525.Az

“... Aşk deyince ötesini arama...”


 

YOL MƏZARDA BİTMƏYİR

“... Aşk deyince ötesini arama...”<b style="color:red"></b>

Qənirə PAŞAYEVA

“Türk Dünyasını tanıyaq və tanıdaq” silsiləsindən 

Təbiblərdə əlac yoxdur yarama,

Aşk deyincə ötəsini arama,

Hər nəsnənin bir bitimi var, amma

Eşqə hüdud cızılmayır, Mehriban!

 

...Ustad Abdurrahim Karakoçun vəfatı xəbərini aldığım gün Türkiyədəydim. Sağlığında onunla görüşmək şansım olmuşdu. Onu yaxından tanımış,  söhbət etmişdim  bu sadə, səmimi, saf, təmiz, kövrək, dərin və böyük insanla, şairlə, aydınla. Onun ölüm xəbəri mənə çox pis təsir etmişdi. Böyük türk şairi Mehmet Akif  Ersoyun da uyuduğu  Taceddin  dərgahına gedib dəfn mərasiminə hazırlıq görən ailə üzvləri ilə görüşərək, “ bu  itki təkcə ailənizin,  yaxınlarınızın, dostlarınızın deyil türk millətinin itkisidir və  biz Azərbaycan  insanı, Azərbaycan türkləri olaraq çox üzgünük və acınızı paylaşırıq” dedim. Sonra onun şeirlərini, yaradıcılığını nə qədər sevdiyimizdən, dillər əzbəri olan Mehribandan danışdım.. Sonra gəlib sosial şəbəkədəki səhifəmdə bunları yazdım...

“Mehriban Sənsiz, Yetim, Evsiz və Sevgisiz qalacaq... Əlvida böyük Ustad! Hər zaman könlümüzdəsən! Nur içində yat!

Əziz dostlar! Bu gün Ankarada Taceddin dərgahında türk dünyasının böyük şairi Abdurrahim Karakoçun oğlu ilə görüşdüm və həm özümün həm də bütün Azərbaycanın və Azərbaycan türklərinin başsağlığını, üzüntüsünü, kədərini oğluna və ailəsinə söylədim və səbr diləklərini çatdırdım. Böyük ustadla görüşməyi Allah mənə nəsib etmişdi və onu yaxından görən və söhbət edən biri insan kimi deyə bilərəm ki, türk dünyası çox dəyərli bir ustadı, bir şairi itirdi. Türk millətinin başı sağ olsun. Abdurrahim Karakoçun oğluna sizlərin, Azərbaycan türklərinin böyük ustadı nə qədər sevdiyini, Mihriban’ı çoxlarının əzbərdən birdiyini söylədiyimdə duyğulu anlar yaşadı və hər kəsə bu duyğuları paylaşdığı üçün təşəkkürlərini bildirdi. Sabah böyük ustadla vidalaşma mərasimi keçiriləcək. Kocatəpə camisində cənazə namasından sonra ustad Tacəddin dərgahinda dəfn ediləcək. Azərbaycan türklərindən imkanı olan dostlarımız böyük ustadı son yolçuluğa uğurlamağa qatılsalar çox yaxşı olardı... Hər zaman könlümüzdəsən böyük Ustad! Amma Mehriban Sənsiz, Yetim, Evsiz və Sevgisiz qalacaq...”

Səni hər zaman sevgi və sayğı ilə xatırlayacaq Qənirə Paşayeva”

Sonra dəfndə iştirak etdik, ailəsinə, doğmalarına başsağlığı verdik... Və birdən mənə elə gəldi ki, yalnız bəlli sayda qohum-əqrəbaya deyil, bütün Abdurrahim Karakoç oxucularına, sevdalılarına başsağlığı vermək lazımdı. Mənə elə gəldi, elə mənim özümə başsağlığı verilməlidir... Hesab edirəm, bir qələm adamı üçün bundan böyük xoşbəxtlik olmaz ki, sənin vəfatın ailəndən, köyündən, şəhərindən, ölkəndən qırağa çıxa, minləri, onminləri kədərə boğa... Yazar insanları kədər boğmaq üçün yazmırlar, amma kədərlə tanışdırırlar, sevincə ümidləndirirlər... Bəlkə son Abdurrahim Karakoç kədəri də o dünyadakı sevinc üçündür... Böyük kədərin özündən sonra doğuracağı sevinc də böyük ola bilsə...

