525.Az

Erməni vandalları mülki əhaliyə atəş açırlar


 

DÜNƏN ERMƏNİ SİLAHLI BİRLƏŞMƏLƏRİNİN AĞDAMIN ŞƏRİFLİ KƏNDİNİ ATƏŞƏ TUTMASI NƏTİCƏSİNDƏ DAHA BİR DİNC SAKİN HƏYATINI İTİRİB

Erməni vandalları mülki əhaliyə atəş açırlar<b style="color:red"></b>

Ermənistan qoşunları cəbhə boyu yaşayış məntəqələrimizi intensiv şəkildə atəşə tutmağa davam edir.

Dəfələrlə atəşkəsi pozaraq Silahlı Qüvvələrimizin sərt müqavimətilə üzləşən və ağır itkilər verərək geri çəkilməyə məcbur olan düşmən bunun acığını dinc əhalidən çıxmağa çalışır. Silahlarını cəbhə boyu ərazilərdə yaşayan mülki vətəndaşlarımıza tərəf çevirən erməni vandallarının açdığı atəş nəticəsində vətəndaşlara maddi və mənəvi ziyan dəyib. Əhali arasında həlak olan, yaralananlar var. Bununla işğalçı ölkə müharibə qanunlarını kobud şəkildə pozaraq öz təcavüzkar niyyətini bütün dünyaya nümayiş etdirir.

Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Qarağacı kəndində bir nəfər ölüb, digəri isə ağır yaralanıb. Bu barədə Tərtər rayon Qarağacı kəndinin icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, kənddə yerləşən bələdiyyə binasında məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun idarə etdiyi avtomobil artilieriya atəşinə məruz qalıb: "Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Cəlal Rəhimovun "Vaz 2107" markalı avtomobilinin yanına mərmi düşüb. Avtomobilin içərisində olan Orxan Rəhimov partlayış nəticəsində hər iki ayağını itirib, xəstəxanaya aparılan zaman dünyasnı dəyişib".

Şiddətli döyüşlərdən sonra, aprelin 3-də Azərbaycan tərəfinin əks həmlə əməliyyatını birtərəfli qaydada dayandırmaq qərarı verib. Bununla Azərbaycan münaqişənin həll olunamsında sülh danışıqlarına sadiq olduğunu nümayiş etdirib. Lakin axşam saatlarından başlayaraq Ermənistan tərəfindən təmas xəttində yenidən artilleriya silahları işə düşüb.

"Anspress"in məlumatına görə, cəbhə xəttində mövqelərini itirən qarşı tərəf yenidən təxribata əl atıb. Erməni silahlı birləşmələri dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutmağa davam edir. Bu dəfə atılan mərmilərdən biri Tərtərin Azadqaraqoyunlu kənd sakinilərindən birinin evinə düşüb.

Ev sahibinin sözlərinə görə, partlayış nəticəsində evdə qısamüddətli yanğın baş verib.

Yerli icra nümayəndəsi Nazim Xəlilov kənd ərazisinə düşən mərmilərin partlaması nəticəsində hələlik iki evə ziyan dəydiyini aşkar etdiklərini bildirib.

Tərtər rayon FHN-nın sədr müavini İlqar Musayev isə bildirib ki, kəndin artilleriya silahlarından atəşə məruz qalması nəticəsində elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz borusu da zədələnib. O cümlədən, Tərtərin Qapanlı kəndində yüksək gərginlikli elektrik xətləri və dirəklər sıradan çıxıb.

Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulmasının dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib.

Görünən odur ki, erməni vandalları mənfur niyyətlərindən əl çəkmək niyyətində deyil. Aprelin 4-də də Ermənistan tərəfi atəşkəsi pozaraq mülki əhaliyə atəş açmağa davam edib. Tərtərin Düyərli kəndində yaşayış evinə mərmi düşüb.

"Qafqazinfo"nun xəbərinə görə, evə atılan mərminin partlaması nəticəsində 2 qadın yaralanıb. Hadisə baş verən zaman qadınlardan biri evdə, digəri isə həyətdə olub. Yaralılar Tərtər rayon xəstəxanasına yerləşdirilib.

Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini də reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. "APA"nın Qarabağ bürosunun xəbərinə görə, düşmənin rayonun Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü  Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Dünən erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb. Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb.  Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.

Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qaldığı üçün təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Təhsil Nazirliyinin məlumatına görə, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. Ermənistan qoşunlarının Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində isə rayonun Ə.Quliyev adına Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Eyni zamanda, rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.

İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub.

Ermənilərin törətdiyi təxribatlara baxmayaraq, əhali yaşadığı yerləri tərk etmir, Silahlı Qüvvələrimizə arxayınlıqlarını ifadə edirlər. Ordumuz da öz növbəsində bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə sarsıdıcı zərbələr endirir.

Ceyhun ABASOV

 





05.04.2016    çap et  çap et