525.Az

Çox diqqətli olun...


 

Çox diqqətli olun...<b style="color:red"></b> Görünür, yaxın gələcəkdə dövlətlər arasında mübarizə soyuq müharibə deyil, kiber müharibələr şəklində davam edəcək. Mütəxəssislər 2013-cü ilin “kiber hücumlar” ili olacağı barədə xəbərlər yayıb, Rusiyanın antivirus proqramı istehsalçısı “Kaspersky Lab” şirkəti də informasiya təhlükəsizliyi haqda proqnozlarını açıqladı. Təxminlərə görə, “xaktivizm"in get-gedə güclənməsi və onun siyasi amaclı kiber hücumları şirkət və dövlət qurumlarına təsirsiz ötüşməyəcək. Belə ki, indidən hücumlara start verilib...
 
Yadınızdadırsa, İranın nüvə zavodlarına zərər vermək məqsədi ilə buraxılan "Flame" (Alov) adlı virus birbaşa İranın kompüter sistemlərini, xüsusilə də, nüvə tədqiqat obyektlərini iflic vəziyyətə salmışdı. Mütəxəssislər "flame"in bu günədək görünməmiş, qarşısıalınmaz "tipik kiber müharibə" silahı olduğunu açıqladılar... İran dövləti hücum qarşısında əlacsız qalaraq uran zənginləşdirmə zavodlarını müvəqqəti olaraq dayandırdığını elan etmişdi. Kiber hücuma məruz qalmaq həmin zavodu yenidən tikməyə bərabərdir. Bir misal verim, bir şəhərin metro stansiyasının idarəetmə mərkəzinə edilən kiber hücum bütün metronu sıradan çıxara bilər. Məsələn, pirat proqramı göndərərək təyyarələri istənilən koordinata yönəltmək də, hətta ABŞ-da olduğu kimi iş mərkəzlərinə çırpmaq da mümkündür. Elektrik şəbəkəsini kəsmək olar. Bu cür kiber hücumlara nə qədər hazırıq, orasını bilmirəm ...
 
Artıq döyüş təlimi keçən orduların yerini dövlətlərin xüsusi yetişdirdiyi haker ordusu alır. Bir azdan ölkələr arasında müharibələr tankla, tüfənglə deyil, informasiya sistemləri vasitəsilə aparılacaq. Bu müharibədə qalib tərəf məğlub tərəfin bütün sistemlərini sıradan çıxara, bütün sirlərini müdafiəsiz qoya, hətta həyati əhəmiyyətli sistemlərini məhv edə bilər. Artıq qlobal idarə mərkəzlərini ələ keçirən dövlətlər digər dövlətlərin və ya hakerlərin hücumlarının qarşısını almaq üçün külli miqdarda vəsait xərcləyirlər. Belə ki, ABŞ başda olmaqla Çin, İsrail və Rusiyada dövlətin kiber təhlükəsizliyi təmin etmək məqsədilə milyardlarla dollar dəyərində büdcə ayrılır.
 
Amerika, ölkənin qərbində yerləşən Yuta ştatında "xüsusi təhlükəsizlik sertifikatlı" yüzlərlə işçi və texniki kadrla təxminən iki milyard dollara başa gələn 100.000 kvadrat metrlik bir mərkəzin inşasını yekunlaşdırmaq ərəfəsindədir. Bura Amerika Milli Təhlükəsizlik qurumunun yeni kəşfiyyat mərkəzi olacaq. Amerika 2003-cü ildə qəbul etdiyi, 2007-ci ildə büdcədən vəsait ayırdığı bu layihəni milli təhlükəsizliyini təmin etmək və əsasən də qlobal "kiber kəşfiyyat"ın təhlükəsizliyini qorumaq üçün həyata keçirir.
 
İndi möhkəm durun...
 
Sözügedən mərkəzə nəhəng tutumlu kompüterlər yerləşdiriləcək ki, burada bir “yuttabayt”lıq məlumatın toplanması nəzərdə tutulmaqdadır. Yaxşı bəs yuttabayt nədir? Kompüterin məlumat tutumu vahidi.
 
2012-ci il üçün dünyanın bütün kompüterlərində cəmi 486 ekzabaytlıq məlumat tutumuna, internet sistemi isə 1 zettabaytlıq məlumat bazasına malikdir.
 
Təsəvvürünüzdə daha yaxşı canlansın deyə gündəlik həyatdan nümunə gətirirəm: 1 ekzabaytlıq məlumat 2000 rəflik dörd mərtəbəli böyük bir binaya sığar. 1 yuttabaytlıq məlumatı Amerikanın Delaver (6452 km2) və Rod Aylend (3140 km2) ştatlarının ərazisini tutan 1 milyon binada saxlamaq olar.
 
Bu günədək internet və bütün kompüterlərdə toplam məlumat 1 yuttabaytın kiçik bir hissəsinə bərabərdir...
 
Yəqin aydın oldu Yuta ştatında nə tikilir...
 
Bəli. XXI əsrin təhlükəsizliyimizi təhdid edən yeni silahı “kiber hücum”lardır. Fərdi hücumlar ümumiyyətlə ictimai təşkilatların saytlarını müvəqqəti sıradan çıxarmaqdan, bankların müştəri rekvizitlərini və məşhur internet saytlarının istifadəçi bazasını ələ keçirməkdən və ya əsas səhifələrini dəyişdirməkdən ibarətdir. Ölkələrarası kiber müharibənin əsas hədəfləri isə elektrik, su, enerji şəbəkələri, telekommunikasiya infrastrukturları və maliyyə sektorları kimi ictimai sistem üçün həyati əhəmiyyət kəsb edən obyektləri sıradan çıxarmaqdır. Bəzi ölkələr bu müharibə üçün kiber ordular hazırlayır və ya artıq hazırlamışlar. Çünki zəmanə texnologiya zəmanəsidir. Əl telefonundan avtomobilə qədər hər şey elektron sistemlərlə işləyir. Get-gedə həyatımıza daha çox nüfuz edən mobil cihazlar və bulud texnologiyaları dağıdıcı təhlükələri özü ilə birgə gətirir... Bütün bunları kompüter proqramları sayəsində peyk və kompüter vasitəsilə idarə etmək mümkündür. Odur ki, bütün ölkələrin sərhədləri aradan qalxaraq kiber müharibənin döyüş meydanına çevrilə bilir. Bu da yeni bir dövrün başlanğıcıdır: ənənəvi hərbi strategiyalar dövrü sona yetir və kiber müharibəsi dövrü başlayır.
 
Çox diqqətli olun!...
 
[email protected]
 





07.02.2013    çap et  çap et