Abdurrahim Karakoç yaradıcılığını mən bu gözəlim şeirin – “Mehriban”ın qıpır-qıpır könlümə axışıyla sevdim.

İlk tanışlığımız “Mehriban”dan başladı. Sadəcə, oxumadım ki! Ruhum, duyğum olaraq bağrıma basdım, yaddaşıma köçürdüm.

Ayrı-ayrı misrasını yox, bütöv ruhunu, hənirini, sevgi qoxusunu ciyərlərimə çəkdim.

Bir daha əmin oldum ki, türk insanının poetik ruhu bitmir, tükənmir, dağ silsiləsi kimi gəlimli ərdəmliyini hifz edir, qoruyur. Bir bulaq susqunluğundan, batışından daha coşqun bir nəhr axışı başlayır.

 

lll

Abdurrahim Karakoç üçün düşüncə uğrunda can verilməli olan İslam dini türk topluluğunu bir araya gətirən İlahi bir bağ, əlaqə, ünsiyyət vasitəsidir. Onun anlamında türklük ulu Tanrısına qol açmış, əl götürmüş bir çinar kimidir. “Kökü türklük olan bu çinarın biganəlik, laqeydlik ucbatından üşüyə bilməsi əndişəsi zəruri bir təlaş, həyəcan hissiylə həmişə onu təqib etmişdi:

 

Əzanlar buz tutmuş minarələrdə,

Yaylalar dermiş ki, Törəmiz nerde!

Yolların həsrətlə bitdiyi yerdə

Hər dağ yamacında bir məzar üşür...

 

Öz sıxıntılı, cüssəsiz cismi, eyni zamanda da sal qaya, yenilməz dağ, əzəmətli çinar durumuyla Abdurrahim Karakoç bütün üşüyən, üşüdülən könüllərin, duyğuların yanındadır. O, şair ömründən daha çox haqq mücadiləçisi, ümid, toxtaqlıq, təskinlik obrazı kimi ömr etdi, “dörd mövsüm ötede bir bahar üşür” ağrısıyla baş-başa yazıb-yaratdı.

Məcnunanə eşq mövzulu şeirlərində Abdurrahim Karakoç Yunis Əmrə, Qaracaoğlan qədər həzin, kövrək, gül ləçəyi qədər zərif, incədi. Bu xüsusda “Rüzgarda uçan tük belə onun qədər xəfif deyil”. Hürriyyət, mücadilə mövzulu şeirlərində isə Abdurrəhim Karakoç artıq bir qasırğa, tufan səslənişlidir. Eynilə Nihal Atsız, Cahid Sidqi Turançı, Arif Nihad Asya, Mehmet Akif ruhuyla səsləşir bu səpkili şeirləri. Ən azından Abdurrahim Karakoç Aruf Nihad Asyanın:

 

Tarixim, şərəfim,

Şerim, hər şeyim.

Yer üzündə yer bəyən

Nereyə tikilmək istərsən

Söylə, səni oraya tikəyim –

 

dirənişinə, yenilməzliyinə ruhu birlik edə bilir mücadilə ruhlu şeirlərində. Təpədən-dırnağa türkçü olan Abdurrahim Karakoç irqçi olmadığı səbəbiylə bütün millətlərin, xalqların könül sirdaşı ola biləcək bir şairdi. Öz şair taleyinin zamansızlığa qovuşduğunun fərqindəydi. Heç unudulmayacaq bir xatirəsi sözümüzə şahid dururmuş kimidi...

...Bu həmin Abdurrahim Karakoçdu ki, bütün dəyərli həyatını “bir doğrunun imanı min əyrini düzəldir” anlamıyla yaşadı, “müqəddəs divarlarda ölüm belə gözəldir” səslənişiylə türk ruhunu sardı, ona sarıldı. “Beşinci mövsüm”ün “Yasaq edilmiş röyalar”ına “Barmaq izi”ni basıb da keçdi.

Haqqında daha gözəlini, doğru olanı Abdullah Gülcamal əfəndimiz bəyan edib. Olduğu kimi diqqətə çatdırmaq boynumun borcudu: “Abdurrahim Karakoç hansı mövsümdə olursa olsun həmişə, hər yerdə yalnız və yalnız dosta doğru yürüdü...”

