki fəaliyyətini nəzərə alsaq, tam əminliklə demək olar ki, Azərbaycanda taxıl və unla bağlı problem gözlənilmir.
 
- Azərbaycan həm də müharibə şəraitində olan ölkədir. Müharibə şəraitinə nə qədər hazırıq?
 
- Söhbət tək müharibədən yox, həm də fors-major hallardan gedə bilər. Sel, zəlzələ, başqa təbii fəlakətlərin baş verməsi də un və çörək qıtlığı yarada bilər. Bu baxımdan Azərbaycan dövləti taxıl saxlamaq üçün ən müasir texnoloji avadanlıqlarla təchiz olunan elevatorlar tikdirib. Bunun hesabına taxılın itkisiz və təhlükəsiz saxlanılmasını təmin edə bilirik. Təkcə dövlətin 260 min ton həcmində buğdanı saxlamaq imkanları var. Amma özəl un fabrikləri ilə bir yerdə Azərbaycanda 1 mln. tona qədər buğda saxlamaq üçün elevatorlar mövcuddur. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə xeyli elevatorlar tikilib. Onlar avtomatik idarəetmə sisteminə qoşulublar. Üstəlik SSRİ dövründən qalmış bütün dəyirmanların da elevatorları var. O elevatorlar da hazırda istifadə olunur.
 
- Taxılın saxlanma şəraitini nəzərə alaraq Azərbaycan özü üçüncü ölkələrə taxıl ixrac edə bilərmi?
 
- Nəzəri baxımdan, hər şey mümkündür. Amma biz çalışırıq ki, ölkə prezidentinin qarşıya qoyduğu tapşırığa uyğun olaraq öz ölkəmizin vətəndaşlarını ərzaq təhlükəsizliyi baxımından etibarlı şəkildə təmin edək. Qalan məsələlər haqqında düşünmək isə iş adamları tərəfindən həyata keçirilə bilər.
 
- Dövlət Taxıl Fondunun bu il üçün əsas planları nədir?
 
- Bu il ən böyük ümidlərimiz yeli fermerlərdən taxıl tədarük etməkdir. Bu il 2 böyük pilot təsərrüfatında buğda əkilib. Biz bunları tədarük etməyi qarşımıza məqsəd qoymuşuq. Dövlət Taxıl Fondunun qapıları həmişə buğda istehsalçıları olan fermerlərimizin üzünə açıqdır. Nə vaxt gətirsələr, məhdudiyyət qoyulmadan onların taxılını qəbul etməyə hazırıq. Taxılın çatışmayan hissəsini hökumətin qərarı ilə idxal yolu ilə tədarük edib ehtiyatımızı yaradacağıq. Taxılın  tədarükü zamanı isə Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün tələblər rəhbər götürülür. Həm xarici, həm də yerli buğda istehsalçılarından həmin keyfiyyət göstəricilərinin tələblərinə uyğun olan buğdanı qəbul edirik.
 





07.02.2013    çap et  çap et