525.Az

Fransa səfirliyi qarşısında saxlanılanlardan 9-u buraxılıb


 

Fransa səfirliyi qarşısında saxlanılanlardan 9-u buraxılıb

Azərbaycan Daxili İşlər Nazirliyi bir qrup şəxsin Fransa səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərməsi faktına münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, bu gün Bakıda Fransa səfirliyi qarşısında bir qrup şəxsin qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınıb. Bu zaman ictimai qaydanı pozduğu üçün 13 nəfər saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıb. Onlardan 4-ü polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati xətalar məcəlləsinin 310-cu maddəsinə uyğun olaraq barələrində inzibati protokol tərtib edilib və baxılması üçün rayon Məhkəməsinə göndərilib. Qalan 9 nəfəri isə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, bu gün bir qrup dindar Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. Aksiyada son vaxtlar Fransada İslam dininə yönələn təhqirlər, müsəlmanlara qarşı diskriminasiya siyasəti, o cümlədən Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərcinə etiraz bildirilib.

Polis aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Aksiyanın qarşısının alınmasına Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səlhab Məmmədov rəhbərlik edib. Aksiya iştirakçılarından bir neçəsi saxlanıb.

Aksiyada “La ilahə illəllah”, “Canımız sənə fəda ya Rəsulallah”, “Məhv olsun Fransa”, “Allahu Əkbər” şüarları səsləndirilib.

 





24.09.2012    çap et  çap et