Şeirlərinin bir qismini də bu ad altında nəşr etdirmişdi. Oxuyanlar, yazdıqlarının dəyərini anlayanlar “o bizim səsimizdi, biz onun!” – deyə sözlərini meydanlarda dil-dil ötdülər:

 

Nə sağdayız, nə solda,

Haqq yoldayıq, haqq yolda!

 

O gözəlim şairin dərvişlik duyumuyla alpərənlik durumu bir-birini tamamlayırdı. 

 

Dünyaya qərib gəlmişəm,

İçim qürbət, dışım qürbət –

 

misralarının dərvişanə ruhu 

 

Bu hüdudu kimlər cızmış könlümə;

Dar gəliyor, dar gəliyor, qardaşım! –

 

üsyankarlığının ərdəmliyinə tuş idi. Birini o birini tamamlayırdı.

Abdurrahim Karakoç heç bir halda öz iç dünyasının azadlığını, hürriyyətini ruzigarın, olacaqların qəzavü-qədərin ayağına vermədi, vətəndaş susqunluğu üçün bəraət səbəbi axtarmaq qayğısına qalmadı. O, dünyaya hürr gəldi, hürr yaşadı, dünyadan da gedəndə hürr getdi. Öz misraları özünə başdaşı kimi dikəldi:

 

Məzlumlar haqqını almayıb ələ,

Günü gün edərsən zalımlar ilə.

Evdeşim, öz qızım, öz oğlum belə,

Susarsam haqqımı halal etməsin!

 

...Ömrü boyu gözə yox, könülə girməyin, qəlbə köçməyin fəlsəfəsiylə yazıb-yaratdı Abdurrahim Karakoç. Böyük ustadları Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd Füzulinin, Dadaloğlunun da ömür yolunun könüldən-qəlbdən keçib-gəldiyinin fərqindəydi. Əzəldən könül yolçusuna xətər olmadığnı bilirdi. Səsini, səslənişini böyük ustadlarının məramına, məqsədinə kökləmişdi. İnamla bəyan edirdi ki, “Sana geliyorum, sana, ya Hakk!”

Ötən əsrin 80-ci illərində artıq Abdurrahim Karakoç tam bir milliyyətçi mühafizəkar idi. Yaşar Okuyan MHP mitinqlərini Abdurrahim Karakoçun şeirlərilə coşdurur, dalğalandırırdı.

Türk dünyasının böyük aydınlarından, gözəl insan, siyasətçi Muhsin Yazıçıoğlu Abdurrahim Karakoçun hər zaman yüksək qiymətləndirir, çıxışlarında onun yaradıcılığından örnəklərə yer verirdi.

Türkiyənin Başbakanı Receb Tayyip Erdoğan bu böyük şairin itkisindən “Üfüqümüzü zənginləşdirən bir abimizi itirdik” deyə bəhs edir, çıxışlarında onun şeirlərindən nümunələr gətirir..

 

Həyat qapısından tək-tək,

Hər giriş əcələ doğru.

Torpaqda sürünür bəbək,

Hər qarış əcələ doğru.

 

Cümhurbaşqanı Abdullah Gül Abdurrahim Karakoçu ölkəsinə, millətinə və ideallarına sadiq bir şair-vətəndaş olaraq yad edir.

TBMM başqanı Cəmil Çiçək Karakoçdan türk ədəbiyyatının seçilmiş isimlərindən biri kimi söz açır.

Professor-doktor İsgəndər Pala üçün Abdurrahim Karakoç böyük şeir yolçuluğunun xəyalla-gerçəklik arası dünyasına incə bir zövqlə min bir naxış, süsləmə vura bilən türk-İslam kimliyində idsam evaddı.

Bu da Kılıçdaroğlunun “Zaman” qəzetinin “Cənaze törəninin sürprizi” deyə başlığa çıxartdığı daha ərdəmli münasibət haqqı: “Karakoç Anadoludur!”

Çağdaş türk poeziyasının bənzərsiz şəxsiyyətlərindən biri olan Yavuz Bülent Bakiler bu münasibətlə əslində bütün türk dünyasının Abdurrahim Karakoç sənətinə bəslədiyi sayğını ifadə etmiş olur: “O sadəcə günümüzün deyil, son yüzilliyimizin ən qüvvətli, ən igid, ən milli xalq şairlərimizdən biri olaraq içimizdədir...”

Abdurrahim Karakoç həmkarı Nurullah Gəncin təbirilə desək, öz şair ömrünü qəhrəmancasına bir mücadilə çevrəsində əbədiyyətə qovuşdura bildi, heç vaxt adiləşmədi. Bu baxımdan da gələcək yüzilliklərdən heç bir unutqanlıq yarası ala biləcəyi qorxusu yaşamadı. O, belə bir yaranın acısını yaşamayacaq böyük söz ustalarından biridir.

Abdurrahim Karakoç müdhiş bir təvazökarlıq və səmimiyyət abidəsi idi – bunu qələm qardaşı Mustafa Özçelik də yazmaqdadı.

Abdurrahim Karakoç eşq və təbiət haqqında yazdığı şeirlərilə Qaracaoğlandan heç də geri qalmayan bir şair taleyi yaşadı. Həmkarı Arif Ay da fərqindədi ki, Qaracaoğlandan, Dadaloğlundan, Ərzurumlu Əmrahdan, Bayburtlu Zihnidən sonra heca vəznində şeir yazmağa nə ehtiyac qalır deyənlərin ən yaxşı cavabını Abdurrahim Karakoç verdi. Nedidən, Seyranidən, Dərdlidən geri qalmadı. Əhməd Taşgətirən demiş, sevdasıyla, acısıyla, hüznüylə, sistemə öfkəsiylə, yolsuzluqlara, əxlaqsızlıqlara üsyanıyla bir Anadolu ürəyi qoydu ortaya. Onun sənət, həyat, ömür mücadiləsi “bir iman hərəkətidir və təməlində haram-halal ölçüsü dayanır” (Ali Akbaş).

 

lll

Abdurrahim Karakoç eşqdə Məcnun ağlı yaşadı... Sevdi, unutmadı...

Onun Məcnunanə aşiqliyi siyasi çevrələrin köynəyinə dar gəldi, tablamadı, heç vəchlə qalıb qalanlara tay ola bilmədi.

Məcnunanə aşiqliyi Dədə Qorqud ərdəmliyinə yetdi, qovuşdu. Bütün dönəmlərin, öncəgörməsini zikr edib vardı axirət evinə. Yolu məzarda bitənlərdən olmadı. Dünyanı bizə əmanətləyib getdi. Özü dediyi kimi:              

 

Heç biriniz təlaş etməsin boşa,

Doyacaq gözünüz torpağa, daşa...

Məni inancımla qoyun baş-başa,

Topyekun dünyanı sizə burakdım...

 

Abdurrahim Karakoç öylə təmizlənib köçdü məzara, torpaq incimədi ondan, bilirəm.

 

lll

1932-ci ilin nisan ayında Kahramanmaraşın Ekinözü ilçəsində dünyaya başlayan yolçuluğu 2012-ci ilin haziran ayının 7-də Ankarada Qazi Universitetinin Tibb fakültəsi xəstəxanasında yoğun baxımda ikən başa çatdı. Bir böyük sənətkar ömrünün fiziki hissəsi bitdi. Yoğun dünyadan yorğun getdi ustad. Amma bu yoğunluq fiziki anlam deyil, bəlkə daha artıq dərəcədə mənəvi anlam daşıyırdı – dünyanın, insan(lığ)ın, sənətin (sənətin) halına biganə olmayan, biganə ola bilməyən yanar ürək sahibi dünyanın bu günündən necə razı gedə bilərdi, necə razı olardı?! Sanki dünyanın düzələcəyinə bəslədiyi böyük inam, ümid onu 80 yaşınadək gətirib çıxarmışdı. İnanırdı, inanırdı və inandırırdı... Amma yenə olmadı, bu dəfə də olmadı və daha bir yanar ürək, daha bir qələm adamı həyata gözlərini yumdu... Arzuladığı dünyanı görməməyə təhəmmülü qalmamışdı, elə bil... arzuladığı dünyada yaşamaq istəyirdi və bu əgər əbədi yuxu ilə mümkün idisə, o, bunu etməliydi. Etdi də!..

Allah sənə rəhmət etsin böyük Ustad!

P.S. Rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi fevralın 7-də Abdurrahim Karakoçun Bakıda böyük gecəsini keçirəcək. Tədbir bütün Abdurrahim Karakoçu sevənlər üçün açıq olacaq. Ustadın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs iştirak edə bilər.

 





07.02.2013    çap et  çap et